"Bakinskiy listok" qəzetindən səhifələr
"Bakinskiy
listok" qəzetinin 1871-ci il, 1 may tarixli
nömrəsində "Erməni knyazı Göyçayski
Peterburqa gedir" adlı müxbir yazısı verilmişdir.
Yazını oxuyarkən gürcü knyazı
Q.V.Macavelinin "Erməni-müsəlman münasibətləri"
məqaləsini xatırladım. Fırıldaqçı
erməni knyazı İvan Göyçayskidən fərqli
olaraq Georgi Macaveli məşhur gürcü knyazları
Macavelilərin nəslindəndir. Görəsən,
Şimali Azərbaycana kütləvi şəkildə
köçürülmələrinin tarixi (1871-ci il nəzərdə tutulur) heç yarım əsrə
çatmayan İran, yaxud Türkiyə ermənilərindən
birisi olan İvan Babayev nə tez Göyçayın knyazı
olmuşdu?!
Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi
münasibəti ilə
cümhuriyyət dövrünün fədakar tədqiqatçılarından,
tarix elmləri doktoru, professor, şərqşünas professor
Solmaz Rüstəmova Tohidi 2015-ci ildə Parisdə Əlimərdan
bəyin arxivini araşdırarkən həqiqi gürcü
knyazı Q.V.Macavelinin "Erməni-müsəlman münasibətləri"
adlı məqaləsinə rast gəlir, digər nadir sənədlərlə
birlikdə həmin məqalənin də fotosurətini
çıxararaq Bakıya gətirir və 2018-ci ildə
"Aspoliqraf LTD" nəşriyyatı tərəfindən
rus dilində çap olunmuş "Alimardan bek
Topçibaşev. Armənskiy faktor v Bakinskix sobıtiəx
1905-1906 qq. Dokumentı iz Parijskoqo arxiva" kitabında nəşr
etdirir. Məqalə 1906-cı ildə
yazılmışdı. Həmin illərdə
Azərbaycanda türklər-azərbaycanlılarla
yanaşı, kürdlər, gürcü-ingiloylar, tatlar,
talışlar, ləzgilər, udilər, haputlar və b.
azsaylı xalqlar da yaşayırdı və azərbaycanlılar
onlarla çox mehriban münasibətdə birgə
yaşamış, bu gün də yaşamaqdadırlar. Tarixdə azərbaycanlıların nə vaxtsa bu
xalqlarla münaqişəsi faktına rast gəlmirik. Bəs gəlmə ermənilər görəsən,
niyə bizimlə mehriban qonşuluq şəraitində
yaşamaq istəmədilər? "Özümə
yer edim, gör sənə nə edim". Elə
bil bu atalar sözündə deyildiyi kimi, haylar-ermənilər
torpaq davasına başladılar, özü də ən zəngin
faydalı qazıntıları olan neft Bakısından.
O qədər azğınlaşdılar ki, hətta 1905-ci ildə
Bakının ən qədim kəndlərindən olan
Sabunçu, Ramana, Balaxanı, Zabratdan yerli əhalinin əsrlərlə
yaşadığı yerlərindən
köçürülməsi haqqında canişin Vorontsov
Daşkovu 11 sentyabr 1905-ci ildə çar II Nikolaya əhalinin
köçürülməsi haqqında teleqram göndərməsinə
nail oldular. Teleqramda canişin Vorontsov-Daşkov
imperatora həmin kəndlərdə yaşayan azərbaycanlıları
talan və yanğınların əsas günahkarları,
Abşeron kəndlərini isə "... həmişə
quldur məskəni" kimi tanıdırdı. Belə bir amansız, qeyri-humanitar tədbirin həyata
keçirilməsinə səbəb isə mədənlərin
yandırılması göstərilirdi.
Belə faktlar Sumqayıt hadisələrini
xatırlatmırmı? Yaxud Xocalı faciəsinin
başlanğıcı, əvvəli deyilmi? Dinc əhaliyə quldur-qaçaq damğası
vurmaqla onları isti yuvalarından, qədim məskənlərindən
qovub, özlərini məskunlaşdırmağın ən
asan yolu deyilmi? Knyaz Macavelinin "yaraşıqlı
xalq" adlandırdığı haylar-ermənilər özlərini
nə qədər Knyaz Göyçayski, Şuşinski,
Şirvanzadə adlandırsalar da, müasir DNK ilə
aparılan tədqiqatlar azəri türklərinin Qafqaz ərazisində
sakin olmuş ən qədim xalqlardan olduğunu sübut edir.
