Qısa ömrün böyük və
aydın izləri
MƏRHUM
AKTYOR RUSLAN NƏSİROV AZƏRBAYCAN KİNO
SƏNƏTİNƏ
VERDİYİ
DƏYƏRLİ TÖHFƏLƏRLƏ YADDA QALIB
Azərbaycan kino tarixində bir-birindən maraqlı və
fərqli məziyyətlərə malik sənətkarlar -
aktyor və aktrisalar çoxdur. Onlar arasında
uşaq rollarını mahir şəkildə ifa edən
aktyorlar da olub ki, tamaşaçıların da
yaddaşında məhz bu rolları ilə qalıb, sonsuz məhəbbətini
qazanıblar.
"Ögey
ana" kimi peşəkar aktyorların rol aldığı
filmdə balaca İsmayılı 11 yaşında böyük
məharətlə canlandıran və milli kino tarixinin səhifələrinə
qızıl hərflərlə həkk edən aktyor Ceyhun Mirzəyev
yəqin ki, uşaq aktyorlar sırasının başında gələcək
adlardan biridir. Ondan sonra bu sahədə müəyyən
səngimələr olsa da, kinomuz uşaq qəhrəmanından
birdəfəlik məhrum olmadı.
Parta
arxasından kamera önünə...
Çox güman, film izləməyi sevən, xüsusən,
milli kinomuza az-çox bələd olan hər kəs Ruslan Nəsirov
adını yaxşı xatırlayır. Bu ad onu
tanıyanların əksəriyyətinin gözü
önünə buruq saçları, ağıllı gözləri,
ötkəm danışığı gətirir.
Mərhum
aktyor Ruslan Nəsirov 1974-cü il iyunun
10-da Bakı şəhərində ziyalı ailəsində
anadan olub. Ata tərəfdən Zərdab
rayonundan, ana tərəfdən isə şuşalıdır.
Həm atası, həm də anası Bakı
Dövlət Universitetində müəllim olublar. Ən yaxın, ailəvi dostu, aktrisa Venera
Abbasovanın sözlərinə görə, R.Nəsirovun
atasının icad etdiyi bir cihaz hələ də BDU-nun
muzeyində saxlanılır.
Ruslanın fərqli istedadını ilk kəşf edən
anası olmuşdu. Balaca Ruslanın səsini dəyişmək
qabiliyyəti varmış. Aktyor uşaq
vaxtı bu istedadının üzə
çıxmasını dostlarına məzəli bir əhvalatla
danışırdı. Binanın 4-cü
mərtəbəsində yaşayan uşaq balkona
çıxıb yol polisinin səsini yamsılayar, yoldan
keçən maşınları həqiqətən də
onları polis saxladığına inandırarmış.
Səsə aldanıb maşını saxlayan
sürücülər ətrafda polisi deyil, başları
üstündən onlara gülən balaca dəcəl
oğlanı görərmişlər.
Təəssüf ki, ömrü boyu çox ünsiyyətdən,
göz önündə olmaqdan, hətta şəkil çəkdirməkdən
belə qaçan aktyorun bu gün qısa, amma peşəkar
yaradıcılıq yolundan danışa bilirik. Onun kamerayla,
kinoyla tanışlığı çox erkən
başlamışdı. Sovet
dövründə rejissorlar tez-tez orta məktəblərə
gedər, fərqlənən, diribaş uşaqları
seçərmişlər. Həmin
yoxlamalardan birində balaca Ruslanı kəşf edirlər.
O, ilk dəfə
kamera önünə 1980-ci ildə Oqtay Mirqasımovun çəkdiyi
"Anlamaq istəyirəm" adlı ikiseriyalı bədii
filmdə keçir. Sonra - 1984-cü ildə
Rasim Ocaqovun "Park" filmində balaca Maratı
canlandırır. Beləcə, bir
uşağın parta arxasından kamera önünə tale
yolu çəkilir.
Balaca
aktyorun böyük izləri...
