Sözümüzün, elmimizin Hüseyn Həşimli itkisi

 

Hüseyn Həşimli... İmzanın özü belə qarşısına istənilən mənəvi ağırlıqda təyinləri qoymağa kifayət edir. Amma bu imzanın qarşısına nə yazarsaq yazaq, ümumiləşdirib “sadə və səmimi insan” deməklə hamısını ehtiva edə bilərik.

 

... Ucqar bir dağ kəndində doğulmuşdu Hüseyn müəllim. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndində. Hər söhbətində mütləq kəndinin insanlarından duzlu, maraqlı bir nümunə ilə sözlərinə şirinlik qatardı. İçindəki sadəlik və səmimilik də məhz o kənd insanının daxili dünyasında daşıdığı saflığından irəli gəlirdi. Dəyişməyən xarakter sahibi idi. Onu tanıdığım son 20 ildə necə görmüşdümsə elə də qaldı. 2000-ci ilin sentyabrında Naxçıvan Dövlət Universitetinin 3-cü kurs tələbəsi ikən ilk dərsində hansı təəssüratla dünyamıza daxil olmuşdusa, 2020-ci ilin iyun ayında da o şəkildə dünyamızdan ayrıldı.

 

Son 7-8 ayda Hüseyn Həşimli ilə bir idarədə çalışmağın sevincini yaşamaq bizə də nəsib oldu. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini kimi əməkdaşların elmi araşdırmalarına yeni istiqamət verən, ona təqdim olunan hər məqaləni, hər monoqrafiyanı, kitabı həssaslıqla, diqqətlə və məsuliyyətlə oxuyan, redaktə edən, hətta korrektə etməyi də unutmayan, ehtiyac varsa nələri əlavə etməyi, nələri ixtisar etməyi elmi mədəniyyət çərvəsində hər kəsə təlqin etməyi bacaran, heyrət doğuran alim idi.

 

Filologiya elmlər doktoru, professor, əməkdar elm xadimi... bu adlar onun zəngin biliyi qarşısında sadəcə protokol olaraq keçilmiş mərhələ, verilmiş ad və titullar idi. Örnək aldığı müəllimi – akademik İsa Həbibbəyli məktəbinin, qətiyyətlə deyə bilərik ki, ən ali səviyyəli yetirməsi idi. Vəfatı günü dəyərli akademikin Hüseyn müəllim haqqında dediyi bu sözlər nə demək istədiyimi açıq-aydın ortaya qoyur: “Hüseyn Həşimli ölkə miqyasında qəbul edilən mükəmməl ədəbiyyatşünas alim, bütöv və parlaq şəxsiyyət idi. Ali məktəbə qəbul olduğu ilk gündən ta bu günə qədərki işıqlı və zəhmətkeş həyatı ilə o, ölkəmizin dövlətçilik ideallarına və böyük ədəbiyyatşünaslıq andına sədaqətlə xidmət etmişdir. Hüseyn Həşimlinin ədəbiyyat nəzəriyyəsinə və ədəbiyyat tarixinə dair çap etdirdiyi əsərlər fundamental elmi tədqiqatlardır. O, ədəbiyyatın, elmin və ictimai fikrin mövcud vəziyyətini dərindən dərk edən, sabahını da aydın şəkildə görə bilən və qiymətləndirən mükəmməl bir Azərbaycan ziyalısı idi. Onun timsalında mükəmməl alim olmaqla bənzərsiz müəllim olmaq bir-birini tamamlayırdı. Biz Hüseyn Həşimlinin simasında görkəmli bir elm adamını, böyük bir müəllimi və etibarlı bir dostu itirdik”.

 

Birlikdə çalışdığımız son 7-8 aylıq müddətdə bir də baxardın ki qapını döydü, içəri keçib oturdu. “Yoruldum, gəldim bir az ədəbiyyatdan, ədəbi mühitdən danışaq”, - deyərək söhbətə başlayardı. Təbii ki, Hüseyn müəllim danışan yerdə, mənə sadəcə dinləmək və hər dəfəsində yeni nələrsə öyrənmək qalırdı. Bu zaman öz tələbəlik illərinə qayıdar, bizə istər bakalavr, istərsə də magistr zamanı dərs dediyi günləri xatırlayardı. 3-cü kursda oxuyarkən yazdığım şeirdə belə bir beyt var idi və ilk dəfə auditoriyada oxuyandan sonra hər dəfə dərsə girəndə həmin iki misranı söyləyərək dərsə başlayardı və açığı, bu mənim üçün sonsuz bir qürur idi:

 

Səni dəli kimi sevdiyim üçün,

Sən sevən dünyanı candərdi sevdim.

