İddiasız adam
(Ömürlüyümdən
bir parça)
...
İstanbuldan qayıtdıqdan sonra Bakıda Tofiq Abdinin
"öz kruqu" yaranmışdı, bu "kruq"da
onunla köhnədən tanış olanlar
da vardı. Biri də mənim vaxtilə Adil
Atakişiyev kimi ona təqdim elədiyim Adil Qaçayoğlu
idi. Onları birləşdirən bir ümumi cəhət
vardı - hər ikisi ruhsal, duyğusal adam
idilər, insanlara hədsiz dərəcədə
inanırdılar, hərçənd Tofiqdən fərqli
olaraq bəzi şeylərin üstü açılanda Adil
bunu özünə dərd edir və ürəyinə
salırdı.
Adil "Azərbaycan gəncləri"nə 1982-ci ildə
gəlmişdi, mənimlə isə eyni şöbədə
1983-dən işləyirdi - tanışlığımız
və dostluğumuz da həmin vaxtdan başlanmışdı.
Həqiqi
dost idi və bu dostluğa sədaqətinin təsdiqi kimi mən
cəmi ikicə faktı göstərəcəyəm.
1985-ci
ilin aprelində Balakəndəki toyuna mən ailəmlə
getmişdim və orada iki qardaşı dura-dura "gəlinin
belini bağlamağı" mənə həvalə etdilər...
Ortancıl
qardaşı, son vaxtlaracan daxili işlər orqanlarında
işləyən Mətləb günü bu gün də hər
bayramda zəng vurub məni təbrik edir, adi günlərdə
əhvalımı xəbər alır - baxmayaraq ki, Adil də,
keçmiş milis işçisi olan atası Qaçay
kişi də daha həyatda yoxdurlar...
Təxminən 5-6 illik əməli jurnalistika təcrübəsinə
malik olan Adil "Azərbaycan gəncləri"nə Balakəndə
çıxan "Şən həyat" qəzetindən gəlmişdi. Dəqiq deyə bilmərəm
ki, hansı hissin-duyğunun təsiri altında bu
addımı atmışdı: axı orada ata-anası, rayon mərkəzində
evi, redaksiyada babat vəzifəsi - şöbə müdiri,
rayon ictimaiyyəti (raykom-filan) arasında yenə babat xətir-hörməti,
bolluca dost-tanışı vardı, Bakıda isə işə
düzəlmək perspektivi barədə yerlisi və tələbə-qrup
yoldaşı, həmdəmi Elçin Mehrəliyevin təsəlli-vədindən
savayı, əslində, heç nəyi yoxuydu.
Hər
halda o, ən azı beş illik tələbə
həyatındakı kirayənişinlik ömrünü daha
5-6 il də yaşamaq və bunun müqabilində mənə
məlum olmayan mübhəm arzularını yəqin ki,
gerçəkləşdirmək üçün paytaxtı
özünə yeni ömür ünvanı seçmişdi.
Adil ümumiyyətlə iddiasız adamıydı, ən
yaxşı halda bacardığı işi yüksək səviyyədə,
peşəkarcasına görüb bununla da tamah dişini
çıxarıb atasıydı.
İş
elə gətirdi ki, birgə işləməyə
başladığımız ilk dövrdən xarakterindəki
həmin iddiasızlıq keyfiyyətini sezdim: təklif verməyi,
təşəbbüskarlığı xoşlamır, eləcə
şöbənin fəaliyyəti ilə bağlı cari
tapşırıqları - düşündüyümdən
də qat-qat artıq keyfiyyətlə - yerinə yetirməklə
işini bitirirdi. Elə o çağlarda onda reportyorluğa
meylin az olduğunu, çapa
hazırladığı ən xırda informasiyaya da sırf
yaradıcılıq ünsürləri əlavə etdiyini,
bir sözlə, yaxşı mənada publisistikaya meylləndiyini
gördüm.
Ancaq
burası da vardı ki, Adil bizim əksər istedad sahiblərimizə
xas olan "şah tənbəlliyi" mərəzindən də
uzaq deyildi, bununsa mən bilən çarəsi "tez
ol", "tez ol" rejimində könlüncə olan
işlə - yaxşı mənada - baş qatmaq idi.