Azərbaycanlı tamaşaçını 1984-cü ildə
Şamil Mahmudbəyovun Həsənağa Turabovla birlikdə
çəkdiyi "Tənha narın nağılı"
filmində böyük bir sürpriz gözləyirdi. Həsənağa Turabov, Həsən
Əbluc, Yaşar Nuri, Əminə Yusifqızı, Rasim Balayev
kimi peşəkar aktyorların rol aldığı filmin əsas
sürprizi balaca Sadıq idi. Güclü xarakterə
malik Sadığı 10 yaşlı aktyor Ruslan Nəsirov
canlandırırdı. Obrazının daxili xarakterini,
yaşantılarını dəqiq şəkildə əks
etdirə bilən, Yaşar Nuri kimi usta aktyorla kamera
önünə keçən balaca Ruslan təkcə
tamaşaçıları deyil, filmin yaradıcı heyətini
də heyrətləndirməyi bacarmışdı. "Tənha narın nağılı"
Ruslanın aktyor taleyinin başlanğıc nöqtəsi idi.
R.Nəsirov filmlərində daha çox Xalq artisti
Yaşar Nuri ilə tərəf-müqabil olmuşdu. 1985-ci ildə
çəkilmiş "Bəyin oğurlanması" filmində,
demək olar ki, üzünü görmədiyimiz, amma
replikalarını yaxşı xatırladığımız
İsrafilin (Yaşar Nuri) oğlu da Ruslan Nəsirov idi.
Bu filmlərdən sonra Ruslan rejissorların
axtardıqları və öz filmlərində məmnuniyyətlə
rol verdikləri uşaq aktyora çevrilir. Hətta Ceyhun Mirzəyev dəfələrlə
ona "sən mənim davamçımsan, mən səndə
özümü görürəm" -deyirmiş.
1986-cı ildə çəkildiyi növbəti filmlə
şöhrəti daha da artır. Bu, Xalq yazıçısı
Anarın Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin
əhvalatları" və "Danabaş kəndinin müəllimi"
əsərləri əsasında yazdığı ssenariyə
çəkdiyi "Qəm pəncərəsi" filmi idi. Atasının eşşək alması xəbərini
sevincək məktəbdə müəlliminə deyən,
Xudayar bəydən eşşəyini istəyən o balaca
Əhməd də Ruslan Nəsirov idi. Bu filmdə də
o, nəhəng
aktyorlarla birgə çəkilsə də, onların kölgəsində
qalmadı, fərqlənməyi və kino ictimaiyyətinin, eləcə
də tamaşaçının sevimlisinə çevrilməyi
bacardı.
R.Nəsirovun sonuncu uğurlu işi Həsən
Əblucla Ənvər Əblucun 1991-ci ildə İsi Məlikzadənin
ssenarisi əsasında çəkdikləri "Pəncərə"
filmindəki Köçəri roludur. İdeyası 1987-ci ildə yaranan
film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq
hökm sürən, əslində, yetim evi olub internat adlanan məktəbdə
"tərbiyəçi" - müəllimlərlə
"tərbiyə olunan" şagirdlər arasındakı
ziddiyyətləri açıb göstərir,
uşaqların taleyini şikəst edən tərbiyə
sisteminin kökündən dəyişilməsinə
çağırır.
Əvvəlki rollarından tamamilə fərqlənən
Köçərini də aktyor böyük uğurla
canlandırır. O, artıq uşaq deyil, yeniyetmə oğlanı
oynayırdı. Həm siması, həm də səsi
dəyişən aktyorda dəyişməyən tək
şey səmimiliyi idi. O, Köçərini də
Sadıq və Əhmədi canlandırdığı kimi təbii,
səmimi şəkildə canlandırırdı. Hətta o qədər
təbii canlandırdı ki, Köçərinin həbs
olunması səhnəsində Nərminə rolunun
ifaçısı, aktrisa Simuzər Ağakişiyeva həqiqətən
də göz yaşlarına hakim ola bilmədi.
Özündən
narazı...
İncəsənətlə yolunun bu qədər erkən
kəsişməsi insanlarda onun təhsil üçün Mədəniyyət
və İncəsənət Universitetini seçəcəyi
fikrini yaratsa da, aktyor BDU-nun Psixologiya fakültəsinə daxil
olur. Onun oxuduğu qrup Azərbaycanda Psixologiya ixtisası
üzrə ilk məzunlardır. Aldığı
bu təhsil istedadıyla birləşəndə onu daha
peşəkar aktyora çevirirdi. O, rolunun psixoloji
durumunu da rahatlıqla anlayır və canlandırırdı. Təəssüf ki, bu xüsusiyyətindən yetərincə
istifadə etmək istəmədi.
