Mehmandarovun peterburqlu oğlu
Batmaqda olan may günəşinin soyuq şüaları artıq şiş ucları göylərə dirənən qocaman Qırxqız dağının həmişə başı qarlı zirvələri arasında əriməkdə idi.
Qohum-əqraba, qonum-qonşu,
dost-tanış bayaqdan Çanaqqalaya - el ağsaqqalı, həkim Əbdülkərim bəy Mehmandarovun başına toplaşmışdı. Hamının da nigaran
baxışları Əsgərandan Şuşaya gələn
yola dikilmişdi. Əbdülkərim bəy isə daha
çox narahatçılıq keçirirdi. Neynəsin,
axı ata qəlbi, ata ürəyi övlad sarıdan həmişə
nigaran olur, həyəcan keçirir, kövrəlir. Bir
gün əvvəl o, Bakıdakı övladlarından teleqram
almışdı ki, oğlu Leninqraddan gəlib, Allah
qoysa, sabah axşama yaxın Şuşada olacaq. Bu bir
gün ataya bir il qədər uzun
görünürdü. Gözləri yola dikilib qalmış
yetmiş beş yaşlı qoca bir yerdə qərar
tuta bilmir, fikir-xəyal içərisində o yan-bu yana var-gəl
edirdi. O, ayaq üstə durmaqdan artıq yorulduğunu hiss eləyib,
qayanın qaşında oturdu, əllərini qaşları
üstünə qoyub, göz işlədikcə uzanan yollara
baxmağa başladı. Və birdən xəyalı
cövlan eləyib, neçə il əvvələ
qol-qanad açdı, onu uzaq Neva sahillərinə apardı,
peterburqlu günləri bir-bir gəlib yaddaşından
boylandı...
On
doqquzuncu yüzilliyin yetmişinci illəri idi. Əbdülkərim
bəy Mehmandarov Peterburq Tibb Cərrahlıq
Akademiyasının tibb şöbəsində təhsil
alırdı. Məşğələlərdən sonra
o, tez-tez mütərəqqi əhval-ruhiyyəli gənclərə
qoşulub, Peterburq Ali Qadın Tibb kurslarında oxuyan Aleksandra
Mixaylovna Dolqanovanın evində keçirilən
yığıncaqlara gedirdi. Belə toplantılar,
görüşlər gənc tələbələrin
gözünü açır, onlarda inqilabi və azadlıq
ideyalarını artırırdı. Başdan-ayağa bu
ideyalarla silahlanmış bu məşhur rus qızı ilə
daha yaxından tanış olması, ali təhsilini başa
vurandan sonra bir müddət Peterburq Hərbi Klinik Xəstəxanasında
işləməsi və nəhayət, Aleksandra ilə ailə
həyatı qurması şirin və yaddançıxmaz bir
xatirə kimi gözləri önündən gəlib-keçdi. Oğlu
anadan olmamışdan əvvəl isə Qafqaza qayıtmaq
fikrinə düşdü. Ona Peterburqda qalıb işləməyi
təklif edənlərə isə cavabı belə oldu:
"Mən xalqıma xeyir vermək üçün
oxumuşam, burda qalıb işləmək üçün
yox. Ona görə də mütləq xalqımın
yanına qayıtmalıyam". O vaxtdan da gənc həkim
Azərbaycana qayıtmış, yarım əsrə yaxın
Qarabağda həmyerlilərinin sağlamlığının
keşiyində dayanmışdı. Lakin Vətənə
dönərkən sevimli həyat yoldaşı Aleksandraya
onunla getməyi təklif eləsə də, tərəddüdlər
içərisində qalan qız razılıq verməmişdi. Və
Aleksandra Dolqanova Peterburqda Əbdülkərim bəyin yolunu
düz yeddi il gözləmiş, bu qafqazlı
balasının bir daha geri qayıtmayacağına əmin
olduqdan sonra başqasına ərə getmişdi. O vaxt
oğlu Mixailin artıq yeddi yaşı vardı.
1929-cu ildə,
Mixailin qırx yeddi yaşı tamam olanda oğluna sürpriz
etmək üçün anası uzun illərdən bəri
ürəyində saxlayıb gəzdirdiyi sirri oğluna
açmış, doğma atasının kim olduğunu
açıb-söyləmişdi. Bu hadisə Mixailə bərk
təsir etmiş və atasının sağ olduğunu
öyrənib, onu görmək üçün Azərbaycana
gəlmişdi.
Hələ
neçə illər əvvəl Əbdülkərim bəyin
Peterburqda yaşayan əmisi oğlu, həkim İbrahim bəy
Mehmandarov onu dəfələrlə oğlu ilə
görüşdürməyə cəhd eləmiş, amma nədənsə
Əbdülkərim bəy razılıq verməmiş, bu təklifdən
boyun qaçırmışdı. İndi isə elə
bil hiss eləmişdi ki, ömrünün son
payızıdır və eşidəndə ki, oğlu Mixail
artıq Bakıdadır, qatarla Yevlaxa, ordan da Şuşaya gələcək,
fərəhindən uçmağa qanad axtarırdı.
