Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi
Polad Bülbüloğlu – 75
Milyonların sevgisini qazanmış
böyük sənətkarımız Polad Bülbüloğlunun 75 yaşı tamam olur. Onun pərəstişkarlar
ordusu son dərəcə geniş və müxtəlif,
çoxmillətli və çoxtəbəqəlidir.
O, indi də,
harada çıxış etməsindən asılı
olmayaraq, dolu zallar və qeyri-adi tamaşaçı hüsn-rəğbəti
ilə qarşılaşır. Polad
Bülbüloğlunun istedadı və sənətinin cazibəsi
qarşısında Zaman da sanki aciz görünür. Bu
fikrin həqiqiliyini ötən yay
Polad müəllimin Türkmənistanın paytaxtı
Aşqabadda baş tutmuş konsertində bir daha anladım. O
özünü səhnədə qeyri-adi dərəcədə
gümrah və çevik, yəni 50 il bundan
öncə nəhəng salonları necə ələ
alırdısa, o tərzdə aparırdı. Konsertin sonuna doğru səhnədə
gül-çiçək əlindən tərpənmək
olmurdu. Tamaşaçılar onu
heç cür buraxmaq istəmirdilər. Etiraf edim ki, bu cür tamaşaçı
şovqü və çoşğunluğu ilə
çoxdandır rastlaşmamışdım. Həmin günlər MDB ölkələrinin
Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası
Şurasının Aşqabadda növbəti toplantısı keçirilirdi
və hər bir üzv ölkədən bu mötəbər
tədbirdə böyük nümayəndə heyəti
iştirak edirdi. Biz də - nümayəndə
heyətinin üzvləri kimi Polad müəllimi həm bu
sanballı quruma sədrlik edən təcrübəli dövlət
və ictimai xadim kimi, həm də böyük səhnəni
sanki heç vaxt tərk etməyən parlaq sənətkar
kimi bir-birindən tam fərqli simada yaxından izləmək
imkanı qazandıq. O, hər iki ampluada diqqət mərkəzində
idi və şəxsiyyətinin bu çoxcəhətliyi
üzvi vəhdətdə ortaya çıxırdı. Əslində, Polad müəllimin zəngin hadisə
və təəssüratlarla dolu bütün həyat və
yaradıcılıq yolu bunun aydın əksidir.
Polad
Bülbüloğlu 1960-cı illərin ikinci yarısında
Azərbaycan musiqi mədəniyyətinə özünəməxsus
bir tərzdə - Qara Qarayevin bəstəkarlıq məktəbinin
istedadlı nümayəndəsi olmaqla yanaşı, həm də
məxsusi tembrə və ifa tərzinə malik müğənni
simasında - ölməz Bülbülün oğlu və
davamçısı kimi fəal və parlaq surətdə
daxil oldu. Musiqisində və səsində
müasirliklə milliliyi yeni bir məcrada qovuşdurması
ona bütün SSRİ məkanında tez bir zamanda
böyük şöhrət gətirdi. Bəstəkar
və müğənni sənətlərinin bu sayaq üzvi və
davamlı birləşməsi faktına əslində, XX əsr milli musiqi tariximizdə
ilk dəfə rast gəlirik. Çünki onun görkəmli
musiqiçi şəxsiyyəti özündə daim bəstəkar-müğənni
tandeminin ayrılmaz, üzvi vəhdətini yaşadır və
çoxsaylı pərəstişkarlar ordusu, habelə
geniş ictimaiyyət də onu məhz belə qəbul edib
qavrayır. Polad Bülbüloğlu indi də
dillər əzbəri olan və xalq ruhu ilə
yoğrulmuş mahnılarının ən gözəl
ifaçısı və təfsirçisidir. Bu da təsadüfi deyil. Axı
Polad Bülbüloğlunun həyatda ilk eşitdiyi musiqi sədaları
dahi atasının oxuduğu füsunkar xalq mahnıları,
milli bəstəkar yaradıcılığının ölməz
nümünələri olub. Tale sanki
onun gözəl musiqiçi kimi yetişməsi və
böyüməsi üçün hər bir şərait
yaradıb. Hazırda Bülbülün mənzil
muzeyi kimi fəaliyyət göstərən qonaqpərvər
evində daim görkəmli ziyalılar - Məmməd Səid
Ordubadi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Yusif Məmmədəliyev,
Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov,
Süleyman Ələsgərov, Tofiq Quliyev və digər
adlı-sanlı sənət adamları, habelə Bakıya
qastrola gələn məşhur ifaçılar,
Bülbülün tələbələri
yığışardı. O zamanlar Konservatoriyada dərs
otaqları çatışmadığından, professor
Bülbül bəzi günlər öz tələbələri
ilə evdə məşğul olardı və balaca Polad
böyük maraq və həvəslə o gözəl
anları izləyərdi. Poladın vətənpərvər
və yaradıcı şəxsiyyət, incəsənət və
dövlət xadimi kimi formalaşmasında heç
şübhəsiz, bu mühitin müstəsna rolu
danılmazdır.
