Möhtəşəm Azərbaycançılıq
hadisəsi
Azərbaycançılıq
ideyası və idealı haqqında ilk mətbu
çağırışların meydana
çıxdığı XIX əsrin
sonları və XX əsrin əvvəllərindən bizim
günlərə qədər kifayət qədər ədəbi,
elmi və siyasi fikirlər irəli sürülmüş, bir
çox tədqiqat əsərləri və məqalələr
meydana çıxmışdır.
Ölkəmizin müstəqil dövlətçilik
statusu qazanması ilə əlaqədar olaraq XX əsrin
doxsanıncı illərindən sonra azərbaycançılıq
ideyasından həm də dövlət ideologiyası modeli
kimi də söz açılmaqdadır. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılığı
müstəqil Azərbaycan Respublikasının dövlət
ideologiyası olaraq bəyan etməsi ilə bu
anlayışın ətrafındakı araşdırmalarda
olan milli düşüncəni azərbaycançılıq
ideologiyasının əhatə dairəsi, mahiyyəti və əhəmiyyəti
kimi məsələlərin şərh edilməsi əvəz
etmişdir. Artıq elmi-ədəbi və
ictimai mühitdə azərbaycançılıq
anlayışına fəlsəfi-siyasi, hüquqi-tarixi və
dilçilik və ədəbiyyatşünaslıq aspektlərindən
yanaşmaları ifadə edən mövqelər, təhlillər
və dəyərləndirmələr mövcuddur. Lakin azərbaycançılıq ideyasına
bütün yönləri ilə hərtərəfli şəkildə
və kompleks yanaşmaları özündə cəmləşdirən,
anlayışın tam mənasını real tarixi-həyatı
və yüksək elmi-ədəbi səviyyədə ifadə
edən ümumiləşdirici əsərlərə
ciddi ehtiyac vardır. Fikrimcə, Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarın 2020-ci ildə Bakıda,
"Qanun" nəşriyyatında çap olunmuş
"Yaşamaq haqqı" adlı kitabı ölkəmizdə
azərbaycançılıq istiqamətində
yaşanmış tarixi təcrübələri,
aparılmış elmi-ədəbi axtarışları,
keçilmiş ictimai-siyasi prosesləri və mühüm
ədəbi-tarixi şəxsiyyətlərin fəaliyyətini
özündə geniş şəkildə əks etdirən
möhtəşəm elmi-publisistik əsərdir. Bu, azərbaycançılıq
anlayışının tərkibinə daxil olan bütün əsas
və ən mühüm komponentləri özündə cəmləşdirib,
ədəbi və ictimai proseslərin işığında
real surətdə, geniş şəkildə əks etdirən
və ümumiləşdirilmiş təsəvvür yaradan
ilk ədəbi-ictimai və elmi-tarixi kitabdır. "Yaşamaq haqqı" - Xalq
yazıçısı Anarın təqdimatında azərbaycançılığın
əsrlərin süzgəcindən keçərək, tarixin
sınaqlarından çıxaraq, davamlı ənənələrə
çevrilmiş və artıq dayanıqlıq
qazanmış dəyərlərinin genişhəcmli bir
kitabda ümumiləşdirilmiş təcəssümüdür.
Hər bir azərbaycanlı üçün gərəkli
və əhəmiyyətli olan azərbaycançılıq
ideallarını Xalq yazıçısı Anar, necə deyərlər,
"öz köynəyindən" keçirməklə, bu
taleyükü ümummilli ədəbi-ictimai dəyərlərə
baxışlarını meydana qoymaqla mütəfəkkir bir
Azərbaycan yazıçısının təqdimatında
azərbaycançılığın miqyasını və
masştabını müasir cəmiyyətin diqqətinə
çatdırmaq vəzifəsini şərəflə və
məsuliyyətlə yerinə yetirmişdir. Bu
mənada konkret bir yazıçının baxışlarının
və dünyagörüşünün ifadəsi olsa da,
"Yaşamaq haqqı" kitabı hər bir Vətən
övladı üçün təsirli və əhəmiyyətli
azərbaycançılıq dərsləri səviyyəsində
ümumiləşdirilmiş traktat təəssüratı
yaradır.
Xalq yazıçısı
Anarın mövzu ilə əlaqədar olaraq zəngin bədii
ədəbiyyat nümunələri və özünün
şəxsi müşahidələri ilə yanaşı, həm
də dövrü mətbuat materiallarından, arxiv sənədlərindən,
ailə arxivindən, elmi əsərlərdən, memuarlardan, məktublardan
və nadir fotoşəkillərdən yerli-yerində və
yaradıcı şəkildə istifadə etməklə
meydana qoyduğu "Yaşamaq haqqı" kitabı canlı
və əyani bir azərbaycançılıq traktatı
missiyasını yerinə yetirir. Geniş mənada
"Yaşamaq haqqı" - Xalq yazıçısı
Anarın təqdimatında mükəmməl bir ümumiləşdirilmiş
Azərbaycannamədir. Fikrimizcə, görkəmli
Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin
XX əsrin əvvəllərində yazdığı məşhur
"Anamın kitabı" dramından və Xalq şairi Səməd
Vurğunun elan etdiyi "Azərbaycan epopeyası"ndan sonra
Xalq yazıçısı Anarın təqdim etdiyi
"Yaşamaq haqqı" Azərbaycan ədəbi-ictimai
fikrində azərbaycançılıq haqqında
yaranmış növbəti möhtəşəm abidədir.
Məlum olduğu kimi, böyük demokrat Cəlil
Məmmədquluzadə Azərbaycanın taleyi haqqında
fikirlərini 1920-ci ildə qələmə aldığı
"Anamın kitabı" adlı dram əsəri ilə, Səməd
Vurğun poemalar silsiləsi vasitəsilə mənsub
olduğu xalqa bədii şəkildə böyük vətəndaşlıq
ruhu ilə çatdırmaq missiyasını həyata
keçirmişlər. Anarın "Yaşamaq haqqı"
kitabı isə bədii əsər olmayıb, elmi-ədəbi
və ictimai-tarixi traktat kimi meydana
çıxmışdır. Müəllif özü
"Yaşamaq haqqı"nın janrını "şəxsi
xatirələr işığında tarixi-siyasi traktat",
yaxud "çox iri esse; və ya dastan" adlandırsa da,
kitabda elm və ədəbiyyat faktorunun geniş yer tutduğu
da aşkar müşahidə olunur. Fikrimizcə,
"Yaşamaq haqqı"nın janrını müəyyən
edərkən bura müəllifin qeyd etdiyi
"tarixi-siyasi" istiqamətlərlə yanaşı, elmi-ədəbi
faktorları da əlavə etmək lazımdır. Bizə
görə, Anar özü də əslində, təqdim
etdiyi formatda həmin genişliyi nəzərdə
tutmuşdur. Belə ki, Anarın "janr təyini"
kimi müəyyən etdiyi formatdakı "şəxsi xatirələr
işığında" sözlərinin
daşıdığı məna çalarları içərisində
onun əsərin yazılması prosesində bir
yazıçı kimi öz müşahidələrinə, ədəbi
mülahizələrə, ədəbiyyat amilinə istinad
edildiyi etiraf olunmuşdur. Bundan başqa, kitabda birbaşa
ədəbiyyat məsələlərinə, ədəbi
şəxsiyyətlərin xidmətlərinə, fəaliyyətlərinin
müxtəlif məqamlarına, hətta ayrı-ayrı bədii
əsərlərə həsr olunmuş hissələr də
mövcuddur. Yazıçı Anarın ədəbi fəaliyyətində
isə elm faktoru həmişə özünəməxsus
xüsusi yer tutmuşdur. "Sizsiz" və
"Kərəm kimi", "Əsrim-nəslim" kimi sənədli
romanlarında, Dədə Qorqud, Mirzə Fətəli Axundzadə,
Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov və
Hüseyn Cavidə həsr edilmiş ssenarilərində,
tanınmış simalar haqqındakı esselərində ədəbiyyat
materialı ilə yanaşı, elm faktorunun da böyük
yeri vardır. Bundan başqa, Anarın "Dədə
Qorqud dünyası", "Anlamaq dərdi", "Nəsrin
fəzası", "Şairin dərdi",
"Türkün sözü", "Şairin hünəri"
və sair kimi ciddi elmi əsərləri professional ədəbiyyatşünaslıq
faktı kimi qəbul edilir. Anar "Qobustan"
jurnalının baş redaktoru olaraq da ədəbi fəaliyyətində
qoşa qanad kimi ədəbiyyatşünaslıqdan başqa,
dilçilik, sənətşünaslıq, tarix, folklor,
etnoqrafiya sahələrinin imkanlarından yaradıcı şəkildə
istifadə etməyin mükəmməl örnəklərini
meydana qoymuşdur. Bütün bunlara
görə, "Yaşamaq haqqı"nın ilk növbədə
ictimai-tarixi aspektdə yazılmış elmi-ədəbi
traktat kimi meydana çıxması tamamilə qanunauyğun
olub, Anarın çoxcəhətli yaradıcılıq fəaliyyətinin
təkamül prosesindən doğan mühüm hadisədir.
