Övladını göstər, deyim kimsən...

 

 

Bu gün COVİD-19 pandemiyasının az qala, bütün dünyanı dörd divar arasına -  evlərə məhkum etdiyi zamanda ailələr arasındakı münasibətlər də gündəm mövzusuna çevrilib.

 

Sürətli zaman, texnologiya dövrü hər kəsi eyni evin içərisində bir-birindən xəbərsiz insanlara çevirmişdisə, indi karantin rejimi ailəyə daha çox zaman ayırmaq fürsəti yaradıb. Məlum vəziyyətdən ən çox təsirlənən isə sözsüz, uşaqlar oldu. Onlar dərs ilinin yekununa aylar qalmış evlərə məhkum olundular. Əvvəl bundan məmnun olsalar da, sonradan parka, əyləncə mərkəzinə, istədiyi yerə gedə bilməmək onları aqressivləşdirdi. Bir çox valideynlər də bu dönəmdə övladlarıyla necə davranacaqlarını bilmirlər.

 

Bir xalqın, dövlətin gələcəyi onun yetişməkdə olan nəslindən, daha dəqiqi, uşaqlarından və onlara olan münasibətindən asılıdır. Gələcəyə layiqli vətəndaş, milli-mənəvi dəyərlərə hörmət edən, sahib çıxan şəxsiyyət yetişdirmək heç də asan iş deyil. Yaşadığımız tarixi dövrün siyasi, iqtisadi, hüquqi və ekoloji problemləri böyüməkdə olan nəslin təlim-tərbiyəsində özünü müxtəlif aspektlərdə büruzə verir. Xüsusən, xarici televiziya kanallarının, internetin evimizə, hətta telefonlar vasitəsiylə cibimizə ayaq açdığı bu dövrdə. Böyük sürətlə qloballaşan dünyamızda uşaqların milli-mənəvi dəyərlər əsasında doğru tərbiyələndirilməsi, sağlam əxlaqi mühitdə yetişməsi, zəngin və kamil dünyagörüşünün formalaşması hazırda cəmiyyətimizin aktual problemlərindən biridir. Bəs gənc valideynlər, ya da valideyn olmağa hazırlaşanlar nələr etməli, övladlarını necə yetişdirməlidirlər?

 

Bu və bu kimi məsələlərdə mütəxəssis rəyini öyrənmək üçün psixoloqlarımıza müraciət etdik.  

 

Psixoloq Ayşə Məmmədova uşaqların bir şəxsiyyət kimi yetişdirilməsində valideynlərin əsas səhvlərindən söz açdı: "Qeyd edim ki, uşaqların yetişdirilməsi zamanı valideynin edə biləcəyi ən böyük səhvlərdən biri tutarlılığın qorunmamasıdır. Valideynlərin uşağa dediyini əməldə göstərməməsidir. Bununla bərabər, uşaqlarında çoxlu iradlar tutaraq, onların özgüvənlərinin aşağı düşməsinə səbəb ola bilərlər. Yəni əsas səbəb valideynlərin özlərini model olaraq göstərməməsidir. Uşaqlar hər zaman hərəkət və davranışlarında valideynlərini örnək götürürlər.

 

Bununla bərabər, valideynlərin edə biləcəyi səhvlərdən biri də uşaqların yaş dönəminə uyğun bacarıqlarının formalaşdırılmasının vərdiş halına gətirilməsində onlara yardım göstərməməsi, yaş mərhələsinə uyğun inkişafın normal gedib-getməməsini müşahidə etməməsidir. Onu da qeyd edim ki, valideynlər uşaqlarında məsuliyyət hissi formalaşdırmalıdırlar. Kiçik yaşdan məsuliyyət hissi formalaşmır və uşaq məktəb dönəminə çatdıqda valideyn dərs oxumamağının, tapşırıq etmək istəməməyinin səbəblərini tapa bilmir. Valideynlərin uşaqların yetişdirilməsində edə biləcəyi səhvlərdən biri də uşağa şiddət göstərərək tərbiyə verməsidir. Bu davranışı görən uşaq ona qarşı edilən hər səhvə şiddətlə reaksiya verməyə başlayır. Unutmayaq ki, uşaqlara ən böyük travma vuran, uzunmüddətli təsir və iz qoyan məhz şiddət və psixoloji zorakılıqdır.

