Cəlil Məmmədquluzadənin
publisistikası azərbaycançılıq kontekstində
"Molla
Nəsrəddin" satirik publisistika məktəbi bəzi
istisnalar nəzərə alınmazsa, demək olar ki, öyrənilməyib.
Cəlil
Məmmədquluzadənin bu sahədəki fəaliyyəti
mollanəsrəddinçiliyin özəyi və təməl
daşıdır. O,
hələ "Şərqi-Rus" qəzeti redaksiyasında
işləyərkən, həmin qəzetdə dərc
etdirdiyi məqalələri ilə mollanəsrəddinçiliyin
əsasını qoymuşdur. Ancaq Mirzəcəlilçi
mollanəsrəddinçilik təlim olaraq 1906-cı il aprelin 7-dən başlayıb. Cəlil
Məmmədquluzadənin bilavasitə rəhbərliyi ilə
keçirilən bu möhtəşəm yaradıcılıq
təlimləri 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə
Təbrizdə, 1922-1931-ci illərdə Bakıda baş tutub.
Qeyd edək ki, mollanəsrəddinçi təlimlərlə
bağlı materiallar "Molla Nəsrəddin"
jurnalının Tiflisdə 370, Təbrizdə 8, Bakıda 398 -
cəmi 776 nömrəsində öz əksini
tapmışdır.
İndi mollanəsrəddinçilik xüsusi bir təlim
kimi öyrənilir. Bu təlim kitabında tənqidi-realist ədəbiyyatın
poetikasından, ideya-bədii istiqamətlərindən bəhs
edilir. Mollanəsrəddinçilik azərbaycançılıq
ideyasını reallaşdırmaq üçün təlim
kitabıdır. Bu təlim kitabının
baş müəllifi Cəlil Məmmədquluzadədir.
Azərbaycanda tənqidi-realist ədəbiyyatın
və mətbuatın inkişaf istiqamətlərini və
xüsusiyyətlərini müəyyən edən ideya-estetik
prinsiplər mollanəsrəddinçilikdə öz əksini
tapmışdır.
Böyük demokrat ədib Cəlil Məmmədquluzadə
(1869-1932) 37 yaşında ikən "Molla Nəsrəddin"i
yaratdı, jurnal qapananda isə o, 62 yaşın içində
idi. Həm bu
25 ilin publisistika çərçivəsində, həm də
ondan əvvəlki ədəbi yaradıcılığı
ilə Azərbaycan ədəbiyyatı tarixində silinməz
cığırlar açdı: satirik ədəbiyyatın,
satirik publisistikanın, karikatura sənətinin əsasını
qoydu, ilk rəngli şəkilli jurnal yaratdı, kiçik
hekayənin böyük ustadı oldu, Azərbaycan ədəbiyyatında
"Molla Nəsrəddin" ədəbi məktəbinin, tənqidi
realizmin banisi kimi şöhrət qazandı, bir sözlə,
milli satirik ədəbiyyatın mollanəsrəddinçilik ədəbi
təlimini formalaşdırdı, bununla da azərbaycançılıq
ideyasının ədəbiyyatda və publisistikada, ictimai
fikirdə əsas yaradıcılarından biri kimi milli qan
yaddaşımızda əbədilik qazandı.
"Molla Nəsrəddin" jurnalında Azərbaycan nəsrinin,
şeirinin, publisistikasının, karikaturasının əbədiyaşar
nümunələri öz əksini tapmışdır. Bu əsərlər
öz dövründə müasirləri üçün ədəbi
məktəb rolunu oynamış, indi də oynayır və gələcəkdə
də bu missiyanı yerinə yetirəcək.
Azərbaycan
ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi
Cəlil Məmmədquluzadənin yüksək təşkilatçılığı
ilə bir araya gələn əməl dostları - Mirzə
Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid
Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu
Qəmküsar, Mirzə Əli Möcüz Şəbustəri,
Məmmədəli Nasir və onlarla digər görkəmli Azərbaycan
ədibi mollanəsrəddinçiliyin fədakar nümayəndələri
olmuşlar. Mollanəsrəddinçilik həmin
böyük şəxsiyyətlərin məsləkinə, həyat
amalına çevrilmişdir.
Mollanəsrəddinçilik təlimi "Molla Nəsrəddin"
ədəbi məktəbinin proqramıdır.
