"Xortdanın cəhənnəm məktubları":
mifik aləmdən gerçək dünyaya
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
"Molla Nəsrəddin" ədəbi məktəbinin
əsas yaradıcılarından biri kimi Azərbaycan realist nəsrinin
və satirik mətbuatımızın inkişafında
müstəsna rolu olan Əbdürrəhim bəy Haqverdiyevin
çoxşaxəli və zəngin
yaradıcılığı ədəbiyyatımızın
orijinal və bənzərsiz səhifələrini təşkil
edir.
Ə.Haqverdiyevin
"Molla Nəsrəddin" jurnalında "Xortdan"
imzası ilə çap olunan "Cəhənnəm məktubları"
və "Mozalan bəyin səyahətnaməsi" əsərlərində
Zeynalabdin Marağayinin "Səyahətnamə"sinin təsiri
aydın şəkildə görünməkdədir. Bu ədəbi
formadan bir fon kimi istifadə edən
yazıçı "Cəhənnəm məktubları"nı
səyahətnamə şəklində qələmə
almışdı. Sonralar ədib əsər
üzərində yenidən işləyib təkmilləşdirmiş
və 1930-cu ildə "Xortdanın cəhənnəm məktubları"
adı ilə çap etdirmişdi. Povestdə hadisələr
iki istiqamətdə - Tiflisdən Şuşaya və Tifisdən
"cəhənnəm"ə səyahət şəklində
və publisistik bir üslubda təqdim olunur .
Yazıçının,
"Tənbihül-qafilin", "Cameül-dəvat"
kitablarından əxz edərək, yaratdığı "cəhənnəm"
- mifik aləm gerçək dünyanın "dəyirmanına
su tökən" bir mövhumi məkan kimi hadisələrin
baş verdiyi əsas şərti yerdir. Müəllifin
geniş erudisiyası, dərin təfəkkürü Azərbaycan,
eləcə də dünya ədəbiyyatının zəngin
mifoloji qaynaqlarına bələdliyi, ondan yüksək sənətkarlıqla
bəhrələnməsi əsərin nəinki mozaik təsvirində
görünür, hətta onun ən dərin məna
qatlarında bütün təfərrüatı ilə əksini
tapır. Bu mifik dünyanın
örtüyünü qaldırdıqca orada İmperiyanın
qanlı əllərinin izi Şərq xalqlarının,
xüsusilə də, Azərbaycanın taleyindəki qara ləkələr
kimi real lövhələrlə canlandırılır.
Yazıçı irreal məkanın - cəhənnəmin və
orada baş verən mühüm problemlərin oxucu tərəfindən
dərk olunmasına yardımçı olaraq əsərin əsl
mahiyyətinin açılmasına bələdçilik edir:
"Söz yox ki, cəhənnəm özü bir mövhumi məkandır.
Amma bu əsərdə "cəhənnəm"
sözünü "mənfi tiplər" cəmiyyəti mənasında
düşünməlidir".
"Xortdanın
cəhənnəm məktubları"nın
kitab halında ilk nəşrinin üz qabığı
Ə.Haqverdiyevin xəyali, qorxunc və mübaliğəli
şəkildə təsvir etdiyi cəhənnəm
dünyasında baş verən dəhşətli hadisələr
- ağlın və idrakın qəbul edə bilməyəcəyi
qeyri-insani cəza üsulları real aləmdə, Xortdanın
yaşadığı cəmiyyətdə baş verən eybəcərliklərlə
müqayisədə kölgədə qalır. Yazıçının
da əsas məqsədi bu iki aləm arasındakı
paradoksallıqları açıb göstərmək,
hansının daha dəhşətli, qorxunc və məhvedici
olduğunu anlatmaqdır. Mifoloji mənbələrdə,
insanları cənnət, cəhənnəm xülyası ilə
təlimatlandıran vaizlərin söhbətlərində qərarlaşan
cəza üsulları yazıçının təsvir etdiyi
real aləmdə cərəyan edən hadisələrlə
müqayisədə çox cılız və kiçik
görünür.
"Xortdanın
cəhənnəm məktubları" "Bir neçə
söz", "Müqəddimə", "Cəhənnəm"
və "Odabaşının hekayəsi" hissələrindən
ibarət olan maraqlı bir kompozisiya əsasında qurulub. Povest mühakimələr, deyişmələr və
haşiyələr şəklində verilmiş tarixi
gerçəkliklərə, dini kitablardakı istinadlara
söykənərək yaradılmış qiymətli bir nəsr
əsəridir.
Əsərin baş qəhrəmanı
yazıçı "mən"inin və idealının
daşıyıcısı funksiyasını yerinə yetirən
Xortdan obrazıdır. Onun cəhənnəmə səyahəti
Mirzə Qoşunəli Təbrizinin hazırladığı
iksirdən sonra baş tutur. Real dünyada
cismən ölən Xortdan cəhənnəmdə ruhən yaşayır.