... Budur,
uzaqdan, lap uzaqdan, Ağa körpüsündən də xeyli
aşağı balaca nöqtələri xatırladan iki
qaraltı get-gedə yaxınlaşdıqca,
böyüdükcə Əbdülkərim bəyin həyəcanı
birə-beş artmağa başladı. Faytonçular da
sanki bu vüsalı, bu həsrəti duyublarmış kimi
atları qamçılayaraq faytonlarının sürətini
artırır, ata-balanı bir-birinə tez qovuşdurmağa
çalışırdılar. Əyri-üyrü,
dolanbac yolları arxada qoyan faytonlar Yeddiqatı keçib,
Çanaqqalaya doğru dikəldilər və bir neçə
dəqiqədən sonra yol gözləyənlərlə
qabaq-qənşər dayandılar. Əbdülkərim bəyin
də, qohum-qardaşın da intizarına son qoyuldu. Faytonların
birində kürəkəni Şamil bəy Mahmudbəyov,
qızı Məhbubə xanım, onların beş yaşlı
övladları Elmira, o birisində isə oğlu Rəşid
bəy, arvadı Varvara Moiseyevna və Mixail oturmuşdu. Qırx
beş-əlli yaşlarında, ucaboy, enlikürək, eynəkli
cavan faytondan düşəndə Əbdülkərim bəy
özünü onun üstünə atdı. Ata-bala
sarmaşıq kimi bir-birinə sarıldı. Ata ilk dəfə
gördüyü oğlunu duz kimi yalamağa başladı. Sonra
başını onun çiyninə qoyub, göz
yaşlarını saxlaya bilmədi. Mixail də
özünü ələ ala bilməyib, göz
yaşlarını atasının göz yaşlarına
qatdı. Onlar bir neçə dəqiqə bir-birindən
ayrılmadılar. Bu mənzərəni seyr edənlər
- həmin vaxt əmisi oğlunu yoluxmaq üçün
Şuşaya gəlmiş İbrahim bəy, Əbdülkərim
bəyin oğlanları Ədil bəy və Surxay bəy də
kənarda durub, həsrətli ata-balanın bir-birlərinə
necə qovuşmalarına sakitcə tamaşa edirdilər. İlahi,
insan bir-birinə necə də oxşayarmış. Elə
bil bir almanı tən yarı bölmüşdülər. Mixail,
deyəsən, təkcə boy-buxunda ana tərəfə
çəkmişdi.
Sonra
Mixail hamıyla əl tutub görüşdü. Bir yerdə
Əbdülkərim bəyin Təzə məhəllədəki
ikimərtəbəli imarətinə yollandılar. Tut
ağacına bağlanmış qurbanlıq qoyun Mixailin
ayaqları altına çəkildi. Əbdülkərim bəyin
zövcəsi Zəri xanım onu öz doğma balası kimi
qəbul elədi. Analığının dəmlədiyi
Qarabağ plovu, on iki kiloluq quzunun qabırğasından
şişə çəkilmiş qanlı kabab Mixailə
özgə ləzzət verdi, uzun müddət dadı
damağından getmədi. İlk dəfə ata evində
olan Mixaili dədə-babalarının adət-ənənələri,
qonaqpərvərlikləri, milli yeməkləri məftun eləmişdi.
Mixail həmin il bütün
məzuniyyətini ata yurdunda keçirdi. Qohumları,
qardaşları onu Şuşa torpağını
qarış-qarış gəzdirdilər. Mixail Cıdır
düzündə, İsa bulağında, Topxanada,
Daşaltıda, Turşsuda, Kirsdə, çay kənarında,
meşələrdə, ata-babalarına məxsus
ucu-bucağı görünməyən meyvə
bağlarında, bir sözlə, bütün gəzməli,
görməli yerlərdə dəfələrlə oldu,
doğma yurdunun gözəlliklərini gözlərinə
köçürdü. Və Peterburqa qayıdarkən hər il məzuniyyətini
Azərbaycanda keçirməyə söz verdi.
... Mixail
atası həmişəlik Qafqaza qayıdandan azca sonra,
1882-ci il yanvar ayının 24-də doğuldu.
Aleksandra Dolqanova yeddi il ərinin yolunu ismətlə
gözlədi və onun bir daha bu yanlara üz
tutmayacağını qətiləşdirib, Vergi və
İçkilərin Dövlət Satışı Baş
İdarəsində məmur işləyən Dmitri
Aleksandroviç Tuşinski ilə ailə həyatı qurdu.
Ziyalı və xeyirxah bir adam kimi tanınan Dmitri Aleksandroviç
Mixaili doğma oğlu kimi qəbul elədi və ona öz ad
və familiyasını yazdırdı. Oğlunun
qayğısı və tərbiyəsi ilə əsasən,
anası məşğul oldu. Onun hələ kiçik
yaşlarında xarakterinin formalaşmasında, gələcək
həyat və peşə yolu seçməsində Aleksandra
Dolqanova mühüm rol oynadı.
