Qurbağa kimi
Yanımda oturub, "İkimiz
də qurbağaya bənzəyirik" - dedi.
Dənizin qayalara çırpılan
dalğa səsləri
o qədər şiddətli
idi ki, səhv
eşitdiyimi zənn edib daldığım sükutdan qopmadım.
Bu dəfə "qurbağalar
haqqında məlumatın
var?" deyə sual verdi.
Qaşlarımı çataraq üzümü
sağımda mənimlə
eyni qayalıqların
üzərində oturan
adama çevirib məmnuniyyətsiz şəkildə
"yox" deyə cavab verdim.
"Bilirsən, alimlər
maraqlı təcrübə
aparıblar" deyə
mənimlə eyni səmtə baxaraq danışmağa başladı. Qurbağanı yaşadığı göldən
bir qab su
götürərək içinə
qoyursan. Qabı sobanın
üstünə qoyub
altını yandırırsan.
Su tədricən qızdığı
üçün qurbağa
bunu hiss etmir. Hətta müşahidə edəndə
sağa-sola hərəkət
etmədən yerində
qaldığını görürsən.
Çünki yavaş-yavaş isinən su ona həzz verir.
O dərəcədə ki,
suyun qaynarlaşmağına,
ətrafında baş
verən dəyişikliklərə
reaksiyasız qalır.
Heç
bunun fərqində də olmur. Qaynama prosesi başlayanda qurbağa suda şişərək heç nə hiss etmədən xoşbəxt
şəkildə ölür.
Amma bunun əksinə, onu qaynar su
dolu qaba salanda vəziyyət fərqli olur. Qurbağanın instinktiv proqramı
temperaturun kəskin dəyişməsini ciddi təhlükə olaraq qarşılayır və
buna görə qurtuluş refleksi işə düşür.
Dərhal qabdan atılıb
çıxır. Yansa da həyatda qalmağı bacarır. Maraqlıdır, elədir? Əslində, maraqlı idi. Amma düşündüm ki, üst-başı nimdaş,
saçı-başı dağınıq,
üzündən kir tökülən adamın
ürəyimdən xəbər
verən mövzudan bəhs etməyi mənim onunla dialoq qurmağım üçün səbəb
olmamalıdır. Buna görə də susdum. Hətta neçə saatdır oturduğumu unutduğum daşın üstündən
sükutumu pozan, kim olduğu
bəlli olmayan adamın yanından qalxıb getməyə hazırlaşarkən yenə
danışmağa başladı.
"Çoxumuz yavaş-yavaş
qaynadılan qurbağa
kimiyik. Ətrafımızda
baş verən dəyişiklikləri hiss edə
bilmirik. Xarabalığın ortasında oturub
proseslərin yolunda getdiyini düşünürük.
Relsindən çıxan qatarın
zamanla yerinə oturacağını yenə
aşağı-yuxarı şütüyəcəyini
sanırıq. Ən çox
sevəndə bu yanlışlara qapılırıq".
Ürək döyüntülərimin sürətləndiyini hiss elədim.
Münəccimdir, falçıdır,
kimdir bu adam dedim
öz-özümə. İçimdə baş verən fırtınaları necə
görə bilmişdi,
axı? Şübhəyə qapıldım. Arxaya çevrilərək
göz gəzdirdim, ətrafda quru ağaclardan, çürüyüb
əldən düşmüş
oturacaqlardan başqa heç nə yox idi. Naməlum adam
isə gözünü
eyni nöqtəyə
zilləyərək danışmağa
davam edirdi.
"Öz suyumuzda
qaynayır, ləzzət
alaraq pörşələnirik. Onun bizi
sığallayaraq məhv
etməyini görə
bilmirik. Narkotik kimi damarımıza yeridiyini hiss etmirik. Nə yalanını, nə xəyanətini görürük.
Ən çirkin yönü belə gözümüzə
cazibədar görünür.
Onu həyatımızın mərkəzinə
çeviririk. Almadan veririk,
sevilmədən sevirik,
əksildikcə əksilir,
tükəndikcə tükənirik.
Tərkediləndə arxasından baxırıq,
fikrini dəyişib geri dönəndə bütün qapılarımızı
üzünə açırıq.
Hər boyun əyməyimizin bir intihar olduğunu
görə bilmirik.