Anarın bu vaxta qədərki bədii əsərlərində
elm ikinci faktor kimi iştirak edirdisə, indi burada,
"Yaşamaq haqqı"nda tərəflərin yeri dəyişdirilərək,
mətndə ədəbiyyat amili ikinci plana
keçirilmişdir. "Yaşamaq haqqı" traktatında
Anar elmlə, tarixlə, siyasətlə ədəbiyyatın
mükəmməl bir sintezini yaratmağa müvəffəq
ola bilmişdir. Ona görə də, geniş əhatə dairəsi
nəzərə alınmaqla, "Yaşamaq
haqqı"nın janr baxımından elmi-ədəbi traktat
adlandırmaq daha real təyinatdır. Həm də Anarın
yazıçı olaraq yanaşmalarında elmlə ədəbiyyat,
tarixlə siyasət əksər məqamlarda üzvü vəhdət
təşkil etdiyindən yığcam və
anlaşıqlı olsun deyə "Yaşamaq
haqqı"nı ədəbi-tarixi traktat adlandırmaq kifayət
edir. Yazıçının fəhm etdiyi
"bəlkə doğrudan da dastan" mülahizəsi isə
"Yaşamaq haqqı"nın geniş həcmi ilə uyğun
gəlsə də, dastan janrı üçün xarakterik
olan mübaliğələrlə təqdim olunan kitabdakı
obyektiv reallığa mümkün olduqca daha çox sədaqət
göstərmək prinsipi üst-üstə
düşmür. Traktat janrının tələb
etdiyi təqdim olunan problemləri ictimai mühitin müzakirəsinə
çıxarmaq, fikir mübadiləsinə meydan açmaq
prinsiplərinin "Yaşamaq haqqı" üçün də
uyğun olduğunu nəzərə almaqla, əsəri ədəbi-tarixi
traktat adlandırmaq oxuculara çatdırılan mətnin
forma və məzmununa tam münasibdir. Beləliklə,
Mirzə Fətəli Axundzadənin məşhur "Kəmalüddövlə
məktubları" janr etibarilə fəlsəfi traktat,
Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət"
əsəri ədəbi-siyasi traktat olduğu kimi, Anarın
"Yaşamaq haqqı" da XXI əsr Azərbaycan ədəbiyyatının
mükəmməl ədəbi-tarixi traktatıdır.
"Yaşamaq haqqı"nda ən
qədim dövrdən bizim günlərə qədərki Azərbaycan
tarixinə və azərbaycançılıq
ideyasının təkamülünə dair ictimai-ədəbi
baxışlar, hadisələr və proseslər
özünün geniş əksini tapmışdır. "Yaşamaq haqqı" - tariximizdə və
günümüzdə hər olub keçən əhvalatların
və təfərrüatların deyil, xalqımızın
milli varlığını müəyyən edən, tarixi mərhələyə
çevrilmiş, zamanın irəliyə doğru
inkişafına təsir göstərə bilən ədəbi-tarixi
proseslərin traktatıdır. Anar tarixdən
və ədəbiyyatdan ayrı-ayrılıqda bizlərə
bəlli olan hadisələr və şəxsiyyətlər
haqqındakı seçilmiş ədəbi-tarixi faktları
və prosesləri, görkəmli şəxsiyyətlər
haqqında baxışları xronoloji qaydada azərbaycançılıq
ideyası ətrafında vahid süjet xətti üzrə
birləşdirərək yeni və zəngin ədəbi-elmi
material kimi oxuculara təqdim edir. "Yaşamaq
haqqı"nda ən qədim hadisə kimi
"Orxon-Yenisey" kitabələrindən, "Kitabi - Dədə
Qorqud" dastanlarından, Oğuznamələrdən,
"Divani-lüğət-it türk" divanından
başlayaraq, orta əsrlərin böyük dil hadisəsi olan
klassik poeziyanın yaradıcılarına, çar
Rusiyasının Azərbaycanı işğal etməsinə,
ölkəmizin parçalanmasına,
maarifçilik hərəkatına, "Molla Nəsrəddin"in
tarixi roluna və "Füyuzat"la münasibətlərinə,
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyinə, Qafqazda
erməni məsələsinə, bolşeviklərin ərazilərimizi
işğal etmələrinə, repressiya hadisələrinə,
Mir Cəfər Bağırov
dövrünün ziddiyyətlərinə, Cənubi Azərbaycanda
gedən demokratik proseslərə, mühacirət xadimlərinə,
"Xruşov mülayimləşməsinə", görkəmli
dövlət xadimi Heydər Əliyev epoxasının birinci və
ikinci mərhələlərinədək, minilliklər ərzində
baş vermiş mühüm proseslər ədəbi-tarixi
planda əks etdirilmişdir. Burada həmçinin,
yaxın dövr tariximizin Dağlıq Qarabağ hadisələrinə,
dövlət müstəqilliyi uğrunda mübarizənin
mürəkkəb ictimai-siyasi vəziyyətinə və nəhayət,
yeni tarixi epoxanın böyük hadisələrinə və
Yazıçılar Birliyində gedən proseslərədək
olan çox mühüm ədəbi-tarixi hadisələrin
mahiyyəti azərbaycançılıq düşüncəsi
işığında açıqlanmışdır. Beləliklə,
bir neçə tarixi epoxanın hadisələrini və şəxsiyyətlərini
təsvir edib mənalandıran "Yaşamaq haqqı" azərbaycançılıq
haqqında ədəbi-tarixi epopeya təəssüratı
yaradır. Bu, azərbaycançılıq idealları
uğrunda gedən çoxəsrlik mübarizələrin mərhələlər
üzrə ayrı-ayrılıqda tarixi romanı, tam halda isə
epopeyasıdır. Sadəcə olaraq epik ədəbiyyatın
janrları olan tarixi roman və epopeyadan fərqli olaraq
"Yaşamaq haqqın"nda hadisələrə və
şəxsiyyətlərə münasibətdə üslub cəhətdən
yazıçı fantaziyasından çox, tarixi yanaşmalar
və elmi-analitik dəyərləndirmələr ön
mövqeyə çıxarıldığı
üçün fərqli bir janrda-traktat janrında
orijinal bir əsər yaranmışdır.