Azərbaycan kinosunun 1990-cı illərdən başlayan
durğunluq dövrü Ruslan Nəsirovun uğurla başlayan
və uğurla davam edən karyerasını
yarımçıq qoydu. O, sonralar çəkildiyi "Yaramaz",
"Ağ atlı oğlan", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi", "Bir anın həqiqəti",
"Qüdsi", "Adam" filmlərindəki
rollarının heç birindən razı qalmır,
onları uğurlu hesab etmir.
Yaddaşlara
həkk olunan səs...
Hələ uşaq yaşlarından Ruslanın səs
tembri fərqlənirdi. Sonrakı illərdə onun səsi hər
kəsin diqqətini cəlb edir, özünə heyran qoyurdu.
Bu, onu dublyaj sənətinə gətirir.
Filmlərdə çəkilməkdən imtina edən aktyor,
on beş ilə yaxın, yəni həyatının
sonuna kimi Azərbaycan Televiziyasında xarici filmlərin
dublyajı ilə məşğul olur. Hətta
onun dublyaj yoldaşları, rejissorlar onu bu sənətin zirvəsi
adlandırırlar. Təsadüfi deyil ki,
dublyaj sənətini öyrənmək istəyən gənc
aktyorlar Ruslanı özlərinə müəllim bilir, ona bənzəmək
istəyirlər.
Ruslan Nəsirov haqda məlumat toplayarkən onun ən
yaxın dostu, Yutubdakı, özündən xəlvət
çəkilmiş son görüntülərinin müəllifi
olan tanınmış aktyor Kamran Yunisin müsahibəsinə
rast gəldim.
Həmkarımız Xəzər Süleymanlı ilə
söhbətində o, Ruslan Nəsirovu ilk dəfə dublyajda
tanıdığını deyir:
"2007-ci ildə məni Azərbaycan
televiziyasının dublyaj redaksiyasına dəvət etdilər. İlk
qarşılaşdığım insan mənim
üçün sürpriz oldu. Filmlərdə
sevə-sevə izlədiyim o uşaq böyüyüb, uzun illərdən
bəri dublyajda işləyirmiş. Hətta
ən sevdiyim səs də elə Ruslanın səsi imiş.
İlk görüşdən sonra münasibətimiz
get-gedə daha da dərinləşdi. Dəyərli
insan idi. Əgər nəyəsə bənzətmək
imkanım olsaydı, onu şəffaf suya bənzədərdim.
Ruslan Azərbaycan kino tarixində qısa, ancaq əvəzsiz,
təkrarolunmaz iz qoymuşdu. Bu, faktdır. O,
böyük bir məktəb idi. Eyni zamanda,
dublyajda da. Heç İncəsənət
Universitetini də bitirməmişdi. Ancaq
bütün sevgisilə, canıyla, qanıyla aktyor sənətinə
bağlı idi. Ondan öyrənmək
mümkün idi. Məsələn, məndən
soruşanda deyirəm ki, mən dublyaj aktyoru deyiləm. Çünki danışığımdakı
qüsurları bilirəm. Ancaq Ruslanı
Allah sanki dublyaj üçün yaratmışdı. Qəribə xüsusiyyətləri var idi. Hətta müsahibə verməkdən də xoşu
gəlmirdi".
Aktrisa
Venera Abbasova bizimlə söhbətində R.Nəsirovu həssas,
qayğıkeş, istedadlı insan kimi xatırlayır:
"O qədər həssas, diqqətli insan idi ki,
tanıdı-tanımadı, hər kəsin köməyinə
çatardı. Ruslan hərtərəfli istedad
idi. O, dublyajda da çox uğurlu idi. Sanki
dublyaj üçün doğulmuşdu. İndiyə
qədər də mütəxəssislər danışanda
"Ruslan kimisi yoxdur" deyirlər. Düzdür,
bizim bu sənətdə peşəkar insanlarımız
çoxdur. Amma onlar özləri də,
içi mən qarışıq etiraf edirik ki, o, bu sənətin
zirvəsində idi. Yəqin ki, Allah sevdiyi
insanları tez aparır. Ruslan da çox
vaxtsız ayrıldı aramızdan. Biz
onun üçün çox darıxırıq".