...İlk ciddi işi Balakən-Laqodexi qonşuluq-dostluq əlaqələri
barədə A-2 həcmli tematik səhifə oldu. Letuçkadan
tutmuş Kommunist Partiyasının Mərkəzi Komitəsinədək
hər yerdə təqdir olunan səhifə.
Sonra - gərək ki, Ağcabədidən - bir gənc
oğlanın ailə müşkülüylə bağlı
ümumiləşdirilmiş publisistik qeydləri.
Daha sonra
tanınmış foto ustası S.Rasimlə birgə layihəsi:
həmin vaxtadək "Gənclər"də heç kimin
eləmədiyi "qeyri-ciddi iş" - mətnli lirik
fotoreportajlar, fotoetüdlər...
Təxminən yarım ildən sonra Adil "Gənclər"in
tam mənasıyla hamının qəbul etdiyi əməkdaşı,
söz sahibi idi. O dövrün idarədaxili ciddi subordinasiya
qaydalarına baxmayaraq, artıq redaktor da, onun müavini də
mənə - şöbə müdirinə xəbər eləmədən
birbaşa müxbirə - Adilə fərdi
tapşırıqlar verməyə başlamışdılar.
1983-cü
ilin sonu üçün artıq məndə formalaşan qəti
fikir bu idi: Adilin Balakəndəki hər cür
rahatlığını atıb Bakıya gəlməkdə
bircə niyyəti varmış - yaradıcılıq
potensialını daha geniş və əlverişli mühitdə,
bütün çalarlarıyla büruzə vermək! Halbuki
özünün dediyinə görə, beş
illik tələbəlik dövründə bir cümləlik
informasiyasının da çap olunmasına həvəs
göstərməyibmiş, hətta bir az da artıq desəm,
jurnalistliyə ümumiyyətlə maraq göstərməyibmiş...
1987-ci ilin yayına qədər eyni redaksiyada, eyni
şöbədə işlədik. Düzdür, əmək intizamı
baxımından Adildən tam razı qalmadım - bəzi məqamlarda
sırf məişət problemləri, bəzi hallarda da
xarakterindəki "şah tənbəlliyi" mənim kimi kəmhövsələ,
hər işi vaxtından qabaq görməyə öyrəncəli
müdirə onun astagəlliyini həzm etməyə mane olsa
da, qələm sahibi kimi sözə, fakta, gördüyü
işin nəticəsinə görə məsuliyyəti
baxımından redaksiyada tam (!) etibar elədiyim yeganə adam
da məhz o idi. Buna görə də "Gənclər"i
tərk edib "Kommunist"də işləməyə gedəndə
öz əvəzimə şöbə müdirliyinə, tərəddüdsüz,
Adili təklif elədim...
1991-ci
ilin yanvarında onu işlədiyim yeni qəzetə - "Həyat"a
keçməyə birtəhər razı saldım: yeni qəzet
mənə "Gənclər"ə nisbətən daha
perspektivli görünürdü, güman edirdim ki, burada
yazmaq istədiyim, lakin məmur funksiyalarının
çoxluğu ucbatından eləyə bilməyəcəklərimi
Adil yazacaq və mən də ən yaxşı halda onun
yaradıcılıq uğurlarının sevincinə şərik
olacağam.
Amma...
Adil "Həyat" ünvanlı ilk yazısını da
götürüb, bir həftədən sonra bizimlə
xudahafizləşmədən redaksiyanı tərk elədi...
"Yeni
fikir", "Ülfət", "Panorama",
"Detektiv", "525-ci qəzet", "Bizim əsr",
"Yeni yüzil", "Gün səhər","İqtisadiyyat
və audit", "Yeni Müsavat"... On
yeddi ildən bir qədər çox müddət ərzində
Adilin "gəzməyə" məcbur olduğu ünvanlar
bunlar oldu. Kim nə deyirsə-desin, mənə elə gəlir
ki, ayrı-ayrı yazılarına baxmayaraq, Adilin "Gənclər"də
8-9 il ərzində jurnalistikaya verdiyi
töhfə bu 17 ildəkindən qat-qat çox olub. Səmimiyyətimə
inanın: Adil Azərbaycan jurnalistikasının itirilmiş
2-3 həqiqi istedadından, son 15-20 ilin barmaqla sayılan
vicdanlı qələm sahiblərindən biriydi. Mən təəssüf
edirəm ki, bu son 17 ildə elə bir redaksiya tapılmadı
ki, Adil 5 il sərasər orada oturub ÖZ İŞİ ilə
- ürəyindən keçənləri yazmaqla - məşğul
ola bilsin.
