Ali Attestasiya Komissiyasından narazılıqlara müsbət
reaksiya
Bir müddətdir,
Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının bir qərarı ilə
bağlı narazılıqlar davam edir.
Qurumun 13 dekabr
2019-cu il tarixli qərarına əsasən, 11 iyun 2018-11 iyun
2019-cu il aralığında ilkin müzakirədən
keçmiş işlərdən başqa, bütün
dissertasiyalar yenidən ilkin müzakirədən, 11 iyun 2019-cu
il tarixinədək elmi seminardan keçmiş hər bir
dissertasiya işi isə yenidən seminardan keçirilməlidir.
Bu o deməkdir ki, respublikadakı bütün seminar vermiş
iddiaçılar bunu yenidən etməlidir, çünki
Dissertasiya Şuraları Ali Attestasiya Komissiyası tərəfindən
buraxılıb və iddiaçıların işləri
dayandırılıb.
Bu qərarla
bağlı bir müddətdir, mətbuat səhifələrində
iddiaçılarla bərabər, elm adamlarının,
professorların da narazılıqları yer alırdı. Nəhayət,
bu günlərdə qurum narazılıqlara səbəb olan məsələyə
reaksiya verdi. Komissiyanın 21 fevral 2020-ci il tarixli qərarına
əsasən Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli
13-R qərarının 2-ci bəndi 11 iyun 2019-cu il tarixinədək
ilkin müzakirədən keçirilərək müvafiq
dissertasiya şuralarına müdafiənin təşkili
üçün təqdim edilmiş dissertasiya işlərinə
şamil edilmir. Həmin dissertasiya işləri Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr
verilməsi qaydası haqqında Əsasnamə"nin tələbləri
nəzərə alınmaqla yenidən ilkin müzakirədən
keçirilmədən müdafiənin təşkili
üçün müvafiq ixtisas üzrə fəaliyyət göstərən
dissertasiya şuralarının hər hansı birinə təqdim
edilə bilər.
Yeni qərar onlarla
iddiaçının işinin həlli deməkdir.
Çünki ilkin müzakirə mərhələsindən
sonra işi yarımçıq qalan dissertantlar da vardı və
artıq onlar bu mərhələyə yenidən
qayıtmalı olmayacaqlar. Qərar veriləndən sonra dərhal
əvvəlki narazı doktorant və dissertantlar bizimlə əlaqə
saxladılar, sosial şəbəkələrdə öz
sevinclərini bölüşdülər. Onlar problemlərini
öz media orqanlarında işıqlandıran jurnalistlərə,
səslərinə səs verən professorlara, elm adamlarına
və bunları nərəzə alaraq, onlar üçün
müsbətə doğru addım atan AAK rəhbərliyinə
təşəkkürlərini bildirdilər.
Ancaq elmi ad almaq istəyənlərin
sözügedən qərarla bağlı problemləri bununla
yekunlaşmır. Qərarın başqa bir bəndi,
onların ən çətin proses olduğunu dedikləri elmi
seminarların təkrar keçirilməsi hələ də
qüvvədədir. İddiaçıların böyük əksəriyyəti
də məhz bu mərhələdədirlər. Və
AAK-ın dissertasiyanın müdafiəsi ilə bağlı qəbul
etdiyi bir sıra dəyişikliklər də narazılıq
yaradan səbəblərdəndir. İndiki əsasnaməyə
görə avtoreferatın ingilis dilinə tərcüməsi,
dissertasiyanın minimal həcminin xeyli artırılması, fəlsəfə
doktorluğuna iddiaçının azı 3 elmi konfrasda məruzə
ilə iştirakının zəruriliyi, xaricdə ən
azı bir beynəlxalq konfransda iştirak, 3 opponent rəyinin tələb
olunması, elmi dərəcələr verilməsinə dair
Ali Attestasiya Komissiyasına təqdim edilməli olan sənədlərin
siyahısının 20-dən (Əlavə 1.19) 33-ə qaldırılması və
sair kimi dəyişikliklər olunub ki, bunlar da
iddiaçıları narahat edən məsələlərdəndir.
Bu günlərdə
BDU-nun İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin
rəhbəri, fəlsəfə elmləri doktoru, professor
Əsədulla Qurbanov mövzu ilə bağlı öz fikirlərini
bizimlə bölüşdü. Onun sözlərinə
görə, bu qurumun Azərbaycan Respublikası Prezidenti
yanında fəaliyyət göstərməsi onun məsuliyyətini
daha da artırır: "Əlbəttə, Ali Attestasiya
Komissiyasının mövcud olduğu illərdə bu qurum
öhdəsinə düşən məsul vəzifələrin
müvəffəqiyyətlə yerinə yetirilməsinə
dair çoxsaylı müsbət misallar çəkmək,
önəmli faktlar göstərmək olar. Amma mən misallar
gətirmədən, konkret faktlar sadalamadan Ali Attestasiya
Komissiyasının Azərbaycanda elmin inkişafına bundan
sonra da göstərəcəyi xidmətlərə töhfə
kimi bəzi elmi mülahizə və tövsiyə xarakterli təkliflərimizi
bildirmək istərdim.
