Tarixin işığında: Sədərək
Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinə daxil olan Sədərək həm də bölgənin qeyrət qalası adlanır.
Sədərək 1990-cı illərdə mərdliklə qorunaraq öz adını tarixin qəhrəmanlıq və mübarizə dolu səhifələrinə yazdırdı. Qala qapısı rolunu oynayaraq
Naxçıvanın erməni işğalından müdafiə
olunmasına öz töhfəsini verən Sədərək
rayonunun yaranmasının bu il 30
illiyi tamam olur. Ucubiz, Əjdəkan, Vəlidağ
və Tejqar dağ silsilələri ilə əhatələnən
Sədərək ərazisi iki xarici dövlətlə-Türkiyə
və Ermənistanla həmsərhəddir. Rayon özündə bir qəsəbə,
üç kəndi birləşdirir.
Qədim
yurd yerimiz-Sədərək
“Naxçıvan
Ensiklopediyası”nın II cildində
olan məlumatlara istinadən deyə bilərik ki, Sədərək
Naxçıvan ərazisində Eneolit dövrünə aid
yaşayış məskənlərindən və mədəniyyət
ocaqlarından biridir. 1958, 78, 83 və 2000-ci illərdə
aparılan arxeoloji qazıntılar zamanı Eneolit
və ilk Tunc dövrlərinə aid yaşayış yeri
aşkar olunub. Əldə olunan əmək
alətləri, keramika məmulatları və digər maddi-mədəniyyət
nümunələri hazırda Sədərək Rayon
Tarix-Diyarşünaslıq muzeyinin ekspozisiyasını bəzəyir. Sədərək
ərazisində bu günə qədər “Əjdəkan”,
“Cin təndiri”, “Cəhənnəm dərə”, “Şir
arxı”, “Dəhnə”, “Qaraburun” “Qırmızılar”
“Karvansaray” kimi qədim yer adlarının olması bu yurd
yerinin tarixi keçmişindən soraq verir. Əjdəkan
dağının ətəyində yerləşən Əjdəkan
mağarası, bir qədər aşağıda 7 ildən bir
qaynayıb çıxan Cincili bulaq, insanların etiqad göstərərək,
sıx-sıx ziyarət etdikləri Ağoğlan piri, Sədərək
qalası, “Div hörən” deyilən siklop tikili
qalıqları haqqında dolaşan əfsanə və rəvayətlər
bu gün də elin yaddaşındadır.
Həmçinin Sədərək qəbiristanlığında
XVIII-XIX əsrlərə dair məzar kitabələri movcuddur
ki, bu da ta keçmiş zamanlardan türklərin bu ərazidə
məskunlaşdığını göstərir. Ümumilikdə,
Sədərək bölgəsində 3 dünya, 11 ölkə,
14 yerli əhəmiyyətli tarixi abidə mövcuddur. Ərazidə XX əsrin əvvəlllərinə
aid edilən hamam, 2 tarixi məscid binası burada həm də
memarlığın inkişafndan xəbər verir. Tarixi qaynaqlarda sədərəkli memar Məhəmmədin,
Təqi oğlu Məşədi Əhmədin adı
keçir.
2010-cu ildən arxeoloji tədqiqatlara cəlb edilən Sədərək
yaşayış yeri eneolitdən başlayaraq son dəmir və
orta əsrlərədək böyük bir dövrü əhatə
edir. Abidə xalq arasında Kültəpə, şəhər
yeri adları ilə də tanınır. ərazidən əmək alətləri,
eləcə də son tunc və erkən dəmir dövrün
aid keramika məmulatları üstünlük təşkil
edib.
Səfəvilər dövründə Sədərək
Naxçıvanın digər bölgələri ilə
birlikdə Çüxursəd bəylərbəyliyinin tərkibində
olub. Ticarət-karvan yollarının kəsişdiyi yerdə
yerləşən Sədərək orta əsrlərdə
şəhər səviyyəsinə yüksəlib. Fransız səyyahı Jan Şarden, türk səyyahı
övliya Çələbi və başqaları öz qeydlərində
Sədərəkdən də bəhs etmişlər. “İrəvan” əyalətinin icmal dəftərində
Sədərək nahiyəsinin 24 kənddən ibarət
olduğu qeyd edilib.