On
yaşına çatanda Mixaili Birinci Peterburq Gimnaziyasına
qoydular. Hələ aşağı siniflərdə oxuyarkən
onun adı daim əlaçılar sırasında çəkilirdi. Mixail
burda klassik latın və yunan dillərini, eyni zamanda,
almancanı və fransızcanı da mükəmməl
öyrəndi. O, yuxarı siniflərdə oxuyarkən şəhərdə
gizli bir təşkilat yaradılmışdı. Bu qurumun
vəzifələri sosial-demokratların ideyalarına çox
yaxın idi. "Öz biliyini inkişaf etdirmək" məqsədilə
fəaliyyətə başlayan bu təşkilata həm kişi,
həm də qadın gimnaziyalarının şagirdləri
daxil olurdular. 1898-ci ildə Mixail də bura üzv
yazıldı. Təşkilat üzvləri az bir
müddət içərisində zəngin bir kitabxana da
yaratdılar. Gimnaziya tələbələri Karl Marksın,
Fridrix Engelsin təlimləri ilə, Georgi Valentinoviç
Plexanovun və Vladimir İliç Leninin əsərləri ilə
ilk dəfə burda tanış olurdular. Təşkilat
üzvləri lazımi ədəbiyyatı mütailə edir,
siyasi iqtisad məsələlərinin müzakirəsi ilə
məşğul olur, hətta başqa şəhərlərin,
xüsusilə də, Kiyevin dərnəkləri ilə sıx
əlaqə saxlayırdılar. Digər yoldaşları
kimi bu işlərdə fəal iştirak etməsi Mixaildə
də inqilabi ideyaları
yaradıb-formalaşdırırdı. O, sonralar bu təşkilatı
"inqilabi dövrün özünəməxsus komsomolu"
adlandıraraq yazırdı: "...Yadımdadır,
1900-cü ilin 1 Mayı üçün biz - birinci sinif
şagirdi Pyotr Mogilyanski və mən - səkkizinci sinif
şagirdi gimnaziya şagirdlərinə hektoqrafda "1 Mayda,
bu yaz bayramında biz sizə xoşbəxtlik arzusu göndəririk,
gənclərdən gənclərə salam göndəririk..."
sözləri yazılmış vərəqə
buraxdıq. Vərəqə gənclərin və
güclülərin qələbə çalması inamı
ilə qurtarırdı.
1900-cü
ildə Mixail Tuşinski gimnaziyada səkkizillik tam kursu bitirib,
kamal attestatı aldı və universitetə, başqa ali təhsil
müəssisələrinə imtahansız girmək hüququ
qazandı. O, həkim olmaq arzusunun dalınca getdi, elə həmin il də
Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu. Mixailin bu
peşəni seçməsi təsadüfi deyildi. Hələ
kiçik olanda anasının xəstələri evdə necə
qəbul etməsini, həkim-xəstə münasibətlərini
maraqla izləyir, tez-tez bu barədə anasına suallar verirdi. Elə
anasının canlı nümunəsi, ailədə hökm
sürən tibbi mühit, tərbiyə sistemi də onun bu
peşəni seçməsinə ciddi təsir göstərmişdi. Bəlkə
də, həkimliyə bu maraq, bu həvəs eyni zamanda, irsən,
qandan gəlirdi. Axı onun damarlarında həkimliyi
özünə əbədi peşə seçmiş
Əbdülkərim bəy Mehmandarovun qanı axırdı.
Akademiyada
Mixail sonralar Rusiya fiziologiya məktəbinin banisi olmuş
İvan Petroviç Pavlov, məşhur nevropatoloq Vladimir
Mixayloviç Bexteryev və başqa görkəmli alimlərin
və pedaqoqların mühazirələrini dinlədi, onlardan
çox şeylər öyrəndi,
görüb-götürdü. Dərslərini əla
oxuması, yoldaşları ilə mehriban münasibəti,
şən, şux zarafatları ona müəllimlərinin də,
tələbələrin də dərin hörmətini
qazandırmışdı. Dünyagörüşü
sürətlə formalaşan Mixailin ictimai həyatı
yalnız auditoriyalarla məhdudlaşmırdı. O,
akademiyanın əsas binasında yerləşən
kitabxananın idarə heyətinin üzvü idi. Gənclər
tez-tez tələbələrin inqilabi hərəkatının
formalaşmasında əsas özəklərdən sayılan
bu bilik ocağına toplaşır, müxtəlif siyasi məsələləri
müzakirə edirdilər. Onlar sosial-demokrat və
başqa mütərəqqi inqilabi təşkilatlarla əlaqə
saxlayır, müntəzəm olaraq tələbə
çıxışları təşkil edirdilər. Bu
çıxışların önündə gedənlərdən
biri də Mixail idi.
1902-ci
ilin əvvəllərində Kiçik Teatrda fitnəkar,
antisemit ruhlu "Kontrabandçı" pyesi tamaşaya
qoyuldu. Universitet tələbələri buna öz qəti
etirazlarını bildirdilər və bu barədə akademiyada
yığıncaq keçirildi. Yığıncağın
təşkil olunmasında fəallıq göstərdiyinə
görə 1904-cü il dekabrın 3-də Mixail
Tuşinski nazirin əmri ilə akademiyadan xaric edildi. Lakin o,
inqilabi fəaliyyətdən bir an da olsun,
ayrılmadı, var-qüvvəsi ilə azadlıq
ideyalarını təbliğ eləməyə
başladı. Onu da qeyd etmək yerinə düşər
ki, Mixailin arxivində indiyə qədər həmin dövrə
aid maraqlı bir fotoşəkil qorunub saxlanılır. Onunla
birlikdə akademiyadan qovulmuş bir qrup tələbə
böyük rus inqilabçı-demokratı və mütəfəkkiri
Nikolay Qavriloviç Çernışevskinin portreti ətrafına
toplaşıb, şəkil çəkdirmişdilər. Bu
isə o dövr üçün çarizmin irticaçı
siyasətinə, mütləqiyyətə qarşı
açıq-aşkar nümayiş demək idi.
