Bu çiçək yağışı
Boz-bulanıq günlərimizin içərisində
özümüz də gözləmədiyimiz kimi bəzən
elə anlar yaşayırıq ki, yaddaşa, həzin xatirəyə
çevrilir.
Bu, hərdənbir tale töhfəsi kimi də gəlir.
Əslində, biz Tanrının bizə
ayırdığı vaxtı necə
yaşamağımızı yaxşı bilməli və qiymətləndirməliyik.
Onda biz özümüz-özümüzə
qayıdırıq, duruluruq, təmizlənirik, yaşamaq qiymətli
olur o zaman.
Məhşur qələm əhli, istedadlı şair,
publisist, yaxın dostum Adil Cəmil deyəndə ki, Rahib
müəllim dünyasını vaxtsız dəyişmiş
dostu haqqında yazdığı kitabın təqdimat mərasiminə
bizi dəvət edib, təklifi məmnuniyyətlə
qarşıladım. Sonsuz hörmət bəslədiyim gözəl qəlbli,
həssas, duyumlu insan olan Rahib Qarayev hüquq-mühafizə
orqanlarında çalışır, polis polkovnikidir,
Respublika Daxili İşlər Nazirliyində məsul bir
görəvdə - Şəxsi Heyətlə İş
İdarəsinin rəisi vəzifəsində işləyir. Söhbət heç də onun vəzifəsindən,
zərli paqonlarından və epoletlərindən getmir. Məsələ burasındadır ki, o, qələm
adamıdır, söz xiridarıdır. Çiynində
gəzdirdiyi paqonlar ürəyində böyük bir söz
dünyası daşımaqda heç də ona mane olmur.
Şeirlərində, publisistik qeydlərində
doğulub boya-başa çatdığı Laçın
dağlarının saf havasını yaşatdığı
kimi, çağdaş ictimai-sosial mühitin
ziqzaqlarının təsnifatını da geniş analitik təhlillərlə
dərindən əks etdirə bilir. Yaradıcılığı
da özü kimi səmimidir. Odur ki, onun
düzənlədiyi məclis məni doğrudan-doğruya cəlb
etdi. Və sıradan bir kitab təqdimatı
ovqatıyla da məclisə gəldim.
İlk baxışdan toplantının fərqli
aurası ovqatıma hopdu. Elə lap əvvəldən Adil
müəllim deyəndə ki, təqdimat “Gənclik” tərəfdə
bir "Mərasim zalı" var, orada baş tutacaq, bax, o
zaman mənə çöçün gəlmişdi. Kitab təqdimatı
hara, "Mərasim zalı" hara?.. İndi burada da fərqli düzən və fərqli
statuslu bir məclisə düşdüyümü görəndə
əvvəlcə, yüngülvari şaşırdım.
Stolların üstünə yas mərasimi ovqatı yaradan
şirniyyatlar düzülmüşdü - halva,
şorqoğal, xurma və s. Sonra isə təzadlı
illüstrasiyalar... Üst-üstə qalanmış kitablar...
Sonra isə... sonra isə tünd rəngləri, parlaq
görüntüləri ilə insanı alıb aparan
çiçəklər - qərənfil, qızılgül
dəstələri... Tamam fərqli görüntülər...
Bu, nə yas mərasiminə
oxşayırdı, nə kitab təqdimatına, nə ad
gününə, nə də hansısa yaddaş düzəninə.
Sonradan öyrəndim ki, Rahib Qarayevin dostu, uzun müddət Gəncədə,
Şəmkirdə, Qazaxda polis rəisi işləmiş,
dövlət və xalq qarşısında nümunəvi xidmətləri
ilə seçilmiş, yaddaşlarda əbədi iz
buraxmış polis polkovniki Şükür Mehdiyevin xatirəsinə
bağladığı "Ötən ilin son günü - 9
fevral" adlı kitabın təqdimat mərasimi mərhumun həm
anım günü xatirəsinin yaşantısı, həm də
kitab haqqında diskussiya məqamı kimi
düşünülüb. Tamam yeni bir format.
Ənənəyə yeni bir rəng qatan
yaradıcı bir düşüncə məhsulu. Bu özü də Rahib müəllimin həssas bir
yaradıcılıq nümunəsidir. Xəyalımı
bu zərif çiçəklər alıb aparmışdı.
Və elə bu anda məşhur həzin və kədərli
mahnının sözləri ürəyimdə səslənməyə
başladı:
... Bəzən
bir ümid,
Bəzən
göz yaşı
Gətirir,
Bu
çiçək yağışı...
