Nəşriyyat işinin kamil bilicisi
GÖRKƏMLİ
POLİQRAFÇI ŞƏDDAD CƏFƏROVUN 80
İLLİYİNƏ
Azərbaycanda kifayət qədər tanınan, bizim ilk
poliqrafçı alimimiz Şəddad Cəfərovun səksən
yaşı tamam olur.
Onu dəyərli bir mütəxəssis və öz
peşəsinin vurğunu olan insan kimi səciyyələndirən
bir neçə kitab yazılıb, onlarla məqalələr
qələmə alınıb. Ona şeirlər,
poemalar həsr edilib. Bir neçə mətbuat
orqanı Şəddad müəllim haqqında xüsusi
buraxılışlar təqdim ediblər.
Yazı-publisist Fatma Həsənqızının
"Acılı-şirinli günlər", "Söz"
jurnalının redaktoru Sevda Əlibəylinin "İlk
poliqrafçı alim", yazıçı Ağəddin
Mansurzadənin "Atalar üçdən deyib", jurnalist
İsaq Əmənullayevin "Şəddad Cəfərovun
bioqrafiyası: (Azərbaycan, ingilis, rus, türk dillərində)
kitabları, həmçinin, Azərbaycanın
tanınmış ziyalılarının onun haqqında məqalə
və çıxışları (Zəlimxan Yaqub, Sabir
Rüstəmxanlı, Yusif Kərimov, Aqşin Babayev,
Əlibala Hacızadə, Məzahir Süleymanzadə, Ziyad Səmədzadə,
Allahverdi Eminov, Zeydulla Ağayev və başqaları) bir daha
sübut edir ki, Şəddad Cəfərov səksən
yaşına qədər şərəfli bir ömür yolu
keçib. Təkcə bu deyil, keçmiş
SSRİ məkanında, xüsusilə Moskvada və Ulyanovsk
şəhərlərində onu çox yaxşı
tanıyırdılar. Görəsən,
bu şöhrətin zirvəsinə o, necə yüksəlib?
Azərbaycanda
öz işinin fanatiki olan mütəxəssislər, peşə
sahibləri az deyil. Bu fanatikləri
səciyyələndirən birinci xüsusiyyət onların
canındakı yaşamaq-yaratmaq yanğısıdır.
Yaşamağı hamı bacarar, amma bu
yaşamağı yaratmağa, hamıdan seçlib öz
peşəsinin Məcnunu olmağa səfərbər etmək
çoxlarına müyəssər olmur. Şəddad
Cəfərov Azərbaycan mətbuatının, ölkəmizdə
fəaliyyət göstərən nəşriyyatların
tarixində iz buraxan bir mütəxəssisdir, bu mətbuat və
nəşriyyatlarla əlaqəsi olan əksər
yazıçıların dostudur.
İnsanın keçdiyi ömür yolu öncə onun
tərcümeyi-halında əks olunur. Əgər bu tərcümeyi-hal
yalnız quru rəqəmlərdən və göstəricilərdən
ibarət deyilsə... Onun tərcümeyi-halı
mənalıdır, amma burada sevinc, iztirab, uğurlar və həm
də çətinliklərlə bir sıradadır. Əslən Lənkəranın Gərmətük kəndindəndir.
Babası Hüseyn kişini 1927-ci ildə Sibirə
sürgün ediblər. Atası Muğdad kişi
ailəsi ilə birgə Bakıya köçüb,
Bülbülə qəsəbəsində məskən
salıb və 1940-cı ildə Şəddad dünyaya gəlib.
Çətin illər idi. Müharibə
təzəcə başa çatmışdı. Yeddi illik təhsildən sonra Şəddad ailəsinə
köməyi dəysin deyə keçmiş "26-lar" mətbəəsində
işə girir. Halbuki onun ən
böyük arzusu təyyarəçi olmaqdı. O
vaxtkı mətbəələrdə ən qorxulu
sex-sinkoqrafiya sexiydi. Burada işləmək zəhərlə
"qidalanmaq", o zəhəri ciyərlərinə çəkmək
deməkdi. Amma Şəddad bu mübarizədə
özünü qoruya bilir. O sexdə klişe
hazırlamaq, şəkli sink üzərinə həkk etmək
işini tezliklə mənimsəyir. Beləliklə,
onun tərcümeyi-halında sonrakı bütün fəaliyyətinin
başlanğıcı qoyulur. Fəhlə-gənclər
axşam məktəbini bitirir, sonra üç illik əsgərlik.
