Xalid Səid Xocayev şəxsiyyəti və ata həsrətli Bəhicə xanım

 

Xalid Səid Xocayev haqqında ilk dəfə "Ədəbiyyat və incəsənət" qəzetində çalışdığım illərdə - 1987-ci ildə Nazilə Səfərova adlı gənc bir tədqiqatçının yazısında, sonra 1990-cı ildə akademik Ziya Bünyadovun məqaləsini oxudum... və bu siyahı müstəqillik illərində xeyli artdı: müxtəlif qəzet və dərgilərdə Özbəkistan torpağından gəlib Azərbaycan dilçilik elmində, ədəbiyyatında böyük xidmətləri göstərən, əlifba yollarında can yandıran Xalid Səid Xocayev haqqında, onun nakam taleyi haqqında yazıldı.

Azərbaycanzbək ədəbi əlaqələri kontekstində olan araşdırmalar içərisində Xalid Səid Xocayev haqqında da qeydlərimi, tədqiqatlar zamanı rastlaşdığım faktları bir məqalə halında təqdim etməyi mənəvi borcum bildim. Təxminən bir çap vərəqi həcmində olan yazım 2013-cü ildə Özbəkistanda dərc olundu: "1937-ci ilin 3 iyun gecəsində Azərbaycanın dörd böyük ziyalısı birdən həbs olunur: Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və Xalid Səid Xocayev. Həmin günlərdə çağrılan Azərbaycan K(b)P-nin XIII qurultayında M.C.Bağırov məruzəsinin son sözündə demişdi: "Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimiləri" (onda heç qərib Xalid Səid Xocayevin adını da tutmadı, amma qətl etmək sırasından yan etmədi). 12493 saylı İstintaq işinin sahibi 72 saylı məhbus 49 yaşlı Xalid Səid Xocayev ... güllələndimi, Nargin adasına gətirilərək Xəzərdə boğdularmı, heç məlum deyil..."

Həmin məqalənin sorağı X.S.Xocayevin Kanadada yaşayan qızı və nəvə-nəticələrinə də gedib çatmışdı və onlardan belə bir məktub aldım: "Hörmətli Almaz xanim! Mən, Xalid Səidin qızı Bəhicə xanımam. Sizin Xalid Səid haqqında yazdığınız məqaləni oxudum. Mənim sizə minnətdarlığımın həddi-hüdudu yoxdur. Ədalət yer alandan sonra çox yazılar dərc edilib, kitab nəşr edilib. Amma deməliyəm ki, belə müfəssəl, dərin məzmunlu, ədalətli material... Çox sağ olun, çox təşəkkür edirəm. Xoşbəxtəm ki, ömrümün bu çağında məni həmişə düşündürən və yazılarda yer almayan məqamları siz işıqlandırdınız. Allah sizi xoşbəxt və uzun ömürlü etsin. Bilin ki, Kanadada sizə daima duaçı olan Xalid Səidin qızı Bəhicə və nəvə-nəticələri var. Böyük hörmətlə, Bəhicə" 11 sentyabr 2014-cü il.

Sözün tükəndiyi məqam. Beləcə, Xalid Səidin bir qızı olduğunu və yaxın illərdə ailəsi ilə birgə Kanadanın Toronto şəhərinə köçərək orada yaşadığından xəbər tutdum.

