Başsızlığın başdaşı

 

 

Səyyad Aran "Körpü" (1983), "Soyuq günəş" (1996), "Sandıqda qalan muştuluq" (2012), "Sazaq" (2016) kitablarında  toplanmış hekayə və povestlərindən sonra həm öz ədəbi tərcümeyi-halını, həm də xüsusilə klassik ənənələrə sədaqət baxımından  sözün böyük mənasında mənsub olduğu Azərbaycan ədəbiyyatını yeni bir romanla zənginləşdirdi ("Başdaşı", Bakı, 2020).

 

Doğrudur, müəllif qeyd edir ki, romanı qələmə almağa 2013-cü ildə  başlamış, 2019-cu ildə isə onun son nöqtəsini qoymuşdur, ancaq yazıçının yaradıcı şəxsiyyətinə,  dünyagörüşünə və maraq dairəsinə  az-çox bələd olan  hər kəs əsərin elə ilk səhifələrini çevirdikcə aydın hiss edir ki,  burada təxminən otuz illik  bir bədii təfəkkür enerjisi süxurlaşıb. Və əsas da odur ki, ya mövzunun xarakterindən, ya da müəllifin üslubundan (görünür, hər ikisindən) irəli gələrək roman, nə qədər istedadlı olursa-olsun, bir yazıçı qələminin məhsulu olmaq miqyasından kənara çıxaraq bir dövrün (və nəticə etibarilə, bir xalqın!) əsərinə çevrilib. Buna  ədəbi yaradıcılıqda, ümumən yaradıcılıqda  epik  rezonans deyirlər. Belə əsərlər, bir tərəfdən, milli ictimai fikri bütün genişliyi ilə ifadə edirsə,  digər tərəfdən, onun hərəkətinin strateji  istiqamətlərini müəyyənləşdirməklə hər hansı sosial yanılmalar qarşısında mənəvi-əxlaqi kodeks olaraq dayanır. Və belə hallarda qələm  postmodernist  cərəyanların gözqamaşdırıcı üslub sayrışmalarına yox, epik həqiqətə işləməklə milli ədəbiyyatın bilavasitə özünü yaradır.

 

Əlbəttə, bizdə ən yeni tariximizin "düyün nöqtəsi" olan Qarabağ hadisələri - erməni təcavüzünün doğurduğu siyasi, sosial, mənəvi problemlər (o problemlər ki, uzun illərdən sonra əldə edilmiş müstəqilliyimizdən lazımınca faydalanmağa aqressivcəsinə mane olur), dünyanı idarə etmək məsuliyyətini öz  üzərinə götürmüş beynəlxalq təşkilatların həmin problemlərə, ümumən erməni təcavüzünə "çoxmənalı" (və çox hallarda spekulyativ) münasibəti barədə az yazılmayıb, həm publisistikada, həm poeziyada, həm nəsrdə, həm də dramaturgiyada (bu ədəbi növləri ona görə xüsusi fərqləndiririk ki, hər birinin öz ideya-estetik mizanı, hadisələrə münasibətdə özünəməxsus yanaşma, idrak- şərh maneraları mövcuddur) xalqımızın  başına gətirilmiş faciələrin miqyası kifayət qədər təfərrüatı ilə təsvir edilmişdir. Lakin yeni roman - "Başdaşı" sayca çox olmayan o əsərlərdəndir ki, burada müəllif biri digəri ilə məzmun-mahiyyətcə sıx bağlı olan bir sıra yığcam, bunula belə, son dərəcə səciyyəvi  detal- epizodlara əsaslanaraq,  80-ci illərin sonu, 90-cı illərin əvvəllərində düçar olduğumuz fəlakətlərin  təfərrüatından çox səbəblərinə varır.