Aktyorun ən
yaxın dostlarından biri, Əməkdar artist Hüsniyyə
Mürvətova onu insanlıq nümunəsi adlandırır:
"Ruslan çox yaxşı insan, çox gözəl
aktyor idi. O, aktyorluq üçün doğulanlardan idi. Onun dublyajdakı uğuru, uşaq yaşlarından
çəkildiyi silsilə filmlər həmişə tarixdə
qalacaq. Onun gedişiylə mən öz
dostumu itirdim. Məni həmişə
görəndə "Hüsnişka, gözəluşka"
deyə əzizləyərdi. Mən onu
itirəndə bu sözləri də itirdim. Tez-tez oturar, dərdləşərdik. İnsan kimi çox mədəni, ağıllı,
kövrək idi. Ömrü boyu o, kimsənin
ürəyini qırmadı. Hər kəslə
böyük qardaş kimi davranırdı. İnsanlıq nümunəsi idi. Mən onun haqqında ancaq yaxşı sözlər
danışa bilərəm. Biz həmişə
deyirdik ki, Ruslan özündən başqa kimsəyə ziyan
vermədi".
Ölüm
xofu...
V.Abbasova deyir ki, R.Nəsirov tez-tez 40 yaşında öləcəyini
deyirmiş. Bu da onun atasını erkən itirməyindən
qaynaqlanır. Onun atası da 40 yaşında
dünyasını dəyişmişdi:
"Uşaqlığından beyninə yerləşdirmişdi
ki, atam kimi mən də 40 yaşımda öləcəyəm.
Düzdür, psixologiyanı öyrənəndən
sonra bu fikirləri özündən uzaqlaşdırmağa
çalışırdı, biz dostları da çox
danışır, onu fikirdən daşındırmağa
çalışırdıq, amma görünür, artıq
təhtəlşüuruna yerləşmişdi. Nə yazıq ki, elə dediyi kimi də oldu. Sanki o, bu fikirləri ilə öz sonunu
"çağırdı".
K.Yunis isə mərhum həmkarının maşında
getməkdən bərk qorxduğunu, bu zaman çox dərin təlaş
keçirdiyini bildirir.
Ölüm xofu ona ailə qurmağa da imkan vermir. Onsuz da tez
öləcəyini düşünən aktyor, həmişə
ailə qurmaqla bağlı söhbətlərdən
qaçır. Bunu da Kamran Yunis deyir: "Həmişə
onu tənbeh edirdim ki, ailə qurmalısan. Çünki
böyük qardaşı da ailə qurmamışdı.
Anaları övladlarının toyunu görmək
arzusu ilə yaşayırdı. Ancaq hər
dəfə də eyni sözü deyirdi. Qədeş,
mənim ömrümə az qalıb, niyə kiminsə
balasını bədbəxt edim?"
H.Mürvətova
onun övlad yadigarının qalmamasına çox heyfislənir:
"Çox təəssüf ki, Ruslan heç vaxt evlənmədi.
Onun bu dünyada bir yadigarı qalmadı. İndi onun yadigarı oynadığı və səsləndirdiyi
filmlərdir. O, hər zaman bizimlədir. AzTV-də
onun mikrofonu da, stolu da yerindədir və biz onu tez-tez yad edirik.
Allah ona rəhmət eləsin!"
Beləcə, mərhum aktyor sanki öz sonunu
öz sözləri ilə hazırlayır. 2015-ci ilin
martın 5-də dostları, kino ictimaiyyəti və onu sevən
tamaşaçılar acı xəbərlə
sarsıldılar. Ruslan Nəsirov 41 yaşında qaraciyər
xəstəliyindən dünyaya gözlərini əbədi
yumdu. Qısa ömründə böyük
işlər görmüş, Azərbaycan incəsənətində
özünəməxsus iz qoymuş aktyoru hər kəs
uşaq simalı, həlim səsli, həssas ürəkli
insan, kinomuzun balaca qəhrəmanı kimi əbədi
xatırlayacaq...
Şahanə MÜŞFİQ
525.-
2020.-2 iyul.- S.13.