Bəstəkarlar İttifaqında Qara Qarayevə həsr olunan
məruzələr dinlənilib
Fevralın
5-də Azərbaycan Bəstəkarlar İttifaqında
(ABİ) dahi bəstəkar, görkəmli pedaqoq və ictimai
xadim, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət
mükafatları laureatı Qara Qarayevin anadan olmasının
102-ci ildönümü ilə bağlı konfrans
keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə respublikanın bir sıra
tanınmış mədəniyyət və incəsənət
xadimləri iştirak ediblər.
Konfransda
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti,
professor Firəngiz Əlizadə görkəmli bəstəkar
Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinə
töhfələrindən danışıb. Qeyd edib ki,
yaradıcılığı zəngin milli
köklərə əsaslanan bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə
inkişafını təmin edən şəxsiyyətlərdəndir.
“Qara Qarayev haqqında
nə qədər danışsaq da
azdır. Bir az əvvəl
Fəxri xiyabanda onun məzarını
ziyarət etdik. Sonra
ev-muzeyində olduq və onun
xatirəsini bir daha yad etdik. Bunların
hamısı onun əziz xatirəsinə
həsr olunan tədbirlərdir. Böyük bəstəkar zəngin və
çoxşaxəli yaradıcılığa malikdir.
Onun bəstəkarlıq məktəbi, məqalələri,
ictimai fəaliyyəti kitabların,
araşdırmaların mövzusu ola bilər. Dahi
insanların gördüyü işlər
qısamüddətli olmur. O, əsrlər
üçün yaradır. Bu baxımdan bəstəkarın həyat və
fəaliyyəti bizim üçün
örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq
istedadı musiqimizin gələcəyinə
işıq tutub. Bütün
həyatı boyu Azərbaycan musiqisinin inkişafına
çalışıb. O, muğamlarımızı,
aşıq sənətimizi də dərindən öyrənib,
bu haqda məqalələr
yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu
şərəfli missiyanı davam etdirməyə
çalışırıq”, - deyə F.Əlizadə bildirib.
Sonra
ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Zemfira
Qafarova “Qara Qarayev haqqında nəşr olunan yeni kitablar”,
Əməkdar incəsənət xadimi Elnarə Dadaşova
“Qara Qarayevin estetik baxışları”, Əməkdar incəsənət
xadimi İmruz Əfəndiyeva “Xatirələrlə yaşayan
dahi sənətkar”, Əməkdar mədəniyyət
işçisi Alla Bayramova “Qara Qarayevin ev-muzeyi”, professor Cəmilə
Həsənova “Qara Qarayevin pedaqoji prinsipləri” mövzusunda məruzələrlə
çıxış ediblər.
Tədbir
musiqi nömrələrinin dinlənilməsi ilə davam edib. Xalq artisti Gülnaz
İsmayılovanın ifasında dahi bəstəkarın
“Gürcüstan təpələrində”
və “Mən sizi sevirdim”
romansları dinlənilib, piano üçün 2 prelüdü,
violin və piano üçün sonatası səsləndirilib.
525-ci qəzet.- 2020.- 7 fevral.- S.8.