İşıqlı qələm sahibi -
Şükür Şükürov
90 illik yubileyini qeyd etməyə
hazırlaşdığımız Zəngilan rayon qəzeti
respublika mətbuatının kiçik bir qanadı olsa da,
daim vətənsevərlik missiyasını layiqincə yerinə
yetirib. Həsən
bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Üzeyir
bəy Hacıbəyov, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə ənənələrini
və onların işıqlı ideyalarını müxtəlif
janrlı qələm nümunələrində yaşadan, fərqli
yaradıcılıq məharətləri
ilə milli mətbuatımızın inkişafına layiqli
töhfələr verən, "Kənd həyatı" (indiki
"Zəngilanın səsi") rayon qəzetinin otuz ilə
yaxın bir dövrdə redaktoru olmuş Mürsəl Qocayevi,
istedadlı jurnalistlər Nəriman Bəxtiyarovu,
Şükür Hüseynovu, Şükür
Şükürovu, Əvəz Rzayevi xatırlamaq və
keçdikləri şərəfli yaradıcılıq yoluna
nəzər salmaq onların nigaran ruhlarına xoş
olardı. Həmin nəslin layiqli sələfləri
olan Ərşad Əzimzadə, Salam Cavadlı, Şükufə
Əliyeva və Lətif Şüküroğlunun da diqqətçəkən
səmərəli fəaliyyətləri yüksək qiymətə,
ən yüksək fəxri adlara layiqdir.
Qeyd etmək yerinə düşər ki, bu istedadlı qələm
sahibləri həmişə gözütoxluq, nəfsi təmizlik
və vətənpərvərlik kimi yüksək mənəvi-əxlaqi
keyfiyyətləri ilə seçilmişlər.
Xoş
xatirə olaraq
sonsuz iftixar və qürur hissi ilə qəlbimizdə
yaşatdığımız, cəfakeş və
işıqlı qələm sahibi olmuş Şükür
Şükürovdan söz salmaq istəyirəm. O, 1932-ci il may
ayının 1-də Zəngilanın 25-dən artıq kəndini
əhatə edən Bürünlü kəndində müəllim
ailəsində doğulub.
Şayıflı
kənd 7 illik məktəbini tərifnamə ilə bitirən
gənc
Şükürün ali təhsil almaq arzusu onu
1950-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun
fransız dili fakültəsinə gətirir. Tələbəlik
illərində çəkdiyi ağır zəhmət və
yuxusuz gecələr öz layiqli bəhrəsini verir. O,
1954-cü ildə institutu fərqlənmə diplomu ilə
bitirdikdən sonra ilk təyinatla Cəbrayıl rayonunda
Böyük Mərcanlı kənd orta məktəbində
fransız dili müəllimi kimi əmək fəaliyyətinə
başlayır. Burada 3 il çalışdıqdan sonra
1959-1963-cü illərdə Zəngilan rayonunda Kilətağ və Şayıflı kənd
orta məktəblərində pedaqoji fəaliyyətini
böyük coşqunluqla və sevgi ilə davam etdirir. Bu müddətdə öz biliyi, bacarığı,
pedaqoji ustalığı ilə nəinki işlədiyi
kollektivlərin, həm də rayonun pedaqoji ictimaiyyətinin dərin
rəğbətini qazanır. 1962-ci ilin avqust ayında
ailə həyatı qurur və həyat yoldaşının
rayon komsomol komitəsinin birinci katibi vəzifəsinə
seçilməsi ilə əlaqədar Zəngilan şəhərinə
köçür. 1963-cü ildən "Kənd
həyatı" (indiki "Zəngilanın səsi") rayon
qəzetinin şöbə müdiri vəzifəsinə irəli
çəkilir. 1968-ci ilə qədər
bu vəzifədə böyük səylə işləyir.