"Yaşamaq haqqı" - mütəfəkkir
yazıçı qavrayışı ilə
düşünülmüş, ictimai-mənəvi dərketmə
və elmi-publisist dəyərləndirmələr əsasında
yazılmış, ədəbi-tarixi cəhətdən
mükəmməl şəkildə ümumiləşdirilmiş
traktatdır.
"Yaşamaq haqqı" - roman və ya
epopeya janrlarında olduğu kimi, vahid süjet xətti ətrafında
cərəyan edən çoxşaxəli proseslərin
inkişaf dialektikasını özündə əks etdirən
traktatdır.
Fikrimizcə, 1999-cu ildə yazılmış
"Azərbaycançılıq haqqında düşüncələr"
essesi "Yaşamaq haqqı" traktatının proqramı,
romançı dili ilə desək, proloqudur.
"Yaşamaq haqqı" -
"Azərbaycançılıq haqqında düşüncələr"də
deyildiyi kimi, "tarixçi olsa da, olmasa da, qanrılıb
geriyə baxmaq ehtiyacının, həm özünün
yaşadığı həyatı, həm içində
ömür sürdüyü zaman kəsiyini, həm də mənsub
olduğu xalqın, millətin keçmişini yada
salmaq, bilmək, anlamaq istəyi"nin ədəbi-tarixi ifadəsindən
ibarət olan mənalı, düşündürücü və
ibrətamiz bir traktatdır. Bu mənada Anarın böyük
istedadla yazdığı Cəlil Məmmədquluzadəyə
həsr edilmiş "Anlamaq dərdi" essesi "Yaşamaq
haqqı" traktatının epiqrafı kimi səslənir.
Azərbaycan xalqının dili, tarixi, dövlətçilik ənənələri,
milli-mənəvi bütövlüyü, dövlət
müstəqilliyi məsələləri "Yaşamaq
haqqı"nda qarşıya qoyulan, davam və inkişaf
etdirilən ana xətlərdir. Anarın ana dili
- dövlət dili haqqında fikirləri müxtəlif
vaxtlarda bu barədə meydana çıxmış "Qafqaz
tatarları", "müsəlman", "tatar", yaxud
ümumi şəkildə işlədilən
"türk" terminlərinin araşdırılıb
aydınlaşdırılmasından milli özünəməxsusluğun
mütləq şəkildə qorunub saxlanılmasına
və xalq üçün milli-tarixi özünüdərkin
zəruriliyinə qədərki bütün məsələləri
aydın surətdə əhatə edib ümumiləşdirir.
Bu mənada "Yaşamaq haqqı"
kitabındakı "Türklərin əbədi
qayğısı: ana dili uğrunda mübarizə"
bölməsi dil tariximizə yüksək
yazıçı-vətəndaş və professional dilçi-ədəbiyyatçı
münasibətinin mükəmməl nümunəsi olmaqla bərabər,
həm də tarixdən bu günə qədər
mövcud olmuş suallara aydın elmi cavabın ifadəsidir.
"Orxon-Yenisey" daş kitabələrinə,
Mahmud Qaşqarlı, Fəzullah Rəşidəddin, Yusif Balasaqunlu
kimi ümumtürk bilicilərinin yazılı kitab-abidələrinə
yerli-yerində istinad edən Anar "Yaşamaq
haqqı"ndakı tədqiqatları ilə XXI əsrin yeni
tipli oğuznaməsini yaratmışdır. Anarı yeni tarixi
epoxanın əsas oğuznaməçilərindən biri
hesab etmək olar. Anarın dil tarixinə dair mülahizələri
bir qayda olaraq dilin keşiyində dayanmaq missiyası ilə
üzvü surətdə əlaqədə, daha doğrusu,
ayrılmaz vəhdətdə verilir. Vətəndaş
yazıçı nəticə olaraq ana dilinə - dövlət
dilinə müstəqil dövlətin və mənsub
olduğu xalqın milli-siyasi varlığının əsas
ifadə vasitəsi kimi baxır. Ona görə də
yazıçının ana dili görüşləri ölkənin
və xalqın adı, ərazi bütövlüyü,
müstəqil dövlətçilik məsələlərini
də əhatə etməklə yeni tipli tədqiqatlara
çevrilir. Ana dili Anar üçün azərbaycançılığın
ekvator xətti kimi öz oxu ətrafında ölkəmiz və
xalqımız haqqında taleyüklü nə varsa,
bütün əsas mətləbləri özündə birləşdirir.
Anarın 8 yanvar 1993-cü ildə "Müstəqil
qəzet"ə verdiyi müsahibədən gətirdiyim
aşağıdakı sitat vətəndaş
yazıçının da, müasir cəmiyyətin də
ana dili - dövlət dili haqqındakı
baxışlarının əsas müddəalarını
düzgün şəkildə əks etdirir: "Azərbaycan
dili müstəqil bir dildir. Necə ki, qırğız, tatar
dili müstəqildir. Heç bir vaxt tatar gedib başqa dildə
danışmayacaq. Azərbaycan da danışmamalıdır.
Çünki Azərbaycan dilinin özünün özəllikləri,
özünəməxsus xüsusiyyətləri var. Nə qədər
qanun, nə cür qərar qəbul edilməsindən
asılı olmayaraq, xalqımızı əmin etmək istəyirəm
ki, Azərbaycan dili var və yaşayacaq. Azərbaycan
yazıçıları da ömürlərinin axırınadək
bu dildə yazacaqlar. Bu dilə xəyanət - Cəlil Məmmədquluzadəyə
xəyanət olardı".
"Yaşamaq
haqqı"ndakı "Dilimizin adı haqqında mübahisələr",
"Dilə qarşı təhlükə", "Dövlət
dili məsələsi" bölmələrində irəli
sürülən tezislər dilimizin tarixinin xalqımızın
taleyi ilə üzvü əlaqədə şərhinin və
dərkinin Anara məxsus izahıdır. Ona görə də
ana dili məsələsi yalnız "Yaşamaq
haqqı"nın girişi, müqəddiməsi deyil,
kitabdakı əksər fəsillərin ana xətlərini
birləşdirən və əlaqələndirən ən
mühüm arqumentlərdən biridir. Yekun olaraq kitabda ifadə
edilmiş doğru və haqlı qənaətdir ki, dili qorumaq
və inkişaf etdirmək millət və ölkə
üçün yaşamaq haqqının təsdiqidir.
"Yaşamaq haqqı" - tarixin ittihamı
və imtahanı haqqında ibrətamiz kitabdır. Anara
görə "tarix siyasi və mədəni həyatın
hadisələrindən (təbii ki, iqtisadi yaşamın da
olayları, inqilablar, çevrilişlər, müharibələr
daxil olmaqla) ibarətdir. Qədim zamanlarda da, indi də hər
bir mədəniyyət xadiminin ömrü tarixin axarı
içərisində keçir və çox vaxt siyasi
gerçəkliklə müəyyənləşdirilir".
