Tarixin işığında: Sədərək
Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinə daxil olan Sədərək həm də bölgənin qeyrət qalası adlanır.
Sədərək 1990-cı illərdə mərdliklə qorunaraq öz adını tarixin qəhrəmanlıq və mübarizə dolu səhifələrinə yazdırdı. Qala qapısı rolunu oynayaraq
Naxçıvanın erməni işğalından müdafiə
olunmasına öz töhfəsini verən Sədərək
rayonunun yaranmasının bu il 30 illiyi tamam olur. Ucubiz,
Əjdəkan, Vəlidağ və Tejqar dağ silsilələri
ilə əhatələnən Sədərək ərazisi iki
xarici dövlətlə-Türkiyə və Ermənistanla həmsərhəddir. Rayon
özündə bir qəsəbə, üç kəndi birləşdirir.
Qədim
yurd yerimiz-Sədərək
“Naxçıvan
Ensiklopediyası”nın II cildində olan məlumatlara
istinadən deyə bilərik ki, Sədərək
Naxçıvan ərazisində Eneolit dövrünə aid
yaşayış məskənlərindən və mədəniyyət
ocaqlarından biridir. 1958, 78, 83 və 2000-ci illərdə
aparılan arxeoloji qazıntılar zamanı Eneolit
və ilk Tunc dövrlərinə aid yaşayış yeri
aşkar olunub. Əldə olunan əmək alətləri,
keramika məmulatları və digər maddi-mədəniyyət
nümunələri hazırda Sədərək Rayon
Tarix-Diyarşünaslıq muzeyinin ekspozisiyasını bəzəyir. Sədərək
ərazisində bu günə qədər “Əjdəkan”,
“Cin təndiri”, “Cəhənnəm dərə”, “Şir
arxı”, “Dəhnə”, “Qaraburun” “Qırmızılar”
“Karvansaray” kimi qədim yer adlarının olması bu yurd
yerinin tarixi keçmişindən soraq verir. Əjdəkan
dağının ətəyində yerləşən Əjdəkan
mağarası, bir qədər aşağıda 7 ildən bir
qaynayıb çıxan Cincili bulaq, insanların etiqad göstərərək,
sıx-sıx ziyarət etdikləri Ağoğlan piri, Sədərək
qalası, “Div hörən” deyilən siklop tikili
qalıqları haqqında dolaşan əfsanə və rəvayətlər
bu gün də elin yaddaşındadır.
Həmçinin
Sədərək qəbiristanlığında XVIII-XIX əsrlərə
dair məzar kitabələri movcuddur ki, bu da ta keçmiş
zamanlardan türklərin bu ərazidə məskunlaşdığını
göstərir. Ümumilikdə, Sədərək bölgəsində
3 dünya, 11 ölkə, 14 yerli əhəmiyyətli tarixi
abidə mövcuddur. Ərazidə XX əsrin əvvəlllərinə
aid edilən hamam, 2 tarixi məscid binası burada həm də
memarlığın inkişafndan xəbər verir. Tarixi
qaynaqlarda sədərəkli memar Məhəmmədin, Təqi
oğlu Məşədi Əhmədin adı keçir.
2010-cu ildən
arxeoloji tədqiqatlara cəlb edilən Sədərək
yaşayış yeri eneolitdən başlayaraq son dəmir və
orta əsrlərədək böyük bir dövrü əhatə
edir. Abidə xalq arasında Kültəpə, şəhər
yeri adları ilə də tanınır. ərazidən əmək
alətləri, eləcə də son tunc və erkən dəmir
dövrün aid keramika məmulatları üstünlük təşkil
edib.
Səfəvilər
dövründə Sədərək Naxçıvanın digər
bölgələri ilə birlikdə Çüxursəd bəylərbəyliyinin
tərkibində olub. Ticarət-karvan yollarının kəsişdiyi
yerdə yerləşən Sədərək orta əsrlərdə
şəhər səviyyəsinə yüksəlib. Fransız
səyyahı Jan Şarden, türk səyyahı övliya
Çələbi və başqaları öz qeydlərində
Sədərəkdən də bəhs etmişlər. “İrəvan”
əyalətinin icmal dəftərində Sədərək
nahiyəsinin 24 kənddən ibarət olduğu qeyd edilib.
