Vətənə xidməti dəyərləndirməyin
ali nümunəsi
Ümummilli
Lider Heydər Əliyevin ən fərqli tədbir və mərasimlərdə
Azərbaycanın müxtəlif peşə sahibləri,
xüsusilə də mədəniyyət və incəsənət
xadimləri, sənət adamları ilə səmimi söhbətlərinin
uzun illər ərzində dəfələrlə şahidi
olmuşuq.
Bu söhbətlərdə Ulu Öndərin sənətə,
sənətkara, öz istedadı, zəhməti və
bacarığı ilə çeşidli fəaliyyət sahələrində
nüfuz, hörmət qazanmış insanlara qeyri-adi dərəcədə
həssas münasibəti həmişə diqqət çəkib. Təsadüfi
deyil ki, aradan xeyli zaman keçsə də, bu günün
özündə belə, o görüşlər, isti, səmimi
söhbətlər tez-tez yada düşür, istər həmin
görüşlərin iştirakçıları, istərsə
də efirdən izləmiş bir çox insanlar tərəfindən
xoş duyğularla xatırlanır.
Əsası Ümummilli Lider tərəfindən
qoyulmuş və Azərbaycanda çoxdan normaya
çevrilmiş bir sıra tendensiyalar kimi, ölkənin
ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında
mühüm xidmətlər göstərmiş insanlara
dövlətin xüsusi diqqət və qayğı göstərməsilə
bağlı önəmli ənənə də bu gün ciddi
həssaslıqla qorunub saxlanılır. Son 17 ildə
Azərbaycan Prezidenti İlham Əliyevin timsalında biz bu ənənələrin
necə böyük ehtiramla davam etdirilməsinin çox
nümunələrini görmüşük. Heydər
Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi
böyük, peşəkar dövlət xadimi olduğunu, ənənə
və dəyərlərə sadiqliyini daima - hər
çıxışında, hər müsahibəsində
göstərən Prezident İlham Əliyev Azərbaycanın
tarixində iz qoymuş, öz fəaliyyəti ilə ölkəmizin
inkişafında mühüm rol oynamış ayrı-ayrı
şəxslərə xüsusi diqqət ayıraraq, bu
yöndə konkret addımlar ataraq həmin üstün prinsiplərə
münasibətini unudulmaz nümunələrlə ortaya qoyur.
Uzağa
getməyək, ötən ayın ortalarında görkəmli
neftçi-alim və geoloq, SOCAR-ın Birinci vitse-prezidenti,
akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə
keçirilən rəsmi tədbirdə, daha sonra - bir
neçə gün əvvəl isə dəyərli bəstəkar,
müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğluya 75 illik yubileyi
ərəfəsində "Heydər Əliyev" ordeninin təqdim
olunması mərasimindəki çıxışlarında
Prezident İlham Əliyev bu mövqeyini bir daha nümayiş
etdirdi. Fərqli fəaliyyət sahələrində
çalışan, Azərbaycan qarşısında önəmli
xidmətlər göstərmiş bu şəxslərlə
bağlı söylədiyi ürək sözləri deyilən
fikirləri bir daha təsdiqləməklə yanaşı, həm
də cənab İlham Əliyevin təkcə dövlət
başçısı kimi yox, eyni zamanda, qağyıkeş,
həssas bir insan olaraq da ali keyfiyyətlərinin növbəti
parlaq təzahürü oldu.
Qocaman neftçi-alim, akademik Xoşbəxt Yusifzadəni
"Azərbaycanın neft-qaz sənayesinin canlı rəmzi"
adlandıran Prezident mərasimdəki nitqində elə məsələlərə
toxundu, onun bioqrafiyasında ictimaiyyətə bəlli olmayan elə
məqamları dilə gətirdi ki, deyilən sözlərdən
hətta yubilyarın özü də dərindən təsirləndi. Bu münasibət
təkcə tanınmış geoloq-alimin əməyinə,
müstəsna xidmətlərinə hörmət və
ehtiramın nümunəsi yox, həm də bir insan kimi milli-mənəvi
dəyərlərə, ənənələrə sonsuz
sayğının təcəssümü idi.
Həmin mərasimdə Prezident
İlham Əliyevlə Xoşbəxt Yusifzadə arasında
belə bir dialoq yaşandı:
"Prezident
İlham Əliyev: Xoşbəxt müəllim, mən bilirəm
ki, siz hələ uşaqlıq dövründən biliklərə
çox meylli olmusunuz. Sual yarana bilər ki, mən
bunu haradan bilirəm. Ancaq istəyirəm
bir hadisəni yoldaşlara çatdırım. Keçən
il Mehriban xanım Pirhəsən pirini ziyarət
edərkən bir ailənin üzvləri yaxınlaşdı
və onu Kürdəxanıya dəvət etdi. Eyni
zamanda bildirdilər ki, Kürdəxanı qəsəbəsində
çoxlu problemlər var, yollar, məktəb bərbad vəziyyətdədir
və Mehriban xanımı qonaq çağırdılar.
