Ali
Attestasiya Komissiyasına elm adamlarından etirazlar
Uzun müddətdir, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ətrafında
söz-söhbət səngimək bilmir.
Belə ki, Ali Attestasiya
Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli
qərarına əsasən 11 iyun 2018-11 iyun 2019-cu il
aralığında ilkin müzakirədən keçmiş
işlərdən başqa, bütün dissertasiyalar yenidən
ilkin müzakirədən, 11 iyun 2019-cu il tarixinədək elmi
seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən
seminardan keçirilməlidir. Bu o deməkdir ki,
respublikadakı bütün seminar vermiş iddiaçılar
bunu yenidən etməlidir, çünki Dissertasiya Şuraları
Ali Attestasiya Komissiyası tərəfindən buraxılıb
və iddiaçıların işləri
dayandırılıb.
Mövzuya yenidən
müraciət etməyimizə səbəb bu dəfə elm
adamlarının mövcud qərarla bağlı
narazılıqlarıdır. Qəzetimizə bununla
bağlı açıqlama verən professorlar, ali məktəb
müəllimləri də qərarın doğru
olmadığını vurğulayırlar. Onlar bu qərar
başda olmaqla, dissertasiyaların müdafiəsi, elmi
şuraların tərkibinin müəyyənləşdirilməsi
qaydalarının əsassız olduğunu,
iddiaçıların işini asanlaşdırmaqdan,
yüngülləşdirməkdən daha çox,
ağırlaşdırmağa xidmət etdiyini deyirlər. Bu
məqalədə onlardan üçünün fikirlərini
işıqlandırırıq.
Azərbaycanda İndoneziya
dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər
Universitetinin professoru Həbib Zərbəliyev öncə
dissertasiyaların müdafiə prosesi, elmi şuraların tərkibi
ilə bağlı keçmişdə olanla yeni qərarın
müqayisəsini apardı: "Dissertasiyaların keçdiyi
elmi seminarın mahiyyəti ondan ilkin müzakirələrdə
nəzərdən qaçmaq nöqsanları müəyyənləşdirmək
və bir növ iddiaçını müdafiə prosesinə
hazırlamaqdan ibarətdir. Əvvəllər məhz belə
idi. Seminar tövsiyə xarakteri daşıyırdı. Bu mərhələdə
hətta mənfi rəylə belə müdafiəyə
çıxmaq olardı. Çünki ola bilsin ki,
iddiaçı ona deyilən iradlarla razı olmasın.
AAK-ın yeni əsasnaməsinə qədər olan mərhələdə
elmi seminarların tərkibi konkret sahələr üzrə
tanınmış elmlər doktoru, professorlardan və
böyük təcrübəyə malik dosentlərdən təşkil
olunurdu. Amma yeni aydalara görə eyni mütəxəssis həm
müdafiə şurasında, həm də seminarlarda üz
ola bilməz. Elmlər doktorlarının sayı o qədər
də çox deyil. Onlar şuralarda təmsil olunur. Bu da ona gətirib
çıxarıb ki, seminarların üzvləri fəlsəfə
doktorlarından ibarətdir. Burada təkcə fəlsəfə
doktorluğu deyil, həm də elmlər doktorluğu üzrə
dissertasiyalar müdafiə olunur. Və həmin elmlər
doktorluğuna iddiaçı olan şəxsin
dissertasiyasını fəlsəfə doktoru, keçmiş
adla elmlər namizədi seminarda müzakirə edir. Bu, nə dərəcədə
doğrudur?
Məsələ
burasındadır ki, ilkin müzakirələrdə ən az
beş elmlər doktorunun iştirakı tələb olunur. Belə
olduğu halda elmi seminarların yalnız fəlsəfə
doktorlarından ibarət olması absurd görünür. Ona
görə də eyni bir mütəxəssisin həm seminarda,
həm də müdafiə şurasında təmsil
olunmasına qoyulan məhdudiyyət absurddur".
Professorun yuxarıda qeyd
etdiyimiz qərara münasibəti də birmənalı deyil:
"Mənim fikrimcə, 13 dekabr 2019-cu il tarixli qərar Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə
ziddir. Bu, iddiaçıların illərlə heç bir səbəb
olmadan gözləməsi deməkdir. Həm də təkrar
müzakirə nəyi dəyişdirəcək? AAK rəhbərliyi
iddia edir və dəfələrlə universitetlərdə
çıxış edərək bildirir ki, təkrar
müzakirələr həm kafedralarda, həm də elmi
seminarlarda formal xarakter daşıyır. Madam ki, formal xarakter
daşıyacaq, heç nəyi dəyişdirməyəcək
niyə insanların illərlə keçdiyi müzakirə və
ya seminarları təkrar olunmalıdır? Bu, böyük
sayda gənc tədqiqatçıya həm maddi, həm də
mənəvi ziyan vurmaqdan başqa bir şey deyildir".
