Hamletin susqunluğuna
"Rebus" yozumu
Şahanə MÜŞFİQ
Bir
gün öncə Azərbaycan Dövlət Akademik Musiqili
Teatrın səhnəsində müstəqil "Rebus"
teatrının repertuarından izlədiyimiz "Hamlet X"
tamaşasını aktyor dostum çox maraqlı mənalandırdı:
"Məncə, tamaşanın məhz bu günə -
parlament seçkilərindən bir gün sonraya təyin edilməsi
təsadüf ola bilməz. Bir gün qabaq biz
seçməli idik, indi isə Hamletin seçiminə
baxacağıq. Seçəcəkmi?
Nəyi seçəcək?"
Hə, maraqlı sualdır. Burda - "Rebus"
Teatrının yozumunda "köhnə
tanışımız" Hamlet necə yenilənəcək,
kimi və ya nəyi seçəcək?
Şekspirin "Hamlet" əsərinin motivləri əsasında
hazırlanan tamaşa "Hamlet X" adlanır. Tamaşanın
ideya müəllifi və rejissoru Ceyhun Dadaşov ona
"psixo-plastik qrotesk" kimi bir janr təyinatı verib.
Tamaşada Ceyhun Dadaşov (Hamlet), Əli Əlizadə
(Klavdi), Elnur İsmayılov (Rozenkrans, Gildensterin və
atanın kabusu), Natəvan Abbaslı (Gertruda), Ziya Ağa
(Poloni), Rasimə Abbasova (Ofelya) iştirak edirlər.
Sözsüz deyilənlər
Tamaşa başdan sona kimi sözsüz, sadəcə hərəkətlər,
plastika və xoreoqrafiya üzərində qurulmuşdu. 45 dəqiqəlik oyun boyunca
eşitdiyimiz ilk söz Hamletin dilindən çıxıb əsrləri
adlayaraq bu günümüzə qədər gələn, az qala yaşam tərzimizə çevrilən
o məşhur ifadə oldu: "Olum, ya ölüm?!" Eyni
zamanda, Hamletin həmin məşhur monoloqundan dörd, beş cümlə səsləndi. Və sonra
aktyorların gah birlikdə, gah da tək-tək təkrarladıqları
sual: "Ölmək, yatmaq, yuxulamaq?"
Bütün tamaşa elə bu suala
cavab axtarmaq idi hardasa...
Başdan sona simvollarla "bəzənmiş"
tamaşada rejissorun hərəkətlər və
işıqla münasibəti səhnə əsərinin
uğurlu həllinin ilkin təminatçısı idi. Bütün mətn
hərəkət və simvollarla əvəz olunmuşdu.
Hərəkətlə hissləri tələyə
salmaq, oynatmaq metodu olan meyerhold biomexanikasının Azərbaycandakı
ən yaxşı bilicilərindən biri olan Ceyhun Dadaşov
quruluş verdiyi və baş rolunu oynadığı
tamaşada bunu ustalıqla tətbiq etmişdi. Obrazların qəzəbi,
təəccübü, iztirabı, qəddarlığı,
peşmanlığı məhz bu cür hərəkətlər
vasitəsilə tamaşaçıya
ötürülürdü.
Səhnə dekoru və işıqlandırılması
elə qurulmuşdu ki, sözlərdən imtina edən
rejissorun köməyinə mimikalar da gələ bilmirdi. Yəni
aktyorlar təkcə sözlərin deyil, mimikaların belə
arxasında gizlənə bilməzdilər. 45 dəqiqə ərzində aktyorların beyni,
ürəyi, hissləri, tamaşaçının da diqqəti
məhz onların əllərinə, ayaqlarına, bədənlərinə,
plastikalarına cəmlənmişdi. Və
maraqlıdır ki, bu, heç bir narahatlıq,
anlaşılmazlıq, qarışıqlıq
yaratmırdı. Baxmayaraq ki, janr
qarışıqlıq janrı idi.
Hamletin olumu, ya
kabusu?