O da bu dəvəti qəbul edərək Kürdəxanı qəsəbəsinə
getdi və ondan sonra Kürdəxanıda bir çox problemlər
öz həllini tapdı. Kürdəxanıda
yeni park salındı, bütün yollar təmir edildi, yeni məktəb
tikildi. Ondan bir qədər sonra söhbət
əsnasında demişdiniz ki, siz uşaq olanda Kürdəxanıdakı
məktəbdə oxumusunuz. Mən də təəccüb
etdim, çünki bilirəm ki, siz
pirşağılısınız. Dedim ki, bəs
Pirşağıda məktəb ola-ola nə üçün
Kürdəxanıya getmisiniz? Bu gün də
yadımdadır, dediniz, ona görə getmişəm ki,
Kürdəxanıda müəllimlər yaxşı idi.
Elədirmi? Qonşu kəndlər
olsa da, o vaxt yolları bərbad idi. Mən
təəccüb etdim ki, balaca bir uşaq üçün necə
çətindir. Nəqliyyat vardı, yox
idi, bilmirəm, avtobusla gedirdiniz?
Xoşbəxt Yusifzadə: Piyada
gedirdim.
Prezident
İlham Əliyev: Piyada? Təsəvvür edin,
bilik almaq üçün hər gün Pirşağıdan
Kürdəxanıya piyada gedib-gəlib. Yəni
artıq bəlli idi ki, sizin böyük gələcəyiniz
olacaqdır. Sonra biliklərinizi gənclərlə
bölüşdünüz. Siz, eyni
zamanda, böyük alimsiniz, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü kimi çox fəalsınız.
Sizin bir çox elmi əsərləriniz var və
bu əsərlər təcrübəyə əsaslanır.
Yəni bu, sadəcə olaraq, fərziyyələr,
nəzəriyyələr deyil. Təcrübə
də göz qabağındadır, həm sovet, həm də
müstəqillik dövründə. Məhz
ona görə də siz həm sovet, həm də müstəqillik
dövründə ən yüksək ordenlərlə təltif
olunmusunuz. Birinci ordeni siz 1963-cü ildə
almısınız - "Qırmızı əmək
bayrağı" ordeni. İkinci ordeni
1971-ci ildə almısınız - "Şərəf
nişanı". Üçüncü
ordeni isə 1976-cı ildə - ikinci "Qırmızı əmək
bayrağı". Elədirmi?
Xoşbəxt Yusifzadə: Elədir,
mənim yadımdan çıxmışdı.
Prezident
İlham Əliyev: Mənim hər şey yadımdadır. Hələ çox şey bilirəm,
yavaş-yavaş deyəcəyəm. Sonra
müstəqillik dövründə Ulu öndər Heydər
Əliyev sizi 2000-ci ildə ən yüksək ordenlə -
"İstiqlal" ordeni ilə təltif etmişdi. Daha
sonra növbə mənə çatdı və siz 2004-cü
ildə "Şöhrət" ordeni, 2009-cu ildə
"Şərəf" ordeni, 2015-ci ildə Azərbaycan
Prezidentinin Fəxri diplomu ilə təltif olunmusunuz, keçən
il Heydər Əliyev Mükafatına layiq
görülmüsünüz. Dünən isə mənim Sərəncamımla
Azərbaycanın ən ali ordeni olan
"Heydər Əliyev" ordeni ilə təltif
edilmisiniz......Buraya gələrkən baxıb gördüm ki,
Xoşbəxt müəllimdə Azərbaycanın yalnız
"Vətənə xidmətə görə" ordeni
yoxdur. Onu da saxlamışam 95 illik yubileyinə.
Xoşbəxt Yusifzadə: İndi mən
gərək yaşayam.
Prezident
İlham Əliyev: Həm yaşamaq, həm işləmək.
İşlər çoxdur. Bir
şeyi də bildirməliyəm, Xoşbəxt müəllimlə
biz daim əlaqədəyik. Hər bir yeni
kəşfiyyat quyusu qazılanda, yaxud da ki, hansısa bir quyuda
yaxşı debit olanda, mənə birinci Xoşbəxt müəllim
xəbər verir. Ona görə o mənə
zəng edəndə bilirəm ki, məni şad xəbərlə
sevindirəcək".
Bir
neçə gün öncə isə eyni xoş mənzərənin,
səmimi ünsiyyət tərzinin növbəti dəfə
şahidi olduq: bu dəfə isə Xalq artisti, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğluya "Heydər
Əliyev" ordeninin təqdim olunması mərasimində.
