"Mənim Füzulim" -
hamının Füzulisidir
Dünya səni qocaltdı,
yaşıdın olsun deyə,
Gömüldü dərdin yerə,
ucaldı ahın göyə.
Əli Kərim
Şeirdə Füzuli ucalığından ucalıq,
Füzuli dərinliyindən dərinlik tanımıram. Orta məktəb
illərindən üzü bəri şairin xeyli sayda qəzəli,
qəsidəsi, qitəsi, rübaisi, mərsiyəsi (yüzdən
yuxarı) yaddaşımda hopub qalıb. Həmin
nümunələri ayrıca vurğunluqla (bəlkə də
aludəçiliklə) özüm üçün (sonra
dostların təkidiylə onlar üçün) əzbərdən
söyləyir, zümzümə etməklə həzz almaqdan
doymurdum. Nəydi səbəbi?
Axı, ərəb, fars, qədim türk
dillərinə məxsus və mənsub sözlərin əksəriyyətinin
mənasını bütövlükdə yeniyetməykən
anlamaq müşkül məsələydi. Çox
sonra başa düşdüm ki, ey dili qafil, məni o dövrlərdə
Füzuli şeirinin məzmunundan, hikmətindən, mətləbindən
"füzun" havası vururmuş. Deməli,
yaddaş Füzuli sözünün sehrini kor-koranə
götürməyibmiş. Füzuli şeirinin sirri və
eşqi məni hərcayi aldatmayıbmış:
Eşqdir
aləmdə hər nə var,
Elm bir qeylü-qal imiş ancaq.
Şübhəsiz,
Mir Cəlalın, Məmməd Cəfərin, Əkrəm Cəfərin,
Sabir Əliyevin, Rəfael Hüseynovun (Əli Fəhminin
şifahi söylədikləri) tədqiqatlarını, məqalələrini
oxudum və Füzulini xeyli dərk etdim,
özümünküləşdirdim. Əlbəttə,
böyük şairin poetikasından bəhs edən hər
sanballı kitab mənim üçün incidir,
tapıntıdır, Füzulinin
yaradıcılığını öyrənməkdə
yardımçıdır. Axı, hər
yazı bir təcrübədi, "gəl təcrübə
eylə mən-zəifi" deyir şairin özü (Söz nəhənginin
yumorla, ibarəylə, qəribə kinayəylə
özünə "mən-zəifi" söyləməyi
başqa mövzudu). Kamal Abdullanın
"Mənim Füzulim" kitabı (Bakı, Mütərcim,
2019) isə Füzulişünaslıqda, Füzuliyə
yanaşmada tam yeni mərhələ, özünəməxsus
baxış, çağdaş düşüncə-esse
toplusu, modern hiss-duyğu, hüdudsuz idrak məhsuludur. Qısası, nasir, alim, şair, dramaturq Kamal
Abdullanın "Mənim Füzulim"i hamının
Füzulisidir.
Tədqiqatçı-esseçi Füzuli irsini sintezdən
keçirərkən və qeyri-adi şəkildə şəxsiyyətini
öyrənmək istəyinə düşərkən
yalnız yeganə tutarlı vasitədən istifadə edir -
şairin şeirindən. Sözünün ətəyindən
tutan "Mənim Füzulim"in müəllifi ideal doğru
qənaətə gələrək göstərir ki, şair
var gecə-gündüz göylə əlləşir, fikri-xəyalı
daim səmada, asimandadı, şair də var, səhər-axşam
yerdədi, cahanda nə baş verirsə, yer üzündə
nə əks-səda tapırsa, sözündə
özünü büruzə verir. Füzuli kimi
sənətkar isə nə yer adamıdı, nə göy, nə
gen dünyaya sığışır, nə də nəhayətsiz
fəza aləminə - o, həm yerdə dolaşır, həm
göydə. "Addım-addım, misra-misra, qafiyə-qafiyə
bu insana yaxınlaşdığını" etiraf edən
Kamal Abdulla yazır: "Göylə Yer arasında var-gəl
edən ikinci şəxs təsəvvür etmək çətindir".
Və yaxud "Kimsə də Yerlə əlləşir,
başını qaldırıb Göyə baxmağı belə
yadına salmır, ya da buna sadəcə həvəsi olmur.