Dörd əsr öncə Şekspirin qələmindən
çıxıb bütün dünyanı dolaşan Hamletin
bizim bildiyimiz hələlik son ünvanı idi Musiqili
Teatrın səhnəsi. Bu uzun yolda Hamlet səhnələr dəyişə-dəyişə
özü də dəyişmiş, hər baxışda bir
cürə, hər yanaşmada başqa tərzə
bürünmüşdü. Əslindən
uzaqlaşmışdı da, əsliylə bütünləşmişdi
də. Burda isə Hamlet əslindən
tamamilə uzaq idi. Əsərdən
oxuduğumuz, fərqli ifalarda izlədiyimiz Hamlet dəyişmiş,
daha canlı, daha üsyankar, daha qəddar olmuşdu. Rejissorun da dediyi kimi, tamaşa birbaşa Hamlet əsərinin
interpretasiyası deyil.
Əsərdən
Hamlet hadisələrə qarşı gücsüz, səssiz,
zəif, iş görməkdən çox düşünmək
və şikayətlənmək mövqeyi ilə
yadımızda qalıb. O, hər şeyi görür, bilir,
amma nəyisə dəyişmək üçün hərəkətə
keçmir. Ancaq fəlsəfi fikirlər
söyləmək, taleyindən gileylənmək, insanları
qınamaqla yetinir. Hamletdə
çatışmayan şey hərəkət idi. "Rebus" teatrı bu tamaşa ilə Hamletə
məhz hərəkət əlavə etdi. Əgər pyesdə biz hadisələrə ümumi
plandan baxırıqsa, bu tamaşada sanki hamımız Hamlet
idik və hər şeyə onun gözü ilə
baxırdıq.
Səhnədə baş verənlər həqiqətən
baş vermişdimi, verəcəkdimi, yoxsa hamısı
Hamletin olmaq istədiyi, ya da əksinə, olmaq istəməyib
də kabusunu gördüyü hadisələr idi? Hamlet
"olum" deyərkən nəyi nəzərdə tuturdu?
Bəlkə də Hamlet əslində, susqun, hərəkətsiz,
passiv olmaq istəmirdi. Amma
böyüdüyü mühit,
qarşılaşdığı zülmlər, içində
bir yerlərdə gizlənən qorxu onu passiv olmağa vadar
edirdi. Bəlkə də Hamletin olmaq istədiyi məhz
bu idi: "Rebus"un yaratdığı
Hamlet...
Əsərin əvvəlində Hamlet səhnədə
təkdir.
Hiss olunur ki, o, əzab çəkir. Amma onun əzabı xarici təsirlərdən deyil,
daxilindən qaynaqlanır. O, özüylə iç
savaşdadır. Səssiz hərəkətləri
onun iliyinə qədər işləyən əzabını,
ruhunu bürüyən iztirabı dəqiqliyiylə göstərir.
Hamlet qışqırmaq istəyir, səsi
çıxmır. Hamlet qaçmaq istəyir,
bacarmır. Hamlet qisas almaq istəyir, amma
kimdən alacağını bilmir. Bu səhnə
Hamletin öz həqiqətləriylə üzləşdiyi və
onu seçim etməyə məcbur qoyan səhnədir. Az sonra Hamlet bu seçimini tətbiq etməyə
başlayacaq.
O, bu əzablardaykən
gözünə atasının ruhu görünür. Sanki bu ruh ona nə etməli olduğunu anladır.
Onu yerdən qaldırıb hərəkət etməyə,
ən azından nəsə etməyə
çağırır. O, ayağa qalxandan sonra isə
bir-bir hər kəslə üzləşməyə
başlayır. İlk üzləşdiyi isə həyatını
alt-üst edən əmisi olur...
Hamlet əmisi Klavdi ilə hakimiyyət savaşına
girir. Bu savaşda qəhrəmanımız o dərəcədə
qəddarlaşır, dəyişir ki, ətrafındakı hər
kəs düşməninə çevrilir. O, əmisinə
bata bilmədikcə daha da azğınlaşır. Onu ən çox maraqlandıran isə əslində,
hakimiyyət, taxt-tacdır. Hamlet dəfələrlə
əmisinin başındakı tacı götürüb öz
başına qoyur. Amma Klavdi də yenilmək
istəmir. O da var gücüylə bu mübarizəni
davam etdirir. Nəticədə əsərdəki
bütün ölümlər Hamletin əli ilə baş
verir. Demək olar ki, hər kəs bu iki
insanın arasında gedən ölüm-dirim mübarizəsinin
qurbanına çevrilir.