2016-cı ildə Birinci Türkoloji Bakı Qurultayının 90 illiyi dövlət səviyyəsində AMEA Rəyasət Heyətində təntənə ilə qeyd olunan vaxtlarda, Xalid Səidin 1922-25-ci illərdə həmin qurultaya hazırlıq ərəfəsindəki böyük xidmətləri ilə yenidən tanış oldum, xüsusən 1928-ci ildə yazıb və bir il sonra nəşr etdirdiyi "Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım: Bakı-Krım-Türkmənistan və Bakı-Türkmənistan-Özbəkistan. - Ümumşuralar İttifaqi Mərkəzi Yeni Əlifba Komitəsi nəşriyyatından (Birləşmiş yeni türk əlifbası ilə Azərbaycan ləhcəsində birinci olaraq bu əsər nəşr edilmişdir, 1929, 146 səhifə)" kitabından nələr öyrənmədim ki?! Bu kitabda o dövrün bütün mənzərəsi ən xırda detallarına qədər təsvir edilib. Memuar xarakterli həmin əsərdə Xalid Səidin lirik təsviri məni heyrətləndirdi: "Sabah olmuşdu. Üfüqlər bir məcmueyi-əşar, təbiət bir mənzumeyi-füsunkar idi. Günəş zərrin şüalarını zümrüd dağlar üzərinə səpir, dəniz xarələnir (dalğalanır), sislər dağlarla günəş arasına incə, nazik tüllər çəkir, nəsim əsiri nəfəslərilə kainatı ahəstə-ahəstə yelpazələyir, sıra-sıra ağaclar gəlib keçən aşna və səyyahları salamlayırdı. Qatar nəfəslərilə (tüstüsiylə) göydə həlzunlar (ilbizlər) cızaraq irəliləyirdi. Yolçular bu şairanə mənzərənin seyr və tamaşasından həyəcanlı sevinc, böyük zövq duymaqda idilər" və s. Əsərdə yeri gəldikcə, belə lirik lövhələr çoxdur.

"2016-cı il noyabr ayı. Mənim sevdiyim Xalid Səid Xocayevin yadigarı - Bəhicə xanıma və Əfruz xanıma salamlar olsun! Bu günlərdə Bakıda I Türkoloji qurultayın 90 illiyinə həsr olunmuş çox möhtəşəm konfrans keçiriləcək, babanızın ruhu şad olsun, o məclisdə dönə-dönə xatırlanacaq" - yazaraq onları sevindirmək istədim.

Bəhicə xanım AMEA rəhbərliyi tərəfindən tədbirə dəvət olunduğunu bildirdi, amma səhhəti ilə əlaqədar gələ bilməyəcəyini üzülürək qeyd etdi.

O zaman nə edək? Bəhicə xanım keçiriləcək konfransa təbrik məktubu yazmaq istədiyini bildirdi. "Tarixə xatirə olaraq - rəmzi mənası çox dəyərli olar - mən həmin məktubu təşkilat komitəsi sədrinə təqdim edim, açılış günü təbriklər sırasında oxunsun, lütfən bunu edin. 270 nəfərlik məruzəsi olan möhtəşəm bir konferens olacaq məclis I türkoloji qurultay keçirilən zalda olacaq" - deyə təklifi məhəbbətlə dəstəklədim.

İki gündən sonra həmin məktubu aldım. Akademik İsa Həbibbəylinin tövsiyəsi ilə həmin təbrik məktubu Proqrama daxil edildi və 90 il əvvəl Xalid Səidin çıxış etdiyi tribunadan Bəhicə xanımın Təbrik məktubunu mən oxudum: "İstanbul Universitetində ali təhsilini bitirib 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibində Bakıya gələn, 2 il sonra ana vətəni Daşkəndə gedən, 1922-ci ildə Səmədağa Ağamalıoğlunun dəvətilə yenidən və həmişəlik Bakıya qayıdan görkəmli şərqşünas-dilçi, ədəbiyyatşünas, gözəl şair, Mahmud Kaşğarinin "Divani-Lüğət-it-türk" əsərini yazıldığı vaxtdan 850 il sonra ilk dəfə tərcümə edən məşhur türkoloq Xalid Səid Xocayevin Amerikada, Kanadada  yaşayan qızı Bəhicə xanımın I Bakı Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın Rəyasət Heyətinə təbrik məktubunun mətni

Möhtərəm Konfrans iştirakçıları! İcazə verin mənim və ailə üzvlərimin adından, sizi Birinci Bakı Türkoloji qurultayın 90 illiyinə həsr olunmuş konfrans münasibətilə təbrik edim.