Məsələn, Servantes kimi, Sabir kimi... Füzuli
isə Yerdən Göyə və Göydən Yerə gözəgörünməz
surətdə gedib-qayıdan bir Səyyahdır. Onun səyahəti öz-özlüyündə bir
aləmdir" ("Eşqdir aləmdə hər nə var").
"Mənim
Füzulim" esselər toplusundan sətirlər:
"Bütün intibah əhli əqli eşqə qurban verdi. Füzuli də həmçinin.
Çünki o, artıq gəlmişdi. Özündən xəbərsiz. Özündən rizasız. Qarşıda
onu gözləyən qəmi, dərdi, möhnəti tədbirlə
yığıb-yığışdırmağın
mümkünsüzlüyü onu qorxutmurdu. O bilirdi ki,
artıq geriyə yol yoxdur". Bu çarəsizliyin,
çıxılmazlığın əlacı ondan "qisas
almaq" idi. Füzuli bu qisası
artıqlaması ilə aldı. Etiraf və zəmanəyə
etirazından da qalmadı: "Gəldim, geri dönmək
olmaz oldu".
Cəmi 6 hissədən (fəsildən) ibarət kitaba
müəllif özünəməxsus, bənzərsiz,
orijinal forma seçib. Bu ümumi başlıqların
dördündə Füzuli xatırlayır. Nəyi xatırlayır düşüncələr
aləmində vurnuxan "qoca" şair? (bu qocalığın özü də bir ironik
deyimdi, axı, Məhəmməd Füzuli vur-tut 63 il
yaşayıb və bu yaşın adamına "qoca",
ahıl demək azı günahdı). Şairin üç qəzəlindən
və bir qitəsindən götürülmüş
başlıq nümunələrinə diqqət yetirək:
"Deyildim mən sənə mail..." (eyni
zamanda, formaca gəraylı), "Ey Füzuli..." (özünə öz ədəbi qəhrəmanı
kimi müraciət ənənəsi bir çox qəzəllərində
mövcuddur), "Bir dərdli macəra imiş eşq... (bu dərdli macəra şairi azdırmır: məsələn,
"Eşq dərdinin dərmanı qabili dərman deyil. Tərki-can derlər bu dərdin mötəbər dərmanına".
Və yaxud "Eşqdən canımda pünhan
bir mərəz var, ey həkim. Xəlqə pünhan dərdimi
izhar qılma zinhar, ey həkim" və s. hələ bu
möhtəşəm beytlərin izahı, təhlili bir yana), daha bir Füzuli xatırlaması,
"Tifl həm cövlan edər, amma ağacdan atı
var..." (yeniyetməykən, tifil ikən,
cocuq ikən qırğı atını dəhmərləyib
azmı yorğalamışıq?) Görünən
kəndə nə bələdçi - beytlər,
yarımmisralar, müraciətlər keçmiş
zamandadı. Şair
"cövrü-dövründən" yalnız
keçmişdə yaşamış şəxs qismində
danışır, şərh verir.
Bu unikal yanaşma metodu Kamal Abdulla esselərini ecazkar dərəcədə
zinətləndirir, mənzərəsini yaradır. Dahi Füzuli, ustad müəllif,
sıravi oxucu üçbucağı peyda olur. Kitabın
son iki hissələri - "Səbr eyləmə, eylə tərki-aləm..."
və "Məndə Məcnundan füzun aşiqlik
istedadı var" adlanır. Birincisində
"Füzuli səsləyir", haray-həşir
qoparmır, asta-asta, pıçıltıyla, sanki kimisə
oyadır, (oyadar xəlqi əfğanım) köməyə
çağırır, sonuncu hissəyə - finala, yekuna isə
Kamal Abdulla "Füzuli inanır" sərlövhəsini
qoyub (Baş qəhrəmanın Məcnuna bu və ya başqa
şəkildə müraciətləri təkcə "Leyli
və Məcnun" ədəbi abidəsində deyil,
Füzuli qəzəllərinin xeyli hissəsində yer
ayırıb. Misal çəkək: "Məcnuna
seyri-səhra, Fərhada zövqü-surət. Bir
rahət içrə hər kəs, ancaq mənəm bəladə".
Digər qəzəldə: "Məndə sakin oldu dərdi-eşq
Məcnundan keçib, Ondan artıqdır məgər eşq
içrə təmkinim mənim". Və ya: "Qəm
yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb,
Sayruya düşvardır həmrahlıq etmək sağ ilən).