Gözümün qabağına ucsuz-bucaqsız məzarlıqlar
gəlir, gül dəstələri, canlı çiçək
sərgiləri şəkillənir xəyalımda, qəribə
də olsa toxtayıram. Bəlkə insanlar doğma məzarlıqları
gül-çiçəyə bürüyərək
dünyasını dəyişənə qiymət verməklə
yanaşı, eləcə özlərini də toxtadır, dərdi
daha yaxşı ovuda bilirlər?.. 20 yanvar günlərində, Xocalı faciəsi
anımlarında, Heydər Əliyevin xatirə mərasimlərində
bir topa gül dəstəsini üzünə tutub
hönkür-hönkür ağlayanları, içini
boşaldıb yüngülləşənləri azmı
görmüşük? Bəlkə insanlar
dərdini gülə danışanda, kədəri
çiçəklə süsləyəndə daha çox
rahatlıq tapırlar? Yoxsa dərd kimi
müqəddəs bir nəsnənin adekvatı eləcə,
çiçək kimi zərif və incə duyğu
olmalıdır? Belədə insan, olsun, daha çox səmimiləşir?.. Bu çiçək
saflığı, bu gül həzinliyi bəlkə ən dəruni
hisslərin qutsallığını yaşadır öz saf nəfəsində?
Bəlkə eləcə çiçək
bakirəliyinə sığınmaq su saflığına
güvənmək kimi bir şeydir? Mental mənəvi
yaddaşımızda da ta qədimdən dərdi suya söyləyib
yüngülləşiblər. Yuxunu,
çin olsun deyə, suya danışıb
ağırlığını töküblər. Sevincli-kədərli günlərində zərif
gül ovqatına bürünmək və ürəyindəkiləri
suya danışmaq arasında hər halda, bir yaxınlıq,
doğmalıq olmamış deyil. Dəfn mərasimində
təzə qəbrin üstünə su çiləmək,
sonra tər çiçəklər düzmək də yəqin
ki, bu məntiqdən qaynaqlanır...
Dünyadan köçmüşlərin anım
günündə mərhumların məzarlarını
gül-çiçəyə qərq etmək bizdə son
vaxtlar ənənə halını daha çox alıb. Bu da olsun ki,
başqa ölkələrdən, məsələn, Rusiyadan,
Avropadan sızıb gəlib. Amma buna da
inanmaq olmur ki, ata-babalarımız nakam sevgi ünvanına
çevrilmiş hansısa bir qəbrin üstünə xəlvəti
də olsa, nə vaxtsa zərif bir tər bənövşə
dəstəsi də qoymamış olsun. Axtarsaq,
tarixdə, həyatımızda, məişətimizdə bu
faktlara rast gələ bilərik. Hansısa
bir folklor nümunəsində, bayatıda, nəğmədə,
nağılda, dastanda belə anıma ən azından bir
işarə olmamış olmaz. Məsələn,
çox məşhur bir layla var...
...
Yastığında gül bitsin,
Döşəyində
bənövşə...
Ana öz
körpəsini əzizləyə-əzizləyə
yastığına gül, döşəyinə bənövşə
sərir... Məsələnin bu müstəqim
tərəfi aydın. Bəlkə
altşüurda, məcazi mənasında bu, həm də əbədiyyətə
zərif bir işarə, axirətə incə bir
assosiasiyadır? Axı son mənzil də
eləcə son yastıq, son döşəkdir, əbədi
yataqdır. Hər bir halda, qəbirlərin,
insanın son mənzilinin gerçəkdən də
gül-çiçəyə tutulması, toy otağı
kimi bəzədilməsi haqdandır, məntiqidir. Üstəlik, bizdə qəbirlərin
böyür-başına canlı qızılgüllər əkilməsi
adəti də ta qədimdən var axı. Belə
canlı qızılgüllər isə xatirələrin də
daimi canlılığına bir işarədir, yəqin ki...
Düşüncələrimdən ayılıram, yenidən
məclisin ab-havasına qayıdıram. Sakit nəzərlərlə
göz gəzdirirəm. Məclisdə kənar adam yoxdur. Qohumlar, əqrəbalar, mərhumun
ailə üzvləri, yaxın dostları, canbir qəlb
sirdaşları... Söz onlara verilir.