Onu heç nə ilə tətmin edə bilmirik. Azdırsa çoxunu veririk, çoxdursa daha çoxunu bəxş edirik, yenə də qane etməyi
bacarmırıq. Bu dəfə niyə çox olduğunun davasını çəkir
Bizə isə gözümüzü döyə-döyə
baxmaq qalır. Boyun əyməkdən boynumuz,
diz çökməkdən
belimiz əyilir.
Başqa
yolumuz qalmayanda adını fədakarlıq
qoyuruq. Bu az deyilmiş kimi fədakar davrandığımız üçün
özümüzü qəhrəman
hesab edirik. Məsələn, sən bu günə qədər fədakarlıq
etdiyinə görə
mükafatlandırılan insan
görmüsən?" deyə
sual verdi
üzümə baxmadan.
Cavablamağıma imkan vermədən
yenidən davam etdi.
"Mən görmədim. Əksinə, həmişə
ilk zərbə həmin şəxsdən
gəldi. Bədbəxtçilik budur ki, bütün həqiqətləri
görürük, bilirik,
amma geri çəkilmirik.
Qaynadığımız suda xumarlanmaqla məşğul oluruq.
Eşqdir, sevgidir, cəfasına
da dözərik, səfasına da... deyirik, amma öldüyümüzün
fərqində olmuruq. Özümüzü
sığalladaraq, oxşadaraq, tumarladaraq məhv edirik.
Ayrılsaq da, qurtulmaq
istəmirik, günlərlə, aylarla
yasını saxlayırıq. Mesajımıza cavab
vermir, ömürboyu ona yazacaq hikkədə olur, telefonu əlimizdən
yerə qoymuruq. Qara
siyahıya atılanda da dincəlmirik,
bır yırtıq deşik tapıb
mütləq sözümüzü oradan deyirik. Qalmağı
bilmirik, getməyi bacarmırıq. Elə
biri mən... qaçmaq
əvəzinə getdikcə isinən suyun
içində heç bir
şey hiss etmədən
oturdum. Artıq mənim hərəkətə
keçməyə ehtiyacım var, yavaş-yavaş qaynayaraq
ölməyə hazırlaşan qurbağa
olmaqdan bezdim".
İşə bir bax, aylardır hər kəsdən qaçdığım, heç kimə qulaq asmadığım təqdirdə tənhalığımın ortasında dəli görkəmində bir adam peyda olmuşdu və mən az qalsın nəfəs almadan onu dinləməklə məşğul idim. Bəlkə də ehtiyacım olan mənasız suallar verməyən, çəkdiyim acıdan içdən-içə həzz almayan, eyni mövzunu mənə təkrar-təkrar danışdıraraq dırnaqarası məsləhətlər verməyən, ürəyimdən keçənləri naməlum şəxsin üzümə deməyi idi. Özü də bunu monoloq şəklində edirdi. Yavaş-yavaş ayağa qalxdı, çəkinməsəm qolundan tutub saxlayacaqdım. Gözümü çuxurdan boylanan göz bəbəklərinə dikdim. O qədər hissiz, ifadəsiz baxırdı ki, oradakı varlığıma və ya məni görüb görmədiyinə belə şübhə etmişdim. Kaş bir az da danışardı deyə təəssüf hissi ilə dərindən nəfəs aldım. Elə bil bütün duyğuları ölmüş bu adam içimdən keçənləri duydu və əlavə etdi: "Bəzi qurbağalar qaynayarkən belə lazım olanın hərəkətə keçmək deyil, boyun əymək olduğunu sanırlar. Hərəkət edənlər önə keçir, heç bir şey hiss etməyənlər boyun əyir. Doğru olan nədir, bilirsən? Nə qədər yanmış olsan da, sağ və cəld şəkildə qurtulmağı bacarmaq!"
"Cəld,
sağ qalmaq, qurtuluş, xilas..." deyə təkrarladım
dilimin ucunda. Özümə gələndə yanımda
yox idi. Tez ayağa qalxaraq arxaya çevrildim. Ağır-ağır
addımlarla artıq çürümüş
oturacağın yanına çatmışdı. Arxasınca
qışqırdım: "Bəs, əgər bacarmasam?"
Ayaq
saxladı, buz kimi baxışlarını mənə tərəf
çevirdi, "həzz alaraq öləcəksən,
qurbağa kimi..." dedi və getdi.
Türkan TURAN
525-ci qəzet.- 2020.- 8 fevral.- S.23.