Məhəmməd Naxçıvani və onun Təbrizdə elmi-maarifçi fəaliyyəti
Eynulla
MƏDƏTLİ
AMEA Fəlsəfə
institutunun elmi
işlər üzrə direktor müavini, tarix
elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
XIX əsrin ikinci yarısı Şimali Azərbaycanda
olduğu kimi, Cənubi Azərbaycanda da yeni nəsil vətənpərvər
maarifçi milli ziyalılarımızın yetişib ərsəyə
gəldiyi mühüm tarixi mərhələdir.
Bu dövrdə tarixi Azərbaycan coğrafi məkanında,
hətta onun hüdudlarından kənarda əslən Azərbaycan
türkləri olan o qədər görkəmli alimlər,
şairlər, ictimai-siyasi xadimlər meydana
çıxmışdır ki, onları sadalamaqla bitməz. Məhz bu geniş
vüsətli maarifçilik fəaliyyətlərinin məntiqi
nəticəsi idi ki, XX əsrin əvvəllərində
bütün İranı və Qafqazı hərəkətə
gətirən, qonşu müsəlman ölkələrinin
ictimai-siyasi həyatına bir qığılcım kimi
düşən, aparıcı gücü və liderləri
Azərbaycan türkləri olan (Səttarxan Sərdari-Milli,
Bağırxan Salari-Milli, Siqqətül-İslam və
b.) Məşrutə (Konstitusiya) hərəkatı
(1906-1911) baş vermişdi. Bundan on il sonra Cənubi Azərbaycanda İranın
ərazi bütövlüyü çərçivəsində
Azərbaycan (Azadıstan) Milli Hökuməti qurulub altı ay
fəaliyyət göstərmişdi. Bu
hökumətin başçısı, Azərbaycan Demokrat
Firqəsinin rəhbəri Şeyx Məhəmməd Xiyabani
dövrün Azərbaycan mühitinin yetişdirdiyi mükəmməl
ənənəvi təhsilə və müasir
dünyagörüşə malik milli
ziyalılığın bariz nümunəsi idi. Belə
bir şəraitdə görkəmli maarifpərvər
ziyalılar nəslinə mənsub olan Məhəmmədəli
Tərbiyət, Mirzə Əli Ləli, Seyid Həsən
Tağızadə, Ayətullah Hacı Mirzə Abdullah Moctəhidi,
Hacı İsmayıl Əmirxizi və başqaları
sırasında Hacı Məhəmməd Naxçıvani və
qardaşı Hüseyn Naxçıvani də vardır. Bu şəxsiyyətlərin hər biri müxtəlif
peşələrin sahibləri olsalar da, onları birləşdirən
bir milli hədəf var idi, bu da xalqı maarifləndirib
qabaqcıl millətlərin sırasına çıxarmaq,
müasir zamanla ayaqlaşdırmaq. Azərbaycanın
bu fədakar övladları öz zəhmətləri və vəsaitləri
ilə kitabxanalar açır, İranın və
dünyanın müxtəlif şəhərlərindən Azərbaycanla
əlaqədar vaxtilə ölkədən
çıxarılmış kitabları, məqalələri,
sənət əsərlərini, xüsusən qiymətli əlyazmaları
Təbrizə gətirirdilər. 1898-ci
ildə böyük mütəfəkkir Məhəmmədəli
Tərbiyətin və bir neçə həmfikrinin dəstəyi
ilə Təbrizdə təsis etdiyi "Tərbiyət"
kitabxanası İranda ilk yeni tipli elmi kitabxana kimi ad
qazanmışdı. Məhz bu
kitabxananın zəminində, əsasən Naxçıvani
qardaşlarının dəstəyi və töhfəsi ilə
1921-ci ildə Təbriz Milli Kitabxanası qurulmuşdu.