Kamal Abdullanın təkcə seçdiyi misallar, sitatlar
deyil, müqayisələri də möhtəşəm və
rəngarəngdir. O, Füzulini (Füzulişünaslıqda ilk dəfə)
intibah dövr və XV-XVI əsr Avropa təsviri sənətinin
ən qüdrətli simaları sayılan Mikelancelo, Rafael, da
Vinçi ilə qarşı-qarşıya qoyur. Sözün rənglə və ya rəngin sözlə
ifadəsi. Bu müqayisəli super
qarşıdurmada (həm də yaxınlaşmada) Kamal
Abdullanın haqlı qənaəti budur ki, Yer
üzünün müxtəlif məkanlarında
yaşamış, şedevrlər yaratmış nəhənglər
bir-birindən xəbərsiz surətdə bəzən eyni
mahiyyətə varmış, qısası, biri digərini təkrarlamışdır.
Baxmayaraq, kimisi rəssam, kimisi şair doğulmuşdur.
Müəllifin sübutları
inandırıcıdır, oxucu ruhunu tərpədir, ərə-qana
doldurur, qidalandırır. "... uzaq
İspaniyada bir senyor əlinə taxtadan cüda alaraq ağac
ata oxşar Rosinant adlı bir yabıya minib həqiqətən
də "bir tifil kimi dörd yana cövlan edir, min bir oyundan
çıxardı" ("Tifl həm cövlan edər, amma
ağacdan atı var").
Təkrarsız Azərbaycan rəngkarı Səttar Bəhlulzadənin
qrafik əsərləri kitab boyu səpələnmiş, fikir
və mühakimələrin dadını-duzunu
artırmış, Kamal Abdullanın mülahizələrini
dolğunlaşdırmışdır. Sirr deyil ki, Səttar
Füzuli qəzəliyyatını dəruni məhəbbətlə
sevmiş, necə deyərlər, əzbərləməkdən
"usanmamışdır".
Yerinə düşsə də, düşməsə də,
Kamal Abdulla demişkən, kiçik bir "ricət". Bakıda
Sabirin heykəli ucaldılan yığcam bağda çayxana
vardı (indi yoxdu). Hərdənbir bu
çay evində Səttar Bəhlulzadə
görünürdü. Yaşıl
gözləri, uzun barmaqları, çiyninə
tökülmüş çal saçları həmişə
yaddaşımdadır. Armudu stəkanda
çay içdiyi məqamlarda dahi rəssam sakit idi, heç
kəsin xətrinə dəymir, bostanına daş atmır,
sözünü-sovunu kəsmirdi. Deyirlər
ki, bir gün özündən çıxır, qəzəbi
yerə-göyə sığmır, çayxananın
qapısından ayağını içəri qoymur. Adamlar hörmət-izzətlə Səttarı
çaya dəvət edirlər. Əsəbindən
gözləri hədəqəsindən çıxmış
rəssam heyrətlə
Nə
gördü badədə, bilməm ki, oldu badəpərəst,
Mürid
məşrəbü zühhad gördüyüm
könlüm
- deyə əhli-çayxanaya müraciət edir
və soruşur: "Başa düşdüzmü?" Təbii
və mənalı surətdə hamının bir-birinə
baxdığını, heç kəsin
cınqırını çıxarmadığını
görən Səttar Bəhlulzadə sualının
cavabını da Səttarsayağı verir: "Başa
düşməzsiz, çünki hamınız rəiyyət
nəslisiniz" və sakitcə gedib dinməz-söyləməz
çayxananın bir küncündə əyləşir...
Füzulinin xatırlamaları, səsləməsi,
inamı. Əslində, bütövlükdə "Leyli və
Məcnun" poeması xatırlamadır. Bu ərəb dastanını şairin sələfləri
neçə əsr öncə dönə-dönə işləmiş,
məlum hadisələri hər kəz öz üslubuna
uyğun qələmə almışdır. Bəs Füzulinin əsas məqsədi bu dastanı
təzədən yazmaq idimi? Eləydisə,
buna nə ehtiyac? Əsla. Füzuli özünəxas şəkildə
cövlan edən hadisələri məhz Füzuliyanə
yaradır, bəşəriyyətə xatırladır.
