Alim
ömrü
Kimyaçı alim
Vaqif
Həsənov
Mən kimya üzrə fəlsəfə
doktoru,dosent Vaqif Səməd oğlu Həsənovla 1967-ci il
avqust ayının 1-də Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun(indiki ADPU) Təbiyyat-kimya fakültəsinə qəbul
olunmaq üçün kimya
ixtisası üzrə qəbul imtahanında iştirak edərkən
tanış oldum.Hər ikimiz orta məktəbi
qızıl medalla bitirdiyimizə görə əsas korpusun
III mərtəbəsində,o illərdə sıralanan 71
nömrəli auditoriyada imtahan verirdik.İmtahanda rektor
Şövqi Ağayev, universitet partiya komitəsinin katibi
Mürsəl Əliyev, Analitik və fiziki-kolloid kimya
kafedrasının müdiri, professor Allahverdi Verdizadə,Üzvi
kimya və kimya texnologiyası kafedrasının
müdiri,dosent Əbdül Rzayev iştirak edirdilər. Hər
ikimiz imtahandan “əla” qiymət alaraq universitetə qəbul
olunduq. Vaqif Həsənov 331-ci qrupda, mən isə
332 –ci qrupda təhsil almağa başladıq.Təhsil
aldığımız ilk illərdən onun oxumağa,öyrənməyə
nə qədər həvəsli
və maraqlı olduğunu
gördüm.
Vaqif
Həsənov 1950-ci il avqustun 1-də Qərbi Azərbaycanın Göyçə mahalının
Krasnoselo rayonunun Toxluca kəndində müəllim ailəsində anadan olub.1957-1967-ci illərdə
Toxluca kənd orta məktəbində təhsil alıb.Orta məktəbi
qızıl medalla bitirib.1967-1971-ci illərdə ADPU-nun Kimya
fakültəsində təhsil alıb. Ali məktəbi
fərqlənmə diplomu ilə bitirib.Lenin təqaüdçüsü olduğu üçün təhsil
aldığı ali məktəbdə saxlanılıb. Azərbaycan KP MK, Azərbaycan SSR Ali Sovetinin və
Nazirlər Sovetinin orqanı olan “Kommunist” qəzetinin 31 yanvar
1971-ci il tarixli 26-cı nömrəsində baş səhifədə
“Tələbə” adlı məqalədə Lenin təqaüdü
alanlar arasında Vaqif Həsənovun adı özünü
elmə həsr edən gənclər sırasında
çəkilib.Həmçinin təhsil aldığı ali
məktəbin mətbuat
orqanı olan “Gənc müəllim” qəzetinin 22 aprel 1971-ci
il tarixli 12-ci nömrəsində “Lenin təqaüdçüləri”
başlıqlı məqalədə şəkli də olmaqla
onun haqqında geniş yazı dərc edilib.Ermənistan KP
Krasnoselo RK və Xalq Deputatları Sovetinin orqanı olan
“Dostluq” qəzetinin 25 fevral tarixli 24 nömrəsində “Gələcəyin
kimyaçısı” adlı məqalədə(
məqalə o illərdə Filologiya fakültəsinin
III kurs tələbəsi Səyyad Sadiq,hazırda ictimai-siyasi
xadim olan Səyyad Aran tərəfindən yazılıb), habelə
o illərdə nəşr olunan “Bakı” qəzetinin 17 iyun
1971-ci il tarixli 141-ci nömrəsində “Həyat vəsiqəsi
almaq üçün” başlıqlı məqalədə
onun dövlət imtahanını
verməsi ilə bağlı yazı dərc edilib.
Vaqif
Həsənov tələbəlik illərində yüksək
qiymətlərlə oxumaqla yanaşı, fakültənin və
universitetin ictimai həyatında fəal
çalışıb,TEC-in fəal üzvi kimi elmi konfranslarda maraqlı məruzələrlə
çıxış edib,elmi işə böyük
marağı olub. TEC-in xətti
ilə və D.İ.Mendeleyev adına ÜİKC-nin ADPU-nun təşkilatının
fəal üzvü kimi Fəxri
Fərmanla təltif olunub,1971-ci ildə keçirilən elmi
konfranslarda elmi məruzə ilə çıxış
edib,iki tezisi çap olunub.
Azərbaycan
Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin
göndərişi ilə 1971-ci ildə ADPU-nun Üzvi kimya və
kimya texnologiyası kafedrasına laborant vəzifəsinə qəbul
olunub. 1972-1973-cü illərdə
Sovet Ordusu sıralarında hərbi
xidmət edib.Hərbi xidmət illərində dəfələrlə
fəxri diplomlara layiq görülüb və hərbi
hissənin qəzetində onun haqqında yazılar dərc
edilib. Ordudan tərxis olunduqdan sonra 1973-cü ildə
Üzvi kimya və kimya texnologiyası kafedrasında laborant
işləməklə Üzvikimya ixtisası üzrə
aspiranturanın qiyabi şöbəsinə qəbul
olunub.1984-cü ildə “Əvəzlialkanollar və
arilizosianatlar əsasında karbamin turşusunun törəmələrinin
sintezi və xassələri” mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək
kimya elmləri namizədi (indi kimya üzrə fəlsəfə
doktoru) alimlik dərəcəsi alıb.1976–1989-cu illərdə
Üzvi kimya tədris laboratoriyasının
müdiri,1989–2011–ci illərdə “Yeni bioloji aktiv birləşmələr”
elmi-tədqiqat laboratoriyasının müdiri,1991-1993-cü
illərdə kafedrada baş
müəllim,1993-cü ildən dosent,1997-ci ildən
ADPU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri,
universitet Elmi Şurasının və Təhsil Nazirliyinin Elm İdarəsi
yanında Elmi-Metodik Şuranın üzvü olub.