 

Bəzən isə valideyn fikirləşir ki, uşağa çox sevgi göstərərsə, onu ərköyün böyüdəcək. Bu, yanlış fikirdir. Uşaqların hər zaman onların sevgisinə və motivasiyasına ehtiyacı var.

 

 

 

Valideynlər bəzən  məşğul olduqları zaman, uşağın boş qalmaması və yaxud yemək yemədikdə qarşılıq olaraq TV və telefona əl atırlar. Və nəticədə uşaqlarda TV və telefon qarşısında çox vaxt keçirmək nitq ləngiməsinə, diqqət əskikliyinə, gecə qorxularına və aqressiv davranışların formalaşmasına səbəb ola bilər". 

 

"Uşaq tərbiyəsində demək yoxdur, eləmək var"

 

Psixoloq Elmir İsgəndərov da deyir ki, uşaq tərbiyəsi nəsihətlə deyil, nümunəylə olur: "Yəni biz uşaqlara nəyi öyrətmək istəyiriksə, onu yaşamalıyıq. Burda söhbət uşağa göstərmək üçün yaşamaqdan, səmimiyyətdən uzaq həyat tərzindən getmir. Bunu qarışdırmaq olmaz. Söhbət həqiqətən elə davranmaqdan, o şəkildə yaşamaqdan gedir. Daha doğrusu, söhbət kimlikdən gedir. Məsələn, əgər siz vətəninizi sevən bir insansınızsa, siz hər zaman bu sevginizdən danışmaya bilərsiniz, belə bir şeyə ehtiyacınız olmaya bilər. Bu, sizin sadəcə olaraq kimliyinizdir. Hər kəs sizi vətənsevər biri kimi bilir. Hətta bunun da fərqi yoxdur. Siz içinizdə səmimi olaraq, bilirsiniz ki, mən bu vətəni sevirəm. Bütün gün uşağa bu haqda danışmaq ehtiyacı yoxdur. Uşaq onsuz da sizin vətənə olan sevginizi köçürəcək. Uşağın köçürməsi, sadəcə sözləri köçürmək deyil, ona söz cəmi 3-5 faiz təsir edər. Geri qalan 95-97 faiz davranışlar və kimliklərdir. Məsələn, siz uşağın kitab oxumağa həvəsli olmasını istəyirsinizsə, özünüz kitab oxumalısınız. Amma bunu məqsədli deyil, qeyri-ixtiyarı, bu, sizin... həyat tərzinizdir deyə etməlisiniz. Yəni biz beynimizə qoymamalıyıq ki, gedib filan şeyi övladıma öyrədim. Buna ehtiyac yoxdur".

 

 

 

525-ci Qəzet - KİVDF-nin yazı müsabiqəsində yeniliklər

 

 

 

Uşaqların milli-mənəvi dəyərlərə sayğılı, vətənini və millətini tanıyaraq, onun məsuliyyətini dərk edərək böyüməsi şəxsiyyət olaraq yetişməsində əsas şərtlərdən biridir. Nəzərə alsaq ki, qlobollaşan dünya bu mövzuda da bizdən çox fədakarlıqlar tələb edir, ona görə də gənc ana-ataların üzərinə daha çox məsuliyyət düşür. Çünki bəzən uşaq məktəbə gedənə kimi ölkəsindən, bayrağından, dilindən xəbərdar olmur, "vətən" anlayışının həssaslığını, ülviliyini duymur. Belə uşaqların milli kimliklərinin dərkinin formalaşması məktəbdə başlayır. Hazırkı durumda əsas əngəllər sırasına televiziyalar və internet də əlavə olunub. Görəsən, indiki dövrdə Türkiyə kanalları, internet və bu kimi təsirlərə qarşı uşağı milli-mənəvi dəyərlərə bağlı yetişdirmək üçün valideynlər nələr etməlidirlər?