"Molla Nəsrəddin" ədəbi məktəbinin
bütöv yaradıcılıq proqramı bu möhtəşəm
təlim kitabında dolğun əksini tapmışdır. Proqramın əsasını
isə milli müstəqillik və azadlıq uğrunda
mübarizə təşkil edir. "Molla
Nəsrəddin" ədəbi məktəbinin nümayəndələri
başda Cəlil Məmmədquluzadə olmaqla milli istiqlala bir
ordudan ziyadə xidmət göstərmişlər. Bu mənada "Molla Nəsrəddin" jurnalı
Azərbaycan xalqının ən böyük istiqlal
kitabıdır. Yaxud milli istiqlal uğrunda
mübarizə dövrün digər axınları ilə
müqayisədə daha çox mollanəsrəddinçilikdən
keçir.
Mollanəsrəddinçilər ictimai satiranın,
gülüşün gücündən maksimum yararlanmaq, bunun
vasitəsilə də cəmiyyəti dəyişmək,
inkişaf etdirmək istəyirdilər. Onlar həm də
demokratik ideyaları-insan hüquq və azadlıqlarını
ədəbiyyatda və publisistikada əks etdirmiş, ictimai
fikrə aşılamaq missiyasını uğurla yerinə
yetirmişlər.
Mollanəsrəddinçilik - mollanəsrəddinçilərin
özünəməxsus yaradıcılığı və
bu yaradıcılıqda əks olunan azərbaycançılıqdır. Mollanəsrəddinçiliyin
ideya əsasında azərbay-cançılıq məsləki
dayanır. Bunu mollanəsrəddinçiliyin
strateji məqsədi də sübut edir. Mollanəsrəddinçiliyin
məqsədi millətin özünüdərkinə,
azadlığına, tərəqqisinə nail olmaqdır.
Xalqı milli istiqlala qovuşdurmaq mollanəsrəddinçilərin
əsas məqsədi olmuşdur. Məhz bu səbəbdən
xalqı müstəqillik və azadlıq uğrunda mübarizəyə
hazırlamaq və sövq etmək mollanəsrəddinçilik
təliminin ana xəttini təşkil edir. Bu ana xəttin reallaşdırılması
üçün birinci millətin özünəqayıdış
prosesini yönləndirmək lazım idi. Sonra
onun özünüdərkinə yardımçı olmaq,
milləti ayıltmaq və siyasi oyanışını təmin
etmək lazım idi. Bütün bunları mollanəsrəddinçilər
sistemli olaraq həyata keçirməyə, vahid məcraya
salmağa nail oldular. Mollanəsrəddinçilik
- xalqın milli-mənəvi özünüdərkinin, millətin
siyasi oyanışı və ayıqlığının hərəkətverici
qüvvəsidir.
Mollanəsrəddinçilər ictimai satiranın,
gülüşün gücündən maksimum yararlanmaq, bunun
vasitəsilə də cəmiyyəti dəyişmək,
inkişaf etdirmək istəyirdilər. Onlar həm də
demokratik ideyaları-insan hüquq və azadlıqlarını
ədəbiyyatda və publisistikada əks etdirmiş, ictimai
fikrə aşılamaq missiyasını uğurla yerinə
yetirmişlər.
Mollanəsrəddinçilik - ədəbiyyatımıza
novatorluq ənənələri bəxş etmişdir.
Cəlil Məmmədquluzadə mollanəsrəddinçilik
təlimini yaratmaqla Azərbaycan ədəbiyyatı tarixinə
islahatçı bir ədib kimi düşmüşdür.
Mollanəsrəddinçilik - yeni novator
yazıçıların yaradıcılığı
üçün əsaslı zəmin olan əbədi məktəbdir.
Mollanəsrəddinçiliyin fərqlənən cəhətlərindən
biri də bədii əsərlə təsviri sənəti,
hekayə və felyetonla karikaturanı birləşdirərək
bir araya gətirməsidir. Mollanəsrəddinçilik
həm də karikaturada özünü ifadə və təsdiq
etmişdir.
Mollanəsrəddinçiliyin
qabarıq təzahürü "Molla Nəsrəddin" ədəbi
məktəbi nümayəndələrinin bədii
yaradıcılıqlarının bütün sahələrində
və publisistik əsərlərində aydın görünür.
Cəlil Məmmədquluzadə
yaradıcılığında məmləkət və millət
ideyalarının ifadəsi publisistikasında dolğun əks
olunmuşdur.
Azərbaycan məmləkəti ideyasına bir neçə
mühüm bucaqdan yanaşmaq olar: 1. Azərbaycan məmləkətinin
tarixi ərazi bütövlüyü; 2.Azərbaycan məmləkətinə
vətəndaş məhəbbəti; 3.Azərbaycan məmləkətini
sivil görmək arzusu.