Əvvəlcə kitabın ön söz müəllifi
şair Adil Cəmil həm əsərin, həm də məclisin
dəyərindən danışır. Kitaba çox yığcam,
lakin dərin mündəricəli "Dost itkisinə
elegiya" adlı ön söz yazmış Adil Cəmil kitab
müəllifinin də, qəhrəmanının da
obrazını çox dəqiq məntiqi müstəvidə
ortaya qoyur. Təkcə bu cümlələr ön söz
müəllifinin mətnə nə dərəcədə həssaslıqla
yanaşdığını bir daha sübut edir: "Müəllif
Şükür Mehdiyevin şəxsində evinə "vətən",
ailəsinə "millət" kimi yanaşanların yox, vətəninə
öz evi, millətinə öz ailəsi kimi baxan cəsur,
qeyrətli, fədakar Azərbaycan oğlunun gerçək
obrazını yaradır". Adil müəllim,
eləcə çıxışında da kitabın bədii
məziyyətləri ilə üst-üstə düşən
ədəbi qəhrəmanın şəxsi keyfiyyətinin
ekvivalent cəhətlərini dönə-dönə
vurğulayır.
Sonra uzun
müddət polis orqanlarında rəhbər vəzifələrdə
çalışmış kitabın redaktoru Yəhya
Əliyev, Sumqayıt şəhər prokuroru Sərdar
İmanov, Şirvan şəhər Polis Şöbəsinin rəisi
polis polkovniki Hikmət Quliyev, mərhumun qardaşı Məhərrəm
Mehdiyev, Əməkdar artist Nuriyyə xanım Hüseynova,
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı,
polis polkovnik-leytenantı Hafiz Təmirov, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Zülfiyyə xanım
Eldarqızı ürək sözlərini dilə gətirirlər.
... Dostlar bir-bir danışır. Sakit,
həzin, duyğulu, Şükürlü günlərini
anırlar. Sanki danışmır, ahəstəcə
pıçıldaşırlar. Dərd hündürdən,
hay-küylə deyilməz axı... Dərdi, ələmi
daha çox yaşamalısan. Onlar da bu an
Şükürsüzlüyün, dost itkisinin göynərtisini
yaşayırdılar. Dostlarının mərd,
qorxmaz, sədaqət və dəyanətlə zəngin həyatı,
yaşantıları haqqında xatirələrə
daldıqca sanki Şükürlə canlı dialoqa girirdilər.
Mənsə bu an çoxdan eşitdiyim bir
şeiri xatırlayıram:
Dostluq səfa
deyil, cəfadır, cəfa,
Dostluğun mənası vəfadır, vəfa.
Əgər
olacaqsan sonra vəfasız,
İndidən başını girlə cəfasız.
Mən bu məclisdə dostluğun cəfasını
çəkən vəfalı dostlar gördüm. Və
düşündüm ki, bütün namərdliyilə üzə
duran indiki qarışıq və etibarsız dünyamızda
belə vəfalı insanlar varsa, demək dünya xali deyil,
demək hələ yaşamağa dəyər. Dəyərə
dəyər verən insanlar arasında dəyərin dəyərini
hiss etməmək olmur. Nə xoş...
Bu hissi
yaşaya-yaşaya dost vəfası və etibarıyla
bağlı bu günlərdə şahidi olduğum bir əhvalat
da yadıma düşür. Uzun müddət komsomol,
partiya-sovet orqanlarında layiqincə çalışmış,
Azərbaycan KP MK Aparatında məsul vəzifələrdə
işləmiş, bir neçə rayona rəhbərlik
etmiş - rayon partiya komitəsinin birinci katibi olmuş, sonralar
Baş nazirin müavini kimi fəaliyyətini davam etdirmiş
tanınmış dövlət xadimi, təəssübkeş
ziyalı Əsgər Məmmədov, yaxın dostum, gözəl
şairimiz Ağasəfər Həsənli və
"Axşam" qəzetinin baş redaktoru Valid
Qardaşlı ilə bir yas məclisindən
qayıdırdıq. Yolumuz İkinci Fəxri
Xiyabanın yanından düşmüşdü. Əsgər müəllim özünə xas
çevikliklə əlilə bizə gözləməyi
işarə elədi və iti addımlarla tələsik
gül köşkünə yaxınlaşdı. Çox keçmədən böyük bir buketlə
qayıtdı. Eyni tələsikliklə:
- Getdik , - dedi. - Narahat olmayın, sizi çox ləngitməyəcəm...
Qəbirlərin arasından keçərək bir vaxtlar
ölkəyə başçılıq etmiş, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
olmuş Kamran Bağırovun məzarı başında
dayandıq. Gülləri səliqəylə məzarın
üstünə döşədi. Bir
anlıq sükut yarandı. Əsgər
müəllim kövrəlmişdi, həyəcanlıydı.