Bilindiyi kimi, 1926-cı ildə yer almış Birinci Bakı Türkoloji Qurultayı tarixi əhəmiyyət daşıyan hadisə olmuşdur. Qurultay türkdilli xalqlarının latın qrafikasına keçmək işi və bu işdə müvəffəqiyyət qazanmaları ilə bağlıdır. Qurultayqabağı Səmədağa Ağamalıoğlu başda olmaqla latın əlifbasına keçməklə əlaqədar xüsusi Komissiya yaradılmışdır. Bu Komissiyanın uzun sürən və müvəffəqiyyətlə başa çatan işi danılmazdır. Komissiyanın tərkibində başqa üzvlərlə bərabər mənim atam, Xalid Səid Xocayev da var idi. Onun Türkoloji Qurultayın hazırlıq işində, istər təşkilati işlər, istərsə də müxtəlif əsərlər yazmaq baxımından əməyi böyükdür. Buna sübut olaraq, Qurultaydan sonra "Yeni Əlifba yollarında əski xatirə və duyğularım" adlı əsərini göstərmək yerinə düşərdi. Xalid Səidin bu işdə nə dərəcədə fəal olduğuna bir məqam da sübut ola bilər. Qurultaydan sonra onun evində Türkiyə nümayəndələri ilə yanaşı, bir çox Qurultay iştirakçıları da qonaq olmuşdular. Bu qonaqlar arasında Türkiyədən gəlmiş professor Fuad Köprülüzadə, Əlibəy Hüseynzadə və bir çox başqa qonaqlar da var idi. Demək lazımdır ki, müxtəlif ədəbiyyatlarda bu qonaqlıq haqqında xatirələrə də rast gəlmək olar. Beləliklə, Birinci Bakı Türkoloji Qurultayın 90-cı ildönümünün qeyd edilməsi yeni əlifbaya keçid işində fəaliyyət göstərən şəxsləri bir daha yad etmək imkanını da yaradır. Konfransın bütün iştirakçılarını təbrik edirəm və hamıya böyuk uğurlar arzulayıram.

Bəhicə Xalid Səid qızı Xocayeva-Mamedova, Toronto, Kanada, 13 noyabr, 2016".

 

Bu haqda sevincək Bəhicə xanıma yazdım. "Lütfən o səhnəni videoya çəkib mənə göndərin" - deyə yazdı. Videonu alıb baxandan sonra mənimlə görüntülü telefon danışığında oldu. Tam 45 dəqiqə danışdıq, sevindiyindən bilmirdi necə minnətdarlıq etsin. Bütün Akademiya rəhbərliyinə, xüsusən akademik İsa Həbibbəyliyə çox minnətdar olduğunu kövrələrək dəfələrlə dilə gətirdi. Sanki Bakıdan gedən zəngə doya bilmirdi. Bəhicə xanımın kübar ədəbli qızı Əfruz xanım anasının bu sevincinə şərik olur, ona bu qədər sevinc bəxş etdiyimizi dilə gətirməkdən çəkinmirdi. Beləcə, bayram günlərində Bəhicə xanımı və onun gözəl ailəsini təbrik etməyi unutmadım. O zamandan ötən illər ərzində Bəhicə xanımın bir arzusunu fikrimdən çıxara bilmirdim. Atasının "Yeni əlifba yollarında əski xatirə və duyğularım" kitabının yeni nəşrini arzulayırdı: "O kitabı görməyincə ölə bilmərəm" - dəfələrlə deyirdi. Ömrünün 92-ci ilində qəlbinin istəyini mənə belə açmışdı.

2019-cu ilin sentyabrında Özbəkistan Milli Universitetindən bir təklif aldım: "Xalid Səid Xocayevin "Yeni əlifba yollarında əski xatirə və duyğularım" kitabını özbək və Türkiyə türkcəsində nəşr edirik, amma Türkiyə türkcəsində çox xətalar var. Bizə kömək edə bilərsinizmi?"