Azərbaycan məmləkətinin tarixi ərazi
bütövlüyü onun əsərlərində
özünü açıq göstərir. Xüsusilə,
publisistikasında. Publisist "Xoş təqrir"
felyetonunda Araz çayının Azərbaycanı iki hissəyə ayırmasını
nağılçının dili ilə belə mənalandırır:
Araz deyir: "Mən yaman olsaydım, İrana sərhəd
olmaz idim!" Bu kiçik nağıl
parçasında Arazın bütöv məmləkət
üstündə ayrılıq ağrısı öz ifadəsini
tapmışdır.
Ədibin
azərbaycançılıq ideyası, Azərbaycan məmləkətinin
tarixi ərazisi və bütövlüyü haqqındakı
fikirləri "Azərbaycan" məqaləsində daha
qabarıqdır:
" ...dilimin
adı türk-Azərbaycan dilidir, ...Vətənim də Azərbaycan
vilayətidir.
-
Haradır Azərbaycan?
- Azərbaycanın
çox hissəsi İrandadır ki, mərkəzi ibarət
olsun Təbriz şəhərindən; qalan hissələri də
Gilandan tutmuş, qədim Rusiya hökumətilə Osmanlı
hökuməti daxillərindədir ki, bizim Qafqazın
böyük parçası ilə Osmanlı
Kürdüstanından və Bayaziddən ibarət olsun".
Vətəndaş ədibin çağrışı belədir:
"Vətən, vətən, vətən, Dil, dil, dil, Millət, millət,
millət! Dəxi bu dairələrdən kənar
bəni-nöi bəşər üçün özgə
nicat yolu yoxdur".
"Azərbaycan" məqaləsi ədəbiyyatşünaslıqda
həm də "Azərbaycan məmləkəti
coğrafiyasının vətəndaş ədib Cəlil Məmmədquluzdanin
mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsi"
kimi qiymətləndirilmişdir.
Ədib Azərbaycanın bütövlüyünün
böyük carçısı idi. Bütövlük
uğrunda mübarizədə millətə dostu, düşməni
tanımağı məsləhət görür, mübarizə
üsullarında fanatizmi rədd edirdi. "Tarix"
adlı felyetonunda mübarizələr tarixinin ibrətamiz dərslərini
xatırladaraq yazır: "İnsan üçün
böyük dərslərin biri də tarixdir. Aç
qabağına tarixin səhifələrini və əgər
gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv
eyləyiblər, - dəxi sən həmin səhvi eyləmə".
Bu birbaşa və dəqiq tezisdən sonra
publisist əsas mətləbə keçir. Bu mətləbdə
vaxtı ilə İranda öz azadlığı uğrunda
mübarizəyə girişmək fikrində olan həmvətənlərimizin
bu mübarizədəki qeyri-real hərəkəti
açıqlanır: "Tehranda balaca uşaqların
düşmən qabağına Quran
götürüb-çıxmaqları gələcək
üçün bir tarixdir. Gələcəkdə tarixin
Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və
topun qabağına Tehranda balaca uşaqlar Quran
çıxartdılar və padşahın qoşunu tüfəng
və top güllələri ilə uşaqları da tikə-tikə
elədi, Quranın vərəqlərini də
parça-parça eyləyib havaya uçurtdu. Bu, bir tarixdir ki, bəni-növi bəşər
üçün bir ibrət olacaq".
Bundan sonra Cəlil Məmmədquluzadə əsl mətləbə
keçir. Əsl mətləb isə Azərbaycandan həmişə
torpaq iddiası ilə bəd əməllərə əl atan
ermənilərə qarşı mübarizə ilə
bağlıdır. Müəllif bu yerdə ən
yaxın tarixdən misal gətirərək yazır: "Erməni-müsəlman
davasında Şeytanbazar müsəlmanları Quranın ayələrini
kağız üstə yazıb
yapışdırmışdılar divarlara ki, evlərinə
xətər toxunmasın; amma bu evlərin çoxusuna od
düşəndə hər bir şeydən qabaq bu dualar
alışıb yandılar; çünki kağız taxtadan
və daşdan tez yanar". Cəlil Məmmədquluzadə
mübarizənin, millət və vətən davasının
öz üsulları olduğunu xatırladır.
