Azərbaycan üzü
yaza gedir
Fikrət QOCA
(YARIZARAFAT, YARIDOĞRU)
Xeyir ola pıçıldaşırsınız,
Aşıb-daşırsınız...
Görüşüb, hamıdan qaçırsınız.
Bu gizlənpaç oyununun
arxasında
Bir uşaq
var.
Sizə deyilən bir "Şah!" var.
Sən də
"Mat" olacaqsan.
Minəcəklər səni,
At olacaqsan.
Bala, dünya belədi,
Ya abad,
Ya da bərbad olacaqsan.
Amma bundan da qaçsan
Soysuz - bədzat
olacaqsan.
YENƏ...
Yenə
üzü yaza gedir
Hamı
görə-görə,
Bəzi görüb yaza-yaza gedir.
Yenə
bəzi yolunu aza-aza gedir...
YAZA GEDİR
Bədniyyət deyir ki,
- Yox, qış olacaq!
Göydən yerə qarğış
olacaq...
Oxqay!!! Sizə bəd olacaq,
Mənə xoş olacaq...
- Ay neybət! Dilində qarğış,
Əllərin boş olacaq!
NİHİLİS
Nihİlis də yaza gedir...
Gözü görür, qəlbi
sevinir,
Qələmi poza-poza gedir...
GEDİR
Zaman üzü yaza gedir
Kimi yuxusunu yoza-yoza gedir...
Kimi də yatıb hələ "duza" gedir.
ÜZÜ YAZA GEDİR
Kimi saza,
Kimi avaza gedir.
Manısların azı çoxa,
Çoxu
aza gedir...
Kimi də elə-belə,
basıb qaza, gedir!
ABIRSIZ
ADAM
Yazılmamış ağ
kağızdı,
O bilmir qışdı, yazdı.
Onun üçün
bütün rənglər
bəyazdı.
O dərin düşünə
bilmir,
Onun üçün dünya dayazdı...
GEDİRƏM
Mən qışda da üzü yaza gedirəm,
Yaza-yaza, poza-poza gedirəm.
Qar kimi ağ
vərəqləri
Qara naxışlı
sözlərlə bəziyirəm.
Məndən söz soruşan
yoxdu,
Öz-özümə gəvəziyirəm.
Bu gün güzgüyə baxdım,
Saçım ağ, saqqalım ağ,
Aman
Allah...
Yenicə
çiçək açmış
Alça ağacına bənzəyirəm.
Üzü yaza gedirəm,
mən də torpağam,
Baharlıyam, qışlıyam!
Azərbaycanlıyam,
Şuşalıyam, Ağdaşlıyam!
BAHAR
Bahar yaranış fəslidir.
Bir az ağıllıdır, bir az dəlidir.
Dəliliyi də, şirindir, gülməlidir.
Yaratmaq istəyir.
Əsas odur ki, niyyəti yaxşılıqdı...
Niyyəti bəllidi.
Bu da yaxşı təsəllidi.
Hər şey pilləlidi
Böyük zəfərlərin
İlkin həllidi.
05.02.2020
525-ci qəzet.- 2020.- 8 fevral.- S.17.