Başını qaldırıb boz-bulanıq buludların
cövlan elədiyi açıq qış səmasını
xeyli süzdü... Sonra nəzərləri
baş daşındakı portretdə ilişib qaldı.
Sanki ovqatını sahmana salır, həyəcanlı
durumunu nizamlamağa çalışırdı. Xeyli
sükutdan sonra bizə tərəf çevrilib dedi:
-
Tanıyırsız da...
Və
cavab gözləmədən davam etdi:
- Bilirəm,
respublika rəhbəri kimi yəqin ki,
tanıyırsınız. Amma insan kimi... Mənim birbaşa rəhbərim
olmağına baxmayaraq, biz bu kişi ilə
yaxın dost olmuşuq. "Kişi"
sözü ona çox yaraşır. Çox ədalətli
və xeyirxah adam idi. Mövlana
kimi tərtəmiz yaşadı, təvazökar həyat
sürdü. Vəfat edəndə
heç kimi yox idi. Bir oğlu və həyat
yoldaşı xaricdə dünyalarını dəyişmişdilər.
Öləndə bir qəpik pulu da yox idi. Onu dostları yığışıb dəfn etdilər.
Yas xərclərini də eləcə dostlar
qarşıladı.
Əsgər müəllim danışdıqca nəzərlərim
qəbrin üstündəki təzə-tər çiçəklərdə
ilişib qalmışdı. Bu güllər dost
xeyirxahlığı müqabilində dost
xeyirxahlığının təcəssümü idi...
Xeyirxahlığın xeyirxah yaddaşla anımı...
Kitaba
yazdığı ön sözü Adil Cəmil bu ifadələrlə
bitirir: "Düşünürəm ki, Rahib müəllimin
bu gerçək hekayəti həm də qədirşünaslıq
nümunəsidir. İnsanın qədrini, qiymətini
bilmək, onu dəyərləndirmək isə əsl insanlara
məxsus böyüklükdür". Belə
bir nümunəni mən burda, İkinci Fəxri Xiyabanda həm
də Əsgər Məmmədovun şəxsində
gördüm.
Adil Cəmil
mərasim törənində də bu sözləri işlətdi
və səhv ermirəmsə, Konfutsidən gətirdiyi sitatla
sözünə yekun vurdu: "Əslində, insan o zaman
ölür ki, onu xatirələrində yaşadan sonuncu insan
ölür". Haqq sözə nə deyəsən?..
Rahib müəllim məclisə yekun vurarkən çox kövrək və lirik notlarla yadda qalan sözlər söylədi. Yenə də Şükür haqqında danışdı, dedi ki, dilimizdə nə qədər "şükür" sözü var, nə qədər ki, şükranlıq edəcəyik, Allaha şükür edib əllərimizi dərgaha açacağıq, şükür məsləhətinə, İlahi, deyəcəyik, demək qardaşımız Şükür də anılacaq və yaşayacaq. Onun xatirəsi daim təzə-tər qalacaq - bu çiçəklər kimi. Yenə həmin kövrək notlar, həmin qüssə dolu melodiyalar, hüznlü sözlər...
... Bəzən bir ümid,
Bəzən göz yaşı
Gətirir,
Bir çiçək yağışı...
Bəli, göz yaşları da var, qüssə
də, kədər də... Eləcə bu məclisdə
kimisi göz yaşını xısın-xısın gizlətməyə
çalışır, kimisi də içində
hönkürür. Amma... Ümid də var
axı. Həyat davam edir. Ən azından Şükür dost
etibarından, onun ailəsi isə dost qayğısından
xali deyil. Ən azından İlkin var, Şükürün
peşə yolunu ləyaqətlə davam etdirən oğlu -
polis baş leytenantı. Bəli, ümidin əlindən tutub
haracan istəsən gedə bilərsən...
Məclisin sonunda yeniyetmə bir oğlan uşağı stolun üstünə düzülmüş gülləri toplamağa başladı. Səliqəylə, ehtiyatla, bir az da ehtiramla. Sanki çiçəkləri incitməkdən qorxurdu. Qızılgüllər, qərənfillər qucağına sığmırdı. O uşaq kimdi, bilmədim. Rahib müəllimin qohumlarındandı, yoxsa mərhumun?.. Yaxud bu iş ona məxsusi tapşırılmışdı, ya özü könüllü icra edirdi?.. Hər bir halda, o uşaq gülləri bağrına basıb üz-gözünü gül topası arasında gizlədəndə çox xoşbəxt görünürdü. Sanki Şükürün ruhunu qucaqlamışdı...
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet.- 2020.- 12 fevral.- S.17.