Knyaz Q.V.Macavelinin arxivdən tapılmış, lakin çap
olunmamış məqaləsində bəzi məqamlara diqqət
yetirək: "Son bir neçə onillərdə ermənilər
maddi və milli uğurlarından ruhlanaraq həddini
aşıblar. Erməninin adı
istismarçının, eqoistin, bambılının sinonimi
olub. Heç bir xalq milli xüsusiyyətləri
nə qədər zəngin olsa da, əgər əhatəsindəkilər
ona müsbət münasibət bəsləmirsə, xeyirxah və
rəğbətlə qəbul edilmirlərsə, o, gələcəyinə
ümid edə bilməz, bunu xüsusilə çoxmilyonlu
müsəlman və pravoslav əhalisi arasında səpələnmiş
erməni əhalisi nəzərə almalıdır".
Vaxtında
və sərrast deyilmiş sözlərdir: erməni-müsəlman
qarşıdurmaları məhz ermənilərin təhriki ilə
başlamışdı: 1918-1988-ci illər hələ qabaqda
idi. Nə yaxşı ki, 70 ildən artıq oxumaq, tanış olmaq belə qadağan olunmuş
dövri mətbuat varmış. Bu gün çoxları
üçün müəmmalı, qaranlıq məsələləri
işıqlandırmaq üçün həm rus və həm
də Azərbaycan dilindəki qəzet və jurnal səhifələrində,
xarici ölkələrin arxivlərində səliqə ilə
mühafizə olunan arxiv materiallarında təxminən 190 il
rus əsarətində olan xalqımızın taleyini izləmək,
öyrənmək mümkün olmuşdur. Rus imperiyası
zamanında məhz ekstremist erməni-hayların fitvası ilə
bütün dünyaya vəhşi, mədəniyyətsiz xalq
kimi tanıdılan, təbii sərvətlərini talan edib, hətta
cınqırını çıxararsa, divan cəzası
tutulacağına da "rəva" görüləcək
bir dövr yaşanılıb.
Bəli, 1905-ci ildəki erməni-müsəlman
davasında məhz Bakı kəndlərindəki əhaliyə
divan tutmaq üçün canişinin hərbi divan dəstələri
haqqında sərəncamı olmuşdu. Macaveli məqaləsində
yazır: "Müsəlman əhalisi və onların
acınacaqlı güzəranı haqqında
danışmağa lüzum varmı? Mən əminəm ki,
müsəlman ziyalıları arasında bu xalqın
varlığını, mənəvi və maddi durumunu tam ədalətlə
işıqlandırmağa müvəffəq olan şəxsiyyətlər
tapılacaq...
... Xalqın gələcəyini saraylar deyil, mənəvi
əsaslar yaradır. Erməni
burjuaziyası və ziyalılar bunu yadda saxlamalıdırlar,
səmimi qəlbdən deyirəm ki, yaraşıqlı
xalqı hələlik Bakı, Şuşa və Zaqafqaziyanın
digər şəhərlərində baş vermiş faciəli
hadisələrə səbəb olmuş avantüralara, xətalara
sürükləməsinlər".
Hələ
100 il bundan əvvəl Azərbaycan
ziyalıları ilə yanaşı, gürcü knyazı
Q.V.Macaveli hayları beləcə xəbərdar edirdi.
Knyaz Babayev Göyçayski Sankt-Peterburqa
gedir
"Moskovskiy
vedomosti"nin Odessa müxbiri qəzetin 1
aprel tarixli nömrəsində yazır: "Aleksandr" gəmisi
günorta vaxtı Odessa limanına daxil oldu. Konstantinopoldan
gələn gəmidə sərnişinlərin arasında
özünü knyaz Göyçayski adlandıran yalançı
İvan Babayev və arvadı da vardır. Onları
türk gözətçisi və "Taman" gəmisindən
olan rus leytenantı Denisov müşayiət edir. Denisov rus səfirliyinin əməkdaşıdır.
Odessada yalançı knyazın - belə məşhur
məhbusun saxlanması üçün yer
tapılmadığından, ertəsi günün səhərinə
qədər gəmidə saxlanılması üçün əmr
verilmişdir. Kapitan S.-nin
lütfkarlığı sayəsində mən həm
knyazı, həm də onun üçüncü olan gənc
arvadını görə bildim. Mən gəmidə
olarkən şəhər rəisi də orada idi. O,
"məşhur" məhbusun necə qorunması ilə
maraqlanırdı. Knyaz, daha doğrusu,
naxçıvanlı İvan Babayev ermənidir. Ortaboylu, qarayanız, 30-35 yaşlarında,
bakenbardı, saqqalı səliqə ilə təraş
edilmiş bir adamdır.
Özünü çox təmkinli aparır, lakin tez-tez
gözləri ilə əsəbi halda ətrafa boylanır. Boylu-buxunlu,
24-26 yaşlarında olan arvadı son dərəcə gözəgəlimlidir,
fransızca əla danışır, özünü çox
sakit aparır, sanki o, doğrudan da knyaz arvadıdır.