Qədim
tarixə malik olan Sədərəyin adına “Kitabi-Dədə
Qorqud” dastanında da rast gəlinir. Tədqiqatçılar
dastandakı Səgrək adının toponimləşərək
Sədərək oykoniminə çevrildiyi qənaətindədirlər. “Sədərək”
sözünün etimologiyasının “Çox adam yaşayan
yer” mənasını bildirən Sedrək, ərəbcə
düşərgə mənasını ifadə edən “Sədər”,
XIV əsrdə bu ərazilərdə yaşamış “Səədli”
tayfasının adları ilə əlaqəli olduğunu iddia
edənlər də var. İstənilən halda Sədərək
qədim oğuz-türk yurdudur və bunu sübut edən
tarixçilərin kifayət qədər ortalığa
çıxardığı faktlar mövcuddur.
Bu
torpağın yetirməsi, şair Vaqif Məmmədovun təbirincə
desək,
Tarix hopub
bu yerdə hər kəlməyə,
Qarışında
neçə nağıl, söz olar.
Sədərəyin
tarixini bilməyə
İnsan
üçün bir ömür də az olar.
Üzümçülüyün
məskəni
Sədərəklilərin
tarixən əsas məşğuliyyətini əkinçilik
təşkil etsə də, sonralar üzümçülük
də təsərrüfatlarında yer alıb. Biz bu
barədə faktları övliya Çələbi “Səyahətnamə”sindən
oxuyuruq: “Biz Sədərək kəndinə
çatdıq. Naxçıvan torpağında yerləşən
kənd gözəl və abaddır, min gözəl evi,
saysız-hesabsız bağ və üzümlükləri,
xoş iqlimi var”. Sovetlər dönəmində ən
gözəl şərab emalı mərkəzlərindən
biri məhz Sədərək hesab olunub. Sədərəyin
bol bəhrəli üzüm bağları burada 3 şərab emalı sahəsinin inkişafına
rəvac verib.
Hələ
1974-cü ildə Naxçıvan MSSR-in
yaradılmasının 50 illiyi tədbirlərində
iştirak etmək üçün Naxçıvana gələn
ulu öndər Heydər Əliyev Sədərəkdə
olmuş, yeni salınmış çiləri ilə
görüşmüşdür. Sədərək ərazisindən
səmərəli istifadə olunması,
üzümçülük təsərrüfatının
genişləndirilməsi, Ermənistanla lap sərhəddə
şərab zavodunun tikilməsi
tapşırıqlarını vermişdir. 1977-ci ildə
Bakıda kənd əməkçilərinin respublika
müşavirəsində nitq söyləyən Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyev Azərbaycan üzrə
ən yüksək göstəricilərə nail olan 10-12 təsərrüfatın
sırasında Sədərək üzümçülük
sovxozunun da adını çəkmiş, həmin
müşavirədə Sədərək
üzümçülük sovxozundakı Süleyman Nəsirovun
briqadasını Azərbaycanda
üzümçülüyün mayaklarından biri kimi qiymətləndirmişdir. 70-ci
illərin sonlarına doğru Sədərək nəinki
muxtar respublikanın, hətta ölkənin ən iri və
diqqət mərkəzində olan üzümçülük
təsərrüfatlarından birinə çevrilmişdir.
1978-ci il oktyabrın
15-də respublika rəhbəri kimi 2-ci dəfə
Naxçıvana gələn Heydər Əliyev Sədərəklə
Ermənistan arasındakı boş ərazidə əhali ilə
görüşür. O, kənd ağsaqqallarına,
ziyalılara Sədərək üçün gələcəkdə
görüləcək işlər barədə, xüsusilə
sərhəddə salınacaq nümunəvi
yaşayış qəsəbəsindən bəhs edir. Elə
oradaca əlaqədar rəsmi şəxslərə
Naxçıvan-İrəvan magistralının üstündə
salınacaq bu qəsəbənin proyektinin Pribaltikadan gətirilməsi
barədə tövsiyə və
tapşırıqlarını verir.