Naxçıvani qardaşlarının Azərbaycanın
elmi, ədəbi və mədəni irsinin qorunub
saxlanmasında və onun dünyanın müxtəlif ölkələrinin
şərqşünaslarına, ədəbi ictimaiyyətinə
çatdırılmasında əvəzsiz xidmətləri
olmuşdur. Ticarətlə məşğul olan bu qardaşlar
böyük vətənpərvərlik və milli qürur
hissi ilə həm Azərbaycan, həm də İranın ədəbi,
elmi irsinə aid olan nadir əlyazma nüsxələrini və
kitablarını böyük zəhmət bahasına
dünyanın bir çox ölkələrindən öz
şəxsi vəsaitləri hesabına alıb Təbrizə
gətirmiş və Təbriz Milli kitabxanası təsis
olunarkən təmənnasız olaraq bu kitabxanaya
bağışlamışlar.
Məhəmməd
Əliabbas oğlu Naxçıvani (fars dilli
mənbələrdə Hac Məhəmməd Nəxcəvani
yazılır) 1297-ci ildə (1878-ci il) Təbriz şəhərində
ziyalı tacir ailəsində anadan olmuşdur. Atası Hacı Əliabbas Naxçıvaninin Təbrizə
nə zaman gəlməsi haqqında hələlik bir məlumata
rast gəlinməmişdir. Əliabbas
Naxçıvani məşhur Quran qiraətçisi
Əbdürrəhman Sultan əl-Qəranın şagirdlərindən
idi və dövrünün tanınmış ziyalısı
olaraq özünün elmə, dinə və Qurana olan
şövqünü övladlarına da irs qoymuşdu
və bu da öz bəhrəsini vermişdir.
Tanınmış məşrutəçi Hacı İsmayıl
Əmirxizi onu dövrünün ustadlarından biri kimi
yüksək qiymətləndirir və yazırdı ki, əsas
sənəti tacirlik olsa da, o, vaxtaşarı dəbestana (məktəbə)
gəlib orada dərs verirdi və Əmirxizi də həmin məktəbin
şagirdi olaraq ondan çox şey öyrənmişdi.
İranda Məşrutə hərəkatı zamanı
M.Naxçıvani bu hərəkata qoşulmuş, həmfikirləri
ilə birlikdə Məşrutə inqilabında yaxından
iştirak etmişdir. O, dövrünün qabaqcıl ziyalısı kimi
başa düşürdü ki, azadlıq və həqiqi
qanuni hakimiyyət olmadan hər hansı bir cəmiyyətdə
elmi, mədəniyyəti inkişaf etdirmək mümkün
deyildir. Məhz bu hərəkatda iştirak
etmək onu ictimai fəaliyyətə sövq etmiş və
ömrü boyu maarifçilik və xeyriyyə işləri
ilə məşğul olmuşdur.
M.Naxçıvaninin həyatı və fəaliyyəti
haqqında bir sıra İran və xarici ölkələrin tədqiqatçılarının
əsərlərində məlumatlar vardır. Bunların
içərisində tanınmış tarixçi alim, ədəbiyyatçı
və sənətşünas, publisist və
yazıçı Səməd Sərdariniya (1947 -2008) daha diqqətəlayiqdir. S.Sərdariniya ilə keçən əsrin 90-cı
illərində Təbrizdə başlanan
tanışlığımız zamanı o, bu sətirlərin
müəllifinə Məhəmməd Naxçıvaninin zəngin
elmi irsi və xidmətləri barəsində məlumat
vermişdi. Yeri gəlmişkən, S.Sərdariniya
1998-ci ildə Təbrizdə nəşr olunan "Məşahir-e
Azərbaycan" (Azərbaycanın
məşhur şəxsiyyətləri) kitabının birinci
cildinə M.Naxçıvani haqqında məqaləsini də
daxil etmişdir. O yazır ki, M.Naxçıvani peşəkar
kitabşünas, şair və yazıçı, tərcüməçi
olmaqla yanaşı, dərin təfəkkürə malik tədqiqatçı
idi. M.Naxçıvani eyni zamanda, məşrutəçilər
sırasında azad, qanunlarla idarə olunan, demokratik bir cəmiyyətin
ölkədə bərqərar olması üçün
başlanan mübarizədə də iştirak edirdi. 1921-ci
ildə Təbrizdə Milli Kitabxananın qurulmasında
yaxından iştirak edən M.Naxçıvani ilk 500 kitab və
əlyazmanı hədiyyə etmiş, kitabxananın 14 nəfərlik
İdarə heyətinin üzvü olmuşdu və
kitabxananın formalaşmasınada öz bilik, bacarıq və
vəsaitini əsirgəməmişdi. 1933-cü
ildə Təbrizdə Azərbaycan Maarif və Mədəniyyət
Şurası yaradılanda M.Naxçıvani oraya üzv
seçilmiş və daha geniş miqyasda öz maarifçi fəaliyyətini
davam etdirmişdi.
