Mübarizlik və müstəsnalıq
Hər zaman yuxuların insan həyatıyla,
yaşadığımız bu dünyayla mistik bir əlaqəsi
olduğuna inanmışam. Düzü, elmin yuxu
haqqında dedikləri məni o qədər də qane etmir.
Bu haqda çox oxuduğumu,
araşdırdığımı da deyə bilmərəm.
Amma öz yuxularımın nəsə bir mənası,
mesajı olduğunu düşünmüşəm həmişə.
Yoxsa aylarla yuxu görməyib, sonra bir yuxunu niyə
dəfələrlə görüm ki? Son bir il ərzində davamlı şəkildə
gördüyüm yuxu ötən gecə də qonağım
idi...
İnsanın yuxusu necə ağrıdarmış onu
iliklərinə qədər. Yuxudaykən özünü cənnətdə
hiss edib, oyanandan sonra xatırladığın həqiqətlərin
cəhənnəmində qovrulmaq elə bərbad hissdir ki.
Yuxularımdakı cənnət
Cənnət
demişkən, özümü cənnətdə
görürəm,
düz bir ildir. Təkrar-təkrar,
dönə-dönə. Elə bu gecə də
həmin cənnətdə idim. Dəfərlərlə
görməyimə baxmayaraq, hər dəfə təəccüblənirəm.
Elə bilirəm, ölmüşəm,
hansısa əməlimə görə Allah məni cənnətlə
mükafatlandırıb. Hələ
yamyaşıl, budaqlarından meyvələr sallanan
ağaclara, kəpənəklərə naz edən güllərə,
xoşbəxt nəğmələriylə bizi salamlayan
quşlara baxa-baxa "cənnət buradır?" deyə
soruşuram da. O an yanımdakı hənirdən
tək olmadığımı anlayıram. Elə
onda bir evin eyvanında olduğumuzun da fərqinə
varıram. Allaha, onun hikmətinə, cənnətə
məndən çox inanan şair dostum var yanımda.
Qımışır: "Cənnətdə deyilik, əzizim,
Qarabağdayıq! Daha doğrusu,
Şuşada". Qarabağ?
Şuşa? Bir anlıq elə sevinirəm ki,
sanki havadakı bütün oksigen ciyərlərimə dolub
köksümü qabardır. Amma sevincim
saniyənin yüzdə biri qədər də çəkmir.
Həmən xatırlayıram: axı... bəs... Qarabağ...
düşmən... işğalçı ermənilər...necə...
Yenə
qımışır: "Qorxma, Qarabağ azad olunub. İlk gələn də bizik. Hamı
gəlir, yoldadırlar".
Gülümsəyirəm. Sevinirəm. Maraqla ətrafa baxıram. Bu dəfə
o ağaclar da, o çiçəklər də, o kəpənəklər
də, o quşlar da gözümə daha gözəl, daha
doğma, daha sevimli gəlir. Başımı
qaldırıb göylərə baxıram. Şən-şən parlayan günəşə
minnətdarlıqla gülümsəyirəm. Deməli, düz otuz ildən sonra biz nəhayət,
öz torpaqlarımızdayıq. Qələbə
bizimdir!
Bu vaxt evdən qoca, beli bükülmüş, eybəcər
bir qarı çıxır. Bu cənnətlə
onun kifir görünüşü o qədər tərs
mütənasibdir ki, gülüşüm üzümdəcə
donur, içimi ikrah bürüyür. Qarı isə
yarı-yarımçıq Azərbaycan dilində deyinir:
"Hə, nədi, nolub? Səbr eliyə bilmədiz
ki, çıxaq, elə o dəqiqə soxulduz evə? Sizi görüm lənətə gələsiz!"
Deyəsən,
qorxduğumu anlayıb, şair dostum əlini çiynimə
qoyub, qulağıma pıçıldayır: "Fikir vermə,
gedirlər, bu gün son günləridir!"
Eşidir
qarı: "Hə, hə, gedirik, bezdik daha... Alın,
torpaqlarınız sizin olsun!"
Bu vaxt
aşağıda siqnal səsi gəlir, boylanırıq: bir
neçə nəfər saçı saqqalına
qarışmış kişi
"Kamaz"ın arxasına yığılmış
yüklərin arasında oturublar, o qarını
çağırırlar. Qarı
düşür və o "Kamaz"la sonuncu düşmənlər
də Qarabağdan - Şuşadan çıxıb gedirlər.
Sevinclə, təəccüblə yağıların
arxasından baxarkən uzaqda ağacların arasında
qaraltı görürəm. Diqqətlə baxanda əlində
silah tutmuş əsgərimizi tanıyıram: Mübariz!