"Yaşamaq haqqı" - Azərbaycan xalqının
"tarixin axarı içərisində" keçən və
"siyasi gerçəkliklə" müəyyənləşdirilən
keşməkeşli taleyinin, ağrıları və
uğurlarının kitabıdır. Görkəmli
ədib Anar "Yaşamaq haqqı"nda sözün həqiqi
mənasında vətəndaş
yazıçı-tarixçi missiyasını məsuliyyətlə
yerinə yetirmiş, Azərbaycan tarixinin dönüş məqamları, ictimai-siyasi prosesləri və
böyük ədəbi-tarixi şəxsiyyətləri
haqqında obyektiv elmi söz deməyi bacarmışdır.
"Yaşamaq haqqı"nda aparıcı
mövqeyə malik olan, əsas yer tutan Azərbaycanın
çar Rusiyası tərəfindən işğalı Azərbaycan
Xalq Cümhuriyyəti, Qafqazda erməni məsələsi, Cənubi
Azərbaycanda milli demokratik proseslər, Stalin
dövrünün əzablı yolları, Heydər Əliyev
- İlham Əliyev epoxasının tarixi gedişatı
və böyük uğurları mövzuları tarix
kitablarında olduğundan da aydın, canlı, obyektiv və təsirli
şəkildə təqdim olunmuşdur. "Yaşamaq
haqqı"ndakı "General Sisianovun Cavad xanla epistolyar
dueli", "Yeni dövrün ilk siyasi xadimləri",
"Şərqdə ilk cümhuriyyətin yaranması",
"Cənubi Azərbaycanda milli şüurun
oyanması", "Tarixi
şans", "Mülayimləşmə", "Mir Cəfər
Bağırovun süqutu", "Avqust putçu və
sistemin iflası", "İki sistemdə vahid məqsəd"
kimi tarixi-siyasi icmallar fərqli yöndən
yazılmış Azərbaycan tarixi oçerkləridir. Bunlar
mövcud Azərbaycan tarixi oçerklərinə xalq
yazıçısı Anarın ciddi əlavələridir. Sənədlərə və tarixi faktlara əsaslanan
tarix kitablarından fərqli olaraq Anarın "əlavə
etdiyi" tarix sənədliliklə yazıçı fəhminin
və fakta dair sənətkar müşahidələrinin vəhdəti
əsasında yaradılmış, tarixiliklə bədii
düşüncənin sintezi vasitəsilə ifadə
olunmuş traktatlardır.
Məlumdur ki, tarixdə şəxsiyyətin
rolu məsələsinə elmdə fərqli münasibət
olmuşdur. Tarixdə şəxsiyyətin rolu süni şəkildə
şişirdildikdə şəxsiyyətə pərəstiş
yaranmış, şəxsiyyətlərin xidmətləri bilərəkdən
və ya bilməyərəkdən azaldıqda həmin tarixi
dövrlər boş qalmışdır. Anarın tarixdə
şəxsiyyətin rolu məsələsinə münasibətində
obyektivlik əsas meyar kimi qəbul olunur. "Şəxsiyyət
- necə varsa" formulu Anarın tarixi və ədəbi
şəxsiyyətlərə münasibətinin düsturudur.
Anar müəllim şəxsiyyətləri böyük tarixi
dövrlərlə və hadisələrlə birlikdə təqdim
etdiyi üçün "Şəxsiyyət - necə
varsa" düsturunu "Tarix - necə varsa" formulu kimi də
başa düşmək olar. Anar tarixi və ədəbi
şəxsiyyətləri siyasi-tarixi hadisələrin
axarında təhlil edib qiymətləndirdiyinə görə
şəxsiyyətin fəaliyyət istiqamətini müəyyən
edən tarixi hadisənin və ya tarixi faktın obyektiv
mövqedən dəyərləndirilməsi şəxsiyyətin
mahiyyətinin açılmasına, yaxud proseslərin
ön mövqeyinə çıxarılmasına imkan
yaradır. Məsələn, Azərbaycanın
parçalanması hadisəsindən bəhs edərkən
Anar uzun zamanlar boyu sovet tarixçilərinin bu hadisəni
"Azərbaycanın könüllü olaraq Rusiyanın tərkibinə
daxil olması", "sonralar daha ehtiyatlı şəkildə
"Azərbaycanın Rusiyaya birləşdirilməsi"
adlandırılmasından fərqli olaraq, mövcud hadisənin
real mahiyyətinin işğalçılıq siyasəti
olmasını Azərbaycanda Cavadxanın, Qafqazda Şeyx
Şamilin mübarizəsi və taleyinin fonunda əsaslandırmışdır.
"Yaşamaq haqqı"nda Şeyx Şamilin tarixi şəxsiyyət
olaraq xidməti onun "iyirmi ildən artıq Qafqaz
xalqlarının çar işğalçılarına
mübarizəsinə rəhbərlik etməsi" faktı ilə
səciyyələndirilmişdir. Cavad xanın tarixi siması
isə Gəncəni işğal etmək iddiasında olan
çar generalı Sisianovla yazışmalarındakı milli
qürur və vətənpərvərlik notalarında "Sən
mənə savaşa hazır ol deyirsən. Mən
də savaşa sən Şəmsədinə gəlib onun
camaatını özünə tabe etdirdiyin gündən
hazırlaşıram", nəhayət, "Sən şəhərə
yalnız mənim meyitimin üstündən girəcəksən"
- kimi öz ifadəsini tapmış qəti və mərdanə
mövqeyi və həmin müddəaları təsdiq edən
həyatının faciəli qəhrəmanlıq nümunəsi
ilə müəyyən olunmuşdur. Bu məqamda
Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Heydər
Hüseynovun faciəsi onun Rusiyaya qarşı vuruşmuş
Şeyx Şamili və müridizmi müdafiə etməsinə
İosif Stalin dövrünün "gerçəkliyi" təqdim
olunmuşdur. Əlimərdan bəy Topçubaşovun siyasi
portreti isə tanınmış dövlət xadiminin dünyagörüşünün və dövlət
müstəqilliyi uğrunda mübarizəsinin mahiyyətini bəyan
edən aşağıdakı öz sözləri ilə
açıqlanmışdır: "Əgər ermənilərin
və gürcülərin hər hansı günahı məhkəmədə,
faktlar əsasında sübuta yetirilməliydisə,
müsəlmanlar bəri başdan dəlilsiz-sübutsuz
müqəssir sayılırdılar... Öz ölkələri
Azərbaycanın adını çəkmək, özlərini
azəri türkü, ya azərbaycanlı adlandırmaq
qadağan idi. Onların haqqı yox idi ki, mənşəcə
türk xalqı olduqlarını etiraf etsinlər".
Eyni zamanda, "Yaşamaq
haqqı"nda Azərbaycan maarifçilərinin, siyasi xadimlərin,
tarixi şəxsiyyətlərin yazıçı və
şairlərin çoxcəhətli fəaliyyətlərindən
bəhs edib, xidmətlərini müəyyənləşdirərkən
onların ölkəsinə, xalqına, azərbaycançılıq
hərəkatına hansı səviyyədə, necə və nə ilə xidmət göstərmələri
başlıca meyar kimi nəzərə
alınmışdır. Ədəbi-tarixi şəxsiyyətlərin
xidmətlərinə qiymət verərkən Anarın tərəzinin
bir gözünə onun digər sahələrdəki fəaliyyətini,
o biri gözünə isə azərbaycançılıq
istiqamətindəki mübarizəsi ilə əlaqədar
işlərini qoysa da və tərəzinin hər iki
gözünə aid hadisələrin hər birini əhəmiyyətli
hesab etsə də, son nəticədə şəxsiyyətin
azərbaycançılıq davasındakı yeri, mövqeyi,
rolu məsələsinə ağırlıq
vermişdir. Necə deyərlər: "Yaşamaq
haqqı"nda əsas meyar azərbaycançılıqdır!