Qədim
tarixə malik olan Sədərəyin adına “Kitabi-Dədə Qorqud” dastanında
da rast gəlinir. Tədqiqatçılar
dastandakı Səgrək adının toponimləşərək
Sədərək oykoniminə çevrildiyi qənaətindədirlər. “Sədərək”
sözünün etimologiyasının “Çox adam yaşayan
yer” mənasını bildirən Sedrək, ərəbcə
düşərgə mənasını ifadə edən “Sədər”,
XIV əsrdə bu ərazilərdə yaşamış “Səədli”
tayfasının adları ilə əlaqəli olduğunu iddia
edənlər də var. İstənilən halda Sədərək
qədim oğuz-türk yurdudur və bunu sübut edən
tarixçilərin kifayət qədər ortalığa
çıxardığı faktlar mövcuddur.
Bu
torpağın yetirməsi, şair Vaqif Məmmədovun təbirincə
desək,
Tarix hopub
bu yerdə hər kəlməyə,
Qarışında neçə nağıl, söz
olar.
Sədərəyin
tarixini bilməyə
İnsan
üçün bir ömür də az olar.
Üzümçülüyün
məskəni
Sədərəklilərin
tarixən əsas məşğuliyyətini əkinçilik
təşkil etsə də, sonralar üzümçülük
də təsərrüfatlarında yer alıb. Biz bu
barədə faktları övliya Çələbi “Səyahətnamə”sindən
oxuyuruq: “Biz Sədərək kəndinə
çatdıq. Naxçıvan
torpağında yerləşən kənd gözəl və
abaddır, min gözəl evi, saysız-hesabsız bağ və
üzümlükləri, xoş iqlimi var”. Sovetlər dönəmində ən gözəl
şərab emalı mərkəzlərindən biri məhz Sədərək
hesab olunub. Sədərəyin bol bəhrəli
üzüm bağları burada 3 şərab emalı sahəsinin inkişafına rəvac
verib.
Hələ
1974-cü ildə Naxçıvan MSSR-in
yaradılmasının 50 illiyi tədbirlərində
iştirak etmək üçün Naxçıvana gələn
ulu öndər Heydər Əliyev Sədərəkdə
olmuş, yeni salınmış çiləri ilə
görüşmüşdür. Sədərək ərazisindən
səmərəli istifadə olunması,
üzümçülük təsərrüfatının
genişləndirilməsi, Ermənistanla lap sərhəddə
şərab zavodunun tikilməsi
tapşırıqlarını vermişdir. 1977-ci ildə
Bakıda kənd əməkçilərinin respublika
müşavirəsində nitq söyləyən Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyev Azərbaycan üzrə
ən yüksək göstəricilərə nail olan 10-12 təsərrüfatın
sırasında Sədərək üzümçülük
sovxozunun da adını çəkmiş, həmin
müşavirədə Sədərək
üzümçülük sovxozundakı Süleyman Nəsirovun
briqadasını Azərbaycanda
üzümçülüyün mayaklarından biri kimi qiymətləndirmişdir. 70-ci illərin sonlarına doğru Sədərək
nəinki muxtar respublikanın, hətta ölkənin ən iri
və diqqət mərkəzində olan
üzümçülük təsərrüfatlarından
birinə çevrilmişdir.
1978-ci il oktyabrın 15-də respublika rəhbəri
kimi 2-ci dəfə Naxçıvana gələn Heydər
Əliyev Sədərəklə Ermənistan arasındakı
boş ərazidə əhali ilə görüşür. O,
kənd ağsaqqallarına, ziyalılara Sədərək
üçün gələcəkdə görüləcək
işlər barədə, xüsusilə sərhəddə
salınacaq nümunəvi yaşayış qəsəbəsindən
bəhs edir. Elə oradaca əlaqədar rəsmi
şəxslərə Naxçıvan-İrəvan
magistralının üstündə salınacaq bu qəsəbənin
proyektinin Pribaltikadan gətirilməsi barədə tövsiyə
və tapşırıqlarını verir.