H.Zərbəliyev
ümumiyyətlə, AAK-ın dissertasiyalarla bağlı olan
çox qərarıyla razılaşmadığını, qərarlara
yenidən mütəxəssislərin iştirakı ilə
baxılmalı olduğunu vurğulayır: "AAK iddia edir
ki, müdafiə prosesi xeyli yüngülləşdirilib. Məsələn,
aparıcı müəssisə ləğv olunub, onun əvəzinə
üçüncü opponent müəyyənləşdirilib.
Toplananların yerini dəyişdikdə cəm dəyişməz.
Ona görə də bu heç də prosesi yüngülləşdirmək
demək deyildir. Başqa bir "yüngülləşdirmə":
təzə qaydalara görə müdafiələri sürətləndirmək
üçün şuranın hər iclasında 3-4 müdafiə
keçirilməsinə icazə verilir. Mən təxminən
30 ilə yaxındır ki, şuraların üzvü oluram.
Öz təcrübəmdən deyirəm ki, artıq 2-ci
müdafiədə şura üzvləri yorulur və qalan hissə
demək olar ki, formal keçirilir. İndi 3-4 müdafiə
planlaşdırılırsa, bu, keyfiyyət yox, yalnız kəmiyyətə
hesablanmış bir qərardır. Əgər doğrudan da müdafiələri
sürətləndirmək lazımdırsa və yaxud
AAK-ın belə arzusu varsa, o zaman şuraların
sayını artırmaq lazımdır. Məsələn, Azərbaycan
Dillər Universitetində ən müxtəlif dillərlə
müqayisələrin aparıldığı
dissertasiyaların müdafiəsi üçün indeks verilməyib.
AAK həmin universitetə lazım olan indeksi verməyib. Bu
indeks yalnız Bakı Slavyan Universitetindədir. Slayan
Universiteti isə daha çox slavyan dilləri üzrə
ixtisaslaşıb. Bu halda uzun bir növbə
yaranmalıdır. Növbələrin yaranması da bilirik ki,
son nəticədə nəyə xidmət edir. Mütəxəssislərin
indekslər üzrə hüquqları da ciddi və süni
şəkildə yeni qaydalarla daraldılıb. Məsələn,
dil nəzəriyyəsi üzrə mütəxəssislərə
müqayisəli dilçilik üzrə şuaralara
üzvlüyə, yaxud opponentliyə icazə verilmir. Halbuki,
müqayisəli dilçilik dil nəzəriyyəsinin bir hissəsidir.
Məsələn, Azərbaycanda müqayisəli dilçilik
üzrə cəmi bir nəfər elmlər doktoru var. Bu da o
deməkdir ki, o halda bu indeks üzrə müdafiələr
ümumiyyətlə, keçirilə bilməz. Çünki
həmin ixtisas üzrə hər şurada ən azı beş
elmlər doktoru iştirak etməlidir. Bütün bu məsələlərin
normal şəkildə həlli üçün AAK sədri
mütəxəssiləri yığıb onlarla müzakirələr
aparmalı idi. İndi zənnimcə, AAK həm ilkin
müzakirə və seminarların təkrar keçirilməsi
ilə bağlı qərarını ləğv etməli, həm
də dissertasiya şuralarının, elmi seminarların tərkibinin
yenidən formalaşdırılması üzərində
ciddi düşünməlidir. Günahın yarısından
qayıtmaq da faydaldır. Dissertasiyaların tərkibi ilə
bağlı yeni qaydalar da əcaibdir. Bu qaydalara yenidən
baxılmalıdır. Qaydalardakı dəyişikliklərin
çoxu nöqtə, vergül, tiredən ibarətdir və
bir ədəbiyyatı tərtib etmək üçün
50-60 yersiz durğu işarəsindən istifadə olunur. Məsələn,
deyək ki, müəllifin soyadı ilə onun inisialları
arasında vergül qoyulur ki, bu da çox əcaib bir haldır.
Bu, Avropa mütəxəssislərinin əsərlərində
belə göstərilir. Bəli, avropalıların öz
düşüncə tərzi var, bizim öz düşüncə
tərzimiz. Nə vaxt bizdə soyadla inisiallar arasında
vergül qoyulub? Ona qalsa ingilislər "və"dən əvvəl
vergül qoyula bilir, indi nə edək, biz də "və"dən
əvvəl vergül qoyaq? Azərbaycan dilinin orfoqrafiya
qaydaları var. AAK gərək bu qaydaları tərtib edərkən
Azərbaycan dilinin orfoqrafiya qaydalarına əməl edəydi.