Azərbaycanın
tanınmış tədqiqatçısı Qulam Məmmədli
(1897-1994) 1941-ci ildə Sovet qoşunlarının və Azərbaycan
SSR-in çoxsaylı ziyalı dəstəsinin Cənubi Azərbaycanda
yerləşdiyi zaman Təbrizdə M.Naxçıvani ilə
görüşdüyünü, onun zəngin kitabxanası ilə
tanış olduğunu öz xatirələrində ətraflı
yazmışdır. Yeri gəlmişkən, qeyd edilməlidir
ki, əslən təbrizli olan sovet zabiti Q.Məmmədli ədəbiyyat
və mətbuatımızda Məhəmmədəli Tərbiyət,
Salman Mümtaz ənənələrini davam etdirən görkəmli
ziyalımız idi və gənc yaşlarından fədakarlıqla
ədəbiyyatımıza xidmət edirdi. Bir neçə il
bundan əvvəl onun "Ömür dəftərindən
xatirələr" adlı əlyazmasını arxivdən
tapıb nəşr etdirən tarix elmləri doktoru, professor
Solmaz Rüstəmova-Tohidi həmin kitaba yazdığı ətraflı
ön sözündə haqlı olaraq onun bu fədakar əməyini
yüksək qiymətləndirmişdir.
Q.Məmmədli
xatirələrində qeyd edir ki, 1942-ci ildə Təbrizdə
dəfələrlə M.Naxçıvani ilə onun iş
yerində və evində görüşmüş, onun zəngin
kitabxanası ilə maraqlanmış, xüsusilə də, Cənubi
Azərbaycanın Mirzə Ələkbər Sabiri sayıla bilən
Mirzə Əli Möcüzün
yaradıcılığı ilə onun vasitəsilə ətraflı tanış olmuşdu. Qeyd edilməlidir ki,
bundan az əvvəl o, Süleyman Rüstəmin ona verdiyi,
onların ilk dəfə adını eşitdiyi Mirzə
Əli Möcüzə aid bir neçə şeirdən ibarət
dəftərçəni oxuyaraq Təbrizdə nəşr
olunan "Vətən yolunda" qəzetində "Mirzə
Əli Möcüz" başlıqlı məqalə dərc
etdirmişdi. Sovet Azərbaycanı
ziyalılarının nəşr etdiyi bu qəzeti Təbrizin
əksər ziyalıları kimi M.Naxçıvani də
oxuyurdu və həmin məqalədən xəbərdar idi. M.Naxçıvani
çətinliklə əldə etdiyi, rəsmi qadağaya
baxmayaraq, on bir il öz evində
qoruyub saxladığı Möcüzün əlyazmalarını
Q.Məmmədliyə verərək sovet qoşunları orada
ikən Təbrizdə çap edilməsini tövsiyə
etmişdi. Beləliklə, 1945-ci ildə Q.Məmmədlinin
təşəbbüsü və Mirzə İbrahimovun dəstəyi
ilə Möcüzün seçilmiş əsərləri
şahlıq rejimi tərəfindən qadağan edilməsinə
baxmayaraq, Təbrizdə nəşr edilmişdi. Məhz M.Naxçıvaninin qeyrəti sayəsində
xalqımız ikinci "Sabirini" tanımış oldu, ədəbiyyatımız
Möcüz möcüzəsi ilə daha da zənginləşdi. İranda
xalqımızın qəflət yuxusunda
qaldığını, tərəqqi edən xalqların
sırasına qoşulmağa səy gösrərmədiyini
ürək ağrısı ilə ifadə edən
Möcüz deyirdi:
Gəldik
çıxdıq Mərəndə,
Tamaşadır görəndə.
