"Keçmişdən
danışmağı sevmirəm"
"ƏN ÇƏTİN
GÜNLƏRİMİ YAXŞI GÜN KİMİ MƏNƏ
XATIRLADAN İNSANLAR ƏSƏBLƏRİMƏ TOXUNUR"
Xalq
artisti Röya Ayxan Kulis.az saytına müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.
- İyirmi ildir sənətdəsiniz. Əminəm
ki, arxivə nəzər salsaq, haqqınızda mediada xəbər
çıxmayan bir günə rast gəlmərik. Haqqında bu qədər danışılan
qadın olmaq yormur sizi?
- Əslində, bəzən yorucu olur. Hərdən İstanbula
gedib küçədə sərbəst gəzəndə, evə
gəlib rahat uzananda deyirəm, ay Allah bu nə gözəl həyatdır!
Heç kim səni narahat etmir. Qapı iki dəqiqədən bir döyülmür.
Heç kim səndən nəsə istəmir.
Küçədə ayağına rahat
ayaqqabı geyinib gəzə bilirsən. Maşın
sürmək məcburiyyətində qalmırsan. Amma birdən düşünəndə ki, mən nə
vaxtsa bunu əldə edə bilmək üçün
çabalamışam, onda Allahıma şükür edirəm.
Mən deyirdim ki, on nəfərdən biri olacam.
İndi üç nəfərdən biriyəm.
Açığını deyim, bu qədərini
gözləməmişdim. Məsələn,
ömrüm boyu inanmazdım ki, 37 yaşımda Xalq artisti
olaram.
- Hərdən
mənə elə gəlir, əsəbləriniz çox
sağlamdır. Çünki mütəmadi
olaraq polemikaların içindəsiniz. Əsəbləriniz
sakitdir, yoxsa bu, vəziyyətə alışmaqdır?
- Əsəblərim sağlam deyil. Sadəcə
olaraq, hər şeyin sonunu gözləməyi bacarıram.
Kimsə efirdə çıxıb haqqımda
bir söz deyər, mən onun cavabını həmin anda vermərəm.
Bilirsiniz nə qədər adam mənimlə
bağlı olmayan şeylər danışır? Çox şeylər eşidirəm. Amma məqamını gözləyirəm ki, həmin
adamın cavabını gözəlliklə verim. Bu, mənə daha çox xoş gəlir.
- Sizcə,
insanlar nə vaxtsa Röyadan danışmaqdan əl çəkəcəklər?
Söhbət pis mənada danışanlardan
gedir.
- Mən
insanlara həmişə ələk kimi baxmışam. Ələyə-ələyə gəlirəm.
Düşünürəm ki, artıq
insanların fikri formalaşmalıdır. Və
deyim ki, ümidliyəm. Əgər mənim kimi dəli adam püxtələşə bilibsə, deməli,
hələ ümid var.
- İllər Röyanı necə dəyişib?
-
Çox dəyişib. Məsələn, beş
il bundan əvvəl gəlib deyirdilər ki, filankəs sənin
haqqında bunu deyib, mən söhbətin axırına
çıxmaq üçün vurub televiziyaya getmişəm.
O vaxt ATV kanalında mənə qadağa qoyulmuşdu.
Qapını döymədən, birbaşa rəhbərliyin
otağına girib dedim ki, deyirlər, mənə qadağa
qoymusunuz, səbəb nədir? O qədər dirəşdim
ki, deməyə söz tapa bilmədi. İndi gəlib mənə
desələr ki, filankəs sənin haqqında bu sözü
dedi, deyərəm boş ver. Amma həmin adamı yadımdan
da çıxartmaram.
- Kinlisiniz?
- İnsanın yaddaşı olmalıdır. Nə
yaxşılığı, nə pisliyi unutmayacaqsan. Kinin olmasa, fahişə olarsan.
- "Ana olandan sonra anlayacaqsan" ifadəsi həyatınızda
nə qədər keçərli oldu? Oğlunuz həyatınızda
nəyi dəyişdi?