Ürəyindən
nələr keçdiyini isə Adilin sifət cizgilərindən
də oxumaq olar: bu adam başdan-başa AZƏRBAYCANLI və
BƏŞƏR ÖVLADIydı - lalənin
yanağındakı bir damcı şehdən də vəcdə
gəlir, anası-milləti bilinməyən körpənin
göz yaşından da sarsıla bilirdi; yağı
tapdağı altında qalmış yurd yerləri də od
olub onu yandırırdı (vəfatının 40-cı
gününə cəmləyib çap etdirdiyimiz ilk və
yeganə kitabı "Ağdam yuxuma girir..." adlanır və
bu ad yüzdə yüz Adilin iç dünyasının ifadəsidir),
"Qalatasaray"ın 100 illik yubileyi çempionluq mərtəbəsində
qeyd edə bilməməsi də.
Bu yerdə təvazökarlıqdan çox-çox uzaq
olan bir fikri işlətməyə məcburam. XX əsr Azərbaycan mətbuatının
patriarxlarından olan Cəmil Əlibəyovun
"Kommunist"də təxminən bir aylıq birgə
işimizdən sonra mənim ünvanıma dediyi:
"Şakirə rast gəldiyimə görə taleyimə
minnətdaram" sözlərini eynilə Adilə aid edirəm.
Adil əsl qəzetçi, əsl jurnalist, əsl insan və əsl
dost idi. Əsl olan kəs isə heç vaxt sələfinə
utanc gətirməz!..
...Hələ
sütül cavan, subay, işsiz və evsiz-eşiksiz
çağlarımda o vaxt yetərincə cavan olan həmkarımız
Rizvan Cəbiyev əslində, bu günümüzə daha
çox yaraşan bir söz söylədi: "Heç vaxt
ruhdan düşməyə, həyatdan bezməyə, bədgüman
olmağa dəyməz. Birdəfəlik dərk eləmək
lazımdır: həyat elə qurulub ki, insanların bir qismi
qalan bütün ömrü boyu insan kimi yaşamaq
üçün gərək olan hər şeyi 25
yaşının tamamında qızıl məcməyidə
alır, digər qismi isə 25 yaşa qədərki və
sonrakı bütün ömrünü həmin şeylərə
nail olmağa sərf edir və əksər halda da istəyinə
yetmir".
Həyatın
irili-xırdalı, gərəkli-gərəksiz onlarca
olayını özünə dərd eləyən, beyninin
sapsağlam hüceyrələrini fikrən-xəyalən həyatın
çeşidli müşküllərini çözməyə
yönəldən, sonda isə nəyəsə nail ola bilməmək
əzabıyla barışmaq məcburiyyətində qalıb
siqaretə güc verən Adilin əslində, elə 25
yaşında ikən bütün ömrü boyu insan kimi
yaşamaq üçün gərəkli hər şeyə
yiyələnməkdən ötrü babat imkanları olub:
ağlı, dərrakəsi, savadı, biliyə-öyrənməyə
həvəsi, sağlam canı, mərifət-qanacağı,
böyük-kiçiyə, halal-harama, zəhmətə-müftəyə
fərq qoyub şərə-şur işlərə
qoşulmamaq üçün nəfsini boğmaq
bacarığı, dostlar yanında hörməti, nüfuzu,
sözükeçərliyi və ən başlıcası,
maddi baxımından ailəsini - təbii ki, həm də
böyük oğlunu - Adilin özünü - heç nədən
korluq çəkməyə qoymayan, onun cəmiyyətlə
bağlı istənilən probleminə istənilən məqamda
"Dur!" deyə bilən hökmlü, zabitəli, nəzərləri
daim ocağının üstündə olan atası! Bəli, imkanlar var ikən Adil "ata-ana
uşağı" olmaq reallığına rəvac verməyərək
sadaladığım və sadalamadığım şəxsi-insani
keyfiyyətlərinə arxalanıb, çoxluqdan biri kimi
ömür sürməyi üstün tuturdu.