Millətimiz
yatıbdır,
Ayılacaq öləndə.
İranda,
xüsusilə Cənubi Azərbaycanda bir sıra tədqiqatçılar
öz məqalələrində minnətdarlıqla
M.Naxçıvaninin maarifçilik və elmi
fəaliyyətini qeyd etmişlər. Lakin onun həyat və fəaliyyətinə
işıq tutan ən ətraflı məlumatlar Tehranda nəşr edilən məqalələr toplusunda
verilmişdir (Zendeginame və xədemat-e elmi və fərhəngi-ye
mərhum Hac Məhəmməd Nəxcəvani. Məcmue-ye məğalat. Virastar: Əhməd
Qənbəri, Tehran, 1386 (2007).
M.Naxçıvani
ibtidai təhsilini o dövrün ev məktəblərində
almış dövrünün görkəmli
ziyalılarından olan Məhəmmədəli Tərbiyyət,
Seyid Həsən Tağizadə kimi Təbrizin Talibiyyə mədrəsəsində
orta təhsil almışdır. O, mənsub olduğu
xalqın qədim tarixinə, ədəbiyyatına və təbiət
elmlərinə böyük maraq göstərməklə bu
elm sahələrinə aid əlyazmaları, kitabları
mütaliə etmiş, onları böyük həvəs və
zəhmətlə toplamağa başlamışdır.
M.Naxçıvani
1936-cı ildə Məkkəyə - Həcc ziyarətinə
getmiş və bu müqəddəs ziyarət zamanı
İslam ölkələrinin tarixi, mədəniyyəti, qədim
elmi irsi ilə daha dərindən tanış olmuşdur. Məhz Məkkə səfəri onun elmi
axtarışlara, qədim əlyazma nüsxələrini
yığıb toplamağa, onları tədqiq etməyə
olan marağını daha da artırmışdır. Şəxsi elmi kitabxana yaratmaq Hacı Məhəmməd
Naxçıvaninin həyat qayəsi olmuşdur və bu
müqəddəs məqsəd uğrunda o, hər cür zəhmətə
qatlaşmışdır. Onun
yaratdığı kitabxana nəinki İranda, eyni zamanda,
ölkənin hüdudlarından kənarda da çox məşhur
olmuşdur. Dünyanın müxtəlif
ölkələrindən gələn bir çox şərqşünas
alimlər onun şəxsi kitabxanasından istifadə etməklə
yanaşı, M.Naxçivaninin elmi məsləhətlərindən
də bəhrələnmişlər. Qeyd etmək
lazımdır ki, dünyada tanınan iranşünas Edvard
Braun özünün məşhur "İran ədəbiyyatı
tarixi" əsərini işləyərkən
M.Naxçıvaninin kitabxanasından və onun məsləhətlərindən
çox faydalanmış, ilk dəfə 1924-cü ildə
Kembricdə, sonra isə dünyanın müxtəlif ölkələrində
çap edilən bu kitab elə M.Naxçıvaninin zəngin
əlyazma və kitab xəzinəsinin sayəsində ərsəyə
gəlmişdi. Azərbaycan ədəbiyyatına
dair bir sıra dəyərli əsərlərin müəllifi
olan akademik Aqatangel Krımski onun zəngin kitabxanasından
xeyli faydalanmışdı. Şərqşünas
alimləri bu kitabxanaya cəzb eləyən amillərdən
biri də bu idi ki, M.Naxçıvaninin eyni zamanda, qədim əlyazma
nüsxələrinin, təzkirələrin məşhur
bilicisi olması idi. Görkəmli Cənubi Azərbaycan
tədqiqatçısı Məhəmmədi Müctəhidi
yazırdı: "Onun aztapılan əlyazma nüsxələrini
yığıb toplamaq həvəsi bir vətənpərvərlik
nümunəsidir. Bəzən bir nəfis əlyazmasını
əldə etmək üçün İsfəhana, Şiraza
səfər edərdi. O, kitabşünaslıqda,
nüsxəşünaslıqda böyük mütəxəssis
idi. Hər hansı bir əlyazma nüsxəsinə
diqqət yetirsəydi, onun yazılma tarixini, xüsusiyyətlərini
və xətt növünü təyin edərdi. Mərhum
Məhəmməd Naxçıvaninin həyatı,
böyük səmərəli fəaliyyətindən biri də
onun Misir, Hindistan, Pakistan, Əfqanıstan, Türkiyə,
Livan, Fələstin və s. ölkələrə
işgüzar səfərlər etməsi olmuşdur".