Beləliklə,
sərhəddəki boş ərazidə Heydər Əliyevin
şəxsi təşəbbüsü və
qayğısı ilə Pribaltika layihəsi əsasında
nümunəvi bir qəsəbə salınır və Sədərəkdəki
yüzə yaxın ailə həmin qəsəbəyə
köçürülür. Ən əsası isə
düşmənə göz dağı olan bu qəsəbənin
salınması ilə sərhəd bir qədər də
möhkəmlənir…
1980-cı
il may ayının 19-da yenə İrəvandan
avtomaşınla Naxçıvana gələn Heydər
Əliyev Sədərəyin bir çox əkin sahələrində
olmuş, əməkçilərlə və kənd
ağsaqqallarının nümayəndələri ilə görüşüb kəndin
problemləri ilə bağlı söhbətlər
aparmışdı. Dahi rəhbərin Naxçıvana və
Sədərəyə hər gəlişi bu qəsəbənin
inkişafına stimul vermişdir.
ötən əsrin
70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə sərhəddə inşa edilən və Şərur-Sədərək
bölgəsinin iqtisadi həyatında mühüm yer
tutan şərab emalı zavodu fəaliyyətini davam
etdirir. Ta ermənilər bu zavodu dağıdana qədər...
Atalar
yaxşı deyib: “Dişin ağrıyır, çək
qurtar, qonşun pisdir, köç qurtar”. Üzqarası
olan bu ermənilərlə nə istəyərəkdən
qonşu olmuşuq, nə də xəritədə tarixən
yerləşdiyimiz ərazilər yanaşı olub. Fakt
budur ki, tarixi saxtalaşdırmaqda mahir olan ermənilər
zamanla torpaqlarımıza yerləşdirilib. Özlərini
məzlum və zavallı xalq, “mehriban qonşu” kimi göstərməyə
müvəffəq olan bu toplum yerləşdikdən sonra
öz coğrafiyalarını genişləndirməyə,
yerlərini bərkitməyə nail olublar. Və beləliklə
tarixi torpaqlarımıza sahibləniblər. Yarı
köçürülmə, yarı qəsbkarlıq və
çar Rusiyasının siyasəti nəticəsində Sədərəyin
ta yaxınlığınacan gəlib çıxa biliblər.
Lakin bu
digər qonşuluqlara bənzəməz. Torpaqdan nə
pay olar, nə də torpağı tərk etmək.
1990-cı il Sədərək hadisələri nəinki
Sədərəyin, Azərbaycanın tarixində mühüm
bir səhifəni təşkil edir. Lakin gəlin görək
ermənilərin Sədərəyə, ümumən,
Naxçıvana, Azərbaycana torpaq iddiaları 1990-cı illərdənmi
başladı? Xeyr. Bunun tarixi kökləri
keçmişə dayanır. Və erməni fitnəkarlığı
zamanla özünü büruzə verib. 1905-07, 1918-20-ci
illərin o ağır, qanlı-qadalı günləri Sədərəkdən
də yan keçməyib.
1918-20-ci
illərdə Sədərək əhalisinin erməni
daşnaklarına qarşı apardıqları mübarizədə
Abbasqulubəy Şadlinskinin rəhbərliyi ilə təşkil
olunmuş “Qırmızı Tabor”un böyük xidmətləri
olub. “Qırmızı tabor”un əsas qərargahı
bir müddət Sədərəkdə yerləşib. Taborun
üzvlərindən 40 nəfəri sədərəkli olub. Onlardan
Həsən Şahverdiyev, Heydər Heydərov, Müseyib
Tarverdiyev, Ələkbər Sadiqov, Nəcəf Əliyev, Qafar
Əliyev, Qasım Hüseynov, Allahverdi Cəfərov,
Zeynalabdin Həsənov, Yusif Əliyev, Məhəmməd
Əkbərov, Həbib Bağırovun adları məlumdur. Bu
igidlərlərlə yanaşı Zəhra Dünyamalıyeva
adlı qadın da olub. Ermənilərə olan nifrətini
silaha sarılaraq mübarizə aparmaqla ifadə edib. Kişi
libasında kişi kimi döyüşüb.
Dərələyəz
və Zəngəzur dağlarına çəkilmiş
daşnak dəstələri hücumları ilə Şərur
əhalisini rahat buraxmırdı. “Qırmızı Tabor”un döyüşçüləri
40 kilometrlik cəbhə xəttində düşməni geri
oturtmuş və bu döyüşlərdə böyük qəhrəmanlıq
nümunəsi göstərərək yurdu qorumuşlar.
1921-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz,
Zəngəzur, Şərur və digər yerlərin erməni
daşnaklarından təmizlənməsində fərqləndiklərinə
görə “Qırmızı Tabor”un “Qırmızı Bayraq”
ordeni ilə təltif olunmuş 19
döyüşçüsünün 4 nəfəri sədərəkli
olub: Qasım Hüseynov, Nəcəf Əliyev, Qafar
Əliyev, Ələkbər Sadiqov.