Adilin əsl
jurnalist, əsl insan və əsl dost kimi bir neçə
qüsurunu, xoşuma gəlməyən keyfiyyətini
sadalamaqdan özümü saxlaya bilmirəm. Onun
hədsiz dərəcədə vasvasılığı, həssaslığı,
ümumbəşəri problemlərdən tutmuş ən
xırda, ən gərəksiz məsələyə də
ürək yanğısı ilə reaksiya verməsi,
"dünyanın belə gəlib belə də gedəcəyi"
ehkamı ilə barışmaq istəməməsi -
qısası, hər şeyi ürəyinə salması
dediyim birinci qüsurdur.
Xarakterindəki, yox, əməlindəki bir mənfi cəhəti
də onun peşəsi, peşəkarlığı ilə bağlıydı. Mən bu
qüsuru qısaca nə təhər ifadə etmək barədə
düşünəndə təsadüfən gözüm
"525-ci qəzet"də bir cümləyə
sataşdı. Adilin də xətrini çox istədiyi
dəyərli bir yazarın başqa bir dəyərli qələm
sahibi barədə yazdığı həmin cümlə
yüzdə-yüz Adilə də aiddir: "O, sözə,
dilə, cümləyə, Azərbaycan dilinin qrammatik, fonetik,
morfoloji, sintaktik xüsusiyyətlərinə xəstə bir
vasvasılıqla həssas yanaşır və həmişə
də bu qayda-qanunları pozanlara qarşı
barışmazdır".
Bu fikri təsdiqləmək üçün hansısa
bir fakt göstərməyə ehtiyac duymuram, çünki
Adil hər an, hər dəqiqə hər bir kəlməyə,
hər bir cümləyə dil qanunlarının aliliyi
prizmasından münasibət bəsləyir və heç nədə,
heç kimə güzəşt eləmirdi.
Qaldı
ki, barışmazlığına, bu, hamıdan öncə
özünə - öz yaradıcılığına və
redaktəsi üçün məsul olduğu yazılara
qarşı münasibətdir, bəzən ifrat həddə
çatan münasibət! (Hələ kommunist rejimi
dövründə ölkənin rəsmi dövlət qəzetindəki
işindən ayrılması da məhz yazısının
sayğısız redaktəyə məruz qalmasına
etirazının əlamətiydi...).
Adil istedadın ictimai sərvət olduğunu və bu səbəbdən
də onun, yəni istedadın əməli işdə
mümkün qədər ifadəsini tapmalı olduğunu
unudub danışdıqlarının yüzdə birini də
yazmırdı. Mənən təmiz, saf olan bu insan uşaq qədər
sadəlövhüydü, hər deyiləni ali
həqiqət kimi qəbul eləyir və uzun müddət təsiri
altında olduğu sözün, hərəkətin
saxtalığı, gözə kül üfürməkliyi
aşkarlananda haldan-hala düşsə də, daxilən
acı iztirablar keçirsə də, bu mərəzindən -
insana inam duyğusundan heç cür qurtulmurdu...
Adil sıralarımızı çox erkən tərk
etdi - 53 yaşının tamamına hələ bir ay
qalırdı.
Ömrünün son ilini "Yeni
Müsavat"da keçirdi, daha çox idmandan - futboldan
yazdı və düçar olduğu amansız xəstəliklə
çarpışdı. Və elə bu xəstəliyə
də məğlub oldu. Dedim axı, o, iddiasız adam idi və heç nədə qalib gəlmək
niyyətində deyildi, o cümlədən, xəstəliklə
mübarizədə də!
O məşum
gündən on ildən çox keçir. Amma
onu qiyabi tanıyanlar da Adili yana-yana yad edirlər.
İndi təsəvvür edin ki, mən nə çəkirəm:
hər ayda, üç ayda telefonumda onun əl telefonunun
nömrələri peyda olur. Bunun nə illah
olduğunu heç cür aydınlaşdıra bilmirəm.
Görünür, köhnə xasiyyətinə
sadiq qalaraq sağ qalanlardan, o cümlədən, məndən
xəbər tutmaq istəyir.
Mən
bunu ayrı cür yoza bilmirəm...
Şakir YAQUBOV
525-ci qəzet.- 2020.- 8 fevral.- S.18.