Bu, bir nümunədir. Orda başqa hallar da var. Məsələn,
ədəbiyyatın nömrələnməsi. Təsəvvür
edin, ilkin müzakirədə müəllifə irad tutuldu ki,
filan mövzu barədə daha yaxşı bir əsər var,
siz onu görünür, nəzərdən
qaçırmısız, onu tapın, oxuyun və ədəbiyyata
əlavə edin. Tutalım, 150-200 ədəbiyyat var, onlar da mətndə
nömrə ilə verilib. İndi müəllif 2-3 gün
oturmalıdır ki, bir ədəbiyyatın əlavəsinə
görə mətni təzədən oxuyub o nömrələri
dəyişdirsin? Yaxud ikinci mərhələdə, seminarda da
buna bənzər irad tutula bilər və müəllif məcburdur
ki, bu prosesi yenidən təkrar etsin. Bunun çox bəsit bir
üsulu var. Şərti işarə kimi müəllifin
soyadı və əsərin yazıldığı il göstərilir
və müvafiq səhifə zəruri halda qeyd olunur, ədəbiyyat
siyahısı da ona uyğun tərtib edilir. Bu qədər bəsit,
sadə bir üsul olduğu halda dissertasiyaların tərtibatı
ciddi şəkildə çətinləşdirilir. Bununla belə
iddia olunur ki, yeni qaydaların hamısı guya
iddiaçıların xeyrinədir, faydalıdır. Mənsə
bunların hər birinin heç də iddiaçıların
xeyrinə olmadığı və bütün bunlara təkrar,
özü də mütəxəssislərin iştirakı ilə
yenidən baxılmalı olduğu fikrindəyəm".
Bakı Dövlət
Universitetinin dosenti, ədəbiyyatşünas Məti
Osmanoğlunun da mövzuyla bağlı mövqeyi sərtdir.
O, qərarı absurd hesab etməklə yanaşı,
AAK-ın fəaliyyətindən də
narazılığını dilə gətirdi: "Bu gün
Azərbaycan elminin çox ciddi problemləri var və həm
dövlət, həm də ictimaiyyət səviyyəsində
həmin problemlərin həllinin çıxış
yolları axtarılmalıdır. Mənə elə gəlir
ki, mövcud problemləri dərinləşdirən amillərdən
biri də AAK-ın fəaliyyətidir.
Bu təşkilatın
müzakirələrdən keçmiş işləri yenidən
müzakirəyə qaytarmaq qərarı isə absurddan
başqa bir şey deyil. Təsəvvür edin, eyni iş eyni
seminara qaytarılacaq, eyni adamlar tərəfindən yenidən
müzakirə ediləcək, eyni protokolun tarixi dəyişdirilib
yenidən AAK-a göndəriləcək...
Mənə elə gəlir
ki, fikirləşməyin vaxtı çatıb: AAK kimi
özünü nüfuzdan salan bir quruma ehtiyac varmı?!"
Folklorşünas Əli
Şamil AAK-ın beynəlxalq standartlara əməl etmədiyini
dedi: "Mən onlara rəsmi şəkildə də
yazmışam. Əsasnamalərində ziddiyyətlər var.
Əsasnamədə gənc alimin qarşısına qoyulan tələblərdən
biri də budur ki, beynəlxalq jurnallarda məqalə nəşr
etdirsinlər. Lap yaxşı. Bəs onda AAK özü niyə
beynəlxalq standartlara əməl etmir?! Dissertasiyalarda hələ
də Sovet dövründən qalma, bilgisayara uymayan, gənc
alimi axtarışdan çox texniki problemlərlə məşğul
olmağa vadar edən kodlaşdırma tələb edilir?!
Kodlaşdırma ilə yazılmış dissertasiyaya bir
sitat, qaynaq əlavə ediləndə ədəbiyyat
siyahısını, qaynaqları gərək yenidən tərtib
edəsən. Bunun da neçə çətin və vaxt
aparan bir iş olduğunu dissertasiya yazan da, elmi rəhbər də,
opponent də bilir. Biz hələ də Sovet
dövrünün yazı qaydasından əl çəkə
bilmədiyimizdən gənc alimlərin vaxtının
çoxu bu işlərə gedir və xarici ölkələrdə
nəşr edilən jurnallara göndərdikləri məqalələr
də hakimlərə-rəyə göndərilmədən
texniki qüsura görə zibil qutusuna atılır.
Başqa bir qərarda
deyilir ki, fəlsəfə doktorları elmi rəhbər ola
bilməz. Elmi rəhbər ola bilməyən adam sabah necə
professor olacaq?! Axı professorluq üçün tələb
edilən göstəricilərdən biri də nə qədərsə
işin elmi rəhbəri olmaqdır. Ya o ləğv olunmalıdır, ya da
bu".
Şahanə
Müşfiq
525-ci
qəzet.-2020.-22 fevral.-S.11