İlk
musiqi təhsilini Polad müəllim o vaxt Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində
fəaliyyət göstərən onillik musiqi məktəbində
(hazırda Bülbül adına Orta İxtisas musiqi məktəbi)
görkəmli pedaqoq, professor Kövkəb Səfərəliyevanın
piano sinfində alıb. İncə musiqi duyumu, möhkəm
yaddaşı sayəsində o, artıq 14 yaşlı yeniyetmə
ikən müğənni atasını pianoda müşayiət
etməyə başlayır və 1960-cı ildən onunla birgə Azərbaycanın şəhər və
rayonlarında konsert proqramları ilə çıxış
edir. Bülbülün böyük məharətlə
oxuduğu mahnı və romanslar Poladın hafizəsində
silinməz iz qoyur. Onun qəlbində nəinki
musiqini ifa etmək, habelə onu bəstələmək həvəsi
baş qaldırır. Artıq məktəb illərində
o ilk mahnılarını bəstələyir və bunlardan Məstan
Günərin (Əliyev) sözlərinə “İlk
görüşdən gəlirəm”, İslam Səfərlinin
sözlərinə isə “Sumqayıt haqqında mahnı” o
dövrün yadigarlarıdır. 1961-ci ildə
gənc Polad həyatının ən ağrılı məqamlarından
birini yaşamalı olur - xalqımızın sevimli və əvəzolunmaz
Bülbülü dünyasını dəyişir. Bu itki ilə barışmaq Polad üçün
mümkünsüz görünür və bircə çıxış
yolu qalır - indən belə hamı onu Polad Məmmədov
kimi deyil, məhz Polad Bülbüloğlu kimi tanıyacaq.
Güclü
yazıb-yaratmaq eşqi məktəbi uğurla bitirən gənc
Polad Bülbüloğlunu Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq şöbəsinə
- professor Qara Qarayevin sinfinə gətirir. 1963-1968-ci illərdə peşəkar bəstəkar
ixtisasına yiyələnməklə onun həyatında yeni
mərhələ başlayır. Polad
böyük müəllimindən bu çətin sənətin
sirlərini addım-addım mənimsəyir. İlk
zamanlar Qara Qarayev Poladı mahnı yazmaqdan çəkindirir:
onun fikrincə, peşəkar təhsilə başlayan gənc
bəstəkarlar ilk növbədə akademik musiqi
janrlarının qayda-qanunlarını, ifadə və
inkişaf metodlarını mənimsəməli idi və tələbəlik
illərində Polad tədris proqramına uyğun olaraq piano
prelüdləri, pyeslər, müxtəlif tərkibli ansambllar
üçün əsərləri yazır. Onun diplom işi isə əla qiymətə layiq
görülən simfonik poema olur. Lakin
kiçik musiqi miniatürlərinə - mahnı janrına məhəbbət
və həvəs heç vaxt sönmür. Poladın oxuyan qəlbi bir-birindən cazibədar
mahnı melodiyalarının yaranmasına səbəb olur.
