Tarix İnstitutunun xarici dillərdəki nəşrləri Milli Kitabxanaya təqdim edildi

 

Fevralın 7-də AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun son illərdə müxtəlif dillərdə nəşr etdiyi kitabların xarici ölkələrin milli kitabxanalarına göndərilməsi məqsədilə Azərbaycan Milli Kitabxanasına təqdim olunması mərasimi keçirildi.

Tədbir Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov giriş sözündə kitabxananın Tarix İnstitutu ilə sıx əməkdaşlıq etdiyini dedi. Bildirdi ki, hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir: “Biz də onları bir sıra ölkələrin kitabxanalarına çatdırırıq. Son illərdə institutun əməkdaşları tərəfindən Qarabağın, İrəvanın, Naxçıvanın tarixinə, habelə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinə dair elmi əsərlər yazılıb. Bu elm ocağı bu qəbil araşdırmaların xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır”.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri, o cümlədən rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars və başqa dillərdə kitablar işıq üzü görüb. Xarici dillərdə nəşrlər arasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı tarix”, İrəvan xanlığının tarixi ilə bağlı broşürlər və digər kitablar var.

AMEA-nın I vitse-prezidenti yanında ictimai elmlər üzrə Elmi Şuranın sədr müavini, akademik Nərgiz Axundova vurğuladı ki, bu gün Tarix İnstitutunun nəşrləri dünyanın müxtəlif dillərində oxunur: “Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlığını ifşa edib. Dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Dövlət mükafatına layiq görüb”.

Daha sonra çıxış edən Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli elmi nəşrlərin əhəmiyyətindən və kitabların yayılmasının zəruriliyindən söz açdı.

Sonda Nərgiz Axundova Yaqub Mahmudova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatını və İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” təşkilatının “Avropa lideri ulduzu” ordenini təqdim etdi.

Qeyd edək ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elmi və təhsilinə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı və Beynəlxalq Atatürk Mükafatı ilə təltif edilib.

 

525-ci qəzet.- 2020.- 8 fevral.- S.13.