Bəs əsərin özündə Hamlet qatil olmaq istəyirdimi? Özü də
günahsız insanların qatili? O, təsadüfən
Polonini öldürür, bəli. Amma axı əgər
qatil olmaq istəsə, onda dəfələrlə şans
yaranmağına baxmayaraq, niyə əmisini
öldürmür? Deməli, Hamletin istəyi
miskin bir qatil olmaq deyildi. Burdan bu nəticəyə
gəlmək olar ki, izlədiklərimiz Hamletin kabusu, qorxulu
yuxusu, qarabasmasıdır.
Bəlkə də bütün bunların heç biri
baş verməyib, sadəcə Hamletin xəyalıdır. Ya da gələcək
seçimi...
Bütün hallarda düyünlər içərisində
çabalayan və ondan qurtulmağa çalışan yenə
də Hamletdir.
Başda rejissor olmaqla, yaradıcı heyətin
Hamletə fərqli, orijinal baxışıdır. Buna əsl Hamletdən tamam yad bir obraz da deyə bilmərik.
Çünki hər kəsin iç dünyası var. Hamletin
də həmçinin. Bu da "Rebus"un
bizə göstərdiyi Hamletin iç dünyası ola bilər.
Əsərin sonunda hər kəsi öldürən
Hamlet miskin bir qatilə çevrilir. Amma hər kəsdən,
özündən belə qaçmağa çalışan
Hamlet taledən qaça bilmir. Onun bu əməlləri,
hikkəsi, qəddarlığı sonda özünün
boğazına dolanır və o, əməllərinin
qurbanına çevrilir. Özü də onun
boğazına dolanıb onu boğan ip
uğrunda savaşdığı kral taxtına
bağlanmışdı. Bu da bir baxımdan onun
hakimiyyət hərisliyinin qurbanına çevrildiyini simvolizə
edir. Hər şey dağılır, hər
kəs məhv olur. Bütün bunların
fonunda isə qanın, cəsədlərin üzərində
qırmızı bir kral taxtı ucalır. Yeni
qurbanlarını gözlərcəsinə...
Qırmızının vahiməsi
Səhnə əsəri dekoru və işıqları
ilə də orijinal və diqqətçəkici idi. Başdan sona
qədər məkanın hara olduğu bəlli
olmadığı kimi, əsərin mistikasını, sehrini də
özündə əks etdirməyi bacarırdı.
Qırmızının və qaranın ahəngindən təşkil
olunan məkan əvvəldən sona kimi öz
mistikasını və tamaşaçının birbaşa
hisslərini ələ alan gərginliyini
saxlamağı bacardı.
Təbii ki, burada ən çox diqqət çəkən
isə qırmızı rəng idi. Səhnədə,
efirdə qırmızı rəng ən təhlükəli rənglərdən
hesab olunur. Həm yoruculuğuna, həm də
psixoloji olaraq insanda şüuraltı aqressiya, gərginlik
yaratdığına görə. Adətən,
ən peşəkar rejissorlar belə qırmızıdan
çox istifadədən qaçıblar. Ceyhun Dadaşov isə sanki bütün bu qorxulara
meydan oxuyarcasına qırmızını tamaşanın mərkəzinə
gətirmişdi. Səhnə dekoru
bütünlüklə qan, müharibə, aqressiya rəngi
olan qırmızı, şübhə, qorxu, bəd fikirləri
simvolizə edən qaradan ibarət idi.
Klavdinin əyləşdiyi
taxt, başında daşıdığı tac,
Hamletin çiynindəki örtük, ucuna bıçaqlar
sancılmış yuxarıdan sallanan lentlər və
işıqlar da qırmızı rəngdə idi. Bütün mübarizə də o qırmızı
rəngdə, arxasında skelet fiquru olan taxt uğrunda gedirdi.
Tarix boyu taxt-tac qanların, cəsədlərin,
ölümlərin üzərində bərqərar
olmayıbmı?!
Səhnələr dəyişdikcə qırmızı
gah azalıb yerini qaraya verir, gah çoxalır, hər
yanı bürüyürdü, amma heç zaman tamamilə
itmirdi. Xüsusən sona yaxın Hamletin hər kəsi
öldürdüyü anda bütün səhnə
işıqlar vasitəsilə qırmızı rəngə
boyanmışdı. Sanki səhnə həqiqətən
də qan gölündə üzürdü.
Qırmızı rəngdən bu qədər iddialı
istifadə rejissorun tamaşaçını başdan-sona gərginlikdə
saxlaması üçün tapdığı ən gözəl
vasitələrdən biri idi. Məhz qırmızı sayəsində
insanın diqqəti bir an belə olsun səhnədən
yayınmır, olacaqları eyni maraqla, sanki nəfəs almadan
gözləyirdi.