 

Heç şübhəsiz, bu səbəblərdən birincisi nə zaman, nə də məkan məhdudiyyəti tanımayan erməni fitnəkarlığıdır ki, qriqoriyan kilsəsinin ideoloji "yolgöstəriciliyi", erməni ticarət burjuaziyasının ardıcıl maddi təminatı və imperialist maraqların vaxtaşırı dəstəyinə arxalanaraq, tarix səhnəsinə çıxdığı dövrlərdən dünyanı şovinizmin ən mənfur təzahürlərilə zəhərləməkdə, xalqları qana çalxamaqdadır.  Xəyal qırıqlığına uğrayaraq guya  qədim dövrlərdə "dənizdən dənizə" (?) hansısa dövlət yaratdıqları barədə  nəsildən nəslə nağıllar uydurmuş ermənilərin həmin xəstə təsəvvürün təsiri altında fürsət tapan kimi "vətən" deyib burnunu onun-bunun  yurd- yuvasına  soxmağı da çoxdan məlumdur... Lakin etiraf etməliyik (və romanın ideyası da bundan ibarətdir) ki, əsas səbəb bütün bunları bilə-bilə, əsrlər boyu  erməni fitnəkarlığının tələsinə düşə-düşə  yenə də dərs almamağımız,  düşməni saymamağımız, yersiz (və sadəlövh) mənəm-mənəmlik nümayiş etdirərək həmişə fərdi qəhrəmanlığa ümid bəsləməyimizdir.

 

Erməni təcavüzü, eləcə də onu müşayiət (və müdafiə) edən beynəlxalq  antiazərbaycan "maraqlar"ı o zaman baş qaldırdı ki, Ümummilli lider ölkəyə rəhbərlikdən, demək olar ki, uzaqlaşdırılmış, xalq sahibsiz, yiyəsiz, başsız qalmışdı...  80-ci illərin sonu, 90- cı illərin əvvəllərində cərəyan edən hadisələrin "mətbəx"inə bir publisist-ictimai xadim kimi dərindən bələd (hətta  həmin hadisələrin bilavasitə iştirakçısı) olan Səyyad Aran göstərir ki, bu cür genişmiqyaslı fitnəkarlığın  qarşısına nə "dayandoldurum" quş  tüfəngləri, nə də ayrı-ayrı vətənpərvərlik təşəbbüsləri ilə çıxmaq olardı. Hansının xaricdən, hansının isə daxildən gəldiyini müəyyənləşdirməyin özünün belə asan olmadığı saysız-hesabsız təxribatlara sinə gərmək üçün, ilk növbədə, milli birlik lazım idi ki, məhz o çatışmırdı.

 

Romanda başsızlığın ən azı üç məqamı təsvir edilir ki, onlardan ən  əsası ölkənin mərkəzində - Bakıda gedən hakimiyyət davasıdır. Və bu dava elə bir vulqar hal alır ki, adətən, yuxarılarla hesablaşan rayon camaatının da rişxənd hədəfinə çevrilir: "A rəhmətliyin uşağı, hələ torpaqlarımızı ermənilərdən alın, ondan sonra o  qreslolar, o vəzifələr, o da sizlər... Əşşi, bir ağlınızı başınıza yığın daa! Sözünüz bir-birinizin boğazından ötsün, dəə!"

 

İkincisi, yerlərdə təcavüzdən müdafiəni öz üzərinə götürmüş az- çox sağlam qüvvələr silah, ərzaq, geyim, yaralıların müalicəsi, qaçqınların müvəqqəti də olsa yerləşdirilməsi kimi zəruri  ehtiyacları ödəmək imkanından  tamamilə məhrum olduqlarına görə, hər kəs müharibəni, demək olar ki, təkbaşına aparır.

 

Və nəhayət, hərc-mərclikdən istifadə edən mənfəətpərəst yaramazlar nəinki arxa, ön cəbhədə də meydan sulamaqdan çəkinmirlər...

 

Səyyad Aranın müşahidələri nə qədər  ictimai gerçəkliklərə dayansa da, "Başdaşı" məhz bədii idrakın məhsuludur. Və bu bədiilik çox münbit etnoqrafik, etnopsixoloji və etnolinqvistik zəmində təzahür etdiyinə görə səmimi, inandırıcı və təsirlidir...  Təcavüzün başlanğıcında qonşu erməni kəndinə əsir düşmüş Yəhya kişi, Yerevandan  gəlmiş saqqallılara xoş gəlmək üçün onu təpikləyən erməni dığasına deyir: "Ə, Avetis, atan Arturla bir ton çörək kəsmişik, çay içmişik. Qansızlıq eləməyin. Güllə atmamışam, adam öldürməmişəm. Heyvanlarım azıb, onların dalınca gəlmişəm. Məni niyə  öldürürsünüz? Adam olun". Və cavabında eşidir: "Türki şandığa! Biz adamıq. Adam olmayan sizlərsiz. Həmişə başımıza bəla olmusuz. İllər uzunu bizləri qapınızda işlətmisiz...  Ən gözəl qızlarımızı əlimizdən alıb basmarlayıb aparmısınız, özümüz şişə-şişə qalmışıq. Daha bəsdir"... Erməni qonşulardan indiyə qədər görmədikləri əməlləri görən, eşitmədikləri sözləri eşidən azərbaycanlılar çox çətinliklə də olsa anlamağa başlayırlar ki, hansı  fəlakətlə üz-üzə (və tənha!) qalmışlar... "Sabaha ümid gündən-günə azalırdı... Hamının hər şeydən əli soyumuşdu. Sanki müvəqqəti  yaşayırdılar, elə bil öz evlərində kirayənişin idilər".