Əlbəttə edərəm, bu ki, Bəhicə xanımın "o kitabı görmədən ölə bilməyəcəyi" arzusudur.

Azərbaycan Milli Kitabxanasından həmin kitabı götürüb tam bir ay üzərində işlədim. Noyabrın əvvəli işi bitirib - dilimizin hazırkı tələffüz qaydalarına uyğunlaşdırıb Özbəkistandakı nəşr evinə göndərdim. Və rica etdim ki, orijinal nüsxəni, yəni Xalid Səidin 1928-ci ildə yazdığı nüsxənin də fotokopisini səhifələyərək kitaba daxil edək. Təklif bəyənildi. Kitab nəşrə gedən ərəfədə Bəhicə xanıma yazıb bir ön söz yazmasını rica etdim. İki gündən sonra - 21 noyabr 2019-cu ildə Əfruz xanımdan "O, mənim atamdır" başlıqlı ön söz və iki fotoşəkil aldım. Həmin mətn belədir: "Mənim atam Xalid Səid Xocayevın "Yeni əlifba yollarında əski xatirə və duyqularım" kitabı Azərbaycan dilində yeni latın əlifbası ilə yazılmış ilk kitabdır. Bu kitab 1929-cu ildə, yəni 90 il öncə işıq üzü görüb. Təbii ki, bu əsərin yenə də çap olunması mənim üçün gözlənilməz və xoş bir hadisədir.

İlk əvvəl, mən Almaz Ülvi xanıma, Özbəkistan nəşr evinə kitabın çapa hazırlanmasında təşəbbüslərinə görə dərin minnətdarlığımı bildirirəm.

Xalid Səid həyata Özbəkistanda gəlmiş, təhsilini Türkiyədə İstanbul Universitetində almış, lakin onun elmi və pedaqoji fəaliyyəti Azərbaycanla bağlıdır. Xalid Səid burada ailə həyatı qurmuş və ömrünün sonuna qədər Azərbaycanda yaşayıb yaratmışdır.

Atam mənim yaddaşımda öz sənətini sevən, əsl məna-sında alim, köməyini heç zaman əsirgəməyən bir şəxsiyyət olaraq həqq olmuşdur. Bizim evdə Hüseyn Cavid, Bəkir Çobanzadə, Vəli Xuluflu, Hənəfi Zeynallı, Əli Nazim və digər alimlər tez-tez qonaq olmuşlar. Atam Xalid Səid gözəl natiq idi. Onun bizim evdə verilən qonaqlıqlarda söylədiqləri nitqləri yerindəcə yaratdığı şeirləri ilə bəzəyirdi.

Xalid Səid şeir yazmaqda da ustad idi. Bir Bakı qəzetində hətta çap olunmuş şeiri də bu günə qədər qalmışdır.

Xalid Səid Xocayev Birinci Türkoloji Qurultayına hazırlıq və keçirilməsində böyük iş görmüşdür. Hətta Qurultaydan sonra verilmiş banket bizim evdə keçirilmişdir. Bu banketdə Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Fuad Köpürülüzadə, "Yeni Yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfov, doktor Orxanbəyli, Xalid Səidin baldızı müğənni Cahan Talışınskaya və digər hörmətli şəxsiyyətlər də iştirak edirdilər. Bu barədə anam Sitarə xanım Talışınskaya tez-tez söhbət açardı. Bu banket haqqında Azərbaycanın ilk qadın kino rejissoru Qəmər Salamzadə də öz kitabında yazır.