Polad Bülbüloğlu mahnı klassikamızın
yaraşığı olan xeyli sayda nümunələrin
müəllifidir. Bu mahnılarda milli köklər aşkar hiss olunur və
onlar bəstəkarın öz ifasında - “bülbülsayağı
oxuma” tərzi ilə estrada üslubunun
üzvi qovuşması sayəsində çox orijinal səslənir. Bəstəkar öz mahnılarında əsl milli
dildə danışır və bu başlıca keyfiyyət həmin
mahnıların bütün struktur səviyyələrində
- intonasiyadan tutmuş forma quruluşuna qədər
özünü göstərir. Polad
Bülbüloğlu ənənəvi mahnı qəliblərindən,
məsələn, xalq musiqisində geniş
yayılmış mahnı-bayatı qəlibindən
ilhamlanaraq onun yeni, maraqlı və orijinal növlərini
yaratmağa müvəffəq olub. Bu
baxımdan bəstəkarın “Bayatılar” adlı mahnı
silsiləsi xüsusilə diqqət çəkir. 1965-ci ildə gənc bəstəkar atasından miras
qalmış “Bayatılar” xalq şeir məcmuəsini vərəqləyərkən
bir neçə bayatının işarələnməsinə
diqqət yetirir. Xalq hikmətinin
mükəmməl və eyni zamanda, yığcam mücəssəməsi
olan bu poetik incilər sanki bir-birinin davamı idi. Görünür, vaxtilə Bülbül ümumi məzmun
və məna çalarına malik bir neçə
bayatıdan ibarət silsilə oxumaq istəyirmiş. Lakin bu ideyanı gerçəkləşdirmək
illər sonra onun oğluna nəsib oldu. Beləcə, 1965-ci ildə 4 mahnıdan ibarət
“Bayatı” silsiləsi yaranır. Polad
Bülbüloğlu etiraf edir ki, məhz bu mahnıları dinləyən
Qara Qarayev, nəhayət, ona mahnı janrında işləməyə
öz xeyir-duasını vermişdi. Tez bir zamanda
Poladın öz ifasında məşhurlaşan
“Bayatılar”ın ardınca “Bənövşələr”, “Dolalay”,
“Axşam Bakısı”, “Bakı payızı” kimi gözəl
mahnılar yaranır və onların ifaçıları
arasında bəstəkarın uşaqlıq dostu,
böyük müğənni Müslüm Maqomayevin xüsusi
yeri vardır.
Ümumiyyətlə, P.Bülbüloğlunun
mahnıları ideya-məzmun və üslub baxımından
kifayət qədər rəngarəngdir. Nəinki vətəni
Azərbaycanda, habelə onun hüdudlarından
çox-çox kənarlarda bəstəkar-müğənni
kimi məşhurlaşmış Polad Bülbüloğlu həm
ana dilində (Süleyman Rüstəm, Rəsul Rza, Nəbi Xəzri,
Fikrət Qoca, İslam Səfərli, Məstan Günər
(Əliyev), Cabir Novruzun sözlərinə), həm də rus
dilində (Vladimir Qafarov, Onegin Hacıqasımov, İlya Reznik,
Nikolay Dobronravov, Rəsul Həmzətov, Robert Rojdestvenski,
Andrey Dementyev və digərlərinin sözlərinə) xeyli
sayda mahnılar yazmışdır. Bəstəkarın
geniş mahnı irsini mövzu dairəsinə görə
şərti olaraq 4 qrupa ayırmaq olar: birinci və əsas
qrupa eşq və həyat mövzusunu incələyən
mahnılar daxildir. “Durnalar”, “Gözlər”, “Gəl, ey səhər”,
“Mənə sevgi ilə cavab ver”, “Bənövşələr”,
“Mənə sevgilim de” və s. mahnılarda ön planda lirik qəhrəmanın
hiss və həyəcanları, həyat barədə
düşüncələri dayanır. İkinci qrupda vətənpərvərlik
ruhu və yüksək vətəndaşlıq qayəsi ilə
aşılanmış mahnılar (“Şən Azərbaycan”,
“Sevimli diyar”, “Azərbaycan”, ”Sumqayıt” və s.) habelə “Cəsarət”
və “Monoloqlar” vokal silsilələri yer alıb.
Üçüncü qrupa uşaqlar üçün (“Mən
mahnı düşünürəm”, “Tapmaca” və s.), nəhayət dördüncü
qrupa zarafatyana mahnıları (“Dilin can incidəndi”, “Toydan
sonra düzələr” və s.) aid etmək olar.
Bu əsnada
bir vacib məsələni də qeyd etmək istərdik: Polad
Bülbüloğlu o nadir bəstəkarlarımızdandır
ki, konyunktura, siyasi-ideoloji mənafelərə xidmət edən
(xüsusilə sovet dövründə bundan qaçmaq çətin
idi) mətnlərə və sözlərə müraciət
etməyib. Bəstəkar bilavasitə onu
düşündürən, təxəyyülünü
oyadan, ruhuna hakim kəsilən mövzuları gündəmə
gətirib və mahnılarında hökm sürən səmimiliyin
bir sirri də, zənnimcə, elə bundadır.