-
Hüseynin indi on yaşı var. Röya on yaşında
ana-bacı idi. O yaşda çöllərdə işləyib
evə pul gətirirdim. Evdə, qonşuda
qonaqlıq olanda sevinirdim ki, içki içiləcək,
butulkalar çox olacaq, mən də o butulkaları satıb,
qardaşım üçün konfet alacam. Röya on yaşında dizinin üstündə
körpə yatızdıran, məktəbə gedə bilməyən
qız idi. Küçələrdə
biskvit satırdım. Oxuya bilmirdim,
alınmırdı. Anam evə yük gətirirdi,
bacımla biz onları yuyub-ütüləyib ünvanlara
çatdırırdıq. Bəlkə də
bu dediklərim kənardan baxanlara film kimi gələcək,
amma mən bunları yaşamışam. On
yaşımda artıq analığın nə olduğunu
anlamışdım.
-
Uşaqlıq yaşamamısınız. Bu, sizdə
yəqin, güclü psixoloji iz buraxıb.
- Mən
nə vaxt psixoloqla söhbət edirəm, deyir, sənin bu
gün düşdüyün vəziyyətin təməli
uşaqlıqda yaşadığın o həyatla qoyulub. Qəribədir, o yaşantılar məni incitsə
də, ağır travma yaratsa da, bu gün ailəmə baxanda
yaşadığım heç nəyə görə
peşmançılıq keçirmirəm. Bütün ömrüm boyu ailəmi bir arada
tutmağa çalışmışam. Bunu hardasa
bacardım da! Amma əsəblərim bahasına baş verdi bu. Bu gün mən əsəbləri
sıfır dərəcədə olan bir adamam.
- Narkotik
istifadəçisi olduğunuzla bağlı söz-söhbətlər
də gəzirdi...
- Hə,
eşidirəm. Mən ilin iki ayı çox
ciddi müalicə alıram. Ağır dərmanlar
qəbul edirəm. Mənə elə iynələr
vurulur ki, hamı elə bilir narkotik qəbul edirəm. Amma realda elə bir pis vərdişim yoxdur.
-
Keçmişdə yaşadıqlarının ailə həyatının
uğursuz olmasında rolu varmı?
- Hərdən
bu barədə düşünürəm ki, bəlkə ona
görə mənim ailə həyatımda axsama oldu. Davam edə bilmədim.Yoruldum. Bir gün
ayıldım və dedim, bəsdir. Mən həmişə ana-bacı olmaqdan bezdim.
Qadın olmaq istəyirəm artıq. O
balaca uşaq bir gün dedi ki, ana, sən də qadınsan, sənin
də həyatın var. Oğlum həyatıma gələndən
sonra dərk etdim ki, mən hər zaman
çalışmağa məcbur olan kişi
deyiləm. Hüseyn mənə qadın
olmağı öyrətdi.
-
Hüseyndən danışanda səs tonunuz dəyişir. Aranızdakı bağı təxmin etmək çətin
deyil. Amma istərdim bir də sizdən
eşidim.
- Mən,
bəlkə də, hiss etmirəm bunu, amma siz hiss edirsiniz. Hüseyn on ildir mənimlə yatan kişidir
(gülür). Təsəvvür edirsiniz,
yekə oğlandır, hələ də mənimlə
yatır. Evə gec saatlarda gəlirəm.
Görürəm, divanda uzanıb, deyirəm, nə
yaxşı yatıb? Bir az tək
uzanıb kinoya baxıram. Qəfil
başını divandan qaldırır, yastığı da
qucağında. Saat iki-üç olsa da,
yatmaq üçün məni gözləyir. Bir-birimizə çox bağlıyıq. O
bağı təsvir etməyə kəlmələr yetmir.
-
Özünüzü düzgün ifadə edə bilmədiyinizi
düşündüyünüz zamanlar olurmu?
- Olur. Bəzi insanlar məni həddindən artıq
açıq danışan qadın kimi təsəvvür
edir. Amma bəzən elə yer olur ki,
danışmağa söz tapmıram. Utanıram
sözümü deməyə.
-
Çox klassik bir sual verəcəm. Amma yenə
də soruşmaq istəyirəm. Ulduz
Röya ilə Röya Nəcəfova arasında ciddi fərq
varmı?
-
Heç bir fərq yoxdur. İki Röyanı da
eyni səviyyədə yaşayıram. Evdə
də nizam-intizamlı insanam. İstəyərəm,
qarşıma gətirilən çay təmiz stəkanda
olsun. İşimdə də eləyəm.