Məhz onun xatırlaması başqalarına bənzəmir,
bir özgə xatırlama, təlqinetmədi. Kamal Abdulla yüksək intellekti və ilahi
yaradıcı fəhmi sayəsində ədibin
xatırlamalarını açır, can atır ki, ortada
qaranlıq heç nə qalmasın, nəsə nəzərindən
qaçırmasın. Axı, Füzuli təkcə
"Leyli və Məcnun"unda xatırlamır, kəsəsi,
xatırlama bütün yaradıcılığına
xasdır.
"Ey Füzuli" özünəxitabı barədə. Bu cür
müraciəti şair sevir, tez-tez qəzəliyyatında təkrarlayır.
"Ey Füzuli" Füzuli əşarının
sonu, mahiyyəti və açarıdır. O, sərgərdan
və kimsəsizdir, özündən başqa müraciət
eləməyə adam tapmır. İçində nə dərdi varsa, yenə xitabən
özünə söyləyir. Kamal Abdulla
təsdiq edir ki, Füzuli özü-özünü dinləməyi
bacarır, qəribə tərzdə müraciətinə
qulaq asır. Axı, onun özündən
başqa kimi var? Ancaq bu kimsəsiz Füzuli zəif deyil,
"dağlardır sinəmdə qarası qopmamış"
pıçıldaya-pıçıldaya nikbin ovqat üstdə
köklənir:
Ey
Füzuli, dura məndən ala təlimi vəfa,
Nagəhan mərqədi Məcnuna düşərsə
güzərim.
Çünki Məcnunun dərdi Füzulinin dərdini
ona unutdurub, özünü yaddan çıxarıb
"uzunçuluq" edən şair ("Füzuli" ərəbcə
çox danışan, uzunçuluq edən deməkdir)
eyforiyaya qapılmır. Axı, beytdə Məcnun vəfasızlıqda
suçlanır, ittiham olunur. Füzuli yenə
özünəmüraciətində Məcnunu sədaqət-vəfa
təliminə çağırır, ona bu məsələdə
dərs keçmək niyyətində bulunduğunu yazır.
Bəs harda, nə zaman? Məcnun
artıq dünyadan köçmüşdür, o, həyatda
yoxdur. Füzuli bu qəliz sualdan
üzüağ çıxmaq naminə şərt qoyur.
Əgər qəfildən Məcnunun qəbrinə yolumu salsam
(haqq dünyasına) və Məcnun məni eşitsə... Kamal Abdulla böyük eşqlə məşhur
"Əql yar olsaydı, tərki-eşqi-yar etməzdimi?"
misrasıyla başlayan qəzəlin təhlilinə
keçir, şeirə orijinal münasibətilə oxucunu
düşünməyə vadar edir. İndi
baxaq görək, qəzəlin müəllifi "Ey
Füzuli" naləsi çəkərək sonluğu necə
möhürləyir?
Ey
Füzuli, daği-hicran ilə yanmış könlümü,
Lalələr açsaydı, seyri-laləzar etməzmidim?
Bu da ustadın daşa dəymiş arzusu. İstəyir
ki, həsrətin cəhənnəm odunda korun-korun
yanmış könlü qanlı lalələr açsın
və aşiq həmin laləzarlığın seyrinə
dalsın. Mümkünsüzlüyün
mümkünü dilemması. Həmişə
bu labirintdə qalmağı xoşlayır Füzuli,
özünün bəxtəvərliyini tapır. Ona görə ki, zəmanə şairi istedad
sarıdan varlı yaradıb, bu dövlətinə görə
isə dövran Füzuliyə həmişə müxalifdir,
Füzulini sevmir.
Ey
Füzuli, müttəsil dövran müxalifdir sənə,
Qaliba, ərbabi-istedadı dövran istəməz.
"Füzuli səsləyir",
çağırış edir, doğru olaraq yazır Kamal
Abdulla. Allahımı çağırır, bəndənimi?
Sədasını göyə bülənd etməkdə
məqsədi nədir "qoca" aşiqin? Səsini sözünün, sözünü səsinin
arxasında gizlədir Füzuli. Məqsədi
dərdini gizlətməkdirmi? Yox, müəllifin
qənaətinə görə, "başqaları
çağırır, Füzuli səsləyir". O,
məharətlə sözün intonasiyasını yaradır,
harmoniya - yaradıcılığında sanki hərf-hərf,
söz-söz, kəlməbəkəlmə başlanır,
qurtarır. "Füzuli başdan-başa səsdir.