O, ərinin həqiqətən də knyaz olduğuna
inanır. Şəhər rəisi bir saatdan
çox onu bu fırıldaqçı ərini atmağa
çağırsa da, o, bu haqda eşitmək belə istəmir,
yalançı knyaz onu elə inandırıb ki, Xanım elə
bilir ki, Peterburqa çatan kimi bütün bu
anlaşılmazlıqlar öz həllini tapacaq. Gəmidə arvadına görə "knyaz" -
erməni ilə yumşaq davranırlar. O, sərnişinlər
üçün olan birinci dərəcəli kayutda yerləşdirilib,
hətta ümumi masa arxasında nahar edir. Kapitanla
birlikdə altı sərhəd gözətçisi göyərtədə
kayutanın yanında dayanıb, onun keşiyini çəkir,
knyaz Göyçayskini narahat etmirlər. O, gecəni gəmidə
keçirəcək, səhər saat 6-da isə poçt qatarı ilə Peterburqa göndəriləcək.
Mənim məktubum da həmin qatarla göndəriləcək.
Gəmidə mənə söylədilər ki, bu knyaz
Konstantinopolda səfirimizin yanına düşmək
üçün çox kobud davranıb. Yalnız səhəri
gün general-adyutant İqnatyev onu həbs etmək haqqında əmr
yazılmış teleqramdan öyrənib ki, knyaz nə
yuvanın quşudur.
"Bakinskiy
listok" qəzeti, № 9, 1 may 1871-ci il
Babayevin fəndgirliyi
"Qolos" qəzetinin Konstantinopoldakı müxbiri xəbər
verir ki, yalançı knyaz İvan Göyçayski, yaxud
Şuşinskinin çoxlu rus bank bileti və kağız pulu
vardır. O,
bunları Konstantinopolda satıb, xırıd eləyib,
keçmiş günahlarının izini itirmək
üçün harasa qaçmaq niyyətindədir. Lakin bədbəxtlikdən
Konstantinopol bankirləri onun "knyazlığına"
inanmayıb, tanımadıqları adamdan rus pullarına o qədər
də maraq göstərməyiblər, ona görə də
Babayev kapitalının yalnız bir hissəsini qızıl
pula dəyişib İtaliyaya getməyə
hazırlaşıb, lakin gözlənilmədən rus səfirliyindən
onu səfəri təxirə salıb, pasportunu təqdim etməyi
tələb ediblər. Təbii ki, Babayev başa
düşüb ki, səfəratxanaya
çağırılmasının səbəbi onun Peterburq,
Poltava və digər rus şəhərlərindəki
fırıldaqlarının üzə
çıxmasıdır; Babayev o saat özünə himayədarlar
axtarmağa başlayıb, deyirlər ki, az qala
Konstantinopoldakı bütün səfirlikləri gəzib, rus
hökumətinin onun siyasi baxışlarına görə, həm
də ona olan milyonlarla borcu qaytarmamaq üçün onu izləyir.
Babayev yaxşı bilirdi ki, xaricdə bizim
qayda-qanunlarımız haqqında hər cür mənasız,
cəfəng sözlərə iltifatla qulaq asırlar; lakin bu
dəfə o, öz haqq-hesabında
yanıldığının şahidi oldu. Onu gözləyən təhlükədən qorunmaq
üçün qaçmağa üz tutdu, Adrianopola gəldi.
Babayevi şəhər qapılarında peyda
olan kimi, həbs edib onun üçün hazırlanmış
xüsusi yerə gətirdilər. Məlum
oldu ki, artıq Adrianopolda da Babayev tərəfindən
yayılmış şayiələrdən xəbərdardırlar.
Lakin burada onu müdafiə edən xeyli adam
tapıldı. Babayevin tutulmasından xəbər tutan yerli ermənilər
general-qubernatorun yanına nümayəndələr göndərib
Babayevin həmvətənliləri kimi buraxılıb onlara
verilməsini xahiş etdilər, müsəlmanlar isə ucadan
ona narazılıqlarını söyləyirdilər ki,
Türkiyə hökuməti Moskva çar nümayəndəsinin
tələbinə görə Babayevi Rusiyaya təhvil verir. Halbuki Babayev sultan Türkiyəsindən
sığınacaq almaq şərti ilə müsəlmanlığı
qəbul edəcəyinə, üstəlik, çar hökumətindən
ona çatacaq külli miqdarda pulu Türkiyənin xeyrinə
güzəştə gedəcəyinə hazır olduğunu
bildirib.
Dünən mən bildirmişdim ki, Babayev Peterburqa gedir,
lakin onu Poltavaya göndəriblər. O, bu gün səhər poçt qatarı ilə Odessanı tərk edib. Knyaz gəmidə arvadı ilə I dərəcəli
kupedə iki zabit və jandarm nəzarətində olub.
"Birja xəbərləri"ndə isə oxuduq ki,
Babayev Peterburqa gətirilib, arvadı isə Poltavada
qohumlarının yanında qalıb.
"Bakinskiy
listok" qəzeti, № 10, 8 may 1871-ci il
Ülkər HÜSEYNOVA
525-ci qəzet.- 2020.- 8 fevral.- S.19.