Təmizəm. Özüm
üçün necəyəmsə, başqaları
üçün də eləyəm. Həmişə
hər şeyin yaxşı olmasına diqqət göstərmişəm.
Əgər bir adam başqası
üçün yaxşı olmağa
çalışırsa, o, ulduzluğunu da, sıravi
insanlığını da bütöv yaşayır. Məsələn, qonaq gedəndə ucuz konfet
alıb aparmaq istəmirəm. Əgər kiməsə ev alacamsa, pis yerdən almaram. Maşın
alaramsa, ucuz başa gəlsin deyə gedib "Dizel", yaxud
işlənmiş maşın almaram. Hərdən
mənə elə gəlir, ulduz həyatımı ən
çox oğlum yaşayır.
-
Qazandığınız şöhrət üçün bədəl
ödəmisiniz?
-
Haqqımda pis sözlər deyiləndə, atdığım
hər addıma görə müzakirə olunanda
düşünürəm ki, mən artıq bədəl
ödəyirəm.
- Bir
neçə il əvvəl səhnədən
gedəcəyinizi demişdiniz. Sizi fikrinizdən
nə daşındırdı?
- Səhnədən
yox, Azərbaycandan gedəcəyimi demişdim. Getdim
də. Mən evimi Türkiyədən
aldım. Bakıda evim yoxdur. Bu yaxınlarda Nadir Qafarzadə mənə deyir,
boş evim var, gəl orda kirayədə yaşa.
-
Arada-sırada qulağıma çatan xəbərlərdən
biri də "Röya kiməsə ev alıb" xəbəri
olur. Əgər bir qadın bir neçə nəfərə ev alıb verə bilirsə, özünə
niyə almır?
-
Alır, amma başqa ölkədə. Dünyada
əksər ulduzlar şəhərin ən yaxşı yerlərində
kirayədə yaşayırlar. Mən
"Meqafun"da kirayələmişəm evimi. Mənə belə rahatdır. Çünki
bilirəm ki, mənim oğlum ali təhsilini
xaricdə alacaq. O, təhsilinə görə gedəndə mən
onun yanında olacam.
- Bir
müddət sənətinizə Türkiyədə davam etməyə
qərar verdiniz. Hətta oranın şou-biznesinə
daxil olmaqda iddialı idiniz. Amma olmadı.
Nə baş verdi?
-
Türkiyədə işbirliklərim hələ də davam
edir. Sadəcə olaraq, orda artıq vəziyyət
pisdir. İndi Türkiyədə
şou-biznes bərbad haldadır. Düşünürəm
ki, indi Azərbaycan daha yaxşı vəziyyətdədir.
Orda hər şey dayanıb. Ancaq "maqazin" pul qazanır. Gündə bir kanal bağlanır. Mən niyə
orda iş görmək istəyim ki? Artıq əvvəlki
həvəsim də yoxdur. Çünki
Türkiyədə indi o biznes yoxdur. Həm
də orda dil baxımından problem yaşayırdım.
Türkcə danışa bilmirdim. Verilişlərə dəvət alırdım,
gedirdim. Hamı danışırdı, mən
anlamırdım, mən danışırdım, onlar
anlamırdı.
- Bir dəfə
rəhmətlik Nahid Emiloğlu dedi ki, bizim sənətçilər
Türkiyədə heç vaxt uğur qazana bilməyəcək.
Çünki onlar eqoistdirlər, kənardan sənətçini
Türkiyə şou-biznesinə daxil olmağa qoymurlar.
- Onlar
özlərinə qarşı da elədir. Hande
Yenər və başqa sənətçilərin bir-birinin
layihəsini bir gecədə məhv etmək üçün
nələr etdiyinin canlı şahidi olmuşam. Burda insanlar hələ də elə bilirlər,
Aygün Kazımova ilə mənim aramdakı xırda
deyişmə böyük problemdir. İnandırım
sizi, onlarda elə dəhşətli şeylər baş verir
ki, mən onlara baxıb, öz şou-biznesimizə
şükür edirəm. Onların sənətçilərinin
bir-birinə etdiklərini bizimkilər heç vaxt etməz.
- Cazibədar
qadınsınız. Cazibədarlıq hansı
hallarda avantaj, hansı halda baş bəlasıdır?