1968-ci ildən SSRİ Jurnalitlər İttifaqının
üzvü olan gənc jurnalist Şükür
Şükürovun təsirli yazıları daim oxucuların
böyük marağına səbəb olur. O, istedadlı qələm
sahibi kimi mətbuatda əsl vətəndaş mövqeyindən
çıxış edərək, yaradıcılıq fəaliyyətində
obyektivliyi əsas meyar kimi götürür. Aktual
mövzulardan bəhs edən yazılarına görə dəfələrlə
keçmiş SSRİ Jurnalistlər İttifaqının və
Azərbaycan Jurnalistlər Birliyinin mükafatlarına layiq
görülür.
İctimai fəallığına görə hələ
1964-cü ildə partiya sıralarına qəbul edilən
Ş.Şükürov 1968-ci ildə Bakı Ali Partiya Məktəbində
təhsil almağa göndərilir. 1970-ci ildə ali siyasi təhsilini də
fərqlənmə diplomu ilə başa vurur. Zəngilan
rayon partiya komitəsində təlimatçı vəzifəsində
işləməyə başlayır və qonşu Qubadlı
rayon partiya komitəsinin ikinci katibi vəzifəsinə irəli
çəkilməsi planlaşdırılır. Lakin həyat
yoldaşının Sovet İttifaqı Kommunist Partiyası
yanında Moskva Ali Partiya Məktəbində təhsilini
başa vurmasına az bir müddət qalması və Ağsu
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
vəzifəsinə irəli çəkilməsi nəzərdə
tutulduğuna görə həmin vəzifəyə
seçilməsi təxirə salınır.
1971-ci ildən 1978-ci ilədək Ağsu rayon partiya
komitəsində siyasi-maarif kabinetinin müdiri vəzifəsində
çalışır. 1978-ci ilin dekabrından ömrünün
sonuna kimi Zəngilan rayon "Kənd həyatı" qəzetində
redaktor müavini kimi öz jurnalistlik fəaliyyətini davam
etdirir.
İstedadlı jurnalist və vətənpərvər
insan olaraq Şükür Şükürov Zəngilanda
öz dəst-xətti ilə seçilən, son dərəcə
təkrarsız bir şəxsiyyət, dəyərli və
unudulmaz bir ziyalı olub. O, həmişə haqq-ədalətin
önündə gedən, cəsarətli, məğrur, ədalətli,
sözün qədrini bilən, öz prinsipiallığı
ilə seçilən dərin düşüncəli bir
jurnalist kimi sevilib. Söz sərrafı kimi onun
yazılarında sözün xüsusi çəkisi
vardı. Öz ruhu, nəfəsi və bənzərsiz
baxışı ilə fərqlənirdi. Müxtəlif
janrlı
yazıları, fəlsəfi, psixoloji və pedaqoji
mühakimələri oxucuların marağına səbəb
olurdu. Müdrik söz dəyərini əməli
fəaliyyətində şərəflə doğruldan
Şükür Şükürov, sözün əsl mənasında,
vətənsevər bir insan idi.
Partiya-sovet
orqanlarında rəhbər vəzifələrdə
çalışmış həyat yoldaşı Hürü
Mehrəlıyeva deyir: "Gözəl bir ata, qayğıkeş
valideyn və mehriban ailə başçısı idi. Sözün əsl mənasında yetim-yesir atası
olan Şükür müəllim işdə çox tələbkar,
həyatda tanıdığı hər kəsin
qayğısına qalan, onların çətinliklərini,
ehtiyaclarını həll edən bir insan kimi rəğbət
qazanmışdı. Əsl vətənpərvər
şəxsiyyət olduğunu hər bir əməlində
sübut edirdi. Sakit təbiətli, vətəndaş
mövqeyini qoruyan, sözünün çəkisini, yerini bilən
şəxs idi. Mənəvi
saflığı həyatının mənasi hesab edirdi.
Yazıları sovet rejimi dövründə qələmə
alınsa da, qaldırdığı məsələlər və
əhatə etdiyi mövzular bu gün də aktualdır.
Bütün bunlarla yanaşı, yaşlı
anasını necə coşğun məhəbbətlə
sevməsi, onun yolunu həmişə ən yüksək səviyyədə
gətirməsi yeni nəsil üçün bir örnəkdir".