Polad Bülbüloğlu mahnılarının mövzu rəngarəngliyi
musiqi dilində təbii surətdə üslub və janr
müxtəlifliyini doğurmuşdur. Vurğulayaq ki, Polad
Bülbüloğlu nəinki Azərbaycanda, ümumiyyətlə
geniş postsovet məkanında estrada musiqi
janrlarının inkişafında xüsusi rol oynamış və
böyük şöhrət qazanmış sənətkarlar
sırasındadır. Milli üslubda bəstələnmiş
mahnılarda xalq mahnıları və rəqsləri ilə əlaqə
aydın sezilirsə, estrada mahnılarında XX əsrin
60-cı illərində pop və rok musiqisində geniş
yayılmış rok-n-roll, tvist, şeyk, latınamerika rəqs
ritmləri və qəliblərinin estrada-simfonik təfəkkürlə
uzlaşmış və milli çalarlara
bürünmüş özünəməxsus təcəssümünü
görürük. Bu ritmləri
mahnılarımıza üzvi surətdə məharətlə
daxil edən də elə Polad Bülbüloğlu olmuşdur. Sonuncu fikrimizin özünəməxsus təzahürlərindən
biri də bəstəkarın “Uşaqlığın son gecəsi”
filmi üçün (1968, rej.Arif Babayev) Fikrət Qocanın
sözlərinə bəstələdiyi və geniş
populyarlıq qazanmış “Gəl, ey səhər”
mahnısıdır. Burada ispan-kuba
balerosunu xatırladan ritmik müşayiət fonunda geniş nəfəsli
həzin melodiya al səhərin açılması diləyi
ilə təsirli bir hekayət danışır. Əminliklə demək olar ki, “Gəl, ey səhər”
mahnısında bəstəkar musiqili-poetik janrın
hüdudlarını aşaraq, əslində, parlaq və dərin
hissiyyatla aşılanmış estrada-simfonik lövhəsini
yaratmağa müvəffəq olub. Xüsusilə,
mahnının keçən əsrin sonlarında ərsəyə
gəlmiş effektli aranjiman versiyası (aranjimanın müəllifi
- məşhur Hollivud aranjimançısı və bəstəkarı,
“Qremmi” mükafatı laureatı Pol Con Bakmaster) mahnının
məhz bu xassəsini sərrast və koloritli boyalarla daha da
qabartmışdır.
Polad
Bülbüloğlu lap gənc yaşlarından müasir musiqi
yaradıcılığının ən aktual və tələb
olunan sahəsində çalışmağa başlayıb:
1966-cı ildə ekranlara çıxan “İstintaq davam edir”
(rej. Əlisəttar Atakişiyev) filmində
Polad müəllim 21 yaşında ikən ilk dəfə kino
musiqisi sahəsində qələmini sınayıb. Adıçəkilən
filmə Onegin Hacıqasımovun sözlərinə
yazılmış, lakin son anda orada yer almamış «Ïîçâîíè» (“Zəng et”) mahnısı
isə gənc bəstəkar-müğənniyə misilsiz
populyarlıq qazandırmışdı. Beləliklə, hələ
konservatoriya tələbəsi olan gənc Polad
Bülbüloğlunun musiqi mədəniyyətimizdə həm
peşəkar bəstəkar, həm də istedadlı müğənni kimi parlaq
yaradıcılıq yolu başlanmışdı.
Polad Bülbüloğlunun 1968-ci ildə
“Uşaqlığın son gecəsi” filminə (rej. Arif
Babayev) yazdığı musiqi onun bu sahədə ən
uğurlu işlərindən biri kimi yaradıcılıq
bioqrafiyasına yazılıb. Təsadüfi deyil
ki, 1969-cu ildə Kiyevdə keçirilən
“Prometey-69” kinofestivalında film birdən-birə iki mükafat
almışdır - “Ən yaxşı musiqi tərtibatına
görə” və “Müasir mövzunun musiqidə müasir
üslubda ən yaxşı həllinə görə”. Elə
həmin il Polad Bülbüloğlu SSRİ Bəstəkarlar İttifaqının
və Kinematoqrafçılar İttifaqının
üzvlüyünə qəbul edilir. 1970-ci
ildə isə o, gənclər üçün
yazdığı populyar mahnılara görə
Respublikanın Lenin Komsomolu mükafatına layiq
görülür. 1973-cü ildə 28
yaşlı Polad Bülbüloğluna Azərbaycanın
Əməkdar incəsənət xadimi fəxri adı verilir.