Coşqun
inqilabi və ictimai fəaliyyəti, akademiyadan qovulması bu vətənpərvər
və fədakar tələbənin həkimlik peşəsinə
olan həvəsini heç də azaltmadı. O, akademiyada
mənimsədiyi nəzəriyyəni praktiki işlə birləşdirmək
üçün bir müddət Novqorodşinada, Samara
yaxınlığındakı Pekovşinada feldşer məntəqələrində
işlədi. Rus-yapon müharibəsinin qızğın
çağında isə Mixail könüllü olaraq Uzaq
Şərqə yollandı. Mancuriyanın döyüş
meydanlarında Peterburq Qırmızı Xaç Cəmiyyətinin
altıncı səyyar dəstəsinin tərkibində
yaralılara ilk tibbi xidmət göstərdi, burda xeyli
tibbi-praktik təcrübə topladı.
Rus-yapon
müharibəsindən alnıaçıq, üzüağ
qayıdan gənc Mixail 1905-ci ildə öz səyi və
çalışqanlığı sayəsində akademiyaya bərpa
edildi. Bundan sonra da o, inqilabi və ictimai fəaliyyətlə
daha ciddi və müntəzəm məşğul olmağa
başladı. Yenə də tələbələri səfərbərliyə
aldı, yığıncaqlar keçirdi, toplantılara da
özü rəhbərlik elədi. 1906-cı ilin əvvəllərində
Mixail Dmitriyeviç Tuşinski Dövlət Dumasına
seçkilər zamanı bolşeviklərlə menşeviklər
arasında müzakirə aparılanda ilk dəfə olaraq
burda Vladimir İliç Lenini gördü, onunla
yaxından tanış oldu. Rus
proletariatının rəhbəri ilə
tanışlığı onun
dünyagörüşünün inqilabi əhval-ruhiyyədə
tam formalaşmasında çox böyük və əhəmiyyətli
rol oynadı, Mixaili peşəkar inqilabçılara daha da
yaxınlaşdırdı.
Həmin il oktyabrın
24-də - Peterburq Fəhlə Deputatları Sovetinin üzvlərinin
məhkəməsi olduğu gün akademiyada Mixailin sədrliyi
ilə izdihamlı tələbə
yığıncağı keçirildi. Tələbələr
və bəzi müəllimlər kəskin
çıxışlar etdilər. Axırda mübarizə
aparan proletariatın qabaqcıl dəstəsi təbrik edilən
qətnamə qəbul edildi. Lakin ertəsi gün bu qətnaməni
olduğu kimi müəyyən fitnəkar məqsəd güdən
"Novoye vremya" qəzeti dərhal öz səhifəsinə
çıxartdı. Qəzetin həmin nömrəsi hərbi
nazirə çatdırıldı və o, akademiyanın rəisini
yanına çağırıb, qətnaməni ləğv
etməyi tələb elədi. Rəhbərlik məcburiyyət
qarşısında qalıb, ümumi iclas
çağırdı. Bura doqquz yüz tələbədən
yalnız yüz iyirmi nəfəri gəldi. Bununla da
iclasın keçirilməsi baş tutmadı və nazirin əmri
yerinə yetirilməmiş qaldı.
Hərbi
nazir 1905-ci il ərzində akademiyanın tələbələrinin
fəaliyyətini yoxlamaq üçün istintaq komissiyası
yaratdı. Tələbələr, inqilabi
çıxışların iştirakçıları
istintaqa ifadə verməkdən imtina etdilər. Lakin
çanaq yenə də Mixailin başında çatladı. O
da, başqa bir tələbə yoldaşı da bərpa
olunmamaq şərti ilə beşinci kursdan akademiyadan
çıxarıldı. Və bu barədə hərbi
nazirin əmri dərc olundu. "Başına gələn
başmaqçı olar" - deyə fikirləşən
Mixail bundan da sarsılmadı, əksinə, inqilabi fəaliyyətini
yeni həvəslə, yeni şövqlə davam etdirdi. Əvvəlcə
müxtəlif fəhlə dərnəklərində təşviqat
işləri aparmaqla məşğul oldu. Sonra
partiyanın rayon təşkilatı ona Rusiya Sosial-Demokrat Fəhlə
Partiyasının Peterburq komitəsi yanında hərbi işə
keçməyi təklif elədi. Və beləliklə,
Mixail Novoçerkassk polkunda fəaliyyətə
başladı. Çox keçmədən onu tutdular,
üç ay yarım həbsxanada yatdı. Lakin heç
bir ciddi sübut tapa bilmədiklərindən onu buraxmağa məcbur
oldular.
