"Möcüzə"

 

"Bəzi insanlar çox uzaqlardadır - bizim əsla gedə bilməyəcəyimiz yerlərdə"

 

Nuri Bilge Ceylan

 

İnsan ən son torpaqla qovuşur. Bunun tərsinə yalnız hekayələrdə miflərdə rast gəlirik. Adına da "möcüzə" deyilir. Biz möcüzələrə inandırılaraq böyüdüldük. Bir gün,  bir möcüzənin qanadında nəfəs alıb uçmağı sonsuzluğa açılmağı xəyal etdik. Bəs yaxşı, hər xəyal bu qədər sadə əl çatan idi? Buna inanacaq   bizi inandıra biləcək qədər kor kar idi böyüklərimiz?

İnsan budur, müxtəlif inanclar, doğru, yanlış intuisiya qərarlarla davam etdirir həyatını. Hər fürsət, tərəzidə öz dəyərinin qarşılığını tapmır. Ya tərəziyə sığmır, ya da tərəzi ona... Nuri Bilge Ceylanın "Biri ölür üzülmezsiniz, sonra sandalyeye asılı hırkasını görürsünüz, o hırkanın duruşu kalbinize oturur" cümləsi ilə ilk qarşılaşdığım zaman qəlbimdə ürkək bir ağrı baş qaldırmışdı. Üzümü qırışdırıb, həqiqəti qəbul etməkdə çətinlik çəkən acı bir təbəssümlə əlimi ürəyimə çəkmişdim. Hər bir insan kimi mən , ürəyimə toxunub ağrılarını sakitləşdirəcəyimi düşünmüşdüm. Bax "möcüzə" dediyimiz şeylərdən biri bu olmalıdır. Yazarkən, elə bu anda müəyyən etdiyim bir anlayışdı, planlı əsla deyil... Deməli, buna da inandırılmışıq. Şüuraltımızda bir yerdə gizlənən, bəzi vaxtlarda ortaya çıxan qəflətən yox olan qəribə bir hissdir...

Bir cümlə ilə, ayaqları yerdən kəsilən ruhumla necə başa çıxacağımı, onunla necə yola gedəcəyimi əslində, hələ heç mən özüm tapmamışam. Ancaq bir həqiqət var ki, heç vaxt ruhumun haqlı səsinə qulaq tıxamadım, düyməsinin səsini axıra qədər açdım yorulmaq bilmədən onu dinlədim. Düşünürəm ki, vacib olan eşitmək deyil, vacib olan əvvəlcə qulağa gələn səsi dinləmək, sonra eşitdiklərini başa düşmək, sonra başa düşdüyünü dərk etmək, axırda isə dərk etdiyin bir həqiqətin ürəyində başlatdığı o ürkək ağrı ilə ruhunu baş-başa qoymaqdır... Deyəsən, bunu bacarana insan deyirlər. Hətta emosional, həssas s. sözləri qarşısına əlavə edirlər. həmin şəxs yad bir insanla tanış olan zaman "mən həssas, duyğusal bir insanam" deyir. Göründüyü kimi, bu cümləni qurmaq heç asan deyil. Addım-addım, tənginəfəs çıxılan dik bir təpədən sonra çatdığın düzənlikdə, təpənin sənə öyrətdiklərini qulağına pıçıldayan ruhunun əsl siması ilə tanış olduğun zaman varlığını müəyyən edə bilirsən.

Bəs görəsən, tərəziyə mənəm sığmayan? Yoxsa o mənə sığmır?.. Mənim düşüncə yükümün çəkisi tərəzinin boyunu keçir bəlkə . Bəlkə "qəlbimin ürkək ağrısı"nın ağırlığını qaldırmağa gücü çatmır. Bəs intuisiyam, qərarlarım, inanclarım... Onları necə tənzimləyəcəyəm? Fikrimi mənə qismən təsdiqləyən yenə Nuri Bilge Ceylandır: "Bəzi insanlar çox uzaqlardadır - bizim əsla gedə bilməyəcəyimiz yerlərdə".

Nuri Bilge Ceylan mənimlə yaxşı yola gedir. Düşünürəm ki, ruhlarımız biz-biriylə uzun müddətdir tanışdır. Bəlkə ruhum ruhu çox yaxın dostdur, axşamlar biz yatarkən böyük ehtimal, ədəbiyyat söhbətləri edirlər. bilmək olar..!

gözəl deyib ustad. Bizdən çox uzaqlarda, başqa diyarlarda nəfəs alan, yatan, yox olan insanlar var. Ancaq onlar heç vaxt gedə bilməcəyimiz yerlərdə deyillər, məncə. Bütün insanlar bir gün bir yerdə görüşəcəklər. Ən sonda da torpaqla qovuşacaqlar. Mən buna inanıram, usta. Tutunacağım yeganə səbəb budur. Bu inancı da sən kəsmə kökündən, nolar... Torpağa basdırılan bir sevgilisiz nəfəs almaq nədir, bilirsən sən? Bəzi günlər sanki nəfəsin kəsiləcəkmiş kimi hiss etdiyin olub heç? Mütləq ki bilirsən mütləq ki olub. Bəs belə hallarda səni inancların, qərarların intuisiyalarınmı xilas edir mənim kimi?.. Sən bir gün qovuşacağına inanırsanmı o çox uzaqdakı ilə?.. Həqiqətən heç vaxt gedə bilməyəcəyimiz yerlərdə olduqlarınımı düşünürsən? Kimdənsə bir şey eşitmisənsə, mənim bilmədiyim bir şeyi pıçıldayıblarsa qulağına, sən mənə pıçılda. Söz verirəm, heç kim bilməyəcək.

Mən ona verdiyim sözü tuta bilmədim, unuda bilmədim onu. Ağrıya öyrəşdim, təkliyə öyrəşdim, amma sənin kimi, sənə bənzəyən,  yeganə problemi insan insanı kəşf etmək olan bir adamın yoxluğuna öyrəşə bilmədim... Hər şeyin gözünün içinə dik baxdım, amma ölümün gözünə baxa bilmədim. İndi mən o çox uzaqdakına toxunmaq istəyirəm, ustad. Buna gücüm çatarmı? Taleyimin taleyi ilə mübarizə apara bilərəmmi, səncə?...

Əsəbləşmə mənə... Səni unutmaq üçün çox əlləşdim. Ürəyimin al qanını şərab edib, içdim. İndi isə çox yorulmuşam. Bəlkə unutmuşam səni, bilmirəm. Bəlkə hətta başqalarını da sevmişəm. Deyəsən, onları da unutmuşam. Bilirsən axı, mən çox unutqanam. Ruhum ruhunla təmas etmək istədi sadəcə. Vəfatının 10-cu ilində səni xatırlamaq istədim. Bizdən küsmə..

Bir gün mən də torpaqla qovuşacağam və sənə qarışacağam. Gözlə məni, sevgilim...

 

Nuranə TAĞIYEVA

 

525-ci qəzet.- 2020.- 12 fevral.- S.23.