Polad
Bülbüloğlunun kino fəaliyyətindən
danışarkən qeyd edək ki, ümumiyyətlə kino
musiqisi XX əsrdə Azərbaycan bəstəkarlarının
yaradıcılıq axtarışlarına güclü təkan
və stimul verən çox əhəmiyyətli bir fəaliyyət
sahəsi olub. Burada işləmək istər
maddi, istərsə də mənəvi baxımdan son dərəcə
əlverişli idi. Simfonik orkestrlərin
repertuarına düşmək (xüsusən də gənc bəstəkarlar
illərlə öz partituralarının ifasını
gözləyirdilər) çox çətin olduğu halda,
yazılan kino musiqisi dərhal ifa olunmaq şansı
qazanırdı. Digər tərəfdən,
kinoda çalışmaq bəstəkardan peşəkar
hazırlıq, çeviklik və operativlik, istənilən
musiqi janrında və üslubunda işləmək vərdişi
tələb edirdi. Tarix göstərir
ki, görkəmli Azərbaycan bəstəkarlarının əksəriyyəti,
o cümlədən, Polad Bülbüloğlu bu sahədə
həvəslə çalışmış, maraqlı bədii
kəşflər və tapıntılarla zəngin musiqi
yaratmağa nail olmuşlar. Polad müəllim
müxtəlif illərdə artıq yuxarıda adı çəkilmiş
filmlərdən başqa, “Oxuyur Müslüm Maqomayev”,
“Abşeron ritmləri” telefilmlərinə,
“Ürək, ürək...”, “Var olun, qızlar”, “Babək”, “Səmt
küləyi”, “Əsas müsahibə”, “Sevinc
buxtası” , “Yol əhvalatı”, “Mən mahnı bəstələyirəm”,
“Qoy o bizimlə qalsın”, “İşgüzar səfər” bədii
filmlərinə musiqi bəstələmişdir. Adıçəkilən
bədii filmlərin böyük qismində bəstəkar kinorejissor Eldar Quliyevlə əməkdaşlıq
edib və bu tandem davamlı olduğu qədər də
uğurlu alınmışdır. Bu baxımdan, tarixi-qəhrəmani
janrın ilk nümunəsi kimi kino tariximizdə əlamətdar
iz qoymuş “Babək” filminə Polad Bülbüloğlunun
yazdığı musiqi əsl simfonik vüsəti, parlaq obrazlığı ilə böyük maraq
doğurur. Polad müəllim
xatırlayır ki, “bu film üçün 110 dəqiqəlik
musiqi yazılmışdı. Film
üçün bu, çox idi. Onun 82
dəqiqəsi filmə daxil oldu və demək olar ki, “Babək”
musiqili filmdir”. Həqiqətən də,
ekrana çıxdıqdan sonra dünyanın 60 ölkəsinə
satılmış bu möhtəşəm filmin böyük
uğurunda Polad Bülbüloğlunun musiqisi ön
sıralardadır. Xalq artisti, rejissor
Eldar Quliyevin təbirincə desək, “Babək” Poladın ən
yaxşı bəstəkar işlərindəndir. Burada tam mənada demək olar ki, o, Qara Qarayevin ən
layiqli yetirmələrindən biridir”.
1981-ci ildə Polad Bülbüloğlunun kino fəaliyyətinə
yeni bir amplua da əlavə olunur. Rejissor
Yuli Qusmanın quruluş verdiyi və özünün bəstəkarı
olduğu “Qorxma, mən səninləyəm” filmində Polad
müəllim həm də baş rola çəkilir. Beləliklə,
Polad Bülbüloğlu bu filmdə eyni zamanda, həm aktyor,
həm müğənni, həm də bəstəkar qismində
çıxış edir. Filmin böyük uğuru bəstəkara
1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri
adını qazandırır.
İllər göstərdi ki, 1980-ci illərin sonundan
başlanan çoxillik dövlət qulluğu - Mədəniyyət
Naziri və səfir kimi gərgin fəaliyyəti Polad
Bülbüloğlunu ürəkdən sevdiyi
yaradıcılıq işindən - bəstəkar və
müğənnilik fəaliyyətindən ayıra bilməmişdir. O, daim yeni və
maraqlı yaradıcılıq planları üzərində
işləyib və onları uğurla həyata keçirib.