1999-2004-cü illərdə
ADPU-nun Elmi katibi və Tədris–metodiki şöbəsinin
müdiri,2004-2011-ci illərdə Üzvi kimya və kimya texnologiyası
kafedrasının müdiri,2006-2016-cı illərdə isə
Kimya fakültəsinin dekanı,fakültə Elmi
Şurasının sədri, universitet Elmi Şurasının
üzvü olub.2013-2016-cı illərdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin kurikulum proqramı
üzrə Dərslikləri Qiymətləndirmə
Şurasının ( kimya fənni
üzrə ) üzvü olub.
2005-ci ildə Təhsil nazirinin əmri ilə Gəncə
Dövlət Universitetində (GDU) Kimya ixtisası üzrə Yekun Buraxılış Dövlət Attestasiyası Komissiyasının sədri
olub. Müxtəlif illərdə Təhsil nazirinin əmri ilə
Bakı Dövlət Universitetində (BDU) və Qərbi Kaspi
Universitetində Attestasiya və Akkreditasiya Komissiyasının
işində üzv kimi fəal iştirak edib.2007-2009-cu illərdə
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının ( indiki DİM) ADPU
üzrə Sənəd Qəbulu Komissiyasının məsul
katibi,2010-2013-cü illərdə
Sənəd Qəbulu Komissiyasının məsul
katibinin müavini olub.Onun rəhbərliyi ilə 2000-2017-ci illərdə
23 nəfər magistrlik dissertasiyası müdafiə edib.
5 nəfərin Üzvi kimya ixtisası üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün təqdim
edilmiş dissertasiya işinin rəsmi opponenti olub.Onun rəhbərliyi
ilə Kəmalə Osman qızı İsgəndərova kimya
üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün “Kükürd və azot tərkibli
alkanolların ariluretan və tiouretan törəmələrinin
sintezi və xassələri ” mövzusunda dissertasiya ( 2016)
müdafiə edib. Türkiyə
Respublikasının Ankara şəhərində Hacettepe
Universitetində keçirilmiş “ Müəllim hazırlama
siyasəti və problemləri” mövzusunda II beynəlxalq
simpoziumda (2010) iştirak edib.
İstedadlı və tanınmış
kimyaçı alim Vaqif Həsənov 350 elmi-metodik əsərin,o
cümlədən 141 məqalənin (xaricdə 47,respublikada
94),84 tezisin (xaricdə 4,respublikada 80),1 dərsliyin,9 dərs vəsaitinin,25
metodik vəsaitin,61 fənn proqramının (bəziləri təkrar
nəşr olunub),19 İxtira üçün
alınmış Müəlliflik Şəhadətnaməsinin
və 5 Azərbaycan Patentinin müəlliflərindən
biridir.Adları aşağıda göstərilən dərslik,
dərs vəsaiti, metodik vəsait və tövsiyələrin
müəlliflərindən biridir:
“Üzvi sintez praktikumu”,Bakı – 1989 (dərs vəsaiti),“Bioloji
kimyadan təcrübə məşğələləri”,Bakı
– 1990 (dərs vəsaiti),“Həyat fəaliyyətinin kimyəvi
əsaslarından praktikum”, Bakı – 2008 (dərs vəsaiti),“Üzvi
kimyadan yoxlama variantları və onlara dair metodik göstəriş”,
Bakı –2008 (metodik vəsait),“Yüksək molekullu birləşmələr kimyasından testlər”,Bakı
– 2009 (metodik vəsait),“Üzvi kimyadan yoxlama testləri”,Bakı
– 2009(metodik vəsait),“Üzvi kimya praktikumu”, Bakı – 2010 (dərs
vəsaiti),“Bioloji kimyadan yoxlama variantları”, Bakı –
2010(metodik vəsait),“Üzvi sintez praktikumu”,Bakı – 2011 (dərs
vəsaiti),“Üzvi kimya praktikumu”, Bakı – 2012 (dərs vəsaiti),“Kimya
həvəskarları üçün”, Bakı
– 2013(metodik vəsait),“Üzvi kimya terminləri”,Bakı – 2013
(metodik vəsait), “Dərman maddələrinin kimyası”,Bakı
– 2015(dərs vəsaiti),“Yüksək molekullu birləşmələr
kimyası”,Bakı-2016 (dərslik),“Karbohidratlar
kimyası”,Bakı – 2016 (metodik vəsait),“Neft kimyası-1001
testdə”,Bakı – 2017(metodik vəsait). “Neft
kimyası-1001 testdə” (yenidən işlənmiş),Bakı
– 2019 (metodik vəsait),“Kimya olimpiadalarının təşkili
və keçirilməsi”, Bakı-2019 (metodik tövsiyə). 1999-cu ildə çap
olunmuş“Oğuz yurdunun övladları” kitabının l hissəsinin
221-ci səhifəsində onun haqqında geniş yazı dərc
olunub.