Beləliklə, sərhəddəki boş ərazidə
Heydər Əliyevin şəxsi təşəbbüsü və
qayğısı ilə Pribaltika layihəsi əsasında
nümunəvi bir qəsəbə salınır və Sədərəkdəki
yüzə yaxın ailə həmin qəsəbəyə
köçürülür. Ən əsası isə
düşmənə göz dağı olan bu qəsəbənin
salınması ilə sərhəd bir qədər də
möhkəmlənir…
1980-cı
il may ayının 19-da yenə İrəvandan
avtomaşınla Naxçıvana gələn Heydər
Əliyev Sədərəyin bir çox əkin sahələrində
olmuş, əməkçilərlə və kənd
ağsaqqallarının nümayəndələri ilə görüşüb kəndin
problemləri ilə bağlı söhbətlər
aparmışdı. Dahi rəhbərin
Naxçıvana və Sədərəyə hər gəlişi
bu qəsəbənin inkişafına stimul vermişdir.
ötən əsrin 70-ci illərində ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə sərhəddə
inşa edilən və Şərur-Sədərək
bölgəsinin iqtisadi həyatında mühüm yer
tutan şərab emalı zavodu fəaliyyətini davam
etdirir. Ta ermənilər bu zavodu dağıdana qədər...
Atalar
yaxşı deyib: “Dişin ağrıyır, çək
qurtar, qonşun pisdir, köç qurtar”. Üzqarası
olan bu ermənilərlə nə istəyərəkdən
qonşu olmuşuq, nə də xəritədə tarixən
yerləşdiyimiz ərazilər yanaşı olub. Fakt budur ki, tarixi saxtalaşdırmaqda mahir olan ermənilər
zamanla torpaqlarımıza yerləşdirilib. Özlərini məzlum və zavallı xalq, “mehriban
qonşu” kimi göstərməyə müvəffəq olan bu
toplum yerləşdikdən sonra öz coğrafiyalarını
genişləndirməyə, yerlərini bərkitməyə
nail olublar. Və beləliklə tarixi
torpaqlarımıza sahibləniblər. Yarı köçürülmə, yarı qəsbkarlıq
və çar Rusiyasının siyasəti nəticəsində
Sədərəyin ta yaxınlığınacan gəlib
çıxa biliblər.
Lakin bu digər qonşuluqlara bənzəməz. Torpaqdan nə pay olar, nə
də torpağı tərk etmək. 1990-cı il Sədərək hadisələri nəinki
Sədərəyin, Azərbaycanın tarixində mühüm
bir səhifəni təşkil edir. Lakin gəlin
görək ermənilərin Sədərəyə, ümumən,
Naxçıvana, Azərbaycana torpaq iddiaları 1990-cı illərdənmi
başladı? Xeyr. Bunun tarixi kökləri keçmişə
dayanır. Və erməni fitnəkarlığı
zamanla özünü büruzə verib. 1905-07, 1918-20-ci illərin o ağır,
qanlı-qadalı günləri Sədərəkdən də
yan keçməyib.
1918-20-ci
illərdə Sədərək əhalisinin erməni
daşnaklarına qarşı apardıqları mübarizədə
Abbasqulubəy Şadlinskinin rəhbərliyi ilə təşkil
olunmuş “Qırmızı Tabor”un böyük
xidmətləri olub. “Qırmızı tabor”un əsas qərargahı bir müddət Sədərəkdə
yerləşib. Taborun üzvlərindən
40 nəfəri sədərəkli olub. Onlardan Həsən
Şahverdiyev, Heydər Heydərov, Müseyib Tarverdiyev, Ələkbər
Sadiqov, Nəcəf Əliyev, Qafar Əliyev, Qasım
Hüseynov, Allahverdi Cəfərov, Zeynalabdin Həsənov,
Yusif Əliyev, Məhəmməd Əkbərov, Həbib
Bağırovun adları məlumdur. Bu igidlərlərlə
yanaşı Zəhra Dünyamalıyeva adlı qadın da
olub. Ermənilərə olan nifrətini
silaha sarılaraq mübarizə aparmaqla ifadə edib. Kişi
libasında kişi kimi
döyüşüb.
Dərələyəz və Zəngəzur
dağlarına çəkilmiş daşnak dəstələri
hücumları ilə Şərur əhalisini rahat
buraxmırdı. “Qırmızı Tabor”un döyüşçüləri
40 kilometrlik cəbhə xəttində düşməni geri
oturtmuş və bu döyüşlərdə böyük qəhrəmanlıq
nümunəsi göstərərək yurdu qorumuşlar.
1921-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz,
Zəngəzur, Şərur və digər yerlərin erməni
daşnaklarından təmizlənməsində fərqləndiklərinə
görə “Qırmızı Tabor”un “Qırmızı Bayraq”
ordeni ilə təltif olunmuş 19
döyüşçüsünün 4 nəfəri sədərəkli
olub: Qasım Hüseynov, Nəcəf Əliyev, Qafar
Əliyev, Ələkbər Sadiqov.