Anar haqlı olaraq bu fikirdədir ki, "şəxsiyyətlərin
təməlqoyucu töhfələri olmadan mədəniyyətimizin,
ədəbiyyatımızın, ictimai-siyasi fikrimizin, son nəticədə
milli özünüdərkimizin... inkişafını təsəvvür
etmək mümkün deyildir".
Bu baxımdan yanaşdıqda Anar
müəllim görkəmli Azərbaycan maarifçiləri
olan Mirzə Kazım bəyin Azərbaycan dilçiliyinin, rus
türkologiyasının əsasını qoymasını və
Azərbaycan dilinin ilk qrammatikasının müəllifi
olmasını, Azərbaycan tarixindən bəhs edən məşhur
"Gülüstani-İrəm"
kitabını yazmış Abbasqulu ağa Bakıxanovun Avropa
tipli ilk Azərbaycan tarixçisi olmaq missiyasını həyata
keçirməsini, Firidun bəy Köçərlinin ilk dəfə
Azərbaycan ədəbiyyatı tarixini yaratmasını və
birinci seminariyanı - Qazax
Müəllimlər Seminariyasını təsis etməsini,
Mirzə Əbdürrəhim Talıbovun, Zeynalabdin
Marağayinin "Cənubi Azərbaycanda və İranda
realist ədəbiyyatın ilk örnəklərini" meydana
qoymalarını onların mənsub olduqları xalq
qarşısında tarixi xidmətləri hesab etmişdir. Azərbaycanda orta əsrlə yeni dövr arasında
yaxşı mənada "böyük uçurum" yaradaraq
xalqımızın feodal həyat tərzindən Qərb
maarifçiliyi səviyyəsində düşünmək və
yaşamaq mərhələsinə çatdırmaqda müstəsna
xidmətlər göstərmiş Mirzə Fətəli
Axundzadənin və Həsən bəy Zərdabinin
azərbaycançılıq idealının
inkişafındakı yerinin "Yaşamaq haqqı"nda Məhəmmədəmin
Rəsulzadənin aşağıdakı fikirləri ilə
ifadə olunması yenə də şəxsiyyətin dəyərləndirilməsində
vətən və millət idealının birinciliyini
isbat edir: "Mənim zənnimcə, Mirzə Fətəli
və Həsən bəy Zərdabi əlli il sonra dünyaya gəlsəydilər,
onda müstəqillik fikri də, Azərbaycan partiyası da əlli
il sonra yaranardı. Bunların arasında sıx əlaqə
var - öz türklüyünü və azərbaycançılığını
dərk etməmiş xalq müstəqillik bəyannaməsini
elan edə bilməzdi".
Azərbaycançılığın
fikir-ideya cərəyanı kimi formalaşdırılması
və inkişaf etdirilməsində Cəlil Məmmədquluzadə
və mollanəsrəddinçilərin, Azərbaycan Xalq
Cümhuriyyətinin qurucularının xidmətlərinin
"Yaşamaq haqqı" kitabında xüsusi olaraq dəyərləndirilməsi
də obyektiv tarixi reallığın ifadəsidir. Azərbaycanın həm coğrafi ərazi, həm də
vahid vətən kimi qavranılması Cəlil Məmmədquluzadənin
və məslək dostlarının azərbaycançılığın
inkişafında yeni tarixi mərhələ yaratmaları hesab
olunması Anarın Azərbaycan anlayışının pillə-pillə
irəliyə doğru inkişafı proseslərini
obyektiv meyarlar əsasında izləyib ümumiləşdirməsinin
nəticəsidir. Ədəbiyyatda və mətbuatda
"Haradır Azərbaycan?", (Cəlil Məmmədquluzadə),
"Zaqafqaziya müsəlmanlarını necə
adlandırılmalıdı" (Məhəmməd ağa
Şahtaxtlı), "Mən kiməm" (Ömər Faiq
Nemanzadə), "Nə dili danışırsan"
(Üzeyir Hacıbəyli), "Qul sözünü
calamaq" (Salman Mümtaz) və sair kimi ciddi və
açıq ruhlu mətləblərin gündəmə
gətirilməsi, "Anamın kitabı" kimi azərbaycançılığın
proqram əsəri olan dram əsərinin yazılması
milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsi,
milli dövlətçilik ideyasının meydana gəlməsi
kimi şərh olunmuşdur.
"Yaşamaq haqqı"nda Nəriman
Nərimanov məsələsi də azərbaycançılıqla
və dövlətçiliklə əlaqədar olub, həm də
şəxsiyyətin miqyasının və faciəsinin zamanla
bağlı şəkildə şərh edilməsi əsasında
izah edilməsi ilə aydınlaşdırılmışdır.
Anar "peşəsinə görə həkim,
ədəbi istedadına görə yazıçı, taleyinə
görə siyasətçi" kimi təqdim etdiyi, "faciəli
fiqur" saydığı, "Avropa tipli sosial demokrat"
olaraq qəbul etdiyi Nəriman Nərimanovun çoxcəhətli
fəaliyyətinin qiymətləndirilməsində də azərbaycançılığı
diqqət mərkəzinə çəkmişdir:
"Əgər Nərimanovun vəzifəsini Əliheydər
Qarayev, ya Mirzə Davud Hüseynov kimi siyasətçilər
tutsaydı, bu, nəinki çox pis olardı, bəlkə
heç Azərbaycan özü də olmazdı... O, aydın
şəkildə dərk etmişdi ki, əgər o, olmasa, Azərbaycanın
şərəfli və ləyaqəti, sadəcə
mövcudluğu, yaşamaq haqqı uğrunda mübarizəni
heç kim aparmayacaq". "Nəriman Nərimanovun şəxsiyyətində
dramatiklik və hətta faciəvilik nədədir?"
sualına Anarın verdiyi aşağıdakı cavab da şəxsiyyətə
obyektiv və ədalətli mövqenin ifadəsidir:
"Ondadır ki, onun bütün şüurlu
ömrünü sərf etdiyi, uğrunda həbsxanaya
düşdüyü ideya və idealları ilk vaxtlarda təntənə
ilə elan etdiyi məqsədlərlə əslində,
daban-daban zidd imiş".
"Yaşamaq haqqı"ndakı Cənubi Azərbaycan
araşdırmaları əslində, müstəqil bir tədqiqatdır.
"Cənubi Azərbaycan maarifçiləri",
"Cənubi Azərbaycanda milli şüurun
oyanışı", "Tarixi şans", "Azadlıq
nə şirin sözdür", "Azadlığın bədəli",
"Şəhriyar təsəllisi" adlanan bölmələr
tam halda bütöv bir tarixi roman, yaxud ciddi bir doktorluq
dissertasiyası təəssüratı yaradır. Kitabda
Cənubi Azərbaycanda gedən demokratik proseslərin mükəmməl
bir salnaməsi yaradılmışdır. Bu, Xalq
yazıçısı Mirzə İbrahimovun "Gələcək
gün" romanından sonra Azərbaycan tarixinin həmin hadisəsi
haqqında yaradılmış ən mühüm elmi-ədəbi
hadisədir. Cənubi Azərbaycan problemi ilə əlaqədar
bir çox mətləblər və sənədlər ilk dəfə
Anar müəllim tərəfindən elmi-ədəbi fikrin
dövriyyəsinə gətirilmişdir. Eyni
zamanda, "Yaşamaq haqqı"nda Azərbaycan tarixinin
ziddiyyətli şəxsiyyətlərindən biri olan Mir Cəfər
Bağırovun təzadlı həyatı və fəaliyyəti
də tarixi sənədlər, elmi mənbələr, istintaq
materialları əsasında bütün yönləri ilə
araşdırılıb oxuculara çatdırılmışdır.