 

Münaqişələr gərginləşib, hadisələr çıxılmaz vəziyyət aldıqca xalq əlini hər yerdən üzüb göylərə açır, Allaha dua eləməkdən başqa çarə qalmır... "Allahdan başqa heç kimə borcu və hesabı olmayan bu kəndə və onun camaatına qıymaq dünyanın ən böyük günahı olardı..."

 

Və doğrudan da, dünyanın ən böyük  günahı baş verir: başsız qalmış  camaat yurd-yuvasını atıb pərakəndə  (və pərişan!) bir halda, bir tərəfdən erməni həmlələri, digər  tərəfdən Əhmədin oğlu Xasay kimilərin  "qudurması" ucbatından  düşdükləri heç yerdə məskunlaşa bilməyib mərkəzə - Bakıya axışır.

 

Əlbəttə, "Başdaşı" obrazı romana hansısa yardımçı stilistik çalar, yaxud hadisələrin gedişini tənzimləyən köməkçi bədii harmoniya  vasitəsi olaraq gətirilməyib.  O, ölkəni başına götürmüş başsızlığa işarədir, yazıçının semiotik kəşfidir... Qaçhaqaç elə gözlənilmədən başlayır ki, el-obasının müdafiəsində şəhid olmuş nakam  Qürbətin başdaşını məzarı üstə qoymaq  mümkün olmur. Ailənin min bir əzaba düçar olmaq hesabına özü ilə əvvəl  çadır düşərgəsinə, oradan da Bakıya gətirdiyi başdaşı romanda tədricən kifayət qədər mükəmməl bir simvol-obraza çevrilir: üzərində ürəyi arzularla dolu, vətənpərvər, cəsur, bu dünyanın "oyunlar"ından çox uzaq olub öz normal insan taleyini yaşamağa can atan  bir gəncin "tərcümeyi-hal"ı həkk edilmiş başdaşı Bakıda yeni qaçqın  qəbiristanlığında qərar tutur... Məzar Cəbrayılın Sirik kəndində, başdaşı Bakıda... "Bakı heç vaxt  götürmədiyi mənəvi və psixoloji yükün altına girmişdi. Şəhərin əhalisi birdən-birə xeyli artmışdı. Yükün ağırlığından Bakı Antey kimi dizəcən torpağa girmişdi.

 

... Xalq öz Xilaskarını axtarırdı..."

 

Səyyad Aranın ustalığı bir də ondadır ki, Xilaskar axtarışına münasibətdə  xalqı bir-birinə qənim kəsilmiş sosial- siyasi təbəqələrə bölmək, yaxud mənəvi-ruhi böhranın doğurduğu müxtəlif maraqların toqquşmasını mütləqləşdirmək kimi, bəlkə də, zahirən hər hansı effekt yarada biləcək yüngül yolla getmir, onun yazıçı-mütəfəkkir  stixiyası tamamilə düzgün təsbit edir ki, müxtəlif maraqlar toqquşsa da, sosial-siyasi təbəqələşmə baş versə də, Xilaskarı təbii bir ümummilli intuisiyanın təsiri ilə bütün Xalq gözləyirdi... Haqlısı da, haqsızı da; düz yol tutanı da, yolundan azanı da...

 

Romanın ideya-məzmunundakı (ruhundakı!) dramatizm, dərin, çoxqatlı detal və təfərrüatların əyaniliyi, obrazların nitqindəki kolorit imkan verir deyək ki, "Başdaşı" tarixi (epoxal!) bir filmin senarisi olmaq baxımından da öz rejissorunu gözləyir.

 

 

Nizami Cəfərov

525-ci qəzet.- 1 iyul.- S.18