Qırmızı
Taborun fəal üzvlərindən olan Sədərək
taborunun komandanı Həsən Şahverdiyev 17 nəfərlə
kəndi mühafizə edib. Bununla belə Sədərəyin
bu qəhrəman oğlu həmkəndlilərinin
yaddaşında xeyirxah əməlləri ilə də
qalıb. Belə ki, 1929-cu ildə onun təşəbbüsü
ilə dağlardan daş daşınaraq çətinliklə
də olsa, 4 sinifli məktəb tikilib.
Köç
Və beləliklə
zaman “mehriban qonşuluğ”un əsl iç
üzünü ortalığa qoydu. Erməni firnəkarlığı
illər sonra yenə də özünü göstərdi. Yenə
qəfil hücum, yenə hiylə, yenə əsassız torpaq
iddiası. Nə bitib-tükənməyən
“sevdaymış” bu”!..
Şair-publisist
Vaqif Məmmədovun “Sədərəkdə yazılan
gündəlik” kitabından oxuyuruq: “Şərurdan Sədərəyə
gəlirdik. Dəmirçi kəndinin
yaxınlığında gözləmədiyimiz və o vaxta
qədər görmədiyimiz çox böyük bir
maşın karvanı ilə rastlaşdıq. 150-200
yük maşınından ibarət bu karvanla Ermənistanda
yaşayan azərbaycanlılar
köçürülür...Ən daşqəlbli adam da
bu mənzərəni, bu faciəni görsə dəhşətə
gələr”. (21 noyabr 1988-ci il)
Bu faciə
tarixin müxtəlif dönəmlərində yaşanıb. Bəhruz
Kəngərlinin 1918-20-ci illərdə yaratdığı
“Qaçqınlar” silsilə əsərlərində əks
olunub. Sovet dövründə də bu hadisə təkrarlanıb. 1948-53-cü
illər deportasiya tarixinə nəzər salmaq kifayətdir ki,
minlərlə insanın acı taleyini təsəvvür edəsən. İ.
Stalinin 1947-ci il 23 dekabr tarixli SSRİ Nazirlər
Sovetinin qərarında göstərilir ki,
“könüllülük prinsipləri əsasında” Ermənistan
SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı
əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına
köçürülsün. Məqsəd Ermənistandan,
daha doğrusu, əzəli ata-baba yurdlarımızdan azərbaycanlıları
təmizləmək, ərazini erməniləşdirmək
idi. Ermənilərin digər planı “Böyük Ermənistana”
Naxçıvanı da daxil etmək olub. Lakin illərlə
planlarını gerçəkləşdirə bilməyən
ermənilər şanslarını bir də 90-ci illərdə
sınamağa başlayırlar. Sərhədboyu
işğalçılıq planlarını həyata
keçirməyə cəhd edən ermənilərdən ən
böyük zərbəni Sədərək aldı. 14
dəfə düşmənin qəfil hücumu ilə Sədərək ciddi
dağıntılara məruz qaldı.
Kərkini
niyə itirdik?
Bu
suala cavab tapmaq üçün tarixi vərəqləmək
lazım gəlir. Çünki Kərki 90-cı illərin
itkisi deyil. Sədərəyin bir parçası olan Kərki
ermənilərin zamanla, hətta deyərdim ki,
addım-addım həyata keçirdikləri məkrli
planlarının qurbanı idi. Və bu 1990-cı ildə
tam reallaşdı.
Sədərək
kəndinin 8-10 kilometrliyində yerləşən, 960 hektara
yaxın ərazini əhatə edən yaşayış məskənində
“O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik
daş”, “Sənəm zağası”, “Gavurqala”, “Cəhənnəm
dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”,
“Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut
bulağı” kimi toponimlər də bu torpağın qədim
tarixinin nişanələrindəndir. Lakin bu nişanələri
saxtalaşdırmaq, mənimsədikləri digər
çoxsaylı Azərbaycan torpaqları kimi Kərkiyə
iddia etmək kimi məkrli planlar həyata keçirməkdə
usta olan ermənilər bu istəklərinə də elə addım-addım
yaxınlaşdılar.