"Mir Cəfər Bağırovun süqutu", "Mir Cəfər
Bağırovun iki mələyi", "Mir Cəfər
Bağırov və ziyalılar"dan hər biri ciddi
araşdırma materialları əsasında
yazılmış ibrətamiz tarixdir. Haqqında
əksər hallarda birtərəfli qaydada yaxşı, yaxud
pis fikirlər yazılmış və ya deyilmiş Mir Cəfər
Bağırovun mürəkkəb dövrü, həyatı və
fəaliyyətini Anar ilk dəfə olaraq bütün yönləri
ilə araşdırmış, şəxsiyyətin tarixi səhvlərini,
yanlışlıqlarını göstərməklə
bərabər, müsbət cəhətlərini də
seçib ayırmış və əsaslandırmışdır.
Azərbaycan
altmışıncılarının, o cümlədən,
Anarın özünün də ədəbi taleyində
xüsusi rolu olan "Xruşov mülayimləşməsi"
dövrü də İosif Stalin də daxil olmaqla şəxsiyyət
və zaman münasibətlərinin zəminində
işıqlandırılmışdır. Anar Azərbaycanda XX əsrin əllinci illərində
respublika rəhbərliyinin tutduğu milli mövqenin və həyata
keçirdiyi dövlət tədbirlərinin fonunda Xalq
yazıçısı Mirzə İbrahimovun ictimai-siyasi
baxışlarının və dövlət dili uğrunda
apardığı mübarizənin mahiyyətini
açıqlamış, onun hərtərəfli ədəbi
obrazını yaratmışdır.
"Yaşamaq haqqı"nda
görkəmli Azərbaycan ziyalıları Səməd
Vurğun, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Cəfərov,
Mikayıl Rəfili, Abbas Zamanov, Rəsul Rza, Şixəli
Qurbanov, böyük türk şairi Nazim Hikmət və
başqaları zamanı irəli aparan şəxsiyyətlər
kimi təqdim olunmuşdur.
Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci
dövrü və ikinci mərhələsi "Yaşamaq
haqqı" kitabında şəxsiyyət və zaman
miqyasında obyektiv mövqedən
canlandırılmışdır. Kitabdakı "Hakimiyyətdə
Heydər Əliyevdir", "Ən böyük dissident Heydər
Əliyevdir", "Əliyev Moskvaya getdi" kimi bölmələrdə
Ulu öndərin hakimiyyətinin birinci dövrünün
gerçək və işıqlı mənzərəsi
yaradılmışdır. Anar haqlı olaraq bu fikirdədir
ki, "Heydər Əliyev ona zəmanət verənlərin və
onu bu vəzifəyə təyin edənlərin
hamısından ağıllı idi. Bu, birincisi. Və ikinci məsələ,
heç bir şəraitdə o, öz xalqının
maraqlarına qarşı çıxış etməzdi. Və
o, öz qabiliyyəti ilə problemləri bildiyi kimi həll
etmək üçün kifayət qədər təcrübəyə,
bacarığa və iradəyə malik idi". Kitabda respublika rəhbərinin yüksək dövlətçilik
istedadının işığında Azərbaycanda ictimai
fikrin, ədəbiyyatın və mədəniyyətin
inkişaf etdirilməsi xalqın milli şüurunun
oyanışına xidmət edən
düşünülmüş, uzaqgörən tədbirlər
kimi təqdim olunur. Bu, sovet rejimi çərçivəsində
ölkədə dissident yazıçı və şairlərin,
milli düşüncəyə malik sənətkarların
yaratdığı ədəbiyyatın
düşünülmüş siyasi vasitələrlə hərtərəfli
şəkildə dəstəklənməsi yolu ilə həyata
keçirilmiş dövlət tədbirləri idi. Xalq yazıçısı Anarın müşahidə
etdiyi kimi, böyük dövlət xadimi Heydər Əliyev
"Azərbaycan KP MK-nın Birinci katibi seçiləndə
ondan gözlənilən millətçiliyə qarşı
mübarizəni yavaş-yavaş korrupsiyaya, rüşvətxorluğa,
qohumbazlığa qarşı yönəltməklə" həll
etmişdir. "Yaşamaq haqqı"nda
Moskvada - Kreml rəhbərliyində erməni separatizminin
genişləndiyi və Siyasi Büronun üzvü Anastas
Mikoyan tərəfindən dəstəkləndiyi bir şəraitdə
Azərbaycanın görkəmli yazıçı və
şairlərinə Sosialist Əməyi Qəhrəmanı fəxri
adının verilməsi doğru olaraq "Heydər
Əliyevin siyasi cəsarəti" kimi səciyyələndirilmişdir.
Bu məqamda Anar haqlı olaraq Heydər Əliyevi Kommunist
Partiyası daxilində "ən böyük dissident"
kimi qiymətləndirir. Anar Heydər Əliyevin Azərbaycandan
Moskvaya - SSRİ dövlətinin əsas rəhbərlərindən
biri vəzifəsinə getmək ərəfəsindəki həyəcanlarına
da uzaqgörən yazıçı-siyasətçi kimi
obyektiv qiymət vermişdir: "Moskvanın
hakimiyyət olimpinə uçuş ərəfəsində
doluxsunmasına, doğma şəhərdə mütəəssir
olmasına səbəb illərdən bəri
tanıdığı insanlara nəzər salanda Azərbaycanın
onsuz yaşayacağı illər ərzində başına gələcək
faciələrin, fəlakətlərin, məşəqqətlərin
dəhşətli mənzərəsini hansısa möcüzəylə,
qəlbinin fəhmi ilə görməsi idi".
Heydər Əliyev mövzusu Anarın
kitabının adı və leytmotivi üçün seçdiyi "Yaşamaq
haqqı" ideyası ilə tam üst-üstə
düşür. Azərbaycan ölkəsinin və
azərbaycançılıq ideallarının irəli
aparılıb möhkəmləndirilməsini, əbədi
bir prosesə çevrilməsini "yaşamaq haqqı" hesab
edən Anar görkəmli dövlət xadimi Heydər
Əliyevin çoxcəhətli fəaliyyətindən
bütün həyatı və mübarizəsini xalqımızın və ölkəmizin
yaşamaq haqqının, böyük ideallarının nəinki
həyata keçirilməsinə, hətta müstəqil
dövlətimizin xilas olunmasına, irəli aparılmasına
xidmətin tarixi dərsləri kimi ürəklə söz
açmışdır. Bu mənada Ulu
öndər Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci mərhələsi
müstəqil dövlətçiliyin qorunub
saxlanılması və inkişaf etdirilməsinə həsr
olunmuş böyük ömrün böyük ideallar
uğrunda mübarizəsinin yeni tarixi mərhələsi kimi
mənalandırmışdır. Bu, dahi
insanın "həyatını riskə ataraq" Vətənə
Qayıdışı Azərbaycanda Milli Quruluşa nail olmaq
missiyasının birdəfəlik həlli, siyasi sistemin dəyişməsinə
baxmayaraq, daha da genişləndirilmiş ikili standartlar şəraitində
Azərbaycanı qorumaq, xilas etmək və inkişaf etdirmək
vəzifələrinin qətiyyətlə həyata
keçirilməsi zəminində hərtərəfli surətdə
təsvir olunmuşdur. Bu cəhətdən
kitabda Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasına Prezident seçkiləri ərəfəsində,
21 sentyabr 1993-cü ildə Milli Elmlər Akademiyasında
ziyalılarla keçirdiyi tarixi görüşündə
Anarın çıxışının mətninin təqdim
edilməsi ölkədə mövcud olan real vəziyyəti
və qüdrətli bir sükançının meydana
çıxması zərurətini aydın surətdə təsəvvür
etməyə imkan verir: "Azərbaycan bu gün doğrudan
da tarixin çox ağır günlərini yaşayır və
çoxları kimi mənim də bu ağır günlərdən
qurtarmaq ümidlərimiz Heydər Əliyevin rəhbərliyə
gəlməyi ilə bağlıdır. Tək
kiçik qonşumuzun - ermənilərin yox, böyük
qonşularımızın da siyasi oyunlarını
yaxşı bilən, dünya siyasəti miqyaslarında
düşünən, zəngin təcrübəyə malik
olan, siyasi addımlarında yüz ölçüb, bir
biçməyi bacaran Heydər Əliyev bəlkə də
bu ağır günlərdə Azərbaycanımızın
son şansıdır... Tarixin ən ağır günlərində
tarixin meydana çıxardığı böyük bir şəxsiyyət
- Atatürk Türkiyəni həm xilas etdi, qurtardı, həm
də qurdu, gələcəyini sağlam demokratik əsaslar
üzərində müəyyənləşdirdi... Yeni rəhbərliyin
Azərbaycanı həm qurtaracağına, həm də
quracağına inanmaq istəyirəm".
