Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə birgə layihəyə start verib
Azərbaycan Milli Xalça Muzeyi bu gün ölkəmizdə xalça sənətinin təbliği ilə yanaşı, həm də ölkəmizin mədəni irs siyasətinin xarici ölkələrdə təbliğatı ilə də məşğuldur. Bu gün muzeyin beynəlxalq aləmdə əsas fəaliyyəti xarici muzey kolleksiyalarında saxlanılan xalçalarımızın Azərbaycana aid olmasının elmi sübutu, onların etiketaj və annotasiyalarında yaranma məkanı kimi ölkəmizin adının qeyd olunması, bu elmi-tədqiqat layihələri çərçivəsində həmin muzeylərdə qorunan Azərbaycan xalçalarının kataloqlaşdırılması və sərgilərin təşkilidir.
Bu
sahədə artıq silsilə şəklində əməkdaşlıq
layihələri “Azərbaycan Respublikasında xalça sənətinin
qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci
illər üçün Dövlət Proqramı”nın
müvafiq bəndinin icrası nəticəsində həyata keçirilir.
Xalça
Muzeyindən bildirilib ki, növbəti layihə Sankt-Peterburq
şəhərində fəaliyyət göstərən
Rusiya Etnoqrafiya Muzeyi ilə birgə həyata keçiriləcək.
1902-ci ildə yaradılmış muzeyin
kolleksiyasında Azərbaycana aid böyük etnoqrafik material qorunub
saxlanılır. “Rusiya Etnoqrafiya
Muzeyinin kolleksiyasından Azərbaycan inciləri”
adlı layihə çərçivəsində bu muzeydə qorunan Azərbaycan
dekorativ-tətbiqi sənət nümunələrinin elmi araşdırılması, onların
kataloqlaşdırılması və sərginin keçirilməsi
nəzərdə tutulub. Sərgi 2020-ci ilin noyabr ayında Sankt-Peterburq şəhərində təşkil
olunacaq IX Sankt-Peterburq
Beynəlxalq Mədəniyyət Forumu
çərçivəsində keçiriləcək. Qeyd edək ki, builki beynəlxalq tədbirdə ölkəmiz
“Fəxri qonaq ölkə” statusunda
təmsil olunacaq.
Sankt-Peterburq
şəhərində ezamiyyətdə olan Azərbaycan Milli
Xalça Muzeyinin direktoru Şirin Məlikova rusiyalı həmkarı
Yuliya Kupina ilə görüş keçirib. Görüş zamanı həyata keçiriləcək
layihənin aspektləri müzakirə olunub.
Bununla yanaşı, gələcəkdə
Rusiya Etnoqrafiya Muzeyinin sərgisinin Bakıda keçirilməsi
haqqında danışıqlar aparılıb.
525-ci qəzet.- 2020.- 8 fevral.- S.12.