Azərbaycanın
xəritəsində Naxçıvan Muxtar Respublikasından kənarda çox
kiçik bir xətlə Azərbaycana -Sədərək ərazisinə
birləşdirilən bu kənd Ermənistan ərazisində
kiçik bir ada kimi göstərilib.
Tarixçi
alim Vaqif Məmmədov yazır: “Hələ Azərbaycan
Demokratik Respublikasının yarandığı ilk dövrlərdən
etibarən bir sıra iri imperialist dövlətlərinin
Naxçıvan ərazisinə diş qıcayıb bu
torpaqları ələ keçirməyə,
Naxçıvanda öz hakimiyyətlərini
qurmağa səy etdikləri bir vaxtda xəyanətkar
qonşumuz olan ermənilər də bu fürsəti əldən
verməyib Naxçıvanı ələ keçirmək,
öz ərazilərini Naxçıvan torpaqları
hesabına genişləndirmək iddiasında oldular. Hətta
1919-cu ilin mart ayında işğalçılıq məqsədi
ilə Naxçıvana gələn ingilislər də Şərur-Dərələyəz
mahallarının və Naxçıvanın ermənilərə
verilməsini tələb etdilər. Ancaq həmin vaxt
Naxçıvan, Nehrəm, Şərur və Sədərək
əhalisi layiqincə öz sözünü dedi”.
Moskva
və 1921-ci il oktyabr ayının 13-də Türkiyə,
Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan
arasında imzalanmış Qars müqavilələrində adı
çəkilən, eyni zamanda Sədərəklə Kərki
arasındakı ərazidə yerləşən
“Bağırsaq dərəsi”, “Cəhənnəm dərə”,
“Qaraağac”, “Qurdbaba”, həmçinin onlara yaxın olan “Kərkinin
düzü”, “Həsənqulu bağı”, “Kaha”, “Bəzirxana”,
“Qızıldaş”, “Köhnə Kərki” kimi yerlər də
Azərbaycan ərazisi olub.
Lakin
ermənilərin uzun illər boyu Moskvada, İrəvanda və
Gürcüstanda apardıqları xəyanətkar siyasətin
nəticəsi olaraq heç bir əsaslı səbəb
olmadan, hər iki müqavilənin şərtləri kobud
şəkildə pozulmuş və həmin müqavilələri
bağlayan dövlətlərin başı üstündən
qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18
fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycanın
Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr və ya
65 min 700 hektar torpaq sahəsi Ermənistana verilmişdir. Nəticədə
azərbaycanlı əhali zaman- zaman həmin əraziləri tərk
etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə
çevrilmişdir. Bütün bunlar azmış kimi Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli
qərarı ilə Naxçıvan Muxtar Respublikasının
Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi
Ermənistana verildi. Beləliklə, Kərki kəndi Azərbaycandan
(Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq
ada şəklinə düşdü.
1989-cu ildən
gözdən uzaq, könüldən iraq qalan Kərkinin
başını qara buludlar aldı. Ermənilər Sədərəkdən
Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən hər
axşam Sədərəkdən Kərkiyə
Qaraağac-Cəhənnəmdərə istiqamətindən yük
maşını ilə, bəzən də piyada 30-40 nəfər
könüllü müdafiəçi gedir, gecəni
səhərə kərkililərlə birlikdə kəndin keşiyini
çəkir, səhər geri qayıdırdılar. Vəziyyət
o yerə çatmışdı ki, Kərkidə yalnız
könüllü müdafiə dəstələrinin üzvləri
və rus hərbçiləri qalmışdı. 1990-cı
il yanvarın 15-də səhər saat 4 radələrindən
axşama qədər atışma getsə də, müasir
silahlarla silahlanmış ermənilərlə döyüşən
Kərkinin müdafiəçilərinin
bütün səylərinə baxmayaraq rus hərbçilərinin
əli ilə Azərbaycanın qədim torpağı, Sədərəyin
bir parçası olan Kərki ermənilərə “ərməğan”
edilir.
Sədərək
necə qorundu?
Sədərək
1990-93-cü illərdə 14 dəfə ermənilərin
güclü hücumuna məruz qalıb. Sədərəyə
300-ə yaxın top mərmisi atılıb, 500-ə
yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər
dağıdılıb. Düşmənin məkrli
planı, güclü texnika ilə qəfil hücumu və bu
qəfil hücuma hazırlıqlı olmayan sədərəklilər. Hələ
1988-ci ildən başlayan hadisələr, silahlı hücumlar 1990-cı
ildə kulminasiya nöqtəsinə çatdı.