Qırmızı Taborun fəal üzvlərindən olan
Sədərək taborunun komandanı Həsən
Şahverdiyev 17 nəfərlə kəndi mühafizə edib. Bununla belə
Sədərəyin bu qəhrəman oğlu həmkəndlilərinin
yaddaşında xeyirxah əməlləri ilə də
qalıb. Belə ki, 1929-cu ildə onun təşəbbüsü
ilə dağlardan daş daşınaraq çətinliklə
də olsa, 4 sinifli məktəb
tikilib.
Köç
Və beləliklə
zaman “mehriban qonşuluğ”un əsl
iç üzünü ortalığa qoydu. Erməni firnəkarlığı illər sonra yenə
də özünü göstərdi. Yenə
qəfil hücum, yenə hiylə, yenə əsassız torpaq
iddiası. Nə bitib-tükənməyən
“sevdaymış” bu”!..
Şair-publisist
Vaqif Məmmədovun “Sədərəkdə yazılan
gündəlik” kitabından oxuyuruq: “Şərurdan Sədərəyə
gəlirdik. Dəmirçi kəndinin
yaxınlığında gözləmədiyimiz və o vaxta
qədər görmədiyimiz çox böyük bir
maşın karvanı ilə rastlaşdıq. 150-200
yük maşınından ibarət bu karvanla Ermənistanda
yaşayan azərbaycanlılar
köçürülür...Ən daşqəlbli adam da bu mənzərəni, bu faciəni
görsə dəhşətə gələr”. (21 noyabr
1988-ci il)
Bu faciə tarixin müxtəlif dönəmlərində
yaşanıb. Bəhruz Kəngərlinin 1918-20-ci illərdə
yaratdığı “Qaçqınlar” silsilə əsərlərində
əks olunub. Sovet dövründə də
bu hadisə təkrarlanıb. 1948-53-cü
illər deportasiya tarixinə nəzər salmaq kifayətdir ki,
minlərlə insanın acı taleyini təsəvvür edəsən. İ.
Stalinin 1947-ci il 23 dekabr tarixli
SSRİ Nazirlər Sovetinin qərarında göstərilir ki,
“könüllülük prinsipləri əsasında” Ermənistan
SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı
əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına
köçürülsün. Məqsəd Ermənistandan,
daha doğrusu, əzəli ata-baba yurdlarımızdan azərbaycanlıları
təmizləmək, ərazini erməniləşdirmək
idi. Ermənilərin digər planı
“Böyük Ermənistana” Naxçıvanı da daxil etmək
olub. Lakin illərlə
planlarını gerçəkləşdirə bilməyən
ermənilər şanslarını bir də 90-ci illərdə
sınamağa başlayırlar. Sərhədboyu
işğalçılıq planlarını həyata
keçirməyə cəhd edən ermənilərdən ən
böyük zərbəni Sədərək aldı. 14
dəfə düşmənin qəfil hücumu ilə Sədərək ciddi
dağıntılara məruz qaldı.
Kərkini niyə itirdik?
Bu suala cavab tapmaq üçün tarixi vərəqləmək
lazım gəlir. Çünki Kərki
90-cı illərin itkisi deyil. Sədərəyin
bir parçası olan Kərki ermənilərin zamanla, hətta
deyərdim ki, addım-addım həyata keçirdikləri məkrli
planlarının qurbanı idi. Və
bu 1990-cı ildə tam reallaşdı.
Sədərək
kəndinin 8-10 kilometrliyində yerləşən, 960 hektara
yaxın ərazini əhatə edən yaşayış məskənində
“O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik
daş”, “Sənəm zağası”, “Gavurqala”, “Cəhənnəm
dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”,
“Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut
bulağı” kimi toponimlər də bu torpağın qədim
tarixinin nişanələrindəndir. Lakin bu nişanələri
saxtalaşdırmaq, mənimsədikləri digər
çoxsaylı Azərbaycan torpaqları kimi Kərkiyə
iddia etmək kimi məkrli planlar həyata keçirməkdə
usta olan ermənilər bu istəklərinə də elə addım-addım
yaxınlaşdılar.