Praktiki təcrübəsi,
bacarığı və qabiliyyəti 1907-ci ildə akademiyada
dövlət imtahanlarını uğurla verib, fərqlənmə
diplomu almağa ona imkan yaratdı. Lakin təhsil illərində
təqaüd almadığına görə hərbi sahədə
xidmət etmək Mixailə icazə verilmədi. Ona
görə də diplom alan günün səhəri
o, bir tələbə dostu ilə Peterburqun məşhur Obuxov
xəstəxanasına yollandı. Baş həkim Aleksandr
Afanasyeviç Neçayevin yanında oldu, burda işləmək
arzusunda olduğunu bildirdi. Aleksandr Afanasyeviç onları
gülərüzlə qarşılayıb: "Xoş gəlmisiniz!
Amma ştat vahidimiz olmadığına görə sizə
maaş verə bilməyəcəyik" - dedi. Dostlar "təki
iş olsun" - deyə fikirləşib, "Ciyər Xəstəliyinə
Tutulanlar şöbəsi"ndə fəaliyyətə
başladılar. Mixail burda əvvəlcə ekstern həkim,
sonra ştatdankənar ordinator və bakterioloq, terapevt şöbəsinin assistenti və
ordinatoru, çox-çox sonralar isə bu şöbənin
müdiri vəzifəsində çalışdı.
Həmin
vaxtlar Peterburqda vəba epidemiyası tüğyan edirdi. Vətənpərvər
həkim, necə deyərlər, əl-qolunu
çırmalayıb, bu amansız xəstəliyə
qarşı mübarizə aparmağa başladı. O, həm
xəstələri müalicə edir, həm də bu xəstəliklər
barədə elmi əsərlər yazaraq müxtəlif mətbuat
orqanlarında dərc etdirirdi.
Mixail
Dmitriyeviç Tuşinski daim öyrənməyə, təkmilləşməyə
çalışırdı. Ona görə də o,
1909-cu ilin yayında Berlin şəhərinə getdi, görkəmli
tibb mütəxəssisi, professor Albanın yanında təcrübə
keçdi. Məşhur alim Vassermanın mədə-bağırsaq
infeksiyası və reaksiyasını öyrənib mənimsədi. Salvarsanla
bəzi yoluxucu xəstəliklərin müalicəsi, sonralar
isə yeni salvarsanla ağ ciyər
qanqrenalarının müalicəsi üzrə ilk tədqiqatlar
apardı. Bu tədqiqatlar tibb elmini bir çox kəşfləri
ilə zənginləşdirmiş görkəmli alman alimi, həkim,
bioloq, patoloq Paul Erlixin rəhbərliyi ilə həyata
keçirildi. Mixail Tuşinski preparatın tətbiqi
metodikasını da işləyib hazırladı, onun dozalara
bölünməsini müəyyənləşdirərək
çox gözəl nəticələr əldə elədi. Bütün
bunlar isə yeni-yeni elmi əsərlərin mövzusuna
çevrildi və gənc həkim məqalələrini
müntəzəm olaraq "Russkiy vraç" jurnalında
dərc etdirməyə başladı. Bu jurnalın
1909-1913-cü illər arasında çıxan, demək olar
ki, hər bir nömrəsində onun adına ya məqalə
müəllifi kimi, ya da xronika şöbəsində rast gəlmək
olar.
Birinci
Dünya müharibəsi başlananda Mixail Dmitriyeviç
Tuşinski də səfərbərliyə alındı və
həkimlər ordusunun tərkibində cəbhəyə
göndərildi. O, əvvəlcə II Kaufmansk
hospitalının böyük ordinatoru oldu, 1916-cı ilin
mayından isə Cənub-Qərb cəbhəsində
Qırmızı Xaç Cəmiyyətinin birinci yoluxucu xəstəliklər
hospitalında baş həkim vəzifəsini apardı. Müharibə
başa çatandan sonra o, Peterburqa qayıtdı, Obuxov xəstəxanası
bazasında yeni yaradılmış Tibbi Biliklər Dövlət
İnstitutunun nəzdində daxili xəstəliklər
diaqnostikası klinikasına ordinator vəzifəsinə dəvət
olundu. 1921-ci ilin noyabrında təcrübəli həkim
Marinsk xəstəxanasında yerləşən Həkimləri
Təkmilləşdirmə Klinik İnstitutunun nəzdindəki
ikinci daxili xəstəliklər klinikasına böyük
assistent vəzifəsinə keçirildi. Burda işlədiyi
dövr ərzində gənc tibb mütəxəssisi səpgili
yatalaq üzrə bir sıra mühüm tədqiqatlar
apardı və bu tədqiqatların nəticəsində
onlarla elmi əsər yazdı. Bütün bunlar da onun
"Səpgili yatalağa tutulmuş xəstələrin
onurğa beyni mayesinin və qanının xassələri
üzərində müşahidələr" adlı
doktorluq dissertasiyasının mövzusu oldu. 1922-ci ildə
Peterburq Hərbi Tibb Akademiyasında uğurla müdafiə
etdiyi bu fundamental əsər səpgili yatalaq barədə ən
yaxşı və orijinal elmi kəşflərdən biri kimi qiymətləndirildi. Bu
dissertasiyasında istedadlı alim qarşısına
qoyduğu məsələlərin - səpgili yatalaq xəstəliyi
dövründə onurğa beyni mayesinin dəyişilməsi
xarakterinin, bütün mümkün ola bilən
üsullarının üzə çıxarılması, qan
dəyişkənliyi və onurğa beyninin mayesi arasında
qarşılıqlı əlaqələrin öyrənilməsi
və sair həllini tapdı. Mixail Dmitriyeviç Rusiyada
ilk dəfə olaraq beyin təzahürləri ilə səpgili
yatalağa tutulmuş xəstələrdə onurğa beyninin
punksiyasını tətbiq etdi və onun həyata
keçirilməsi üçün dəqiq göstərişlər
işləyib hazırladı. Həmin vaxt ölkədə
görkəmli bir tibb mütəxəssisi kimi tanınan Mixail
Dmitriyeviç Tuşinski 1921-ci ildə A.A.Neçayevin təşəbbüsü
və iştirakı ilə P.Botkin adına Terapiya Cəmiyyətinin
təsis edilməsi üçün yaradılmış təşkilat
komitəsinin tərkibinə daxil edildi.