Universitetin
Tədris-metodiki şöbəsinin müdiri və fakültə
dekanı işlədiyi vaxtlarda
həmişə təhsilin dövlət
standartlarının və tədris
planlarının hazırlanması komissiyalarının
işində fəal iştirak edib.Təkcə onu qeyd etmək
istərdim ki, Kimya fakültəsinin dekanı işlədiyi
illərdə onun tərəfindən 2006,2009 və 2014-cü illərdə
iki ixtisas üzrə təhsilin dövlət standartları, tədris
planları hazırlanıb və hazırda kimya müəllimliyi,kimya
və biologiya müəllimliyi ixtisaslarında 2014-cü ildə
təsdiq edilmiş tədris planları əsasında tədris
aparılır.
Dosent
Vaqif Həsənov 2004-cü ildə “XXI əsrin
tanınmış alimi” Beynəlxalq diplomu ilə, 2006-cı
ildə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə,
2012-ci ildə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının Fəxri Fərmanı
ilə, 2013-cü ildə Yeni Azərbaycan Partiyasının
“Veteranı” vəsiqəsi ilə təltif olunub.
2012-ci ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı
ilə təhsilin inkişafındakı xidmətlərinə
görə “Tərəqqi” medalına layiq
görülüb.Ailəlidir. 3 övladı var.
Övladları ali təhsillidir.
Yeri gəlmişkən, mən 1971-ci
ildə təyinatla Naxçıvana müəllim
işləməyə göndərildim.Sonradan Bakıya
köçdükdə 1984-cü ildə Vaqif müəllimlə
universitetdə yenidən qarşılaşdıq.Mən də
onunla bir kafedrada işə
başladım. Vaqif müəllim öz işinə olduqca
bağlı, nizam-intizamlı, məsuliyyətli
bir insandır.1985-ci ildə yeni korpusa köçdükdə
kimyalaboratoriyalarının təchizi ilə bilavasitə o məşğul
olurdu. Biz yeni korpusa,boş otaqlara
köçmüşdük.Laboratoriyaları qurmaq və təñhiz etmək bizim üzərimizə düşmüşdü.Böyük
zəhmət və əziyyətlə olsa da, bu işin
öhdəsindən layiqincə gəldik. Bu işdə tədris
laboratoriyasının müdiri kimi Vaqif müəllimin zəhməti
və fədakarlığı hamıdan çox oldu.
Laboratoriyalar müasir avadanlıq və ləvazimatlarla təchiz
olundu. Vaqif müəllimin belə
fəaliyyəti hər zaman ön planda olub,bu gün də
ön plandadır.O,əsas korpusun 12, 13 və 14-cü mərtəbələrində
laboratoriyaların təchizi işində böyük əmək
sərf edib.
Universitet TEC-nin sədri olduğu illərdə-1998,1999
və 2000-ci illərdə tələbələrin elmi
konfransını təşkil edərək
keçirib,universitetin tarixində
ilk dəfə tələbələrin
tezislərinin çapına nail olub və konfransların
işi televiziyalar və media tərəfindən
geniş işıqlandırılıb.Hazırda Kimya və
biologiya fakültəsinin Analitik və üzvi kimya
kafedrasının dosenti kimi uğurlu elmi-pedaqoji fəaliyyət
göstərir.
Avqustun 1-də dosent Vaqif Həsənovun 70
yaşı tamam olur.Mən ömrün müdrik
dövrünü yaşayan Vaqif müəllimi 70 illik yubileyi
və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə
kafedranın əməkdaşları adından ürəkdən təbrik edir,ona
möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər
arzulayıram. Xüsusi qeyd etmək istəyirəm
ki, hazırda ADPU-nun 100 illik yubileyinə hörmətli rektorumuz,professor Cəfər Cəfərovun
rəhbərliyi ilə ciddi hazırlıq işləri
aparılır, universitetin keçdiyiböyük və şərəfli
yolun tarixi və fəaliyyəti ilə bağlı kitab
hazırlanır. Vaqif Həsənov da ADPU-nun 1971-ci il məzunu
kimi universitetin 100 illik yubileyinin
keçirilməsini səbirsizliklə gözləyir və bu
hazırlığa öz töhfəsini vermək
üçün var gücü ilə
çalışır. Vaqif müəllimə bu müqəddəs
və şərəfli yolda böyük uğurlar
arzulayıram.
İsa Cəfərov
525-ci qəzet.- 1
iyul.- S.-25.