Azərbaycanın xəritəsində
Naxçıvan Muxtar Respublikasından kənarda çox
kiçik bir xətlə Azərbaycana -Sədərək ərazisinə
birləşdirilən bu kənd Ermənistan ərazisində
kiçik bir ada kimi göstərilib.
Tarixçi
alim Vaqif Məmmədov yazır: “Hələ Azərbaycan
Demokratik Respublikasının yarandığı ilk dövrlərdən
etibarən bir sıra iri imperialist dövlətlərinin
Naxçıvan ərazisinə diş qıcayıb bu
torpaqları ələ keçirməyə,
Naxçıvanda öz hakimiyyətlərini
qurmağa səy etdikləri bir vaxtda xəyanətkar
qonşumuz olan ermənilər də bu fürsəti əldən
verməyib Naxçıvanı ələ keçirmək,
öz ərazilərini Naxçıvan torpaqları
hesabına genişləndirmək iddiasında oldular. Hətta 1919-cu ilin mart ayında
işğalçılıq məqsədi ilə
Naxçıvana gələn ingilislər də Şərur-Dərələyəz
mahallarının və Naxçıvanın ermənilərə
verilməsini tələb etdilər. Ancaq həmin
vaxt Naxçıvan, Nehrəm, Şərur və Sədərək
əhalisi layiqincə öz sözünü dedi”.
Moskva
və 1921-ci il oktyabr ayının 13-də Türkiyə,
Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan
arasında imzalanmış Qars müqavilələrində adı
çəkilən, eyni zamanda Sədərəklə Kərki
arasındakı ərazidə yerləşən
“Bağırsaq dərəsi”, “Cəhənnəm dərə”,
“Qaraağac”, “Qurdbaba”, həmçinin onlara yaxın olan “Kərkinin
düzü”, “Həsənqulu bağı”, “Kaha”, “Bəzirxana”,
“Qızıldaş”, “Köhnə Kərki” kimi yerlər də
Azərbaycan ərazisi olub.
Lakin
ermənilərin uzun illər boyu Moskvada, İrəvanda və
Gürcüstanda apardıqları xəyanətkar siyasətin
nəticəsi olaraq heç bir əsaslı səbəb
olmadan, hər iki müqavilənin şərtləri kobud
şəkildə pozulmuş və həmin müqavilələri
bağlayan dövlətlərin başı üstündən
qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18
fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycanın
Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr və ya
65 min 700 hektar torpaq sahəsi Ermənistana verilmişdir. Nəticədə azərbaycanlı əhali zaman-
zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar
saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Bütün
bunlar azmış kimi Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsinin 5 may 1938-ci il tarixli qərarı
ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin
ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana
verildi. Beləliklə, Kərki kəndi Azərbaycandan
(Naxçıvan MR ərazisindən)
tam təcrid olunaraq ada şəklinə düşdü.
1989-cu ildən
gözdən uzaq, könüldən iraq qalan
Kərkinin başını qara buludlar aldı. Ermənilər
Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən
hər axşam Sədərəkdən Kərkiyə
Qaraağac-Cəhənnəmdərə istiqamətindən yük
maşını ilə, bəzən də piyada 30-40 nəfər
könüllü müdafiəçi gedir, gecəni
səhərə kərkililərlə birlikdə kəndin keşiyini
çəkir, səhər geri qayıdırdılar. Vəziyyət
o yerə çatmışdı ki, Kərkidə yalnız
könüllü müdafiə dəstələrinin üzvləri
və rus hərbçiləri qalmışdı. 1990-cı
il yanvarın 15-də səhər saat 4 radələrindən
axşama qədər atışma getsə də, müasir
silahlarla silahlanmış ermənilərlə döyüşən
Kərkinin müdafiəçilərinin
bütün səylərinə baxmayaraq rus hərbçilərinin
əli ilə Azərbaycanın qədim torpağı, Sədərəyin
bir parçası olan Kərki ermənilərə “ərməğan”
edilir.
Sədərək necə qorundu?
Sədərək 1990-93-cü illərdə 14 dəfə
ermənilərin güclü hücumuna məruz qalıb. Sədərəyə
300-ə yaxın top mərmisi atılıb, 500-ə
yaxın ev, məktəb, ictimai-inzibati
binalar, sosial obyektlər dağıdılıb. Düşmənin məkrli planı, güclü
texnika ilə qəfil hücumu və bu qəfil hücuma
hazırlıqlı olmayan sədərəklilər. Hələ
1988-ci ildən başlayan hadisələr, silahlı hücumlar 1990-cı ildə kulminasiya nöqtəsinə
çatdı.