1922-ci ildə
Mixail Dmitriyeviç Tuşinski I Leninqrad Tibb İnstitutuna
işə dəvət olundu. Bir müddət burda
privat-dosent və fakültə daxili xəstəliklər
klinikasında şöbə müdiri, 1928-ci ildən
ömrünün sonunadək isə daxili xəstəliklər
popedevtikası kafedrasının müdiri vəzifəsində
çalışdı. Oğlunun kafedra müdiri
seçilməsinə çox sevinən Əbdülkərim
bəy Mehmandarov 1929-cu il noyabrın 17-də uzaq
Şuşadan ona göndərdiyi məktubda yazırdı:
"Səni və xüsusilə, möhtərəm Aleksandra
Mixaylovnanı ürəkdən təbrik edirəm... Sənin
şöhrətin, ilk sovet alimləri sırasındakı gələcəyin
onu mükafatlandıracaq, sakitləşdirəcək, qoca
vaxtında ona sevinc və rahatlıq gətirəcək. Onunla
fəxr edərək qarşısında baş əyirəm".
Mixail
Dmitriyeviç Tuşinski özünü həmişə S.A.Botkin
və İ.P.Pavlov məktəbinin yetirməsi hesab edir, müəllimlərinin
ənənələrini layiqincə davam etdirərək bu məktəbdə
qazandıqlarını elmi və praktiki fəaliyyətində
həyata keçirirdi. Elmi, pedaqoji və ictimai fəaliyyəti
bir-biri ilə sıx bağlı olan professor institutun tələbə
elmi cəmiyyəti şurasının sədri kimi sonralar ənənəvi
hala çevrilmiş tələbə konfranslarının
keçirilməsinin təşkilatçısı idi. Onun
rəhbərlik etdiyi kafedrada qırx səkkiz tələbə
bu konfranslarda məruzə etmiş və bu məruzələrin
böyük bir qismi müstəqil elmi-tədqiqat işi kimi
müxtəlif jurnallarda çap edilmişdi. Ümumiyyətlə,
Mixail Dmitriyeviç ictimai işlərə həddindən
artıq vaxt ayırırdı. Hələ Sovet hakimiyyətinin
ilk günlərində o, səhiyyənin təşkili
işində fəal iştirak etmiş, həkimlərin bir
sıra Ümumittifaq və Ümumrusiya qurultaylarının
nümayəndəsi seçilmiş, 1926-cı ildən həmkarlar
ittifaqları Leninqrad quberniya Sovetinin üzvü, 1930-cu ildən
isə on üçüncü çağırış
Leninqrad Sovetinin deputatı olmuşdu. Leninqrad terapiya cəmiyyətinin
yaradılması da bu fəal ictimaiyyətçinin adı ilə
bağlıdır. Mixail Dmitriyeviç əvvəlcə
orda katib olmuş, sonra sədr müavini seçilmişdi. 1932-ci
ildə cəmiyyətdə hematoloji bölmənin əsasını
da o qoymuşdu. Ümummittifaq terapiya cəmiyyəti bu
görkəmli alimi özünün fəxri üzvü
seçmişdi. Görkəmli tibb mütəxəssisi
uzun illər Leninqrad şəhər Səhiyyə Şöbəsinin
nəzdində qriplə mübarizə üzrə komitənin,
həmçinin, Böyük Tibb Ensiklopediyasının
redaksiya kollegiyasının üzvü olmuşdur.
Gənclərin
böyük dostu olan Mixail Dmitriyeviç Tuşinski onların
tərbiyəsinə, bir vətəndaş kimi inkişaf edib
yetişməsinə də böyük əhəmiyyət
verirdi. O, institutda çıxan çoxtirajlı
"Puls" qəzetində maraqlı məqalələrlə
çıxış edir və bu yazılarda Leninqrad tələbələrinin
keçmişdəki şanlı inqilabi ənənələrindən,
proletariatın dahi rəhbəri Vladimir İliç Leninlə
və başqa inqilab xadimləri ilə unudulmaz
görüşlərindən söhbət açır,
onlarda vətənpərvərlik hissləri oyadırdı.