 

Qibtə olunası yaddaş sahibi idi. Klassik ədəbiyyatda kimdən desəydin, nümunə gətirməyi vardı. Son aylardakı söhbətlərimizin birində Seyid Əzim Şirvaninin “Kipriyin bas yarama, qoyma məni qan apara” məşhur misrasının yer aldığı qəzəli əzbər dedi, həmin qəzələ bir çox şairlərin, hətta Şəhriyarın belə nəzirə yazdığını qeyd eləyənədən sonra, “sən də yaza bilərsən” əminliyi ilə üzümə baxdı. Açığı boyun qaçırmağa çalışsam da, məni elə inandırdı ki, özüm öz gözümdə xeyli böyüdüm və elə həmin günün sabahısı onun istəyi üzrə yazdığım qəzəli Hüseyn müəllimə oxumaq üçün apardım. Bir yerdə bəhrin tələbini pozduğumu və “dadaş, icazənlə “Amma şair yazdığı hər şeri də ehsan aparar” misrasını belə edək”, - deyib misranı “Şair öz şeiri ilə ruhuna ehsan aparar” şəklində düzəltdi. Mən də həmin qəzəli “dəyərli müəllimim Hüseyn Həşimliyə Seyid Əzim sovqatı” epiqrafı ilə ona təqdim etmişdim:

 

Canını sevdiyinə hər insan qurban aparar,

Şair öz şeiri ilə ruhuna ehsan aparar.

 

Gözəlim, baxma elə, qıyqacı süzgün göz ilə

Baxışın varlığımı min alar, bir can aparar.

 

Min yerə parçalanıb bir ürəyimdən ölürəm,

“Kipriyin bas yarama, qoyma məni qan aparar”.

 

Kimsə görməz mənim o göydə axan ulduzumu,

Tanrı da sevdiyini yanına pünhan aparar.

 

Nə qədər şeirim ilə vəsf etdiyim gözəl ki var,

Öləndə tabutumu o qədər canan aparar.

 

Fəqət eşqiylə dəli olduğum o qəmzəli yar,

Baxıb bu mənzərəyə, özüylə Elxan aparar.

 

... İşləməkdən yorulmayan, hər il bir neçə ciddi elmi tədqiqatla ədəbiyyatşünaslığa sanballı töhfələr verən Hüseyn Həşimlinin “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” kitabı yenicə çapdan çıxmışdı və Ələkbər Qərib Naxçıvanlı haqqında da monoqrafiya üzərində son tamamlama işlərini aparırdı. Son zamanlar bu barədə xüsusi şövqlə söhbət açardı. Hətta ötən ilin sonlarında Naxçıvan Dövlət Universitetində “XX əsr Naxçıvan ədəbi mühit” respublika elmi konfransında da Ələkbər Qərib Naxçıvanlıdan məruzə eləmişdi. Bu cür dəyərli tədqiqatları araşdırmaqdan, işıqlandırmaqdan həm də mənəvi zövq alırdı. Hələ tələbəlik illərində arxiv və kitabxana fondlarında çalışan Hüseyn müəllim özü üçün evində zəngin arxiv yaratmışdı. “Dadaş, 10 il də gərgin işləsəm, vaxtı ilə topladığım arxiv materialları üzərindəki işi bəlkə qurtaram”, - deyərdi. Böyük ehtimalla övladları onun zəngin arxivinin hansısa dövlət arxivində əbədi mühafizə olunması üçün lazımi prosedurları həyata keçirəcəklər.