Sonra... APİ-də qiyabi təhsil...
Artıq ona məlum idi ki, həyatı, əmək fəaliyyəti
mətbəə ilə bağlıdır və bundan sonra
Şəddad Cəfərovun tərcümeyi-hal səhifələri
getdikcə zənginləşir. O, həm öz işinin ustası, həm
də bir yaradıcı-qurucu mütəxəssiss kimi diqqəti
cəlb edir. İşlədiyi mətbəədə
sinkoqrafçılıqdan baş mühəndisliyə qədər
yüksəlir. Sorağı Moskvaya qədər
gedib çatır. Moskvada Poliqrafiya
İnstitutunun axşam şöbəsində təhsil
alır, oradakı müəllimlərin sevimlisinə
çevrilir.
Şəddad Cəfərov sözün əsl mənasında
yaradıcı-qurucu insandır. 1972-ci ildə
Bakıda istifadəyə verilən "Yeni kitab" mətbəəsi
çox qüsurlu tikilmişdi. Neçə
direktor dəyişilsə də, heç bir faydası yoxdu.
Ona görə də Şəddad Cəfərovu
o mətbəəyə direktor göndərirlər. Şəddad Cəfərovun o yararsız mətbəəni
bir neçə ay ərzində normal-nümunəvi bir mətbəəyə
çevirir, gündə 15 saat işləyir. Və bu zaman onun tərcümeyi-halında uğurlu
bir hadisə baş verir. SSRİ mətbəələri
arasında keçirilən yarışa qoşulur və Moskvada
münsiflər heyətinin qərarı ilə bu mətbəə
birinci yeri tutur. SSRİ Mətbuat Komitəsinin
sədri Stukalin şəxsən Bakıya gələrək
Keçici Qırmızı Bayrağı Şəddad Cəfərova
təqdim edir.
Şəddad Cəfərov Azərbaycanda ilk
poliqrafçı alimdir. Onun aspirantura dövrü də Moskva ilə
bağlı idi. Görünür, öz peşəsində
usta olmaq, işlədiyi mətbəələrdə bu peşənin
bütün sirlərinə bələd olmaq az
idi, daxilən onu qane etmirdi. Onun fikrincə, hər
bir peşənin-sənətin alimi olmaq, o peşəni elmi səviyyədə
də tədqiq və təbliğ etmək lazımmış.
1975-ci ilin 30 may günü Moskva Poliqrafiya İnstitutunun elmi
şurasında 35 yaşlı azərbaycanlı Şəddad
Cəfərov tanınmış poliqrafia alimi Elya
Nikolskayanın elmi rəhbərliyilə namizədlik
dissertasiyası müdafiə edir. O müzakirədə
iştirak edən Ağəddin Mansurzadə (Allah rəhmət
eləsin!) sonralar "Atalar üçdən deyib"
kitabında yazacaq ki, Şəddad Cəfərov
tanınmış rus alimlərinin qarşısında
bülbül kimi ötürdü, onların dissertasiya ilə
bağlı bütün suallarına çox məntiqli
cavablar verirdi. Elmi rəhbəri Elya Nikolskaya isə
deyirdi ki, mən Şəddaddan zərrə qədər
narazı deyiləm, o, çox hazırcavab, elmi işinin
mahiyyətini düzgün anlayan bir alimdir.
Şəddad Cəfərovun keçmiş SSRİ-də
bir poliqrafçı kimi şöhrəti o dərəcəyə
çatır ki, Moskvadan onu "Ulyanovskaya pravda" nəşriyyatına
direktor göndərirlər. Təbii ki, o zaman
SSRİ hələ dağılmamışdı, hələ
millətlər arasında nifaq və münaqişə
ocaqları şölələnmirdi. Şəddad
Cəfərov burada da öz işgüzarlığı ilə
diqqəti cəlb edir. O, Vilayət İcraiyyə komitəsi
poliqrafiya və kitab ticarəti idarəsi üzrə kollegiya
üzvü seçilir, qısa müddətdə
böyük nüfuz qazanır, ictimai işlərdə fəal
iştirak edir. Sevda Əlibəyli yazır ki, nəşriyyat
sanki Azərbaycanın Ulyanovskda mədəni mərkəziydi.