Bir ildir, o qaraltının kimliyini öyrənmədən
oyanırdım yuxudan. Yuxumu bircə yanımda
gördüyüm şair dostuma danışmışdım.
Ona da yarımçıq. Heç
vaxt həmin o qaraltıdan bəhs etməzdim. Onu özümdə bir sirr kimi saxlardım. Amma
həmişə beynimi məşğul edirdi: görəsən,
o, nədir, kimdir ki, mən hər dəfə onu görmədən
oyanıram? Nəhayət, bu gecə düz on il
öncə tək canına etdiyi qəhrəmanlıqla
yalnız Azərbaycanın deyil, bütün Türk
dünyasının tarixinə adını qızıl hərflərlə
yazdıran Mübarizi tanıyıram.
O
Mübariz ki, cəmi 22 yaşında içindəki Vətən
sevgisiylə, qeyrətiylə qorxmadan sərhəddi
keçmiş, düşmənin üzərinə
şığıyıb ordusunu pərən-pərən
salmışdı. Onun gəlişiylə
düşmən bir ordunun hücuma keçdiyini zənn
etmişdi. Şəhid olana kimi
düşmənə divan tutmuş, onlarla zabitini həlak
etmişdi. Ölümdən sonra
düşmən cəsədindən belə qorxurdu, çəkinirdi.
Buna görə də əllərini
bağlamışdılar. Onun bu igidliyindən
sonra Ermənistanda üç günlük matəm elan olundu.
Ermənistan Müdafiə Nazirliyi baş
vermiş hadisəylə bağlı iki general və səkkiz
zabiti ordudan qovdu.
Bir ildir
görməyib, məhz bu gün Mübarizi yuxuda
tanımağım elə-belə ola bilməzdi.
Bunun nəsə bir səbəbi olmalı idi.
Yuxudan durarkən ilk iş ayın tarixinə baxdım: 7
fevral. Hə, bu gün Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun doğum günü imiş. Yaşasaydı, 32 yaşını qeyd edəcəkdi.
Amma o, gənc yaşında şəhid
olmağı seçdi. Bircə
düşmən belə öldürməyi öz həyatından
üstün saydı.
2010-cu ilin iyunun 18-də şəhid olub Mübariz. Hərbi xidmətdə
olduğu Tərtər rayonundakı Çaylı kəndinin
yaxınlığında. O, şəhid olanda məktəbi
yenicə bitirmişdim. Əksər yaşıdlarım kimi mən
də ali məktəbə
hazırlaşırdım. Doğrusu, dərslərə,
kitablara, hazırlıqlara o qədər çox diqqət
ayırmışdım ki, dünyayla əlaqəm kəsilmişdi.
Varsa, yoxsa kitablarım, dərslərim. Ətrafımda baş verən hər şeyə
laqeyd birinə çevrilmişdim. Elə
o zamanlarda eşitdim şəhid Mübariz İbrahimov
adını. Amma utanaraq etiraf etməliyəm
ki, çox da diqqət ayırmadım. Kim
olduğunu, nə etdiyini eşitsəm də, sanki beynim
almırdı, başa düşmürdüm. Ya da müharibə şəraitindəki bir ölkənin
vətəndaşı olaraq dünyaya göz
açmağımın gətirdiyi soyuqluqdan idi artıq
şəhid xəbərlərinə alışmağım.
Bir insan və elə bir dövlət üçün də ən
qorxulu hal məhz budur: şəhid xəbərlərinə
öyrəşmək. Biz bir xalq olaraq,
çoxdan öyrəşmişdik bu xəbərlərə.
Mübariz isə təkcə bizim yox, tarixin görmədiyi,
bilmədiyi bir qəhrəmanlıqla əzbərləri
pozmuşdu.
Bunu ölümündən bir az sonra - ali
məktəbə qəbul imtahanım bitdikdə daha
yaxşı başa düşmüşdüm. Çünki
o zaman kitabların "əsarət"indən xilas ola bilmişdim, dünyayla əlaqələrim
bərpa olunmağa başlayırdı.
Dediyimiz kimi, müharibə şəraitində
yaşayan bir ölkə üçün şəhid vermək
təbiidir.
Kaş ki, olmasa... Amma bir var döyüşdə,
müharibədə, ya da qarşılıqlı
atışma zamanı, insidentdə şəhid olmaq, biri də
var heç bir döyüş olmadan, dinc şəraitdə
içindəki qürur və nifrət sayəsində
gözünü qaraldıb, özündən sonra qoyduğun
əl boyda kağızda "Vətənin dar günündə
artıq ürəyim dözmür. Allaha
xatir bunu etməliyəm. Ən azından
ürəyim sərinlik tapar" deyərək düşmənin
üzərinə getmək və şəhid olana qədər
geriyə dönməmək. Bu, hər
oğulun işi deyildi ki, bunu Mübariz elədi. Qorxmadan, çəkinmədən, sonunu
düşünmədən getdi ölümün üzərinə.