 

 

 

E.İsgəndərova görə, davranışlarınız, milli kimliyiniz öz istədiyiniz kimidirsə, milli-mənəvi dəyərlərə uyğun davranırsınızsa, əlavə söz deməyə ehtiyacınız olmayacaq: "Sizin kimliyiniz, həyat tərziniz uşağın milli-mənəvi dəyərlər ruhunda böyüməsinə kifayət edəcək. Əks təqdirdə biz nəsihətlərimizlə özümüzdə olmayan, amma uşağımızda olmasını istədiyimiz şeyləri redaktə etməyə çalışırıq. Uşaqlarla sözsüz də anlaşa bilməliyik. Bizim özümüzlə dediklərimiz üst-üstə düşmür, sonra da gileylənirik ki, uşağa yüz dəfə deyirəm, xeyri yoxdur. Sizə kim deyib ki, deməklə xeyri olacaq, Belə bir uşaq tərbiyəsi yoxdur! Uşaq tərbiyəsində demək yoxdur, eləmək var. Hətta ondan da üstün "olmaq" var. Əgər siz "o" olsanız, uşağınız öyrənəcək". 

 

 Valideyn-övlad bağlılığı

 

A.Məmmədova deyir ki, valideyn ilk növbədə TV və internetə bağlılığı azaltmalıdır: "Daha sonra uşaqlarına dövlətimiz, milli-mənəvi dəyərlərimizlə bağlı məlumatlar verməklə bərabər, bunu şəkillərdə də, göstərməlidir. Etik qaydaları və ailənin bir arada stol arxasında əyləşərək, yemək yediyini göstərməli, öz davranışları ilə uşaqlarına nümunə olmalıdırlar. Kömək etməyi, yaşlılarla, kiçiklərlə necə davranmağı, təbiəti kirlətməməyi, mərhəməti, təmizliyimizə diqqət etməyi hər yaş dönəminə uyğun uşaqlarına öyrətməlidir".

 

E.İsgəndərov isə hər şeyin valideyn-övlad bağlılığından asılı olduğunu vurğulayır: "Əgər valideyn uşaqla etibarlı şəkildə, ailə olaraq bir-birlərinə bağlıdırlarsa, narahat olmağa dəyməz, uşaq gedib dəyərləri başqa yerdə öyrənməyəcək. Əlbəttə, uşaq saatlarla televizorun, internetin qarşısındadırsa, şübhəsiz ki, ordan nümunələr götürəcək. Böyük-böyük adamlar Türkiyə seriallarına baxırlar, sonra birdən-birə özlərini o serialdakı baş qəhrəmanla eyniləşdirməyə cəhd göstərir, o həyatı yaşamağa çalışırlar. Ordakı həyatla reallıq da üst-üstə düşmədiyindən belə insanlar adətən, aqressiv olurlar. Əgər bu, böyüklərə də təsir göstərirsə, burda uşağın heç bir təqsiri yoxdur. Uşaq təbii ki, gördüyünü götürəcək. Əgər uşaq qədərində baxırsa və siz verdiyiniz tərbiyədən, yəni öz kimliyinizdən əminsinizsə, mükafat və ya cəza kimi xarici motivasiya metodlarından istifadə etməmisinizsə, övladınızla yaxşı bağ qura bilmisiniz, bir-birinizə təsir gücünüz yaxşıdırsa, narahat olmayın, uşaq bir neçə dəqiqə internetdən nəyəsə baxsa, dönüb o olmaz. Əgər uşaq saatlarla internetin qarşısındadırsa, deməli, bağınız zəifdir. Deməli, burda iki tərəfli zərbə var. Yəni övladınız sizdən öyrənə bilmir deyə, öyrənməyə başqa yer axtarır, həm də saatlarla qarşısında olduğu bir obyekt övladınızı sizdən daha çox gördüyündən onun təsiri daha çox olacaq”.   