Zamana müdaxilə
Əsərdə məkansızlıq hökm
sürdüyü kimi, zamansızlıq da vardı. Sanki hadisələr
böyük bir vakumun içərisində cərəyan
edirdi. Aktyorlar plastika vasitəsilə təkcə
oyunu deyil, həm də zamanı və məkanı idarə
edirdilər. Yəni zamanın dəyişməsi,
sürətlənməsi və ya ləngiməsini biz məhz
hərəkətlər vasitəsilə anlayırdıq.
Məsələn, tamaşanın ilk səhnəsində
- Hamlet özüylə və iztirablarıyla baş-başa
qaldığında onun hərəkətləri gah sürətlənir,
gah da yavaşıyır, ləngiyirdi. Xüsusən
onun qaçış səhnəsi. Burada
qəhrəmanın özündənmi, ətrafındakı
hadisələrdənmi, kabuslarındanmı
qaçdığı bəlli deyil. Ceyhun
Dadaşov bu səhnədə rapiddən istifadə edərək
hərəkətlərini ləngidir. Bu
vasitəylə onun qaçışı, daha doğrusu,
qaça bilməməsi aydın ifadə olunur.
Rapiddən sonrakı səhnələrdə də
istifadə olunur. Məsələn, bir səhnədə
tennis topunun göydə uçuşu, Hamletin reaksiyaları, bəzi
ölüm səhnələri məhz rapidlə daha canlı
və təbii alınmışdı.
Ümumilikdə tamaşanın qurulma texnikası çox maraqlı idi və fərqli idi. Burada sanki rejissor bir neçə teatrın estetikasından istifadə etmişdi. Bütünlükdə pantomim teatrının estetikası, xarakteristikası olsa da, YUĞ, Kukla Teatrlarından da elementlər az deyildi. Amma bu, nə pantomim idi, nə YUĞ, nə də Kukla... Ayrı-ayrı səhnələrdə bu cür ayrı-ayrı texnikalardan istifadə edilsə də, rejissor tamaşanı özünküləşdirə bilmişdi.
Son söz
Səhnə əsəri, müddəti az olmasına baxmayaraq, kifayət qədər çətin və mürəkkəb idi. Onu oynamaq da, elə anlamaq da insandan xeyli zəhmət tələb edirdi. Rejissorun simvollarla yüklədiyi əsərin əsas özəlliyi isə o idi ki, heyət heç bir fikri tamaşaçıya etalon kimi, reallıq kimi ötürməyə çalışmır. Hər səhnədə müəyyən boşluqlar, sanki nəfəsliklər vardı ki, tamaşaçı bunun vasitəsilə əsəri öz düşüncəsinə, hisslərinə uyğun qavraya, mənalandıra bilsin.
Tamaşada
hərəkətlər, işıqlarla bərabər musiqinin
rolunu da xüsusi qeyd etmək lazımdır. Hər səhnəyə,
hər situasiyaya uyğun ustalıqla seçilmiş musiqilər
insanın birbaşa hisslərini hədəf
almışdı. Eyni zamanda, musiqilər aktyorların hərəkətləri
ilə də bütövlük yarada bilirdi.
Aktyorların ifası təqdirəlayiqdir. Səhnədə
başdan sona kimi bir kəlmə belə danışmadan
yalnızca hərəkətlər vasitəsilə
özünü ifadə edə bilmək bacarıqları
bütün tamaşaçıları heyrətə gətirən
ən mühüm məsələ idi. Bu mənada Ceyhun
Dadaşovun zəhməti və ustalığı,
aktyorların peşəkarlığı alqışa
layiqdir.
Qeyd
edək ki, tamaşa Mədəniyyət Nazirliyinin dəstəyilə
nümayiş olunurdu. Nazirliyin müstəqil teatrlara dəstək
proqramına görə, bu teatrlar ayda bir dəfə hər
hansı dövlət proqramının səhnəsində
tamaşalarını göstərə bilərlər.
Müstəqil teatrlara, eləcə də "Rebus"
teatrına yaradılan bu şəraitin ümumilikdə Azərbaycan
teatrının inkişafına təkan verəcəyinə
inanırıq.
525-ci qəzet.- 2020.- 12 fevral.- S.16.