Başdan-başa köks dolusu nəfəs və
bu nəfəsin son iqamətgahı olan səs!" Bəli, nəfəsi ruhunda əridən səs
Füzuli sözünün axırıncı mənzili - qərargahıdır.
"...səsin arxasındakı nəfəs Füzuli sənətinin
canı, mayası, hətta bəlkə də
iddiasıdır".
"Avazın yaxşı gəlir, oxuduğun Quran olsa"
- el arasında deyiblər. Bəlkə də
Füzuli dövründən yaranıb bu zərb-məsəl.
Axı, adını dəyişib "uzunçu" qoyan,
misralarında, beytlərində eninə-uzununa özünə
şəbədə qoşan, "böhtan atan",
özüylə məzə qılan, zarafatlaşan, rişxəndlə
danışan Füzuli Allahın səmavi kitabını -
"Qurani-Kərim"i də mükəmməl öyrənib
və müqəddəs surələrə, ayələrə
münasibət külliyyatında bol-bol işlənir. Bu məqamda
klassik fars şairi Əbdürrəhman
Caminin Mövlanə Cəlaləddin Ruminin haqqında dedikləri
yada düşür: "O, peyğəmbər deyildir, ancaq
kitabı vardır" ("Məsnəvi" nəzərdə
tutulur). Məncə, "Leyli və Məcnun" müqəddəs
kitablara tay tutulmağa layiq bəşəri
nümunədir.
"Füzuli səsləyir". Ancaq
Füzulinin qara qışqırıqla, yüksək ahənglə
kimisə səsləməsi qeyri-inandırıcıdır.
Bu səs o qədər zəifdir ki, kənardan
eşidilmir, yalnız özü-özünü eşitməyə
məcburdur. Eyni zamanda, Füzulinin səsi
zərifdir - çiçəyin yaz ağzı
pıçıltısıdır, yarpağın
açılışıdır, sübh erkən əsən
bahar nəsimidir, bahar mehidir. "Füzuli
səsləyir", Füzuli bütün vücudu ilə
müqavimət göstərir, səsi havanı yarıb
keçir, ünvana yetir. Bu anda elə
bilirsən, Füzulinin gözləri misra və beytlərindən
söz-söz açılır, boylanır,
baxışları ilə səsləyir sübhün
açılmasını, gecə ilə gündüzün tən
ortadan bölünüb yarılmasını. Yerində
misal çəkir "Mənim Füzulim"in müəllifi:
Ey
Füzuli, şami-qəm əncamına yoxdur ümid,
Bir təsəllidir sənə ol söz ki, derlər var
sübh.
Əslində, Füzuli səsləməklə bərabər,
həm də gözləyir. Bəs nəyi gözləyir
əlini hər yerdən üzmüş, ancaq "Allahına
sığınmış" Füzuli? Yalnız
gecə şamın yanmağı ilə sübhün
varlığından xəbər tutub təsəlli tapan
müdrik "uzunçu"? Məncə,
Füzuli səsləyə-səsləyə, gözləyə-gözləyə
vaxtın sərhədlərini itirmişdir, hərdənbir
"zəbun" taleyi şairi çəkisizlik şəraitinə,
zamansızlığa yuvarlamışdır. Yoxsa
Füzuliyə nə gəlmişdi ki, səsləyə:
Dedi ol
yar, səhər vəqti gəlim, leyk nə sud,
Vəqt məlum deyil, şam ilə birdir səhərim.
"Füzuli inanır yazır" Kamal Abdulla. Əgər
inamı olmasaydı, tam ümidsizliyə, bədbinliyə
qapılsaydı, Füzuli bu qədər şedevrlər
yaratmazdı. O, "Məndə Məcnundan füzun
aşiqlik istedadı var" misrasıyla inamını ortaya
qoyur. Füzulinin qapısını döyüb soruşan
yoxdur: məgər aşiqlik də istedadnandır? Və ya bunlar axı ayrı-ayrı sözlərdir?