Qeyd etmək lazımdır ki, M.Naxçıvani xarici
ölkələrə səfərləri zamanı həmin
ölkələrin görkəmli alimləri ilə
görüşlər keçirər, fikir mübadiləsi edər,
elmi diskussiyalar aparar, ölkədən
çıxarılmış qədim əlyazma nüsxələrini
şəxsi vəsaiti hesabına alar və ölkəyə
qaytarardı. O,
Azərbaycan tarixinin, ədəbiyyatının, Azərbaycan
dilinin görkəmli bilicisi və təbliğatçısı
idi.
M.Naxçıvaninin dostlarından Ayətullah Hacı
Mirzə Abdullah Müctəhidi onun vəfatından sonra
yazırdı ki, o, mərhumun ən yüksək səciyyəvi
xüsusiyyətlərindən, xeyriyyə işlərindən
biri heç bir maddi maraq güdmədən göstərdiyi
ictimai fəaliyyət idi. Təbrizdə tərcümə
mərkəzinin, məhbusları himayə cəmiyyətinin
yaradılması və milli kitabxananın təsisi
(1921-ci il) onun böyük həvəslə,
ağır zəhmətlə gördüyü işlərdən
biridir. Təsis edilməsində yaxından
iştirak etdiyi Təbriz Milli Kitabxanasına hələ
sağ olarkən 500 kitab bağışladı. Yaxın və uzaq ölkələrdən bir
çox alimlər, tədqiqatçılar, filosoflar hər
hansı bir elmi monoqrafiyanı yazarkən və ya hər
hansı bir mövzunu tədqiq edərkən mərhum
Naxçıvaninin kitabxanasına müraciət edərdilər. O,
yüksək alicənablıqla öz səyi və
bacarığını əsirgəməzdi və
kitabxananı onların ixtiyarına verərdi. Tehran Universitetinin müəllimlərinin və xarici
ölkə şərqşünaslarının onun mənzil-kitabxanasında
məşğul olması adi bir hal idi.
M.Naxçıvaninin kitabxanasında saxlanan nadir
kitablardan biri böyük özbək şairi Əmir
Əlişir Nəvainin (1441-1501) "Divan"ıdır. Cağatay
türkcəsində yazılmış bu "Divan"ın
ümumi həcmi 1498 səhifədən və 18 kitabdan ibarətdir. Hər bir kitab 18 sərlövhə ilə nəfis
şəkildə bəzədilmişdir. Bu barədə müfəssəl məlumatı
Hüseyn Naxçıvani vermişdir. Qeyd edilməlidir
ki, bu kitabdakı Əbdurrəhman Cami haqqındakı
geniş risaləni M.Naxçıvani cağatay türkcəsindən fars dilinə çevirmişdir.
M.Naxçıvani min bir əzab-əziyyətlə əldə
etdiyi əlyazmalarını mütaliə etməklə
yanaşı, onları tədqiq edirdi. Bu əlyazmaların
bəzilərinin elmi-tənqidi mətnini
hazırlaşmışdır. O, yüksək
peşəkarlıqla xalqımızın görkəmli
şairi, farsca və türkcə (azərbaycanca) qəzəllər
yazan Saib Təbrizinin (1592-1676) divanının tənqidi mətnini
hazırlamış və Təbrizdə nəşr
etdirmişdir.