2005-ci il dekabrın 2-də Azərbaycan Dövlət
Akademik Opera və Balet teatrında Polad Bülbüloğlunun
“Eşq və Ölüm, yaxud ölümlə rəqs edən
məhəbbət” adlı baletinin premyerası baş tutdu
(quruluşçu baletmeyster Vəkil Usmanov, rəssam Rafiz
İsmayılov, dirijor Cavanşir Cəfərov). Tez bir zamanda
balet xarici ölkə teatrlarına yol taparaq ən nüfuzlu səhnələrdə
- Moskvanın Böyük Teatrında, Sankt-Peterburqun Akademik
Mariin teatrında, Yekaterinburq opera və balet teatrında, habelə
Türkiyə, Hollandiya, Belarusun teatr səhnələrində
tamaşaya qoyulmuşdur.
“Kitabi Dədə-Qorqud”
dastanının motivləri əsasında yazılmış
baletin yaranma tarixi ilə bağlı bəstəkarın
söylədiklərindən: “Dastana müraciət etmək
ideyası məndə türk xalqlarının bu möhtəşəm
mənəvi irsinə həsr edilən 1300 illik yubiley tədbirlərindən
sonra yarandı. Həmin tədbirdə Heydər
Əliyev “Kitabi Dədə-Qorqud” eposunun milli, regional və
dünya miqyasında intibahı və tanınması təşəbbüsü
ilə çıxış etdi. Mən
bir nazir və “TÜRKSOY” beynəlxalq təşkilatının
baş direktoru kimi ikicildlik “Kitabi Dədə-Qorqud”
ensiklopediyasının nəşrinə bilavasitə rəhbərlik
etdiyimdən eposla bağlı materialların
hamısını görüb oxumuş və öyrənmişdim. Beləliklə də, məndə qədim türk
dastanının motivləri əsasında balet yazmaq
ideyası yarandı. Məlumdur ki,
dastan 12 boydan ibarətdir və mən ümumbəşəri
mövzuları - doğma vətənə və torpağa məhəbbət,
habelə xəyanət və nifrət hisslərini ortaya
çıxaran motivlərdən istifadə etmək qərarına
gəldim. Məhəbbət və
Ölüm, Həyat və Ölüm konseptual məfhumlar
kimi öz təcəssümünü dünya ədəbiyyatının
bir çox abidələrində tapıb. Bu konsepsiyanı öz baletimdə əks etdirmək
istədim”.
Baletin adından göründüyü kimi, onun obraz
konsepsiyası iki ziddiyətli aləmin - “işıqlı məhəbbət”
ilə “qaranlıq ölüm” dünyasının
qarşılaşması üzərində qurulub. Burada real
və fantastik dünya üzvi şəkildə birləşib. Oğuzlarla qıpçaqların mübarizəsi
baletin mərkəzi ideyasını təşkil edir. Baletdə bir-birinə əks qüvvələr kimi
iki qəbilə başçısı - Oğuz xanla Qara Məlik
qarşı-qarşıya qoyulmuşdur. Əsas obrazların adı isə çox simvolikdir
və yurdumuzun adından əmələ gəlib - Azər və
Baycan. Əgər Azər oğuz bahadırlarının
(Qazan oğlu Uruz, Bəkil oğlu İmran, Səkrək)
ümumiləşdirilmiş qəhrəman obrazıdırsa,
Baycan dastanın konkret obrazına - Banu Çiçəyə
uyğundur. Bu obraz baletdə həm igid qadın (Azər
onu ilk dəfə ər igid libasında görür), həm də
ülvi, saf məhəbbətin rəmzi
mənasında (Baycana olan sevgisinin sübutu kimi Azər ona
çiçək verir) təcəssüm olunur. Baletin əsas
qəhrəmanı Azər məhəbbəti və
vətəninin azadlığı uğrunda canından
keçir və bununla xalqının yaddaşında
ölümsüzlük, əbədiyyət qazanır.
Polad Bülbüloğlunun baletdə yaratdığı
obrazlar parlaq, yaddaqalan və ifadəlidir,
bəstəkar müxtəlif özünüifadə vasitələrilə
onların səciyyəvi cizgilərini açmağa səy
göstərib. Baletin bütün musiqisinə
dərin milli ideya və ruh hakimdir.