Erməni-rus
birləşmələri Sədərək
yaxınlığındakı çox mühüm strateji əhəmiyyətə
malik olan Kərki kəndini işğal etməklə, Sədərəyin
şimali-şərq istiqamətindən öz hərbi
qüvvələrini Sədərəyə tərəf xeyli
irəlilədə bilmiş, Əjdəkan, Cintəndiri,
Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi
bir növ mühasirə vəziyyətinə
salmışdılar. Beləcə, Sədərək
ağır sınaqla üz-üzə qaldı.
Bütün
bu narahatlıqlara baxmayaraq Sədərəkdə həyat yenə
də öz axarında davam edir. 19 yanvar tarixində səhər
saat 11 radələrində eşidilən atəş səsləri
ilə məktəbdə dərslər dayandırılır. Naxçıvanın
və Şərurun bütün rayon və kəndlərindən
bu xəbəri eşidənlər Sədərəyin köməyinə
gəlirlər. Sədərəklilər və
Naxçıvanın müxtəlif bölgələrindən-
Şərurdan, Ordubaddan, Culfadan, Naxçıvan şəhərindən,
Nehrəmdən və digər kəndlərdən Sədərəyin
köməyinə gələn el oğulları birləşərək
öz sinələrini düşmənin önündə sipər
edirlər. öldü var, döndü yoxdu. Və
Sədərək yanvarın 19-da ilk şəhidlərini
verir: Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Məhəmməd
Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov,
Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin
qardaşları.
Səhər
saatlarında daha ağır bir xəbərlə üz-üzə
qalır sədərəklilər. Paytaxtda baş verən
20 yanvar faciəsi eşidən hər kəsi sarsır. Lakin
geri dönüş yoxdur. Daha güclü olmaq və
düşmənin illərdir həsrətində və
özününküləşdirmək planında olduğu
Naxçıvan arzusunu gözündə qoymaq. Sədərək
Naxçıvanın müdafiə qalasına çevrilir. Əli
silah tutan hər kəs ayağa qalxıb. Qadınlar,
qocalar, uşaqlar kənddən çıxarılaraq Sədərəklə
yaxınlığındakı Dəhnə adlı ərazidə
müvəqqəti olaraq çadırlarlarda yerləşdirilir. 1
nömrəli məktəb boşaldılaraq hərbi
kazarmanın ixtiyarına verilir. Hətta yuxarı sinif
şagirdləri də öz bacarıqları daxilində
köməyə qatılıblar. Məktəbli
uşaqlar dağlarda vuruşanlara çörək və su
daşıyır. Naxçıvanın bütün
kəndlərindən dəstə-dəstə
könüllülər gəlir Sədərəyin köməyinə.
1990-cı il iyul
ayının 22 -də Naxçıvana gələn ulu öndər
Heydər Əliyev iyulun 28-də Sədərək kəndinə
gəlir. Sədərəkdə baş verən hadisələrdən,
azğın ermənilərin Sədərək üzərinə
hücumlarından danışaraq Sədərək əhalisini
daha dözümlü, daha əzmkar olmağa, düşmən
qarşısında daha mətanətlə dayanmağa səsləyir.
29 avqust
1990-cı ildə Sədərək rayonunun yaradılması
haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı
çıxır. Qeyd edək ki, buna qədər Sədərək
o zaman İliç adlanan Şərur rayonunun tabeliyində
olub və rayonun yaradılmasında məqsəd müdafiəsini
və inkişafını gücləndirməyə xidmət
edib. Daim sədərəklilərin yaninda olan dahi rəhbər
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri
seçilməsindən cəmi iki ay sonra imzaladığı
’’Naxçıvan Muxtar Respublikası Sədərək
rayonunun inzibati-ərazi bölgüsündə dəyişiklik
edilməsi haqqında’’ Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarı da birbaşa o
böyük şəxsiyyətin Sədərək rayonuna
qayğı və diqqətinin təzahürü idi.
