Azərbaycanla Rusiyanın mədəniyyət
sahəsində əməkdaşlığı ardıcıl inkişaf edir
Fevralın 6-da Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə nazir Azərbaycan ilə
Rusiya arasında mədəni əlaqələrin
inkişafından məmnunluğunu ifadə edib. Yanvar
ayının sonunda paytaxtımızda keçirilən
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu”
konfransının böyük rezonans doğurduğunu diqqətə
çatdıran Əbülfəs Qarayev bu tədbirlə
bağlı müsbət rəylər səsləndiyini
vurğulayıb. Qeyd olunub ki, gələcəkdə bu istiqamətdə
əlaqələrin daha da möhkəmləndirilməsi
üçün qarşılıqlı mədəniyyət
günlərinin keçirilməsi, birgə layihələrin
reallaşdırılması böyük əhəmiyyət kəsb
edir.
Ölkəmizin
qədim və zəngin mədəniyyəti, irs nümunələri
haqqında qonaqlara məlumat verən nazir, eyni zamanda, incəsənət
sahəsində Rusiya ilə uğurlu əlaqələrdən
söz açıb, Azərbaycanın müxtəlif ölkələrlə
də faydalı əməkdaşlıq etdiyini diqqətə
çatdırıb. Vurğulanıb ki, son illərdə
Rusiya ilə mədəni əlaqələr yüksələn
xətlə inkişaf edir və hər iki ölkədə
keçirilən tədbirlər bunun bariz nümunəsidir.
Əbülfəs
Qarayev iki ölkə arasında mədəni əlaqələrin
inkişafında Heydər Əliyev Fondunun dəstəyi və
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü
ilə reallaşdırılan layihələrin xüsusi əhəmiyyət
kəsb etdiyini deyib və bu tədbirlərin hər zaman
maraqla qarşılandığını söyləyib.
Nazir
söhbət əsnasında rusiyalı qonağı bu il
Bakıda yeddinci dəfə keçiriləcək Beynəlxalq
Humanitar Forumda yaxından iştiraka dəvət edib.
Rusiya
Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy
səmimi qəbula görə təşəkkürünü
bildirib. O, Azərbaycanın bu il Sankt-Peterburq şəhərində
keçiriləcək IX Beynəlxalq Mədəniyyət
Forumunda “fəxri qonaq ölkə” statusunda təmsil
olunması ilə bağlı fikirlərini bölüşərək,
Azərbaycan nümayəndə heyətini bu mötəbər
tədbirdə görməkdən məmnun
olacağını diqqətə çatdırıb.
Daha
sonra tərəflər qarşılıqlı maraq doğuran
məsələlər ətrafında fikir mübadiləsi
aparıblar. Görüşdə Rusiyanın ölkəmizdəki
səfiri Mixail Boçarnikov da iştirak edib.
525-ci qəzet.- 2020.- 8 fevral.- S.12.