- Mənim
üçün hər halda avantajdır. Gözəllik
geyimdir, onu daşımaq lazımdır. Mən
bu geyimi daşıya bilirəm. Sevilmək,
diqqət mərkəzində olmaq xoşuma gəlir. Səhnədə
on dəqiqə də olsa kiminsə baxışını,
diqqətini üzərimdə hiss edirəmsə, bu, mənə çox xoş olur. Həmişə
bu fikirdəyəm ki, qadın hər dəqiqə istənməlidir.
Ona görə də evdən çıxanda nə
olur-olsun özünə fikir verməlidir. Hərdən mən də "ağzıma gələni"
geyinib çıxıram. Özümü
güzgüdə görəndə dəhşətə gəlirəm
ki, nə gündəyəm. Amma nadir
hallarda olur.
- Bəzən
də olur ki, qadın həddindən artıq diqqətdən
yorulur.
- Hə. Küçədə qışqıran adamlar
məni yorur.
Amma ümumilikdə diqqətdən yorulan adam
deyiləm. Çünki mənim də gözlərim beş dəqiqə bir yerdə dayanan deyil.
- Sizə
eşq elan edən kişilər çoxdur?
- Yox. Çünki kişilər məndən çəkinirlər.
Heç kim açıb mənə
sevgisini deyə bilmir. Hərdən
düşünürəm ki, nə qədər
böyüyürəmsə, o qədər tənhalaşıram.
Qadın nə qədər məşhurlaşırsa,
əks tərəf ona yaxınlaşmaqdan bir o qədərə
ehtiyat edir. Mən də hamıya o qədər
"on beş dəqiqəlik" baxıram ki, sonrasına
imkan yaratmıram.
-
Özünüzə ikinci şans vermək istəmirsiniz. Halbuki gözəl və gəncsiniz.
-
Özümə söz vermişəm, Azərbaycanda şəxsi
həyat qurmayacam. Azərbaycanda istəmirəm.
- Azərbaycanda
buna nə mane olur?
-
Çox şey. Mən burdan harasa uçanda
başa düşürəm ki, sevgilimlə yeməyə
gedirəm. Burda hara gedəcəm mən o
sevgili ilə? Mən axı ailə qurmaq
istəmirəm, sadəcə sevmək istəyirəm.
- Ailə
qurmağa bu qədər soyuq yanaşmanızın əslində
Hüseyn dayanır?
- Bəlkə
də Hüseyn burda böyük rol oynayır. Mən
ailəmdə də bunu görməmişəm axı. Atamla anam ayrılanda on yaşım var idi. Mən gecənin istənilən saatında
atamın, anamın evinə girə bilirəm. Təsəvvür edirsiniz, onlar başqa adamlarla ailə
qursaydılar nə olardı? Başıma
hava gələrdi. Bizim qadınlarda 40
yaşdan sonra başqa hisslər yaranır. Anamın 40 yaşı olanda deyirdim ki, yaşına
uyğun geyin.
- Hər
bir qadının sevgiyə, nəvazişə ehtiyacı var.
Yəqin sizdə də bu hisslər olur.
- Mən
göz təmasının, platonik sevginin dəlisiyəm. Bir kişi ilə uzun müddət bir yerdə
yaşaya bilmərəm. O adam iki dəfə
mənə zəng vurub desə ki, hardasan, neyləyirsən, mən
yəqin, dəli olaram. Münasibətdə
hardasan sualı məni gic edir.
- Bu, daha
çox kişilərə məxsus bir xüsusiyyətdir.
- Bu, bəlkə
də hər şeylə illərdir tək mübarizə
aparmağımdan irəli gəlir. Bir də görürsən,
elə zamanda o sualı verirlər ki, məhz o yerdə,
gördüyün işdə kişi
xeylağının olması vacibdir, amma sən bunun
üçün tək çalışırsan. O anda mənə
zəng vurub, hardasan, neyləyirsən, deyəndə cin vurur
beynimə, deyirəm, sən mənim bu tərəfdə nələr
çəkdiyimi bilmirsənsə, qısqanclıq hissin mənim
nəyimə lazımdır? Burda artıq mənim
üçün münasibət bitir. Ona
görə də dostlarım deyir ki, sən qaranquşsan.
Həmişə uçursan.