"Yaşamaq haqqı"nda
Milli Quruluşun elm və ədəbiyyatdakı təsdiqinin
işığında ölkəmizdə
dövlət müstəqilliyi yolunda ziyalıların roluna
münasibətlər də nəzərə alınmaqla,
atılmış mühüm və məsuliyyətli
addımlara real ədəbi-elmi və siyasi qiymət
verilmişdir. "Yaşamaq haqqı"ndakı
"Heydər Əliyev dünyaya qalib gəldi və
dünyadan qalib getdi. Onun yeri həmişə görünəcək"
- sözləri Anarın canlandırdığı əbədi
Heydər Əliyev obrazını tamamlayır. "Yaşamaq
haqqı"ndakı Ulu öndərə dair faktlar və hadisələr
Anarın bundan əvvəl görkəmli dövlət xadimi
Heydər Əliyevə həsr olunmuş "Unudulmaz
görüşlər" kitabını yeni və yaddaqalan motivlər və
detallarla daha da zənginləşdirir.
"Yaşamaq haqqı"nda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə həsr
edilmiş bölmələrdə ölkəmizin yeni həyatının
reallıqları zəminində cəmiyyətdə irəliyə
doğru inkişafın özünəməxsus templəri zəngin
yaddaş notları və dövrü mətbuat materialları
əsasında təbii bir proses kimi
işıqlandırılır. Anarın təqdimatında
"öz fəaliyyəti ilə həm atasına, həm də
Zamana" bənzədilən Prezident İlham Əliyevin
siyasi portreti Azərbaycanın yeni tarixi epoxasının ritmləri
ilə həmahəng şəkildə
canlandırılır: "İlham Əliyev rus və ingilis
dillərində sərbəst danışır, bu - orta
və ali təhsilin nəticəsidir. Azərbaycan dilini o,
sonra işlətməyə başlayıb, amma elə bil ki,
doğulandan bütün ömrü boyu bu dildə
danışıb... Doğma dili kamil şəkildə mənimsəməkdən
başqa, Heydər Əliyev oğlunu məqsədyönlü
şəkildə mühüm dövlət missiyalarına
hazırlaması da mühüm rol oynayıb.
Heydər Əliyevdən fərqli olaraq o
(İlham Əliyev - İ.H.) məhz XX əsrin son onilliklərinin
və XXI əsrin yetirməsidir. İdman pərəstişkarıdır
və özü də idmançıdır... Gənc nəslin
zövqünə uyğun musiqinin və ədəbiyyatda
dedektiv janrın həvəskarıdır… Məhz yeni
ziyalı nəslinin əhvali-ruhiyyəsinin ifadəçisidir. "Kənardan açıq və
gizli təhlükələr altında İlham Əliyev həm
Qərblə, həm Rusiya ilə, həm Türkiyə ilə,
həm İranla münasibətdə çevik və
dürüst siyasət aparır. Ermənistanla münasibətdə
təzyiqlərə baxmayaraq, güzəştlərə
getmir. Prezident İlham Əliyev mədəniyyət sahəsində
də öz dahi atasının xəttini davam etdirməyə
çalışır".
Beləliklə, "Yaşamaq
haqqı"nın Azərbaycanda dövlət müstəqilliyi
uğrunda aparılan mübarizələrin çətin,
keşməkeşli, məsuliyyətli və şərəfli
mərhələsinin fəsilləri
və bölmələri biri digərini əvəz edir.
Müstəqillik ərəfəsindən bizim
günlərə qədərki mühüm tarixi mərhələnin
akademik səviyyədə dərk olunmuş tarixinin yenidən
və daha əsaslı şəkildə yazılması
üçün "Yaşamaq haqqı"nın yeni tarixi
epoxaya həsr olunmuş fəsilləri çox əhəmiyyətli
mənbədir. Əslində, "Yaşamaq
haqqı"nın müstəqillik tariximizə aid fəsilləri
Azərbaycanın dövlət müstəqilliyinin Anara məxsus
ədəbi-tarixi oçerkləridir. Bu, mürəkkəb
və şərəfli epoxanın təqdimatı iki istiqamətdə:
baş vermiş çoxsaylı taleyüklü ictimai-siyasi
hadisələrin yazıçı-mütəfəkkir
Anarın gözü ilə təsvir edilərək qiymətləndirilməsi
və müəllifin özünün tərcümeyi-halının
müstəqillik dövrü sınaqları və
imtahanlarının şərhi vasitəsilə tarixləşdirilmişdir.
Qeyd etməyi lazım bilirəm ki, hər iki istiqamətdəki
təqdimatlarında, təhlillərində və dəyərləndirmələrində
Anar obyektivlik müəllim və ədalət meyarlarına sədaqət
prinsiplərindən çıxış etməyi qoruyub
saxlamışdır. Ona görə də, "Yaşamaq
haqqı"ndakı müstəqillik dövrünün Xalq
yazıçısı Anara məxsus fəsilləri geniş
mənada Azərbaycan tarixinin dövlət müstəqilliyi
epoxasının tarixi oçerkləri kimi səslənir. Kitabda SSRİ-nin dağılması proseslərinin
şərhi ilə əlaqədar məsələlərə
Anar keçmiş İttifaq miqyasında gedən ictimai-siyasi
hadisələri həm əsl vətəndaş mövqeyindən,
həm də yüksək hazırlıq səviyyəsinə,
geniş dünyagörüşünə malik Azərbaycan
ziyalısı kimi dərindən təhlil edib dəyərləndirməyi
bacarmışdır. Kitabdakı "SSRİ Ali Sovetində
çıxışlarımdan", "Moskva
döyüşləri", "Qorbaçovun qəbulunda",
"Foyedə söhbətlər", "Hücumlar və təhdidlər",
"Parlament çarpışmaları və çayxana qeybətləri",
"Avqust putçu və sistemin iflası", "Kommunist
partiyasının sonu: "SSRİ-nin
süqutu" kimi hissələrdə Azərbaycanla
bağlı məsələlərin fonunda Sovetlər
İttifaqı səviyyəsində baş vermiş hadisələrin
təhlil edilib dəyərləndirilməsi
yazıçı Anarın həm də geniş
dünyagörüşə və konkret mövqeyə malik
siyasət adamı olmasını nümayiş etdirir.