 

Hüseyn müəllim, ondan böyüklərin də, kiçiklərin də daim zəngin bilik dəryasına üz tutduğu, müraciət etdiyi okean alim idi. Bu yaxınlarda söhbətlərimizin birində demişdi ki, hazırda əlinin altında redaktə etdiyi 10 kitab var. Kimisi elmi redaktəetmək üçün, kimisi ön söz yazmaq üçün, kimisi oxuyub fikirlərini bildirməsi üçün əsərlərini Hüseyn müəllimə təqdim etmişdi. Heç kimə yox deməyən biri idi. Bu ilk növbədə onun zəhmətdən qorxmamasından irəli gəlirdisə, digər tərəfdən həmin kitablardan da nələrsə öyrənmək düşüncəsiylə bağlı idi. Yəni, bu qədər əhatəli məlumat sahibi olmasına baxmayaraq daim öyrənməyin tərəfində olan bir xarakter sahibi idi.

 

Onu hər gün Naxçıvandakı kütləvi informasiya vasitələrində görə bilərdin. Ya Naxçıvan Dövlət Televiziyasında, ya radiosunda, ya digər televiziya və radiolarda, hansısa qəzetdə, saytlarda mütləq onunla bağlı ya bir xəbər var idi, ya özünün bir müsahibəsi, münasibəti, yaxud yazısı mütləq olardı. Görəsən bu boşluğu media və mətbuat necə dolduracaq?

 

Hüseyn müəllimin sonsuz ürəyiaçıqlığı vardı. Layiq olana qiymətini vaxtında verməyi bacarırdı. Çox uzağa getmədən, elə özümdən bir nümunə gətirmək istəyirəm. 2016-cı il idi. Hazırki iş yerimdə hələ sadə elmi işçi idim. Nə elmi adım vardı, nə elmi rütbəm. Gözləmədiyim halda elə bu qəzetdə - “525-ci qəzet”in 20 dekabr tarixli nömrəsində Əməkdar elm xadimi, professor Hüseyn Həşimli imzalı bir yazı çıxdı qarşıma və oxumağa başlayanda kövrəklik və qürur dolu bir hisslə dolxsundum. “Elmi-ədəbi düşüncənin imkanları və uğurları” adlı böyük bir yazıda Hüseyn Həşimli keçmiş tələbəsi Elxan Yurdoğlu-Məmmədovdan – yəni məndən maraqla bəhs edirdi. Elə o an telefonuna zəng edib minnətdarlığımı bildirəndə öz tövrünü pozmamış, sanki böyük biri haqqında yazı yazıbmış kimi bir hisslə məni daha da çox sevindirmiş və gələcək fəaliyyətimdəki işlərimdə qazanacağım uğurlara əmin olduğunu söyləyərək hədsiz şəkildə həvəsləndirmiş və özünəinamımı yüksəltmişdi. Həmin yazıdakı bu cümlələri sadəcə öz tələbəsinə hədsiz inam bəsləyən və özü də böyük ürək sahibi olan biri ürəkaçıqlığı ilə ifadə edə bilərdi: “İstedadlı və məhsuldar qələm sahibi Elxan Yurdoğlunun elmi və ədəbi düşüncəsi geniş imkanlara malikdir. Və ən önəmlisi odur ki, bu genişlik keyfiyyətin zəifləməsi hesabına baş vermir. Elxan Yurdoğlu-Məmmədov həm şair, həm tədqiqatçı, həm də tərcüməçi kimi səmərəli və dəyərli əsərlər ortaya çıxarır (buraya onun aktual mövzularda qələmə aldığı publisistik məqalələri də əlavə etmək yerinə düşər). Bütün bunlar isə Elxan Yurdoğlunun yurda, xalqa əsl övlad sədaqəti və məhəbbəti ilə ziyalı xidmətinin danılmaz göstəriciləridir”.

 

Hüseyn Həşimli hər kəsin sayğı göstərdiyi sadə və səmimi bir müəllim idi. Dərs demədiyi tələbələrin belə onun gedişinə göz yaşları tökəcək qədər üzüldüyü bir müəllim. Dərs dediyi tələbələri isə sadəcə ağlamadılar, doldurula biləməyəcək bir boşluğa təəssüflü yanğı ilə bağırdılar. Bu gün ölkəmizin istənilən nöqtəsində Hüseyn Həşimlinin tələbəsi olmuş çoxminli ədəbiyyat sevdalılarının, filoloq müəllimlərin və tədqiqatçıların bu sahəyə sevgilərinin formalaşmasında onun danılmaz əməyi var.