- Bir tərəfiniz
qarabağlıdır. Babanız Bəndi kişi
Ağdamda hamının tanıdığı və hörmət
etdiyi bir adam idi. Onu necə
xatırlayırsınız, münasibətiniz var idi?
-
Ağdamlıyam, amma Bakıda doğulub, burda
böyümüşəm. Babamla münasibətimiz
çox yaxşı idi. İndi rəhmətə
gedib, amma hələ də onun rəhmətə getdiyini
unuduram. Ölənə qədər onu
Bakıya gətirə bilmədik. Ağdamın
Uçoğlan kəndində yaşayırdı. Orda da dəfn etmişik.
Mən hər ay onu gətirirdim, evimdə 3-4 gün qonaq
qalırdı.
Bu yaxınlarda getdim məzarını ziyarət
etdim, gül qoydum. Qayıdanda atam dedi, Ağdama getmisən,
bəs niyə böyük əminə baş çəkməmisən?
Dedim, unutmuşam. Çünki elə
bilirəm ki, babamdan sonra məni oralara bağlayan heç kim, heç nə qalmayıb.
Babamı sevirdim. Ucaboylu qəşəng bir kişi
idi. Əslində, babamgilin nəsli Ağdama
İrandan gəlmədir. Sonra babam
Ağdamda imkanlı bir adamın qızını alıb.
Yəni nənəmi. Atam 12 yaşında
Bakıya Bülbül adına musiqi məktəbinə
oxumağa gəlib. Elə ondan sonra da burda
qalıb.
-
Eşitdiyimə görə, atanızın da gözəl səsi
olub, amma davam etdirməyib.
- Hə. Atam Arif Babayevin tələbəsi olub. Könül Xasıyeva,
Xeyransa, Aybəniz Haşımova ilə bir sinifdə oxuyublar. Amma davam etdirmədi. Hamı
güclü olmur. Atamın gözəl səsi olsa da,
güclü ola bilmədi.
-
Keçmişi xatırlamaq sizi incidir?
- Mən
orda qalan adam deyiləm. Mənim
üçün yaşanan hər şey bitir. Yaşadığım pis anları həyatımda
saxlamıram, silib atıram. Mən niyə
ən çox kişilərlə dostluq edirəm, səncə?
Çünki qadınlar bir araya düşəndə,
yalnız problemlərdən, bədbin şeylərdən
danışırlar. Məni yorur belə
şeylər. Keçmişdən
danışmağı sevmirəm. Bir də
görürsən, kimsə deyir, Röya, yadındadır,
filan vaxt filan şey edirdik? Bir dəfə gülürəm,
ikinci dəfə artıq o adam mənim ətrafımda
olmur. Çünki gələcəkdən
çox keçmişdən danışan adamların gələcəkdə
heç nəyi yoxdur.
- İnsan keçmişindən qaça bilməz
axı. İstər-istəməz yaddaşın bir
küncündə insanı dümsükləyir.
- Mənim
ən çətin günlərimi yaxşı gün kimi mənə
xatırladan insanlar əsəblərimə toxunur. Keçmişdən nəticə çıxaran
insanam. Bu gün, səncə, mən niyə
hamıya kömək edirəm? Çünki
onların hamısını yaşamışam. Və mən o anları, əslində, sevdiyim
üçün hamıya kömək edirəm. Neqativ
düşünsəm, deyərəm, mənə heç kim heç nə etməyib. Cəhənnəmə
olsun. Özüm üçün pul
yığaram. Bu da keçmişdən
başqasının dərdini anlamaqdır. Bir tələbə oxutdurmaq lazımdır. Deyirəm, edin. Çünki mənim
geyinib məktəbə getməyə ayaqqabım olmayıb.
Buna edin, qoyun oxusun. Mən
yaşadığım heç bir çətin anda həyatımdan
sıxılmamışam. Deməmişəm, ay allah, bu, nə gündür yaşayıram? Ən ağır faizlərin altında
qaldığım günlər olub. Qazandığım
çox şeyləri bir anda itirdiyim vaxtlar olub. Amma şükür etmişəm ki, övladım
sağlamdır. Bunları yenə qazana bilərəm.
O qədər inandım ki, doğurdan da hər şeyi yenidən
qazandım. Heç kim keçmişdə
qalmasın. Bədlik ancaq bədlik gətirir.
- Heç
qızınızın olmasını arzu etmisiniz?