Kreml sarayında, Qafqazda və Azərbaycanda bütün kitab
boyu haqqında söz açılan "erməni"
problemi"nə münasibətdə də
yazıçı-vətəndaş Anarla tarixçi-siyasətçi
Anar bir-birini tamamlayır. Buna görədir
ki, "Yaşamaq
haqqı"nda müstəqillik tariximiz üçün ibrətamiz
olan Sumqayıt hadisələri, keçid dövrünün
Mütəllibov - Vəzirov "iqtidarı" olayları,
milli-azadlıq hərəkatı, Qara Yanvar qətliamı,
Xocalı hadisəsi, "demokratiya eyforiyası",
Dağlıq Qarabağ hadisələri və sair kimi mühüm
siyasi-tarixi hadisələrə dair mürəkkəb suallara
da geniş, dərin, əhatəli və əsaslandırılmış
cavablar tapmaq mümkündür. Bütün
bunlar yaşadığı epoxanı dərindən dərk və
şərh edən əsl yazıçının aydın vətəndaşlıq
mövqeyi ilə bərabər, həm də dərin, əhatəli
tarixi biliyə və yüksək siyasi hazırlığa
malik olmasını zəruri şərtlər sırasına
çıxarır. Bütün
yaradıcılığı boyu siyasi hadisələrə ədəbi-bədii
vasitələrlə cavab verməyin nümunəsini göstərmiş,
"Ağ liman", "Dantenin yubileyi", "Yaxşı
padşahın nağılı", "Ağ qoç, qara
qoç" kimi həm də dərin siyasi-fəlsəfi əhəmiyyətə
malik olan qiymətli bədii əsərlər
yaratmış Xalq yazıçısı Anar "Yaşamaq
haqqı"nda böyük tarixi-siyasi idraka malik olduğunu da
qabarıq surətdə göstərir. "Yaşamaq
haqqı" bir daha göstərir ki, sözün geniş mənasında
əsl yazıçı-mütəfəkkir olmadan
bütövlükdə ictimai-tarixi prosesləri, hər
hansı bir konkret epoxanı tam mahiyyəti ilə ədəbiyyatda
canlandırmaq və gələcəyə baxışı bədii
vasitələrlə ifadə etmək mümkün
deyildir. İndiki halda cəmi bir neçə
yazıçımız, xüsusən də Xalq
yazıçısı Anar müstəqillik dövrü Azərbaycan
ədəbiyyatında yazıçı-mütəfəkkirlik
miqyasını fəth etmişdir.
Eyni zamanda, dövlət müstəqilliyi
ərəfəsində və sonrakı illərdə Azərbaycan
Yazıçılar Birliyində və ətrafında gedən
proseslərin, yaşanan gərgin hadisələrin,
yazıçıların qurultaylarında səsləndirilmiş
mətləblərin dəqiq və əhatəli təsvirləri
bu mürəkkəb və şərəfli
dövrün yazıçı və zaman müstəvisində
dəyərləndirilməsinə imkan yaradır. Anar müəllim hər biri ayrıca bir tarix ola bilən
hadisələri sadəcə sadalamamış,
seçilmiş, yaddaqalan hadisələrin, baş vermiş əhvalatların,
canlı xatirələrin, dövrü mətbuatda getmiş məqalələrin
işığında hərtərəfli şəkildə və
yüksək professionallıq səviyyəsində təsvir
və şərh etmiş, obyektiv nəticələr
çıxarmışdır.
Eyni zamanda, "Yaşamaq haqqı"nı
müəyyən qeyd-şərtlə Xalq
yazıçısı Anarın avtobioqrafik romanı da
adlandırmaq mümkündür. Burada
yazıçının ailə-nəsil şəcərəsi,
yaxın-uzaq qohumları, Azərbaycanın ədəbi-ictimai
fikrinin inkişafında
mühüm xidmətləri olmuş valideynləri, ailə
üzvləri, əqidə dostları haqqında da
yazıçı müşahidələrinin izi ilə, sənədlər
və materiallar əsasında yazılmış mühüm
hadisələr və təfərrüatlar öz əksini
tapmışdır. Belə məqamlarda Anar şəxsi tərcümeyi-hal
faktlarını ölkədə gedən proseslərin
axarında təsvir etməklə dövrün çoxcəhətli
təqdimatının üzvü tərkib hissəsinə
çevirməyi bacarmışdır. Bu mənada
Anarın deputat kimi keçmiş SSRİ Ali Sovetinin
iclaslarında və müstəqil Azərbaycan
Respublikasının Milli Məclisində, Mədəniyyət
Komissiyasında cərəyan etmiş hadisələr
haqqındakı müşahidələri, bu hadisələrin
gedişində tutduğu mövqe və apardığı
işlər yazıçının şəxsi tərcümeyi-halının
hüdudlarını keçərək, dövrün və
mühitin mühüm hadisələrinə çevrilir. Hətta belə hesab edirik ki, əgər həmin
hadisələri yazmaq digər əsas
iştirakçılara, məsələn, mərhum akademik
Tofiq İsmayılova və ya Xalq yazıçısı Yusif
Səmədoğluna qismət olsaydı, onda o dövrün
hadisələri fonunda Anarın rolu və yeri daha geniş masştabda
görünə bilərdi. Bununla belə, Anarın və onun
mənsub olduğu nəslin tərcümeyi-halı ilə əlaqədar
"Yaşamaq haqqı"nda verilmiş bölmələr
yazıçının bugünkü və gələcək
bioqrafları üçün əhəmiyyətli
mənbələrdir.
Göründüyü kimi, Xalq
yazıçısı Anarın "Yaşamaq haqqı"
kitabı ölkəmizin və xalqımızın tarixi
taleyi, bugünkü inkişaf prosesləri və sabahı
haqqında ciddi, əhəmiyyətli və ümumiləşdirilmiş,
mükəmməl bir ədəbi-tarixi traktatdır. Xalq yazıçısı Anarın doğma diyara
sonsuz sevgisinin işığında səsləndirilmiş
ölkəmizin gələcəyi haqqındakı xoşməramlı
arzuları "Yaşamaq haqqı"nda təsvir edilmiş
azərbaycançılıq ideallarının daha
böyük sabahlarını düşünməyə, irəliyə
doğru nikbin baxışla və inamlı addımlarla
getməyə çağırır. Bu baxımdan
"Yaşamaq haqqı"nı Anarın yazdığı
"vəsiyyətnamə" olaraq yox, tarixdən ibrət dərsləri
çıxarmağa və daha böyük gələcəyə
doğru inamla addımlamağa çağırışlar
kimi qəbul etmək lazımdır. Tam halda özünün
mahiyyəti və əhəmiyyəti baxımından "Yaşamaq
haqqı" ədəbi-ictimai fikrimizin möhtəşəm
azərbaycançılıq hadisəsidir. "Yaşamaq
haqqı"na yüksək səviyyədə müqəddimə
yazmış istedadlı ədəbiyyatşünas və
publisist Pərvinin dəqiq ifadə etdiyi kimi, bu kitab
xalqımızın tarixlərin sınaqlarından
çıxmış və daha böyük gələcəyə
ünvanlanmış "yaşamaq haqqının" ədəbi-tarixi
təsdiqidir.
İsa HƏBİBBƏYLİ
525- ci qəzet.- 1
iyul.- S.-15