 

Hüseyn Həşimli həm də ictimai-siyasi mühitdə öz sanbalı olan şəxsiyyət idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dörd çağırışda deputatı seçilmişdi. Ölkədə gedən ictimai-siyasi proseslərə özünəməxsus ciddi münasibəti ilə diqqəti cəlb edərdi. Hadisələrə analitik şərhləri ilə ciddi təhlil qabiliyyəti olan ictimai fiqur kimi sözünə etibar edilərdi.

 

Onun dünyadan köçdüyü gün – 20 iyun 2020-ci il bütün KİV, sosial şəbəkələr bu xəbərə inanmaq istəmədiklərini ifadə edən statuslarla dolu idi. 55 yaş nə yaşdır ki, bu həyat üçün. Həm də bu cür daim işləyən, tədqiqat aparan, hamıya əl tutan, gücündən artığını sərf edən bir alim üçün 55 yaş nə yaşdır ki. Baxmayaraq ki, o, 55 yaşına ömrünün ikiqatına bəs edəcək zəngin irs qoymağa nail olmuşdu.

 

Açığı, darmadağın düşüncələr içində bu yazını hardan başlayıb, harda bitirəcəyimi bilmirəm. Çünki biz hələ kimi itirdiyimizin fərqində deyilik. Hüseyn Həşimlinin növbəti yarım əsrdə doldurulması çətin olan boşluğunun mənəvi çəkisini hesablamaq da  hələ ki, mümkün deyil.

 

Baxışlarımı bilgisayarın ekranındakı bir sərgidə çəkdirdiyimiz qoşa şəklimizdə dondurub yaddaşımı işə salıram. Hər dəfə avtoqrafla mənə hədiyyə elədiyi elmi əsərləri yaddaşımda sıralanır: "XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar", "Azərbaycan poeziyasında sonet və terset", "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı", "Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri", "Əli Səbri", "Əli Məhzun və "Ədəbiyyata dair" əsəri", "Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir", "Səid Səlmasi", "Məmmədəli Sidqi və "Şeypur" jurnalı", "Bağır Cabbarzadə. Bir yetimin naləsi", "Əlabbas Müznib. Ürək yanğısı", "Əlipaşa Səbur Hüseynzadə. Zümzümə. Düşüncə yarpağı", "Yeni füyuzat" jurnalı (1910-1911-ci illər)", "Şeypur" jurnalı (1918-1919-cu illər)", “İzzəddin Həsənoğlunun ədəbi irsi”, “Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı”, “Bir tərcümənin taleyi”, “Azərbaycan xalq cümhuriyyəti dövründə satirik poeziya”, “Azərbaycan dilində lirik poeziyanın inkişaf yolu”, “Azərbaycan ədəbi mühiti və türk dünyası”, “Azerbaycan mensur şiirinin tarihi”(Ankara), “Şeypur” jurnalı və ədəbi tarixi həqiqətlər”, “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” və xatırlamadığım neçə-neçə kitabları. Bu sıra elə bir bu qədər də uzanacaqdı və uzana bilərdi...

 

Yazımı professor Nizaməddin Şəmsizadənin Hüseyn müəllim haqqında yazdığı “Ziyalı mənəviyyatı – alim zəkası” məqaləsindəki bu fikirlərlə tamamlamaq istəyirəm. Hər halda professoru professor daha yaxşı təhlil edə bilər... “Hüseyn Həşimli yüksək ziyalı mənəviyyatı və dərin alim zəkasının daşıyıcısı olan nəcib bir şəxsiyyətdir. Cəmiyyət belə ziyalıların sayəsində yaşayır, tarix onların əməlləri ilə yaradılır. Məndə belə bir əminlik var ki, Hüseynin yazdıqları arxivdə qalmayacaq, yaddaşlara, oradan da hər şeyi ədalətlə yerbəyer edən tarixə daxil olacaq. Çünki onun əsərləri istedadla, zəhmətlə, halallıqla yazılıb, həqiqi ziyalı mənəviyyatından yaranıb”.

 

Ruhun şad olsun, Hüseyn müəllim! Sizi tanıyan ən sonuncu insan da bir gün bu dünyadan köçəcək. Amma yazdıqlarınız sizi heç vaxt unudulmağa qoymayacaq...

 

Elxan YURDOĞLU-MƏMMƏDOV

525-ci qəzet.- 2020.- 3 iyul.- S.11.