Son illər
Polad Bülbüloğlunun xalq mahnılarından ibarət iki
diski də işıq üzü görüb: 14 xalq
mahnısından ibarət və həmkar dostu
Siyavuş Kərimi ilə birlikdə işlənmiş
“Oxuyardu Bülbül... oxuyur Polad Bülbüloğlu” albom -
diski, habelə Moskva Dövlət Kinematoqrafiya simfonik orkestrinin
müşayiəti ilə ərsəyə gəlmiş 10
xalq mahnısı. Qeyd etmək
lazımdır ki, yalnız “Xumar oldum” xalq mahnısı hər
iki diskdə yer alaraq, müxtəlif aranjiman versiyasında təkrarlanır. Nəhayət, Polad Bülbüloğlunun son
yaradıcılıq layihələri sırasında 2013-cu ildə
ekrana çıxmış “Qorxma, mən səninləyəm! 1919” adlı əvvəlki məşhur filmin
davamı kimi ərsəyə gəlmiş bədii film də
vardır.
Polad müəllim
öz vətənpərvərlik qayəsinə sadiq qalaraq builki əlamətdar ad gününü Azərbaycanda öncə doğma Qarabağ torpağında - ata-baba ocağına yaxın yerdə (düzən Qarabağda) keçirmək qərarına gəlib. Bir vətən övladı kimi
bu, onun haqqı və güclü istəyinin bariz nümunəsidir. Xatırlamaq
yerinə düşər ki, vaxtilə onun Mədəniyyət
naziri kimi işlədiyi və Dağlıq Qarabağ hadisələri
baş qaldırdığı ağır bir dövrdə -
1989-cu ildə Qarabağın
gözü Şuşada böyük təntənə
ilə “Xarı Bülbül” Birinci Beynəlxalq Musiqi
Festivalı keçirilmiş və Festivala dünyanın ən
müxtəlif yerlərindən 300-dən çox qonaq təşrif
buyurmuşdu. Bu, Qarabağın əzəli Azərbaycan
torpağı olması barədə bütün dünyaya
ünvanlanan möhtəşəm bir musiqi bəyanatı idi.
1989, 1990 və 1991-ci illərdə üç dəfə
böyük uğurla keçirilən bu Beynəlxalq
Festivalın daimi xarakter alacağı heç kimdə, o
cümlədən, əslən Qarabağdan olan Mədəniyyət
nazirində şübhə oyatmırdı. 1992-ci ildə
dördüncü festivalın keçirilməsinə də
bütün hazırlıq işləri
görülmüş və 20-dən artıq ölkədən
500-ə yaxın iştirakçı dəvət
olunmuşdu. Lakin mayın 8-dən 9-na keçən gecə
müdhiş bir hadisə baş verdi - Şuşa erməni qəsbkarları
tərəfindən işğal olundu və nazir Polad
Bülbüloğlu, etiraz əlaməti olaraq, Şuşa
düşməndən azad olunmayınca “Xarı
bülbül” festivalının keçirilməyəcəyinə
dair qərar qəbul etdi və bu haqda YUNESKO-ya, 50 ölkənin
mədəniyyət nazirlərinə müvafiq məktublar
göndərdi. Beləliklə, bu uzaqgörən
başlanğıca gələcəkdə vüsət almaq hələ
ki, nəsib olmayıb...
Polad
müəllim o nadir həmvətənlərimizdəndir ki,
viran qalmış ata yurduna - Şuşaya işğaldan sonra
da ayağı dəyib, onun acınacaqlı vəziyyətini
öz gözlərilə görüb. Təbii ki,
kinoxronikamızın yaddaşında qorunub saxlanılan bu təsirli
və acı məqamları seyr etmək çox
ağırdır. Kim bilir, bəlkə Polad
Bülbüloğluna növbəti yubiley mərasimini
birbaşa Şuşada - dahi Üzeyir bəyin və
Bülbülün yurdunda qeyd etmək nəsib olacaq və biz
də bu unudulmaz tarixi anların şahidləri qismində
iştirak edə biləcəyik. Ulu Tanrıdan niyyətimizin
çin olmasını diləyərək, bu əziz gündə
sevilən sənətkarımız Polad Bülbüloğlunu
səmimi qəlbdən təbrik edir, ona ilk növbədə
möhkəm can sağlığı və yeni yaradıcılıq
uğurları arzulayırıq.
Lalə HÜSEYNOVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Azərbaycan Milli Konservatoriyasının professor
525-ci qəzet.- 2020.- 5 fevral.- S.10-11.