Povestdə sonrakı hadisələrin təhkiyəçisi
kimi çıxış edən ikinci şəxs Məşədi
Səttardır. O, Xortdanla təsadüfən rastlaşır və yol
boyu qarşılaşdığı, Xortdanın diqqətini
cəlb edən adamlar barədə müfəssəl məlumatlar
verməklə həmsöhbətində müəyyən təəssüratlar
oyadır. Xortdanın cəhənnəmdə
gördüyü və ona bələdçilik edən
üçüncü şəxs isə Odabaşıdır.
Bu obrazın xarakterik cizgiləri, portreti
Xortdanın təhkiyəsində açıqlanır. Onun əsas funksiyası Xortdanın suallarını
cavablandırmaqdan ibarətdir. Əsərdə
Odabaşı dinamik obraz kimi verilməyib, o, yalnız təhkiyəçidir.
Bu, bəlkə də, onunla əlaqədardır
ki, yazıçı "Odabaşının hekayəsi"
adlandırdığı hissəni əsərə sonradan əlavə
edib. Ə.Haqverdiyev povestin "Müqəddimə"sində
bir sıra ictimai-siyasi və sosial məsələləri
Qarabağın timsalında qabardır. Diqqətdən kənarda
qalan, baxımsızlıq ucbatından bərbad vəziyyətə
düşən yollar, qonaq evlərindəki acınacaqlı vəziyyət,
şəraitsizlik, savadsız müəllimlər, din pərdəsi
altında gəlir əldə edən yalançı və
fırıldaqçı mollalar yazıçının kinayəli,
eyhamlı dili ilə tənqid hədəfinə çevrilir.
Burada daha çox siyasi müstəviyə
çıxarılan bir taleyüklü məsələ də
diqqət mərkəzində saxlanılır. Bu, yazıçının Əsgəran
qalasının timsalında çarizmin, imperiyanın 1905-ci
ildə törətdiyi erməni-müsəlman davasını
ürək ağrısı ilə xatırlatmasıdır.
Əsrlərcə davam edən, artıq qlobal xarakter
daşıyan bu önəmli problem XX əsrin əvvəllərində
dövri mətbuatda geniş şəkildə əksini
tapmış, Cəlil Məmmədquluzadə, Üzeyir bəy
Hacıbəyli, Mirzə Ələkbər Sabir, Firidun bəy
Köçərli, Əli Nəzmi kimi neçə-neçə
mütərəqqi, demokratik fikirli ziyalılarımız
öz əsərlərində bu qırğınların,
faciələrin millətçilik toxumu səpən
Şeytanın - rus İmperiyasının qanlı əlləri
ilə törədildiyini dönə-dönə
vurğulamış və bütün dünyaya bəyan etmişdilər.
Ə.Haqverdiyev də "Xortdanın cəhənnəm məktubları"nda
şeytanın batini xislətinin mənfurluğunu
açıb göstərir, Şuşanı xarabazara
çevirən məkrli varlığın bəd əməllərini,
cinayətlərini ifşa edərək yazır: "Burada
şeytan özünə doqquz gün, doqquz gecə toy elədi.
Şəhərin evlərindən məşəllər
qayırmışdılar. Gecə-gündüz
tüfəng səsləri kəsilmirdi. Hətta
şeytan tərəfindən gəlmiş bir yaranal şəhərin
içində top da atdırdı. Toy çox
şükuhlu keçdi. Camaatdan çox
qırılan oldu. Ancaq nə etməli, şeytan əməlindən
xata çıxmasa, olmaz"...
Ə.Haqverdiyev sətiraltı eyhamlar, yaddaqalan ştrixlər,
qarşılaşdırma və paralellər əsasında əsl
cəhənnəmin harada və hansı şəkildə
olduğunu sənətkar məharəti ilə dəqiqləşdirə,
konkretləşdirə bilir. Bütün
bunların müəyyənləşdirilməsi prosesində
simvolikadan, yeddi rəqəminin dünya mifik modelindəki rəmzi
səciyyəsindən ustalıqla bəhrələnir.
"Xortdanın cəhənnəm məktubları"nda
Ə.Haqverdiyev Rusiyanın Qarabağdakı nüməyəndəsi,
riyakarlıqda ad çıxaran ermənipərəst
Qoloşapovun davamçısı olan Dəsturovun mənfur
obrazını yaratmışdır. Tarixi şəxsiyyət
olan Dəsturov yazıçının tənqid hədəfinə
çevirdiyi mənfi tiplər içərisində xüsusi
yer tutur. O, saxta, yalançı ərizələrlə
guya çar hökumətindən Şuşa
əhlinə bəylik rütbəsi alacağını vəd
edərək insanlardan çoxlu rüşvət almaqla
özünə sərvət toplayır. Vaxtilə "Molla Nəsrəddin"
jurnalı özünün "Elan" rubrikasında bu
rüşvətxor çar məmurunu ifşa edərək
yazırdı: "Hər kəs bəy, nücəba silkinə
daxil olmaq istəsə və "danos" elmini öyrənmək
xahiş etsə, qəbul edirəm".