Digər tərəfdən məlumdur ki, əgər
həqiqətən dəlicəsinə sevmək, aşiqlik
istedadnandırsa, onda Məcnunu bu istedadın fövqünə
qaldıran Füzulidir. Məcnun Füzulidir, Füzuli Məcnun.
"Füzuli xatırlayır" bəhsində bu barədə
mülahizə yürütdük və şairin ölməz
iki misrasını misal gətirdik:
Məndə
sakin oldu dərdi-eşq Məcnundan keçib,
Ondan artıqdır məgər eşq içrə təmkinim
mənim?
"Dərdi-eşqin insanda sakin olması", əbədi
qərar tutması möcüzəsi, bu sağalmaz "sayrunun",
xəstəliyin məhz Məcnundan Füzuliyə keçməsi
fəlsəfəsi. Füzuli "təmkin" əhlidir, təvazökarcasına
inanır ki, "eşq içrə" onun səbri Məcnundan
artıq deyil. O, səbr-təmkin, bəzən göz
yaşına çevrilib bütün dünyanı tutsa da,
ancaq şairin "səbr-təmkin" binasının
özülünü tərpədə bilmir.
Tutdu
seylabi du çeşmim yer üzün amma xoşa,
Kim binasın səbrimin ol seyl viran etmədi.
Füzuli "paradoks"unun mahiyyəti "yalan" və "doğru" üzərindədir qeyd edir Kamal Abdulla. İki əks qütbdə - "doğru" və "yalan"da ("tifl həm cövlan edər, amma ağacdan atı var"). Yox, Füzuli yəni bu qədər sadəlövhdü, yalana uyur, doğrunu anlamır? Axı o, yaradıcılığı üçün səciyyəvi əhəmiyyət daşıyan nəticənin də mahiyyətinə varmağı bacarır: "Aldanma ki, şair sözü, əlbəttə, yalandır".
Hikmət
və məna Füzuli poeziyasının təkcə üst
qatında deyil, həm də alt qatında qərar tutub. Bu
poeziya zahiri parıltıdan və təmtəraqdan uzaqdır.
Eyni zamanda, Füzuli şeiriyyətinin quruluşu da (qafiyə-vəzn,
bölgü sistemi, metafora-obraz forması) məzmunundan geri
qalmır, onunla tamlıq, bütövlük təşkil edir.
Füzulinin xoşbəxtliyi ondadır ki, üç dili
(türk, fars, ərəb) yüksək səviyyədə -
ana dili səviyyəsində mənimsəyib və heç
vaxt söz üçün gəzməyib. Kamal Abdulla məntiqi
surətdə bu kimi nüanslara işarə vurur, Füzulinin
"sirri"ni açır.
Füzuli
şeiri bütün estetikası ilə bahəm çətin
riyazi sxemdir, obrazlar həndəsi silsiləsidir. Oxucusundan
yüksək hazırlıq tələb edir. Təbiət
qanunları (maddə kütləsinin itməməsi, Yerin cazibə,
əskikliklərin vəhdəti və s. qanunlar, Günəş-Ay
tutulmaları, planetlərin hərəkəti) bu və ya
başqa şəkildə Füzulinin təfəkkür
süzgəcindən keçir, konkret cavabını, həllini
tapır. Çağdaş riyaziyyatda qeyri-səlis məntiq
və müasir gibernetika var (banisi həmyerlimiz Lütfi Zadə).
Füzulinin şeirləri səlis məntiq deyil, qeyri-səlis
məntiqdir və Kamal Abdulla demişkən, bu yazıların
siqləti barədə düşündükcə, insan
adilikdən yaxa qurtarır, aliliyin ən yüksək
qatına qalxır. Məsələn (1) "Açmadı
könlüm fələk, ta bağrımı qan etmədi"
(2). Və ya "Qəm diyarında əcəl peyki güzar
etməz mənə" (3). Yaxud: "Rəngi-ruyundan dəm
urmuş sağəri-səhbayə bax. Aftab ilə
qılır dəva, tutulmuş ayə bax" (4). "Yer
işi, göy cünbüşi rəyinlə bir dəm
olmasa, Yeddi iqlimi, doqquzi gərdüni gərdan olmasın".
Füzulidən gətidiyimiz misallar açmağa aciz
qaldığımız beytlərin küll halında
cavabıdır.
525-ci qəzet.- 2020.- 8 fevral.-
S.14-15.