 

 "Karantində ilk növbədə uşaqların günlük rejiminə diqqət edilməlidir"

 

 Karantin rejimi vaxtından tez uşaqların məktəbdən, bağçadan çıxıb evə qapanmalarına səbəb oldu. Bir çox valideynlərin işlərinin də bu zamanda müvəqqəti dayandırıldığını, ya da evdən idarə olduğunu nəzərə alsaq, övladları bağçaya gedə, çölə çıxa bilməyən valideynlər üçün çətin vəziyyət yarandı. Bu qapalı zamanda uşaqların öhdəsindən valideynlərin necə gəlməsi, bu karantin zamanlarını necə dəyərləndirmələri ilə bağlı da psixoloq Ayşə xanımın tövsiyələri var: "Karantində ilk növbədə uşaqların günlük rejiminə diqqət edilməlidir. Yatma və oyanma saatları müəyyənləşdirilməlidir. Buna uyğun olaraq, uşaqlar hər gün eyni saatda yatmalı və oyanmalıdırlar. Gün ərzində həm öyrənib, həm də əylənəcəyi məşğuliyyətlər müəyyənləşdirilməlidir. Tapşırıqları  eləmələri üçün müəyyən zaman ayrılmalıdır. Gün ərzində valideynlərlə birgə vaxt keçirməli, ünsiyyətdə olmalı və oyunlar oynanılmalıdır. Bununla bərabər, valideyn uşaqlarının rəsm, idman, musiqi ilə məşğul olması üçün də vaxt ayırmalı və onlarla birgə məşğul olmalıdır. Qeyd edim ki, valideynlər uşaqlarının pis əməllərini görməzdən gəlib, yaxşı əməllərini isə daha çox göstərməlidirlər".

 

"Qızını döyməyən, dizini döyər"

 

Nəzərə alsaq ki, gərgin vəziyyət olduğundan böyüklər də stress və aqressiya içindədirlər, bu, uşaqlarla münasibətlərinə də təsir göstərir. Hətta bəziləri tərbiyənin uşağı döymək olduğunu fikirləşirlər. Bəs, döymək nəyisə dəyişirmi?

 

 

 

A.Məmmədovaya görə, bu vəziyyət uşaqlarda həyəcan-təşviş probleminin yaranmasına gətirib çıxarır: "Uşaqlar virus haqqında çox az məlumatlıdırlar. Buna görə naməlumluq onları daha çox qorxutmağa başlayır. Valideynin stresli vəziyyətini görüb, gərginliyini hiss edib daha çox təşviş keçirirlər.

 

Valideynlərin tərbiyəni döyülməkdə görməsi onların öz balacalıqlarında eyni münasibəti görməsindən asılıdır. Onların keçmişdən bugünkü günümüzə qoruyub saxlayaraq gətirdikləri inanclardır. Bəzən valideyn uşağını döymək istəmir, amma stresli vəziyyət qarşısında artıq döyərək reaksiya verir. Çünki şüuraltında ona inanıb ki, uşaq döyülərək tərbiyələndirilməlidir. Şüurlu olaraq buna inanmasalar da, şüuraltı bunu hər zaman göstərir. Öz ata-analarından gördüklərini bu gün də qoruyub saxlayırlar. Belə bir deyim var, "Qızını döyməyən, dizini döyər". Bu fikir indi də valideynlərin uşaqlarla münasibətinə təsir göstərir. Ümumilikdə bu hal uşaqların özgüvənini aşağı salır, onu aqressivləşdirir, valideyninə qarşı inamını azaldır və nəticədə onlarda şiddətə meyillilik hissi yaradır".

 

 Şahanə  Müşfiq

 

525-ci qəzet.- 2020.- 01 iyul.- S.21.