Məşhur ədəbiyyat xadimi və şair Əli
Əkbər Səba M.Naxçıvaninin yazıçılıq
məharətinə yüksək qiymət verirdi və
yazıçılıq iddiasında olmadığı halda
onun aydın fikirli, sadə dilli
yaradıcılığını yüksək qiymətləndirirdi. Diqqətəlayiqdir
ki, M.Naxçıvani elmi-tədqiqat işləri ilə əsaslı
şəkildə məşğul olmuşdur. M.Naxçıvaninin "İbn Sinanın məzarı"
məqaləsi İran elmi dairələrində maraq
doğurmuşdu.
M.Naxçıvani dövrünün həmfikir
olduğu yazıçılarının və mütəfəkkirlərin
tarixə və ədəbiyata dair əsərlərini nəşr
etməyə sövq edir, bir çox hallarda onların nəşrinə
kömək göstərirdi. Tədqiqatçı
Əbdüləli Karəng yazır ki, Hac İsmayıl
Əmirxizi Hacı Məhəmməd Nəxcəvaninin
xahişinə əsasən, 1337-ci ildə (1919) "Qiyam-e Azərbaycan
və Səttar xan" (Azərbaycanın üsyanı və
Səttarxan) əsərinin əiyazma nüsxəsini Təbrizə
gətirdi və bu kitab nəşr olundu.
M.Naxçıvaninin əvəzsiz elmi xidmətlərindən
biri onun 1950-ci ildə tərtib edərək nəşr
etdirdiyi və hazırda Təbriz Milli Kitabxanasında
saxlanılan əlyazma nüsxələrinin 319 səhifədən
ibarət biblioqrafiyasıdır. Qeyd etmək lazımdır ki,
"Təbriz Milli Kitabxanasına mərhum Hac Məhəmməd
Nəxcəvaninin hədiyyə etdiyi əlyazma və
kitabların mündərəcatı" adlı fars dilində ayrıca bir kitab da
hazırlanmışdı. Bu kitaba Azərbaycanın
görkəmli ictimai-siyasi xadimi və tədqiqatçısı
Seyid Həsən Tağızadə müqəddimə
yazmışdır. Bu əsər əslində,
çox zəngin bir biblioqrafik mənbə olaraq bütün
iranşünaslar və şərqşünaslar
üçün bir yol çırağı kimi əhəmiyyətlidir. Fikrimizcə, bu qiymətli mənbədən yola
çıxaraq tarix və mədəniyyətimizin hələ
açılmamış neçə səhifəsini üzə
çıxarmaq olar.
M.Naxçıvaninin
yüksək elmi ustalıqla tədqiq edib yazdığı əsərlərdən
"Qətran Təbrizinin divanına müqədimmə",
"Dar ağacından asılmış Seqətül-islam",
"Saib Təbrizi, Məhəmməd bin Əlbəyis və
Azərbaycan dili" və Azərbaycan tarixinə, ədəbiyyatına
dair çoxsaylı elmi məqalələri bu gün də
öz elmi dəyərini saxlayır. Məşhur
Azərbaycan şairi Əbu Mənsur Qətran Təbrizinin
(1009-1012) divanının tənqidi mətnini ilk dəfə məhz
M.Naxçıvani hazırlamışdır. Heyran xanım Dünbülünün (1848-də vəfat
etmişdir) "Divan"ı da ilk dəfə onun tərəfindən
hazırlanıb nəşr edilmişdir. Onun xarici
ölkələrin mətbuatında dərc olunan bir çox
tarixi, elmi, bədii əsərləri fars və
türk dilinə çevirməsi də olduqca əhəmiyyətli
idi.
M.Naxçıvani Azərbaycanda elm, təhsil və mədəniyyət
sahəsində xüsusi xidmətlər göstərmiş,
dostu və məsləkdaşı, böyük alim və
ictimai-siyasi xadim Məhəmmədəli Tərbiyətin
(1875-1940) əməyini yüksək qiymətləndirirdi. O, 1941-ci ildə Təbrizdə
nəşr edilən "Şəfəq" jurnalında dərc
olunan "Mirzə Məhəmmədəli xan Tərbiyət"
adlı məqaləsində onun elm, təhsil və mədəniyyət
sahəsində gördüyü işlərdən ətraflı
söz açmış, elmi-bədii
yaradıcılığını təhlil etmişdir.