Uzun müddət Cəlil Məmmədquluzadənin erməni
xislətini ifşa edən əsərləri barədə
danışmağa yasaq qoyulduğundan, bəlkə də, elə
təsəvvür yaranmışdır ki, guya, ədib
yalnız xalqlar dostluğunun tərənnümçüsü
olmuşdur. Cəlil Məmmədquluzadə erməniləri
yaxşı tanıyırdı. Hətta
bir dəfə əlinə silah alıb döyüşmək
istəmişdi. Ermənilər Əsgəranda
yolu kəsib Şuşanı mühasirəyə alanda
Ağdama gəlmiş, şuşalıları aclıqdan
qurtarmaq üçün hücumda iştirak etmək niyyətində
olmuşdu. Bunu 1917-ci il sentyabrın
14-də Həmidə xanıma yazdığı məktubunda
bildirmişdi: "Əzizim Həmidə! Yaxın
günlərdə türk qoşunlarının Əsgərana
hücumu gözlənilir. Onlara kömək
üçün bu gün atlıların siyahısı
tutulur. Mən gəlmişəm əlimdən
gələn köməyi göstərim və qoşunlarla
birgə hücumda iştirak eləyim".
Ədib
özünün "Müsəlmanlar silahlanır"
felyetonunda Azərbaycan torpaqlarını ermənidən
qorumağın, bu məmləkətin qeyrətini çəkməyin
bir yolu olduğunu göstərirdi: Silahı əldə
hazır saxlamaq! Birləşmək! Bir məqsədə
xidmət etmək, Vətəni, məmləkəti hər
şeydən uca tutmaq.
Bu, Azərbaycan məmləkəti uğrunda Cəlil Məmmədquluzadə
mücadiləsidir. Cəlil Məmmədquluzadə Azərbaycan
məmləkəti və onun müstəqilliyi uğrunda
mübarizədə ədəbi-publisistik janrların
çoxundan istifadə edib. Xüsusilə,
felyeton janrı onun yaradıcılığında zirvəyə
yüksəlib. Cəlil Məmmədquluzadə
ilk dəfə felyeton janrını satirik publisistikaya gətirib.
Onun publisist yaradıcılığının
qayəsi Azərbaycan məmləkətinə vətəndaş
məhəbbəti gətirmək olmuşdur.
Publisist rus imperiyasının müstəmləkəçilik,
"parçala hökm sür" siyasətini tənqid
edirdi. Rus məmurunun təbliğatına uyaraq müsəlmanların
bir-birinə qarşı çıxması isə
şübhəsiz, Cəlil Məmmədquluzadəni narahat
edirdi. Hətta belə təbliğatın cəzasız
qalması müəllifi qəzəbləndirirdi: "Mən
elə bilirdim ruslarda yumurta döyüşdürmək adət
deyil" - yazan ədib Şamaxıda "sünnü-şiə"
davası salmaq istəyən Leontiyevin cəzasızlığının
əsl səbəbini açır:
"Şikayətçi
müsəlmanlar məndən soruşurlar:
- ...Bu kişi niyə biz ilə belə rəftar etdi?
- Bunun cavabında mən dedim:
- Ondan
ötrü ki, bu da biz müsəlmanları dadıb. Bəli, ... biz müsəlmanları cənab
Leontyevlər və onun kompaniyaları çoxdan
dadıblar".
Cəlil Məmmədquluzadə çar
Rusiyasının araqarışdırma siyasətinin necə
baş verdiyini "Leontiyev" felyetonunda ustalıqla
açıb-göstərmişdir.
Ədibin Azərbaycana məhəbbət, sevgi
ideyaları təlqin edən əsərlərindən biri
"Vətən məhəbbəti" adlanır. Müəllif
vətənə etinasız münasibəti tənqid edir və
dolayısı ilə vətəni sevmək hissi
aşılayır.
Əsər bu günümüz üçün də
çox aktualdır. Aktualdır ona görə ki, biz yenə də
Qarabağ hadisələrinə, Şuşaya,
torpaqlarımız uğrunda mübarizəyə
etinasızlıq faktları ilə üzləşməli
olduq. 1988-1993-cü illərin hadisələri
də bizə tarixdən ibrət dərsi almağa kömək
etmədi. Cəlil Məmmədquluzadə
faciələrimizin hardan gəldiyini daha yaxşı göstərirdi.
Cəlil Məmmədquluzadənin ən böyük
arzularından biri Azərbaycanı sivil cəmiyyət kimi
görmək olmuşdur. Bunun üçün publisistikasında
sivil qaydalara qovuşmağı, elmə, təhsilə yiyələnməyi,
dünyəvi elmlərə qabil olmağı önə
çəkmişdir. Bu sivil qaydalara
uyğunlaşmaq təcrübəsinə söykənmək
üçün Azərbaycan bu gün də Avropaya üz
tutmaqdadır. Bu baxımdan Cəlil Məmmədquluzadənin
qələmə aldığı publisistik əsərlər
bu günümüz üçün də aktualdır.