Qəhrəmana sevgi
İyulun
4-də - ali məktəbə qəbul
imtahanımdan sonra kitablardan ayrılıb Mübarizin qəhrəmanlığına,
həyatına, onun haqqındakı söhbətlərə
diqqət kəsilmişdim. Hər yerdə, hər
kəs ondan danışırdı. Sevinirdim
bu ad çəkildikcə. Bu arada sevdiyim,
arzuladığım ixtisasa qəbul olmuşdum, universitetdə
dərslərimiz başlamışdı.
Artıq hər gün bir saatlıq yoldan dərsə
gedirdim. Hər gün şəhərdə
gördüyüm mənzərə isə qürurumu
oxşayır, gözlərimi yaşardırdı. Bütün avtobuslara, divarlara Mübarizin şəkilləri,
plakatları asılmışdı. Televizorda
da, həyatda da, universitetdə də mövzumuz Mübariz idi.
Bir gün universitetdən qayıdanda gördüm
avtobusa onun böyük portretli plakatını
yapışdırıblar. Sürücü nurani kişi idi, yanındakı köməkçisi
isə cavan oğlan. Neftçilərdən
Bakıxanova qədər olan məsafəni gözümü
Mübarizin şəklindən çəkə bilmədim.
Ünvana çatıb avtobusdan düşəndə
utanmağı bir kənara buraxıb, içimdəki
bütün cəsarətimi toplayaraq sürücüdən
bu plakatı hardan aldığını soruşdum. Kişi bir mənə baxdı, bir şəkilə.
Köməkçisinə dedi:
- Aç
o plakatı, ver qızıma.
Nə qədər
etiraz etsəm də, kişi razı
olmadı. Plakatı götürüb avtobusdan
düşdüm. O qədər çox sevinirdim, o qədər
xoşbəxt idim ki... Əminəm
dünyanın zər-zibasını başımdan töksəydilər,
əlimdə bərk-bərk tutduğum o şəkil qədər
əziz və dəyərli olmazdı mənə. Evə çatan kimi həmin plakatı
yatağımın başından asdım. İçimdəki qürur, sevinc yerə-göyə
sığmırdı. Sanırdım
sevdiyim qəhrəmanın şəklinə deyil, özünə
qovuşmuşam. Ondan sonra günlərim
onunla keçirdi. Saatlarla, günlərlə onun şəklinə
baxıb ağladığımı, dərdləşdiyimi
bilirəm...
Sonra haqqındakı kitabları oxumağa, filmlərə
baxmağa başladım. Hər biriylə Mübarizin
dünyasına bir az daha
yaxınlaşır, onun etdiyi qəhrəmanlığın məğzinə
varırdım.
Mübarizi anarkən...
Vətən sevgisinin, torpaq qeyrətinin vaxtı,
zamanı, xüsusi günü olmur. Vətənə sahib
çıxmaq üçün müharibəni gözləyənlərin
də səmimiyyətinə inanmıram mən. Hər an onun təəssübünü çəkmək,
dərdinə yanmaqdır vətən sevgisi.
Ölümündən sonra dövlətimiz bu qəhrəmanlığı
layiqincə qiymətləndirdi. Düz 10 ildir ki,
Mübarizin adı doğulduğu Biləsuvar rayonunda orta məktəb,
küçə adında əbədiləşib. Ölümündən sonra ona Azərbaycanın
Milli Qəhrəmanı adı verildi.
Ən əsası odur ki, Mübariz İbrahimov Azərbaycan
xalqının ürəyinə əbədi
köçdü. Xalqının qürur mənbəyi,
dostun fəxr yeri oldu, düşmənin isə bitməyən
vahiməsinə, kabusuna çevrildi.
Artıq on ildir ki, Azərbaycan xalqı, Türk
dünyası Mübariz adlı şəhidiylə
öyünür. Xalqın mübarizə ruhunun yenidən dirçəlməsində,
qələbə əzminin bərpasında onun kimi
oğulların rolu əvəzsizdir! 2016-cı
ilin Aprel döyüşlərindəki qələbə də
məhz bu inamın, bu ruhun, bu əzmin şərəfli nəticəsi
idi.
Mübarizin
doğum günündə bu yurd üçün canından
keçən bütün şəhidlərimizi qürurla
anır, Allahdan onlara rəhmət diləyirik!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 8 fevral.- S.17.