Yazıçı
"nəfsi-əmmarə"nin quluna
çevrilən bu tamahkar çar məmurunu, riyakar,
fırıldaqçı mənsəb sahibini cəsarətlə
tənqid edir. Ədibin sənətkarlıq məharəti
bu cür tipləri tənqidin bütün rəngarəng və
çeşidli formaları ilə satirik tipə çevirməsindədir.
Ə.Haqverdiyev mənfi tpin xarakterini açmaq
üçün maraqlı ədəbi priyom seçir, onu digər
personajlarla müqayisə edərək ifşanı dərinləşdirir,
neştərlərini hədəfə sərrast
tuşlayır. Bununla da həm Dəsturovu, həm də
onunla paralelləşdirdiyi tipajları oxucuya bütün təfərrüatı
ilə tanıtdırmağa müvəffəq olur:
"Əgər mənə desəydilər ki, məsələn,
Hacı Molla Baba saqqalını qırxdırıbdır,
inanardım; Bakı qoçuları and içiblər ki, adam
öldürməsinlər, inanardım; cəmi Yaponiya əhalisi
dönüb müsəlman olubdur, inanardım;
Purişkeviç bolşevik olub, inanardım, amma min nəfər
əhli-iman and içsə idi ki, Dəsturovu cəhənnəmə
göndərəcəklər, inanmazdım. Gözümlə
görəndən sonra məndə daha şəkk yeri
qalmadı".
Əbdürrəhim bəy Haqverdiyevin
"Xortdanın cəhənnəm məktubları"
povestində mənfi obrazlar qalereyası İblislə,
Şeytanla qarşılaşdırılır. Xalqın
tarixində qara ləkəyə çevrilənlər öz
günahlarını Şeytanın üzərinə qoymaqla təmizliyə
çıxmağa can atırlar. "Molla Nəsrəddin"
jurnalı bu şeytanı öz oxucularına "Şeytandan
məktub" (1906, ¹32), "Şeytana cavab" (1906, ¹33),
"Şeytan" (1908, ¹37) və s. felyeton, karikatura (1907,
¹23), poçt qutusu, bilməli xəbərlər, tərcümeyi-hal
və başqa publisistik janrlar vasitəsilə
tanıtdırmışdır. Ə.Haqverdiyev "Molla
Nəsrəddin" jurnalının ənənəsinə
sadiq qalaraq, Şeytanı, İblisi mifik obraz kimi deyil, real, həyati
mənfi tiplər kimi ümumiləşdirir.
Yazıçı əsərdə İblisdən bir simvol
kimi istifadə etmiş, əsl günahkarların kim
olduğunu ayrı-ayrı mənfi tiplərin xarakterində
açıqlamışdır. İblis özü də
günahkar olmadığını etiraf edir: "Dünyada
baş verən bəd əməllərin çoxundan nə mənim
xəbərim var, nə də mənim övladlarımın.
Gedin öz içinizi axtarın görün nə qədər
şeytanlar taparsınız ki, mən onların əllərinə
su tökməyə yaramaram". Bu obraz böyük romantik ədibimiz
Hüseyn Cavidin yaratdığı İblis obrazı ilə
paralellik yaradır.
Əsərdə Qarabağın Bərdə,
Köçərli, Ağdam, Qərvənd, Xocalı,
Şuşa, Əsgəran, Turş su, Qarqar çayı və
sair real məkanlarının, çaylarının,
bulaqlarının geniş epik lövhələrlə
canlandırılmasının şahidi oluruq. Bu, hər
şeydən öncə yazıçının doğulub
boya-başa çatdığı və coğrafi mövqeyi
haqqında dolğun məlumata malik olduğu Qarabağa
ziyalı sevgisindən qaynaqlanır. Yazıçı
hər qarışına bələd olduğu Qarabağ
yurdunun tarixi, etnoqrafık, real mənzərələrini bir vətəndaş
yanğısı ilə əks etdirir. Əslində,
Ə.Haqverdiyevin təsvir etdiyi bu məkan, onun müxtəlif
peşə və sənətlə məşğul olan əhalisi
geniş mənada elə Azərbaycan və azərbaycanlılardır.
Yaşamaq uğrunda hər cür əziyyətlərə
qatlaşan, gecə-gündüz çarpışan, həyatın
burulğanlarından mərdanəliklə çıxan bu
insanlar komik situasiyalarla üzləşir, lakin cəmiyyətin
mənəvi eybəcərlikləri içərisindən
qurtulub yenidən həyata qayıdırlar.
Əbdürrəhim bəy
Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları"
povesti öz aktuallığına, müasirliyinə, bənzərsiz
sənətkarlıq xüsusiyyətlərinə,
kompozisiyasına, bədii təsvir və ifadə vasitələrinin
zənginliyinə görə Azərbaycan ədəbiyyatının
monumental nəsr nümunələrindən biridir.
Yazıdakı materiallar Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunub
Gülbəniz BABAYEVA
525-ci qəzet.- 2020.- 2 iyul.- S.11.