Atamın Mahmud Qaşqarının "Divani-it Luğət-it Türk" üzərində işləməsi mənim yaxşı yadımdadır. O, geniş bir kartoteka yaradırdı, mən isə uşaq olaraq saatlarla onun yanında oturub işini izləyirdim. Təəssüflər olsun ki, bu əsər atam 1937-ci ildə tutulanda müsadirə edilmişdi. Bir dilçi alim olaraq, Xalid Səid dil öyrənməsinə çox önəm verirdi. Bu səbəbdən məni o zaman Bakıda fəaliyyət göstərən alman məktəbinə vermişdi. Mən atamin yolu ilə getmək arzusuna görə ingilis dilini özümə ixtisas seçmişəm. Atam mənim Azərbaycan dilini mükəmməl biliyimə də fikir verirdi. O məni Azərbaycan dram teatrına aparırıdı. O zaman teatrda görkəmli aktyorlar işləyirdi. Bizim evdə məşhur aktyor Abbas Mirzə Şərifzadə qonaq olub, qonaqların xahişilə Şekspirin Hamlet monoloqunu oxuduğu yaddaqalan hadisələrdəndir. Elmlər Akademiyasının filialında çalışan Xalid Səidin müəllimlik fəaliyyətini də qeyd etmək istərdim. O, Azərbaycan Pedaqojı İnstitutunda və Azərbaycan Universitetində dərs deyirdi. Tələbələri onu çox sevirdi. Onun dərsləri, xüsusilə Füzuliyə aid olan məruzələri tələbələrdə böyük maraq oyadırdı. Bu barədə mənə onun vaxtı ilə tələbəsi olan professor Əli Sultanlı danışardı. Xalid Səid özbək tələbələrinin Bakıda təhsil almaları işindəki fəaliyyəti də göz qabağındadur. Bunların arasında, sonralar Özbəkistanın Xalq artisti Həlimə Nəsirovanı, sonralar Azərbaycanın əmərdar artisti Nəzirə Əliyevanı, görkəmli folklorşünas Hadı Zərifinin adlarını çəkmək lazımdır.

Çağdaşlarının xatirələrinə görə, Xalid Səid Xocayev görkəmli şəxsiyyət, böyük alim, müəllim, vətənpərvər  və Azərbaycanın elmi və ictimati həyatında fəal iştirak edən adam kimi yaddaşlarda həqq olmuşdur. Eyni zamanda, o səxavətli və ürəyi təmiz, ailəsini sevən, qohumlar arasında hörmət yiyəsi olan bir insan idi. Çox təəssüflər olsun ki, 1937-ci il onun heç 50 yaşına çatmamış həyatına qəddərcasına son qoyuldu. Mən çox xoşbəxtəm ki, bizim zəmanəmizdə Xalid Səid kimi qeyri-adi şəxsiyyətlər unudulmayır və qiymətləndirilir. Bu kitabın yenidən nəşr edilməsi buna əyyanı sübutdur.

Bəhicə Xalid Səid qızı Məmmədova-Xocayeva

Kanada, Toronto şəhəri, noyabr, 2019"

95 yaşın son arzusu və atasına son övlad borcu.

2020-ci il yanvarın 30-u axşam saat 21-30-da Əfruz xanımın Facebook-a yazdığı statusunu oxudum: "Əziz qohumlarım və dostlarım! Əziz anam haqqında göndərdiyiniz başsağlıqlarına, dəstəyinizə və xoş sözlərə görə hamınıza çox təşəkkür edirəm. Bu ağır itkimdə siz mənə mənəvi kömək oldunuz, ananın hər yaşda itirilməsi çox çətindir. Sizə və yaxınlarınıza can sağlığı və xoşbəxtlik".

Əfruz xanımın səsini eşitməyə cürətim çatmadı: belə bir başsağlığı yazdım: "Əzizim Əfruz xanım, bu xəbərə çox üzüldüm. Allah səbrinizi versin. Bu ağır xəbəri indi bildim, Əziz Bəhicə xanıma bir kitab borcum vardı. Kitabı bu günlərdə göndərməliyəm. Çox heyf zamanında sizə çatdıra bilmədik".

 

Almaz ÜLVİ (BİNNƏTOVA)

Filologiya elmləri doktoru, AMEA Nizami

Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

 

525-ci qəzet.- 2020.- 7 fevral.- S.11;16.