Qeyd etmək lazımdır ki, dövrünün dərin
zəkalı, istedadlı alimi, yazıçı-publisisti
sayılan M.Tərbiyyətin "Qədim mədəniyyətlər",
"Təqvim-e Tərbiyət" əsərləri,
xüsusilə 1935-ci ildə yazdığı "Daneşməndan-e
Azərbaycan" ("Azərbaycan alimləri") əsəri
əvəzsiz elmi mənbədir. Vurğulanmalıdır
ki, M.Tərbiyətin bir sıra dəyərli elmi tədqiqatları
M.Naxçıvaninin onun kitabxanasına hədiyyə etdiyi zəngin
əlyazmalar və kitablar sayəsində ərsəyə gəlmişdi
və inamla demək olar ki, M.Tərbiyətin vəfatından
sonra onun elmi maarifçi fəaliyyətlərini
M.Naxçıvani hər zaman davam etdirmişdir.
M.Naxçıvaninin
tədqiqatları və tərcümələri haqqında
Əli Lək Dizəçi yazırdı ki, tam qətiyyətlə
və inamla demək olar ki, sələflərinin əsərlərini
tədqiq, tərtib və nəşr etmək
üçün zəngin xəzinəyə və
coşub-daşan qəlbə malik olan alim həyatı
zamanı sakitlik və rahatlıq tapmırdı. Maarifçilik və ədəbiyyat aləmində səyahətə
çıxaraq hər bir gül butasından, hər bir
başşaq xırmanından sünbül toplayırdı
ki, əbədiyyətə qovuşan zaman müvəqqəti
həyat bustanının astanasında qalib olsun, söz sahiblərindən
olan gül dəstəsi qoymuş olsun. Buna görə də qətiyyətlə zənn və
yəqin etmək olar ki, mərhum nəşr olunmamış
elə əsərlərə malikdir ki, hələ də pərdə
arxasında qalmış və rüxsarını bir kəsə
göstərməmişdir.
M.Naxçıvani 1341-ci h.ş. ilində (1962-ci ildə)
84 yaşında çox mənalı və zəngin bir
ömür sürdükdən sonra Təbriz şəhərində
vəfat etmişdir. O, gələcəkdə şərqşünas
alimlərin onun yığıb topladığı elmi irsindən
faydalanması üçün bütün
kitabxanasının ölümündən sonra Təbriz Milli
Kitabxanasına verilməsini vəsiyyət etmişdi. Bu vəsiyyətə əməl olundu və 5000-dən
çox nadir kitab və əlyazma Təbriz Milli Kitabxanasına
verildi.
M.Naxçıvaninin kiçik qardaşı Hacı
Hüseyn Naxçıvaninin də öz xalqı və vətəni
qarşısında dəyərli xidmətləri olmuşdur. H.Naxçivani
də həm sağlığında, həm də
ölümündən sonra elm, ədəbiyyat, nüsxəşünaslıq
sahəsində göstərdiyi xidmətlərinə görə
nəinki Cənubi Azərbaycanda, habelə bütün
İranda görkəmli ədiblərdən biri
sayılır. O da, böyük qardaşı kimi
gənc yaşlarından ədəbiyyata və müxtəlif
elm sahələrinə, dövrün tarixi hadisələrinin
izlənməsinə, əlyazma nüsxələrinin
toplanmasına böyük maraq göstərmişdir.
H.Naxçıvani
yaşadığı dövrdə baş verən hadisələrə
biganə qalmamış, müxtəlif dövrlərdə
yaşamış padşahların, əmirlərin, tarixi
şəxsiyyətlərin, din xadimlərinin, şairlərin
hakimiyyət illəri, həyat-yaradıcılığı,
həmçinin, mühüm tarixi hadisələr haqqında
doğru-düzgün məlumatlar toplamış və
yazdığı məqalələri toplu şəklində
"Məvad ət-təvarıx" ünvanlı kitabda nəşr etdirmişdir.