Erməni-rus
birləşmələri Sədərək
yaxınlığındakı çox mühüm strateji əhəmiyyətə
malik olan Kərki kəndini işğal etməklə, Sədərəyin
şimali-şərq istiqamətindən öz hərbi
qüvvələrini Sədərəyə tərəf xeyli
irəlilədə bilmiş, Əjdəkan, Cintəndiri,
Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi
bir növ mühasirə vəziyyətinə
salmışdılar. Beləcə, Sədərək
ağır sınaqla üz-üzə qaldı.
Bütün bu narahatlıqlara baxmayaraq Sədərəkdə
həyat yenə də öz axarında davam edir. 19 yanvar
tarixində səhər saat 11 radələrində eşidilən
atəş səsləri ilə məktəbdə dərslər
dayandırılır. Naxçıvanın
və Şərurun bütün rayon və kəndlərindən
bu xəbəri eşidənlər Sədərəyin köməyinə
gəlirlər. Sədərəklilər
və Naxçıvanın müxtəlif bölgələrindən-
Şərurdan, Ordubaddan, Culfadan, Naxçıvan şəhərindən,
Nehrəmdən və digər kəndlərdən Sədərəyin
köməyinə gələn el oğulları birləşərək
öz sinələrini düşmənin önündə sipər
edirlər. öldü var,
döndü yoxdu. Və Sədərək yanvarın
19-da ilk şəhidlərini verir: Məhərrəm Seyidov,
Mirhəşim Seyidov, Məhəmməd Məmmədov, Etibar
Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev,
balaca Malik və Elvin qardaşları.
Səhər saatlarında daha ağır bir xəbərlə
üz-üzə qalır sədərəklilər. Paytaxtda
baş verən 20 yanvar faciəsi eşidən hər kəsi
sarsır. Lakin geri dönüş
yoxdur. Daha güclü olmaq və
düşmənin illərdir həsrətində və
özününküləşdirmək planında olduğu
Naxçıvan arzusunu gözündə qoymaq. Sədərək Naxçıvanın müdafiə
qalasına çevrilir. Əli
silah tutan hər kəs ayağa qalxıb. Qadınlar, qocalar, uşaqlar kənddən
çıxarılaraq Sədərəklə
yaxınlığındakı Dəhnə adlı ərazidə
müvəqqəti olaraq çadırlarlarda yerləşdirilir. 1 nömrəli məktəb boşaldılaraq hərbi
kazarmanın ixtiyarına verilir. Hətta
yuxarı sinif şagirdləri də öz bacarıqları
daxilində köməyə qatılıblar. Məktəbli uşaqlar dağlarda vuruşanlara
çörək və su daşıyır. Naxçıvanın bütün kəndlərindən
dəstə-dəstə könüllülər gəlir Sədərəyin
köməyinə.
1990-cı il iyul ayının 22 -də
Naxçıvana gələn ulu öndər Heydər
Əliyev iyulun 28-də Sədərək kəndinə gəlir. Sədərəkdə baş verən hadisələrdən,
azğın ermənilərin Sədərək üzərinə
hücumlarından danışaraq Sədərək əhalisini
daha dözümlü, daha əzmkar olmağa, düşmən
qarşısında daha mətanətlə dayanmağa səsləyir.
29 avqust 1990-cı ildə Sədərək rayonunun yaradılması
haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı
çıxır. Qeyd edək ki, buna qədər Sədərək
o zaman İliç adlanan Şərur rayonunun tabeliyində
olub və rayonun yaradılmasında məqsəd müdafiəsini
və inkişafını gücləndirməyə xidmət
edib. Daim sədərəklilərin yaninda olan dahi rəhbər
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri
seçilməsindən cəmi iki ay sonra imzaladığı
’’Naxçıvan Muxtar Respublikası Sədərək
rayonunun inzibati-ərazi bölgüsündə dəyişiklik
edilməsi haqqında’’ Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarı da birbaşa o
böyük şəxsiyyətin Sədərək rayonuna
qayğı və diqqətinin təzahürü idi.