Professor tələbələrini həmişə
öz biliklərini artırmağa, xüsusən də, xarici
dilləri öyrənməklə məşğul olmağa
çağırırdı.
Böyük
Vətən müharibəsi Mixail Dmitriyeviç Tuşinskinin
həyat yolunda yeni və mühüm bir mərhələyə
çevrildi. Bu dəhşətli bəla bütün
leninqradlılar kimi onu da öz evində haqladı. Doğma
şəhərinin ağır günlərində bu
müdrik insana xas olan vətənpərvərlik, mərdlik,
ruh yüksəkliyi, adamlarda ümid yaratmaq, onları qələbəyə
ruhlandırmaq bacarığı kimi xarakterik xüsusiyyətlər
daha qabarıq şəkildə üzə çıxdı. Və
heç də təsadüfi deyil ki, Mixail Dmitriyeviç məhz
1942-ci ilin yayında, şəhərin lap ağır günlərində
hələ yeniyetmə yaşlarından mənəvi cəhətdən
bağlı olduğu Kommunist Partiyası sıralarına
keçməklə həmkarlarına nümunə göstərdi. O,
mürəkkəb və ağır bir şəraitdə,
rahatlıq nə olduğunu bilmədən Leninqrad cəbhəsi
döyüşçülərinin sağlamlığı və
aclıq çəkən əhaliyə tibbi yardım göstərmək
sahəsində çətin və şərəfli vəzifələrin
öhdəsindən uğurla gəldi. Yorulmaz həkim bir
gün də olsun klinikadakı iş otağını tərk
etmir, bütün enerjisini və qüvvəsini xəstələrə
qayğıya sərf edirdi. Hətta elə vaxt olurdu ki,
altmış yaşlı həkim özünün
qayğısına, ümumiyyətlə qalmırdı. Bu
da onun sağlamlığı üçün ciddi təhlükə
yaradırdı. Belə bir vəziyyətdə mühasirədə
olan şəhərdən çıxmaq təklifi ediləndə
o, bundan qətiyyətlə imtina etmiş, yenidən
var-qüvvəsi ilə işini davam etdirməyə
başlamışdı. Çünki Mixail
Dmitriyeviçin qələbəyə inamı güclü
idi və öz fəaliyyəti ilə bu qələbənin
tam təmin olunmasına çalışırdı.
Bütün
çətin günlərdə istedadlı alim şəhərin
müdafiə işləri ilə yanaşı, elmi işlərini
də davam etdirir, ali məktəb tələbələri
ilə məşğələ aparırdı. Aşağı
kurslar başqa şəhərlərə
köçürüldüyü üçün institutda
qrupların sayı azalmışdı. Və bu qruplarda
bütün mühazirələri professor özü təkbaşına
oxuyurdu. 1942-ci ilin sonlarında bu təşkilatçı
alimə Leninqrad şəhər Səhiyyə Şöbəsi
sistemində Baş Mütəxəssislər İnstitutu
yaratmaq tapşırıldı. O, bu vəzifəni də
layiqincə yerinə yetirdi və institut qısa müddətdə
fəaliyyətə başladı. Bundan sonra Mixail
Dmitriyeviç Tuşinski Leninqrad şəhərinin baş
terapevti vəzifəsinə irəli çəkildi. Onun
qayğısı birə-beş artsa da, yenə də bu
işlərin hamısının öhdəsindən şərəflə
gəldi. Təcrübəli həkim Sovet Ordusunda
mövcud olan sistem nümunəsində mühasirədə
olan şəhər əhalisinə o dövr üçün
olduqca böyük əhəmiyyəti olan terapevt köməyi
təşkil edərək Leninqrad cəbhəsinin tibbi xidməti
ilə sıx əlaqə yaratdı. Ümumiyyətlə,
mühasirə illərində əhaliyə və
döyüşçülərə tibbi yardım göstərilməsi
üzrə Mixail Dmitriyeviç Tuşinski ən çətin
vəzifələrin öhdəsindən uğurla gəldi. Elə
bu fəaliyyətinə və xidmətlərinə görə
də 1944-cü ildə əməyi Lenin ordeni ilə qiymətləndirildi. Sonralar
onun sinəsini ikinci Lenin ordeni, "Leninqradın müdafiəsinə
görə" və "Böyük Vətən müharibəsində
şərəfli əməyə görə" medalları
bəzədi.
Geniş
və çoxcəhətli elmi fəaliyyətlə məşğul
olan görkəmli alim tədqiqatlarını, əsasən,
üç istiqamətdə - hematologiya, pulmonologiya və
yoluxucu xəstəliklər sahəsində aparırdı. O,
hələ sağlığında ölkənin ən məşhur
və aparıcı hematologiya mütəxəssislərindən
biri hesab olunurdu. Məhz tibb sahəsində qazandığı
elmi nailiyyətlərə görə Mixail Dmitriyeviç
Tuşinski 1945-ci ildə SSRİ Tibb Elmləri
Akademiyasının həqiqi üzvü seçilmişdi. Bu
istedadlı alimin qələminin məhsulu olan neçə-neçə
elmi məqalə, monoqrafiya, dərslikdən bu gün də ali və
orta ixtisas tibb məktəblərində geniş istifadə
olunur.