Əgər
hansısa elm sahəsində elmlər üzrə doktorluq elmi
dərəcəsi almaq istəyən şəxs buna qədər
nüfuzlu bir universitetdə və ya elmi-tədqiqat institutunda
hərtərəfli elmi-tədqiqat müzakirəsindən keçibsə,
müvafiq Elmi şurada elmi rəhbərindən, yaxud
aidiyyatı mütəxəssis-alimdən müsbət rəy
alıbsa,onda onun işinin yenidən Elmi
şurada müzakirəsinə, təkrar seminara ehtiyacı
yoxdur. Düzdür, bəzən istisnalar mümkündür, amma hamıya
şamil edilə bilməz. Təkrar seminardan keçmə bəzi
subyektiv, qərəzli və məkrli niyyətlərə yol
aça bilər. Bu fikir dissertantlara da aiddir.
AAK-nın növbəti
qərarına əsasən, elmi referatlar ingilis dilinə tərcümə
edilməlidir. Bu tərcümə mütləq müəyyən
edilmiş müəssisədə aparılmalıdır. Tərcümənin
hər səhifəsi 20 manatdır. Bizcə, belə yüksək
məbləğin tələb edilməsi doğru deyil. Həm
də bu məbləğ imkansız doktorantların deyil, həmin
doktorantın və dissertantın təhsil aldığı
ali məktəb və ya elmi-tədqiqat institutu tərəfindən
ödənilməlidir. Təklif edərdik ki,
iddiaçılar avtoreferatlarını ya özləri tərcümə
etsinlər, ya da
tərcümə üçün məbləğ müdafiə
şuralara olan ali məktəb, yəni universitetlər tərəfindən
ödənilsin".
Ə.Qurbanov AAK-la
iddiaçıların necə ortaq məxrəcə gələ
bilmələri məsələsinə də toxunub:
"Birincisi, dünyanın bir sıra ölkələrində
Ali Attestasiya Komissiyasının funksiyalarını bu ölkələrdəki
ali məktəblərin, akademiyaların, elmi-tədqiqat
institutlarının nəzdində
ayrı-ayrı elmlər üzrə müdafiə
şuraları həyata keçirir, dissertant və
doktorantların bütün problemləri bu müdafiə
şuralarında, ali məktəblərin və elmi-tədqiqat
institutlarının rəhbərlikləri tərəfindən
həll olunur. Bizdə də buna bənzər struktur
yaradılmalıdır".
Ə.Qurbanov AAK-ın bu və ya bu tipli qərarlarının elmi ad
almaq istəyən doktorant və dissertantları elmdən
uzaqlaşdıra biləcəyi və elmin inkişafına mənfi
təsir göstərəcəyi fikrində olsa da, AAK sədri
Famil Mustafayevin bir şəxsiyyət, alim kimi yüksək
keyfiyyətlərinə də toxundu, onun bu qurumda faydalı
işlər görəcəyinə inandığını
dedi: "Famil Mustafayevlə şəxsi
tanışlığım olmasa da, onun yaxşı insan, dəyərli
alim olduğunu bilirəm. O, AAK-a gələndən sonra
çox şeyi müsbətə doğru dəyişdirməyə,
nələrəsə nail olmağa çalışır.
Əminəm ki, o, çox iş görə bilər və
görəcək də. Onun bu qərarla bağlı doktorant
və dissertantların narazılıqlarını nəzərə
alacağına inanıram".
Ali
Attestasiya Komissiyasının 21 fevral tarixli son qərarı
qurumun etirazçıların fikirlərinə heç də
biganə olmadığının, onların işlərinə
çətinlik yaratmaq istəmədiklərinin bir nümunəsidir.
İnanırıq ki, 13 dekabr 2019-cu il tarixli qərarın təsir
göstərdiyi digər iddiaçıların da elmi seminarla
bağlı narazılıqları eşidiləcək, AAK rəhbərliyi
ilə işləri çətinə düşən
iddiaçılar arasında ortaq məxrəc tapılacaq və
məsələ hər iki tərəf üçün
müsbət nəticə ilə yekunlaşacaq.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-28 fevral.-S.7