Şəddad Cəfərov Ulyanovskda Azərbaycan
və azərbaycanlılar haqqında fikir
formalaşdırırdı. Xalq şairi Sabir Rüstəmxanlı
yazır ki: "Şəddad Cəfərov "Ulyanovskaya
pravda nəşriyyatına rəhbərlik edəndə şəxsən
gördüm ki, o, necə böyük nüfuz sahibidir. Nəşriyyat saat mexanizmi kimi işləyirdi.
Diqqətimi çəkən cəhətlərdən
biri də bu idi ki, o, azərbaycanlı gəncləri öz ətrafına
yığıb, onları öyrədirdi. Onun vətəndaşlıq təəssübü
ilə fəxr etdim". Xalq şairi Zəlimxan Yaqub isə
yazırdı: "Şəddad Cəfərovun fəaliyyəti
təkcə Azərbaycanla bağlı deyil, keçmiş
SSRİ-nin böyük bir vilayətində - Ulyanovskda Azərbaycanı
ləyaqətlə təmsil edib, üzümüzü
ağardıb, başıucalığı gətirib bizə.
Harda işləməsindən asılı
olmayaraq Azərbaycan mədəniyyətinə, Azərbaycan
kitabına xidmət edib. Azərbaycanın
qələm adamına, Azərbaycan ziyalısına xidmət
edib. Telefon zəngləriylə nə qədər
qələm adamını siqnal nüsxə dediyimiz
kitabımızın qaranquş nüsxələriylə
sevindirib. Şəddad müəllim poliqrafiyanın
çətin yollarında ömür qoyub, saç
ağardıb, nə qədər kitabda-istər bədii, istər
dövlətçiliyimizi təbliğ edən kitablarda
imzası, zəhməti, alın təri, əl qabarı,
yuxusuz gecələri var. Onun özünün də işi,
yaradıcılıq təcrübəsi kitablarla təbliğ
olunmalı, gənc naşirlər tərəfindən öyrənilib
təbliğ olunmalıdır. Çünki Azərbaycan
mədəniyyətinin, Azərbaycan kitabının buna ehtiyacı
var".
O, əsl
vətənpərvər kimi Azərbaycanın başı
üstünü qara buludlar alanda Bakıya qayıdır.
Rusiya onu əldən vermək istəməsə də, Şəddad
müəllim Bakıya can atırdı. 1990-cı
ilin yayında Vətənə dönür. Bir müddət fərqli vəzifələrdə
çalışsa da, nəhayət, "Azərbaycan" nəşriyyatına
direktor göndərilir. Və Şəddad
Cəfərov nəşriyyatda baş verən gerilikləri
aradan qaldırır. Nəşri müəyyən
səbəblərdən ləngiyən qəzetlərə də
yardım edir ("Xalq Ordusu" qəzetinə və s.).
Şəddad Cəfərov dünyanın bir çox
ölkələrində olub. İran, Türkiyə,
Polşa, Almaniya mütəxəssislərini də Bakıya
qonaq çağırıb.
O təlatümlü
illərdə Şəddad Cəfərov "Naxçıvan
yaşayır və döyüşür" kitabını
çap etdirir. Sevda Əlibəyli kitabında yazır: "Nəşr
bomba kimi partladı. Komissiyalar bir-birinin
dalınca gəlməyə başladılar. Əlbəttə, Şəddad Cəfərov bəhanə
idi. Hədəfdə Heydər Əliyev
idi. Həmin kitabın çapına məsul
olanlar Şəddad Cəfərovu Naxçıvana dəvət
etdilər. İstədilər təqdimatda
o da iştirak etsin, hansı əzab-əziyyətli yollardan
keçdiyini şəxsən Heydər Əliyevə
danışsın. O isə dedi: "Mən yalnız vətəndaşlıq
borcumu, bir də Heydər Əliyev şəxsiyyətinə
olan sonsuz hörmət və məhəbbətimi bildirmişəm".
İndi Şəddad Cəfərov ömrünün
müdriklik çağlarını yaşayır. Gözəl
ailəsi ilə birgə. Əlbəttə, mən bu
yazıda Azərbaycanın birinci poliqrafçı alimi, nəşriyyat
işinin kamil bilicisi, Azərbaycan kitabının hamisi və
dostu Şəddad Cəfərovun fəaliyyətindən,
keçdiyi ömür yolundan çox səhifələrin
üstündən keçdim. Amma bir həqiqət var
ki, bu fədakar insanın ömrü Azərbaycan mədəniyyətində
işıqlı iz buraxıb.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2020.- 7 fevral.- S.13.