Tibbi
biliklərin gözəl təbliğatçısı olan
Mixail Dmitriyeviç Tuşinski 1929-cu ildən - onun
üçün o unudulmaz gündən ömrünün
sonuna kimi müntəzəm olaraq Azərbaycana gəlmiş,
yaxın qohumları ilə daim məktublaşmış,
respublikamızın tibb ictimaiyyəti qarşısında təbabətin,
yoluxucu xəstəliklərin, hematologiyanın, terapiyanın ən
aktual məsələləri haqqında mühazirələr
oxumuşdur.
Mixail
Dmitriyeviç Tuşinski - Mehmandarov (24.I.1882 - 6.I.1962)
özünü həmişə azərbaycanlı sayır,
doğmalarına, xüsusilə də, atasına və
bacısı Məhbubə xanım Mehmandarova-Mahmudbəyovaya
yazdığı məktublarında bununla fəxr etdiyini
bildirirdi. Tibb elmində etdiyi hər bir kəşfini, hər
bir uğurunu öz doğma xalqının adına yazır
və onun uğuru hesab edirdi. Atasına göndərdiyi məktubların
birində Mixail Dmitriyeviç yazırdı: "Mən istərdim
ki, qazandığım nailiyyətlərin əks-sədası
Şuşaya - sizə çatsın. Siz məndən razı
qaldıqca özümü daha xoşbəxt sanıram,
iftixarım daha da artır..."
Ürəyi
həmişə xalqı ilə, Qarabağla, Şuşa ilə
döyünən bu yanımcıl insan Leninqrada oxumağa gedən
azərbaycanlı tələbələrə xüsusi
qayğı və diqqətlə yanaşır və
onları hamıya göstərərək fəxrlə
deyirdi: "Bax, bu, mənim həmyerlimdir!" Azərbaycandakı
qohumlarından və tanışlarından kiminsə xəstəliyini
eşidib-biləndə onu təkidlə Leninqrada çağırır,
evində saxlayıb, şəxsən özü müayinə
edir, lazım gələndə xəstəxanaya yerləşdirir,
hər cür maddi və mənəvi yardım göstərirdi. Eyni
zamanda, müalicədən qabaq darıxmasın deyə, xəstəni
şəhərin tarixi yerləri ilə tanış edir,
kinoya, teatra, sirkə və başqa əyləncəli yerlərə
aparırdı... Bacısı uşaqları Süleyman,
Musa, Əsəd, Tofiq və başqaları
dayılarının daim arzuedilən qonaqları olurdular.
Mixail
Dmitriyeviç Böyük Vətən müharibəsində
Belorusiyada partizan kimi qəhrəmanlıq göstərmiş
bacısı qızı, həkim Aliyə Rüstəmbəyovanı
isə oxuduğu Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsindən I Leninqrad Tibb
İnstitutuna dəyişdirmişdi. Dayısının
sonsuz qayğısı ilə institutdankənar keçdiyi əlavə
praktiki və təcrübi məşğələlər
Aliyəni vaxtından əvvəl professional bir həkim kimi
yetişdirmişdi.
Həmidə
xanım Cavanşır isə Leninqrada Midhətə
yazdığı məktubda oğlunun Mixail Dmitriyeviç
Tuşınskinin yanına getməyini məsləhət
görürdü. Bu da onların bir-birləri ilə
yaxın qohumluq əlaqələri saxlamalarına bir sübut
idi. Həmidə xanım oğluna göndərdiyi məktubunda
yazırdı:
"Mənim
mehriban, əziz Midhətim!
Mayın əvvəllərində
professor Mixail Dmitriyeviç Tuşınski Mehmandarovgilə gəlmişdi. O
professor ki sən ona mənim məktubumu apardın.
Görünür, sən getmisən, o gəlib. O, bizə də
gəlmişdi. Əgər Leninqradda olsan, mütləq onlara
baş çək. O, artıq evlərinə qayıdıb.
Anan Həmidə,
Bakı,
23 may 1931-ci il" ("Həmidə və Cəlil Məmmədquluzadə:
Məktublar", Bakı, "Gənclik" nəşriyyatı,
1994-cü il, səhifə 89).
... Yaxşı ki, qızı Mariya Mixaylovna Tuşinskaya atasının şəxsi arxivini qoruyub-saxlamış, professorun şagirdivə Böyük Vətən müharibəsi illərində ən yaxın silahdaşlarından olmuş Valentina Stavskayanın ciddi səyləri nəticəsində onun həyat və fəaliyyəti barədə xeyli maraqlı materiallar toplanmışdır. Və nə yaxşı ki, qədirbilən insanlar akademik İ.P.Pavlov adına I Leninqrad Tibb İnstitutunun tibb şəhərciyində, Karpovka çayının sahilindəki binaların birində görkəmli alimin uzun illər burda işləməsini əks etdirən xatirə lövhəsi vurmuşlar.
Vasif QULİYEV
525-ci qəzet.- 2020.- 8 fevral.- S.20-21.