18
may 1992-ci il. Strateji
baxımdan mühüm coğrafi mövqedə yerləşən
Laçın rayonu Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilir. Ermənilərin digər planı ilə həmin
gün Sədərək səddi də yarılmalı idi. Erməni
təcavüzkarları bütün qüvvələrini cəmləşdirib
üç istiqamətdən Əjdəkan dağı,
Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən
hücuma keçərək nəyin bahasına olusa olsun rayonu işğal etmək qərarına
gəlmişdilər. Düşmənin
ağır hücum əməliyyatları nəticəsində
Sədərk 38 şəhid verir. Yaralıların
sayı isə bundan da çox. Mildə
şəhid olanlardan 17 nəfərinin cəsədini
götürmək mümkün olmur. Ulu
öndər Heydər Əliyevin səyi nəticəsində
10 gün sonra döyüşdükləri səngərdən
götürülərək torpağa
tapşırılır. Heydər Əliyev
həmin ağır günlərdə Sədərəyin
müdafiəsində yaralananların taleyinə də bir an belə biganə qalmır, onların
müalicəsi ilə maraqlanır, ağır
yaralıların qardaş Türkiyənin müxtəlif
şəhər xəstəxanalarına göndərilməsi
üçün ciddi tapşırıqlar verir.
1992-ci
il mayın 28-i tarixə həm
də əlamətdar bir hadisə ilə bağlı olaraq
düşür. Həmin gün Azərbaycan-Türkiyə
arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin
inkişaf simvolu hesab olunan Sədərək-Dilucu
körpüsü istifadəyə verilir. Körpünün açılışında
Türkiyənin o zamankı Baş Naziri Süleyman Dəmirəl
və qardaş ölkənin digər yüksək səviyyəli
hökumət nümayəndələri də iştirak edirlər. Təbii ki, bu xəbər pusquda duran ermənilər
üçün sarsıdıcı zərbə olur.
1993-cü ilə qədər davam edən müharibədə
naxçıvanlılar ulu öndər Heydər Əliyevin ətrafında
sıx birləşərək Sədərəyi mərdliklə
qorumağa müvəffəq olurlar. Necə deyərlər,
el bir olsa, dağ oynadar yerindən. Bu
müharibədə 109 nəfər şəhidlik zirvəsinə
yüksəlir.
İllər sonra
2002-ci il avqust ayında muxtar respublikaya
səfəri çərçivəsində Sədərək rayon zəhmətkeşləri ilə görüşən Heydər əvvəlki illəri belə xatırlayır: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni
bu cür görəndə həddindən artıq sevinirəm”.
1970-ci illərdə ulu öndər Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə Sədərək
rayonu ərazisində 71 ailədən ibarət salınan
nümunəvi qəsəbə ermənilərin hücumu nəticəsində
bərbad vəziyyətə düşsə də, yenidən
dirçəldilir. Sakinlərin təşəbbüsü
ilə qəsəbə qurucusu və yaradıcısı Heydər
Əliyevin şərəfinə Heydərabad
adlandırılır.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək
rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart
tarixli Sərəncamı ilə həyata keçirilən məqsədyönlü tədbirlər sərhəd bölgəsinin
inkişafına təkan verir.
Mərkəzi Heydərabad qəsəbəsi olmaqla
abadlaşan, gözəlləşən Sədərək bu
gün inkişafının ən yüksək
dövrünü yaşayır. Sədərəklilər
üçün 90-cı illərin o dəhşət dolu, əzab
dolu günləri artıq geridə qalıb. Hər kəs
Naxçıvanın qeyrət qalası adlandırılan Sədərəyin
inkişafına öz töhfəsini verməyə
çalışır. İnsanlar qurur, yaradır, şən,
firavan günlərini yaşayırlar. Onlar artıq
arxayındırlar. Nə 1918-ci illərin, nə 1948-53-cü
illərin, nə də 90-cı illərin ruzgarı artıq
bu torpağın üstündən əsə bilməz. Sədərəyi
dövrələyən o məğrur dağların
başında müzəffər ordumuzun məğrur əsgərləri
keşik çəkir. Bugünkü Sədərək
düşmənə göz dağıdırsa, dağlarda məskən
salan igidlərimiz yarılmaz səddir. O sədd Kərkiyəcən
uzanacaq. Çünki tarix həqiqətin tərəfindədir.
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
Televiziyasının baş redaktoru
525-ci qəzet.- 2020.- 7 fevral.- S.10;16.