18
may 1992-ci il. Strateji baxımdan mühüm coğrafi
mövqedə yerləşən Laçın rayonu Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
edilir. Ermənilərin digər planı ilə həmin
gün Sədərək səddi də yarılmalı idi. Erməni
təcavüzkarları bütün qüvvələrini cəmləşdirib
üç istiqamətdən Əjdəkan dağı,
Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən
hücuma keçərək nəyin bahasına olusa olsun rayonu işğal etmək
qərarına gəlmişdilər. Düşmənin
ağır hücum əməliyyatları nəticəsində
Sədərk 38 şəhid verir. Yaralıların sayı
isə bundan da çox. Mildə şəhid olanlardan 17 nəfərinin
cəsədini götürmək mümkün olmur. Ulu
öndər Heydər Əliyevin səyi nəticəsində
10 gün sonra döyüşdükləri səngərdən
götürülərək torpağa
tapşırılır. Heydər Əliyev həmin
ağır günlərdə Sədərəyin müdafiəsində
yaralananların taleyinə də bir an belə biganə
qalmır, onların müalicəsi ilə maraqlanır,
ağır yaralıların qardaş Türkiyənin müxtəlif
şəhər xəstəxanalarına göndərilməsi
üçün ciddi tapşırıqlar verir.
1992-ci
il mayın 28-i tarixə həm də əlamətdar
bir hadisə ilə bağlı olaraq düşür. Həmin
gün Azərbaycan-Türkiyə arasında iqtisadi, mədəni,
sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu
körpüsü istifadəyə verilir. Körpünün
açılışında Türkiyənin o zamankı
Baş Naziri Süleyman Dəmirəl və qardaş ölkənin
digər yüksək səviyyəli hökumət nümayəndələri
də iştirak edirlər. Təbii ki, bu xəbər
pusquda duran ermənilər üçün
sarsıdıcı zərbə olur.
1993-cü
ilə qədər davam edən müharibədə
naxçıvanlılar ulu öndər Heydər Əliyevin ətrafında
sıx birləşərək Sədərəyi mərdliklə
qorumağa müvəffəq olurlar. Necə deyərlər,
el bir olsa, dağ oynadar yerindən. Bu müharibədə
109 nəfər şəhidlik zirvəsinə yüksəlir.
İllər
sonra
2002-ci il
avqust ayında muxtar respublikaya səfəri çərçivəsində Sədərək
rayon zəhmətkeşləri ilə görüşən
Heydər əvvəlki illəri belə xatırlayır: “Sədərək
rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən
Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd
olmuş və rayon statusu almış Sədərək həmişə
bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə
yerləşərək Azərbaycan torpaqlarını
qorumuş, saxlamış və mərdlik nümunələri
göstərmişdir. Mən indi qəsəbəni bu
cür görəndə həddindən artıq sevinirəm”.
1970-ci illərdə
ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə Sədərək rayonu ərazisində 71 ailədən
ibarət salınan nümunəvi qəsəbə ermənilərin
hücumu nəticəsində bərbad vəziyyətə
düşsə də, yenidən dirçəldilir. Sakinlərin
təşəbbüsü ilə qəsəbə qurucusu və
yaradıcısı Heydər Əliyevin şərəfinə
Heydərabad adlandırılır.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək
rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart
tarixli Sərəncamı ilə həyata keçirilən məqsədyönlü tədbirlər sərhəd bölgəsinin
inkişafına təkan verir.
Mərkəzi Heydərabad qəsəbəsi olmaqla abadlaşan, gözəlləşən Sədərək bu gün inkişafının ən yüksək dövrünü yaşayır. Sədərəklilər üçün 90-cı
illərin o dəhşət dolu, əzab dolu günləri
artıq geridə qalıb. Hər kəs
Naxçıvanın qeyrət qalası adlandırılan Sədərəyin
inkişafına öz töhfəsini verməyə
çalışır. İnsanlar qurur, yaradır, şən,
firavan günlərini yaşayırlar. Onlar artıq
arxayındırlar. Nə 1918-ci illərin, nə 1948-53-cü
illərin, nə də 90-cı illərin ruzgarı artıq
bu torpağın üstündən əsə bilməz. Sədərəyi
dövrələyən o məğrur dağların
başında müzəffər ordumuzun məğrur əsgərləri
keşik çəkir. Bugünkü Sədərək
düşmənə göz dağıdırsa, dağlarda məskən
salan igidlərimiz yarılmaz səddir. O sədd Kərkiyəcən
uzanacaq. Çünki tarix həqiqətin tərəfindədir.
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
Televiziyasının baş redaktoru
525-ci qəzet.- 2020.- 7 fevral.- S.10;16.