Dövlət
başçısının təqdimat mərasimində
dediyi fikirlər də onun Azərbaycanın dəyərlərinə,
mədəniyyətinə bağlılığını,
böyük sənətə və zəhmətə verdiyi
yüksək qiyməti bir daha təsdiqlədi: "Siz
böyük sənətkar, böyük bəstəkar,
böyük ifaçısınız. Siz Azərbaycan
mədəniyyətinin inkişafına böyük töhfə
vermisiniz. Deyə bilərəm ki, Azərbaycan
musiqi mədəniyyətində özünəməxsus və
təkrarolunmaz iz buraxmısınız. Nəinki
Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında
siz ən görkəmli bəstəkarlardan birisiniz. Bunun əyani sübutu odur ki, sizin
mahnılarınız yaşayır. Baxmayaraq ki,
mahnıların bəziləri 40 il, 50 il
bundan əvvəl yazılıb, amma bu mahnılar bu gün də
sevilir. Yəni onlar ölməz
mahnılardır, Azərbaycan musiqi fondunun dəyərli
nümunələridir. Bildiyiniz kimi, mən
də həmişə sizin istedadınızın pərəstişkarı
olmuşam və bu gün də böyük məmnuniyyətlə
sizin ifanızda o ölməz mahnıları dinləyirəm.
Siz nadir musiqiçilərdənsiniz ki, ancaq
özünüz bəstələdiyiniz mahnıları ifa
edirsiniz. Bu mahnıları heç kim
sizin kimi belə ürəklə, məharətlə ifa edə
bilməz. Təsadüfi deyil ki, sovet
dövründə siz ümumittifaq məhəbbəti
qazanmısınız. Siz Sovet İttifaqının hər
bir yerində böyük coşqu ilə, böyük məhəbbətlə
qarşılanırdınız və sovet estrada
məkanında aparıcı ulduzlardan biri idiniz".
Prezident
çıxışında Ulu Öndər Heydər
Əliyevin də Polad Bülbüloğlunu yüksək qiymətləndirdiyini
xatırlatdı: "Yaxşı bilirsiniz ki, Ulu öndər
Heydər Əliyev həmişə sizə, sizin fəaliyyətinizə
böyük diqqət göstərirdi. Zərifə
xanım da həmişə sizə diqqət göstərirdi.
Siz bizim evimizdə dəfələrlə
olmusunuz və biz bir-birimizi 40 ildən çoxdur ki,
tanıyırıq. Siz bizim üçün - valideynlərim
və mənim üçün həmişə çox
doğma adam olmusunuz. Ona
görə xüsusi qeyd etməliyəm ki, bu gün - yubiley ərəfəsində
sizinlə görüşmək, sizi təbrik etmək mənim
üçün çox xoşdur. Sizin fəaliyyətiniz
dövlət tərəfindən yüksək qiymətləndirilib.
Siz Azərbaycanın bir neçə mötəbər
mükafatı ilə təltif olunmusunuz. Ancaq bu
mükafatların arasında ən ali
mükafat, ən ali orden "Heydər Əliyev" ordenidir. Mənim Sərəncamımla siz bu gün "Heydər
Əliyev" ordeni ilə təltif olunursunuz".
Prezidentin sözləri Polad Bülbüloğlunu son dərəcə
duyğulandırmışdı. "Çox sağ olun, cənab
Prezident, kövrəldim" - deyən Xalq artisti belə bir məqamda
danışmağın çətin olduğunu bildirdi:
"Siz deyən sözlər, vallah, tarixi sözlərdir. Bu, mənim üçün çox xoşdur.
Siz bununla mənim 75 illik yubileyimə,
bütün bu illər ərzində zəhmətimə
böyük qiymət vermisiniz. Mənim
üçün danışmaq çox çətindir.
Çox sağ olun. Minnətdaram".
... Əməyinin, zəhmətinin qiymətləndirilməsini
hər bir insan istəyir. Açıq dilə
gətirməsə də, ürəyinin bir yerində bunu
mütləq istəyir. Bu duyğunu dadmaq
hər insanın haqqıdır. Əməyi,
zəhməti ilə həqiqətən də vətənə,
xalqa xidmət edənlərin, öz fəaliyyəti ilə
yaddaşlarda iz qoyan kəslərin isə buna daha çox
haqqı çatır. Və bu qiymətin
öz müstəqil dövləti, onun rəhbəri tərəfindən
verilməsi insan üçün daha xoş, daha qürurverici
hissdir. Həm də dövlətin bu diqqət
və qayğısının mənəvi anlamı təkcə
o insanların özləri ilə məhdudlaşmır.
Bu münasibət əslində hər bir vətəndaşda
gələcəyə böyük inam yaradır: deməli, sənin
istedadın, zəhmətin, vətən və xalq
qarşısında xidmətlərin unudulmur, bir gün
mütləq öz yüksək qiymətini alır. Bu anlamda, dövlətin, onun
başçısının ölkə üçün dəyər
hesab olunan ayrı-ayrı şəxslərə göstərdiyi
belə səmimi və həssas münasibətindən hər
bir vətəndaşa pay düşür.
AZAD
525-ci qəzet.- 2020.- 7 fevral.- S.5.