-
Heç vaxt! Ümumiyyətlə, övlad barəsində
danışmaq mənim üçün artıq çox
gecdir. Olmaz. Mümkün
deyil. Qanı qarışdırmaram mən.
Birini böyüdüb ortaya çıxarım
hələ. Hüseyn tək deyil. Bacımın balaları var. Hələ
qardaşlarım evlənməyib.
- Bu il Azərbaycan üçün dəhşətli
xəbərlərlə başladı. Məsələn,
Nərminin faciəsi sizə bir insan kimi necə təsir etdi?
- Nərmin
hadisəsi mənə ağır təsir etdi. Ən
dəhşətlisi odur ki, hamımız artıq bu hadisə
hər uşağın başına gələ bilər deyə
düşünürük. O uşağın
başına gələn faciədə anasının-atasının
günahı böyükdür. Mən arada onun
atasının şəklinə baxanda az
qalıram əlimi ekrandan salıb onu boğum. O qızın həyatda
olmamasının günahı içki düşkünü
olan atadır. Sən gecə hava qaralanda qız
uşağını bu məhəllədən o biri məhəlləyə
necə göndərə bilirsən? Bunların
hamısını mən görüb keçmişəm deyə
daha çox təsir edir mənə. Bəlkə
mənim də başıma gələ bilərdi. Danışmadığım şeylər var. Birini
danışacam. Evimizə gələn
yaxın adamlardan birini valideynlərim yerə-göyə
sığdıra bilmirdi. Mənim də
onda on yaşım vardı. Anama-atama deyə bilmirdim ki,
siz o tərəfə baxanda bu adam mənim
əlimdən tutur, baldırıma əl atır. Bu halları çox uşaq yaşaya bilər.
Valideyn kor olmamalıdır. Nərminin
bu faciəsi bir çox ata-ana üçün dərs
olmalıdır. İndi hamı kənardan deyir, faciəni
törədəni yandırsınlar, öldürsünlər...
O qızın bir ayda yaşadıqlarının əvəzi
çıxacaqmı?
- Röya
ana olaraq oğlunu necə qoruyur?
-
Oğlumu çox qoruyuram. Ona qadağan eləmişəm
özündən yaşca böyük, xüsusilə də
13-14 yaşlarında yetkinlik dövrünü yaşayan oğlan
uşaqları ilə yoldaşlıq etməyi. Qılığına girib telefonunun kodunu alıram.
Hər an nəzarət edirəm ki, uşaqdır, hər
şey ola bilər. Amma səbəbini
başqa cür izah edirəm. Deyirəm,
onlar pis söyüşlər söyürlər, çox
"anektod" bilirlər. Bir şeyini görüb gedər
başqa yerdə danışar və s. Bir şəkildə
başa sala bilirəm.
-
Uşaqlıqda ailədə şiddət
görmüsünüz?
-
Çox döyülmüşəm. Anam məni hər
şeyin üstündə döyürdü. Küçədə
bir uşaq deyirdi, atanız sizi atıb gedib,
kasıbsınız. Məcbur olub uşağı
döyürdüm. Uşaq anasını götürüb
üstümüzə gəlirdi. Anam məni onların
yanında çırpırdı. Amma mən fərqliyəm.
Anamı təkrar etmirəm. Valideyn övladını hər
dəqiqə sındırmamalıdır. Mən bunu
bütün valideynlərdən tələb edirəm. Sən
övladına inanacaqsan. Sən onu hər dəqiqə əzsən,
o, başqasının yanında həmişə əzik
olacaq. Oğlumun səhvi olanda deyirəm, yaxşı eləmisən.
Sən onu vurmusan, o da səni. Vəssalam, söhbət
bağlandı-getdi, ağlayıb üstümə gəlmə.
- Hüseyni necə cəzalandırırsınız?
- Üzünə elə baxıram, ağappaq olur, keçir otağına. Onun ən böyük cəzası kompüteri açmamaqdır. Amma hələ o mərhələyə gəlib çatmamışıq. Çünki onun həyatını elə qurmuşam ki, vaxtı qalmır əlavə işlər görməyə. Mən onu ancaq insanlardan, pis adamlardan qoruya bilərəm.
Günel MUSA
525-ci qəzet.- 2020.- 8 fevral.- S.16,
24.