H.Naxçıvani
1948-ci ildə Təbriz Universitetinə dəvət
olunmuş, Universitetin elmi Şurasına üzv
seçilmiş, mütəmadi olaraq ədəbiyyat haqqında
məqalələr yazmış, onları Ədəbiyyat
İnstitutunun elmi məcmuələrində nəşr
etdirmişdir. Onun yazdığı məqalələrin elmi dəyəri
və əhəmiyyəti nəzərə alınaraq toplu
şəklində 1342-ci ildə (1963-cü il)
Təbrizdə "Cehel məqaleye Nəxçəvani"
("Naxçıvaninin qırx məqaləsi" adı ilə
nəşr olunmuşdur. Hüseyn Naxçıvaninin xalqı
qarşısında ən böyük xidməti isə
ömrü boyu şəxsi vəsaiti hesabına əldə
etdiyi 3500 nüsxə nadir kitabları və əlyazmalarını,
həmçinin, kolleksiyalarını əvəzsiz olaraq Təbriz
Milli Kitabxanasına hədiyyə etməsidir.
Bu sətirlərin
müəllifi keçən əsrin sonlarına yaxın
diplomatik xidmətlə əlaqədar İranda
çalışdığı zaman bu kitabxana ilə
yaxından tanış olmaq
imkanı əldə etmişdir. Tərəfimizdən
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar
institutuna bu kitabxanada Azərbaycan tarixi və ədəbiyyatı
ilə əlaqədar çox zəngin və qiymətli
materialların olduğu barədə məlumatlar
verilmişdi. Burada hifz edilən Mirzə
Müslüm Qüdsi İrəvaninin "Divan"ı barəsində
Azərbaycan tarixçisi Səməd Sərdariniyadan
aldığmız bilgi əsasında şərqşünas
alim Möhsün Nağısoyluya (indi Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
akademik) xəbər verilmişdi. Təqdirəlayiqdir ki, bir
müddətdən sonra zəhmətkeş tədqiqatçı-şərqşünas
Şəmsi Pənahlı professor Möhsün
Nağısoylunun elmi rəhbərliyi ilə Təbriz Milli
Kitabxanasında araşdırma ilə məşğul oldu,
Qüdsi İrəvaninin Divanı haqqında maraqlı
dissertasiya işi hazırlayıb müdafiə etdi və bu sətirlərin
müəllifinə də həmin dissertasiya müdafiəsində
çıxış etmək nəsib oldu. Beləliklə,
M.Naxçıvaninin zəngin xəzinəsindən
faydalanmaqla daha bir Azərbaycan şairinin irsi xalqımıza təqdim
edilmiş oldu. Yeri gəlmişkən, akademik
M.Nağısoylu M.Naxçıvanini görkəmli
kitabşünas alim kimi yüksək qiymətləndirərək
onun Qətran Təbrizinin və Heyran xanım Dünbilinin
divanlarının elmi nəşrlərini həyata
keçirdiyini xüsusi vurğulamış, Azərbaycan ədəbiyyatının,
elm, təhsil və mədəniyyətinin bu görkəmli
nümayəndəsinin bu fəaliyyətinin elm və mədəniyyət
tariximizdə çox əhəmiyyətli yer tutduğunu qeyd
etmişdir.
Hal-hazırda Hacı Məhəmməd Naxçıvani və Hacı Hüseyn Naxçıvani qardaşlarının 8500-dən artıq nadir kitab və əlyazmaları Məhəmməd Naxçıvaninin adını daşıyan Təbriz Milli Kitabxanasında saxlanılır, kitabxananın girişində onların büstləri qoyulmuş, adları yazılmışdır. M.Tərbiyətin
və Naxçıvani qardaşlarının bu qiymətli
irsi bir əsrə yaxındır ki, oxuculara, xüsusən də
müxtəlif elm sahələrinin tədqiqatçılarına
xidmət edir. Şübhəsiz,
onların bu elmi mirası Azərbaycanın tarixinin, dil və ədəbiyyatının,
mədəniyyətinin hələ öyrənilməmiş səhifələrinə
bundan sonra da işıq tutacaq və Azərbaycan
maarifçi-ziyalılarının yeni nəsli də bu zəngin
xəzinədən bəhrələnəcək.
525-ci qəzet.- 2020.- 19 fevral.- S.20-21.