Ədib
"Müsəlman içində gördüklərim" əsərində
"Nemsə tayfasından Reynqart adlı birisinin" səyahətindən
alınan təəssüratı qələmə
almışdır. Əsərdə Azərbaycanın
bir sıra əyalətlərində məktəblərin
olmaması, bu üzdən də insanların
savadsızlığı təsvir edilir. Cəlil
Məmmədquluzadə Reynqartın dili ilə Azərbaycanda
bir çox adamın öz milliyyətinin kimdən ibarət
olduğunu anlamayıb da özünü "müsəlman"
adlandırmasına təəssüfünü bildirir. Müəllif qəsdən avropalının Gəncədə
də, Rəştdə də, Bakıda da belə adamlara rast
gəldiyini ürək ağrısı ilə bildirir.
"Meşədə gördüklərim" felyetonu
da bu üslubdadır. Avropalı səyyah Şamaxıda
gördüklərini qələmə alıb. Avropalının dili ilə Şamaxıda şəhər
əhalisinin bir-biri ilə davasından, müxtəlif pis əməllərindən
söhbət açılır və burada kitabxanaya heç
kimin ayaq basmadığı xüsusi vurğulanır. Avropalı Bekkerin ikinci eyniadlı məktubu Bakı
barədədir və eyni məzmunludur.
Bütün bu tipli əsərlərində Cəlil Məmmədquluzadə
bir vətəndaş-yazıçı, vətəndaş-publisist
olaraq Azərbaycanın sabahı haqqında
düşünürdü.
Cəlil Məmmədquluzadə yaradıcılıq fəaliyyəti
dövründə millətə xidmət etməyi əsas vəzifəsi
hesab etmişdir. Azərbaycan məmləkəti ideyası
onun, demək olar ki, bütün
yaradıcılığının ruhunu təşkil edir.
Özünün "Üzr istəyirəm"
felyetonunda hər bir vətən övladının borcunu
"öz hökumətinin, məmləkətinin təmiri
yolunda ona əl uzatmaqda" görürdü. Cəlil Məmmədquluzadə üçün Azərbaycan
məmləkəti dünyanın müqəddəs məkanıdır.
Onun əsərlərində aydın
görünən vətənə yanımlılıq, onun dərdlərinə
dərman axtarışları sübut edir ki, böyük ədibin
bu məmləkəti gözəl görməkdən
savayı arzusu olmayıb. İstər
öz yaradıcılığının, istərsə də
"Molla Nəsrəddin"in bütün mərhələlərində
Cəlil Məmmədquluzadə, xüsusilə, millətin
milli özünüdərketmə prosesinin dərinləşməsinə
səy göstərmişdir. Bu proses isə Azərbaycan
deyilən bir məmləkətin qorunmasına, bütövləşməsinə,
təkmilləşməsinə xidmət etməlidir.
Cəlil Məmmədquluzadənin ideyaları əsasında
molla-nəsrəddinçi satirik publisistika
yaranmışdır. Mollanəsrəddinçi publisistika Azərbaycan
satirik ədəbiyyatını inkişaf etdirərək ən
yüksək zirvəyə çatdırmışdır.
"Ədəbi növ hüququ qazanan"
satira mövzu genişliyi, ideya yetkinliyi ilə yanaşı,
janr rəngarəngliyi ilə də "Molla Nəsrəddin"
ədəbi məktəbinin özünəməxsusluğunu
şərtləndirirdi.
Azərbaycan satirik publisistikasının banisi Cəlil Məmmədquluzadə
satiranın ideya-bədii istiqamətlərini düzgün
müəyyənləşdirmiş, jurnalistikanın
bütün janrlarından baca-rıqla istifadə etmişdir. Xəbər,
hesabat, söhbət, korrespondensiya, müsahibə, reportaj,
resenziya kimi janrlar məcmuədə satirik məzmun
daşımaqla klassik formasındadır. O,
jurnalistikanın janrlarının yeni satirik üslubda sistemli
inkişafını təmin etmişdir. Həmçinin,
lüğəti, atalar sözlərini, teleqramları, səyahətnaməni
ədəbi mühitdə janr səviyyəsində
formalaşdırmışdır.
Allahverdi
MƏMMƏDLİ
Filologiya üzrə
elmlər doktoru, professor
525-ci qəzet.- 2020.- 7 fevral.- S.12.