Mərd əməlləri və məğrur keyfiyyətləri
ilə seçilən Şükür Şükürov
haqqında xatirə söyləmək həqiqətən bizə
kövrək anlar yaşadır. Onun yoxluğu təkcə ailəsində,
dost və tanışları arasında deyil, mətbuatımızda
və el-obamızda həmişə hiss olunur. Xüsusilə
onun qətiyyətli hərəkətlərinin, təşəbbüskarlığının,
dəyərli öyüd və məsləhətlərinin
yeri bu gün daha çox görünür.
Yüksək istedad, coşqun ilham sahibi olan
Şükür Şükürov jurnalistikanın
bütün janrlarında bir-birindən maraqlı, yaddaqalan və
düşündürən iqtisadi-siyasi analitik yazıları
ilə rayon zəhmətkeşlərini qarşıya qoyulan təxirəsalınmaz
vəzifələrin yerinə yetirilməsinə
ruhlandırırdı. Mənəvi saflığı tam imkan verirdi ki, həmişə
cəsarətli, obyektiv və tənqidi yazıları ilə
yerli və respublika mətbuatında çıxış
etsin. Dəyərli və təsirli
yazıları ilə çoxsaylı oxucuların rəğbətini
qazanırdı.
Kiçik
qardaşı Fehruz Şükürov onun barəsində
yalnız kövrək hisslərlə söz salır: "Biz
ailədə üç qardaş idik. Şükür
ailənin ilk dəyərli övladı olduğu kimi,
bütün qohumların, o cümlədən,
el-obamızın da sevimlisinə çevrilmişdi. Atamız dünyadan vaxtsız
köçdüyünə görə mənə və
qardaşım Tofiqə hərtərəfli atalıq göstərmiş,
yaxşı təhsil almağımızı himayə
etmiş, vaxtında toy-şənliyimizi qurmuş, həyatda
qazandığımız hər bir uğura qəlbən
sevinmış və bizimlə fəxr etmişdir. Şükür çox səmimi, mehriban və
heç zaman kimsədən köməyini əsirgəməyən
bir qardaş və layiqli vətən övladı olub".
Şükür Şükürov cəmiyyətdə
mövcud nöqsanlara qarşı həmişə
barışmaz mövqedə dayanırdı. Ömrünün
sonuna kimi öz məğrurluğunu və mənəvi
şuxluğunu qoruyub saxladı. Kimə
görəsə ədalətsizliyin və naqisliyin
qarşısında əyilmədi və haqlı söz sahibi
olduğunu həmişə ensiklopedik biliyi, yüksək
natiqlik istedadı və qabiliyyəti ilə heç bir
çətinlik çəkmədən sübut etməyi
bacardı.
İstər redaktor müavini, istərsə də
redaktor vəzifəsini müvəqqəti icra etdiyi müddətdə
rayon qəzeti redaksiyasının əməkdaşlarına,
habelə onların yaradıcılığına, təklif və
iradlarına demokratik tərzdə yanaşır, həmişə
mehriban dostluq və sərbəst yaradıcılıq atmosferi
yaradırdı. İşdən sonra birgə səmimi
söhbət aparmaq və öz düşüncələrini
bölüşdürmək onun əsas xarakterik xüsusiyyətlərindən
biri hesab edilirdi. Kollektivin,qohum və
dostların ad günlərində və toylarında ürəkdən
gələn təbrikləri,yaddaqalan rəqsləri ilə
hamını ruhlandırır, məclislərin şən
keçməsinə mənəvi ruh verirdi. Bütün
insanlarla xoş
münasibət yaradırdı. Heç
vaxt yersiz hökm etməzdi. Kənardan
ciddi görünsə də, olduqcasəmimi duyğuları ilə
zövq oxşayır, müdrik söhbətcilliyi ilə
böyük maraq doğurur və yerli-yerində
apardığı zarafatı ilə hamını məmnun edirdi.
İstedadlı jurnalist kəsərli qələmi ilə
el-obasının həyat dolanbaclarında çıraq
yandırır, böyük ustalıqla hər kəsin qəlbinə
yol tapmağı bacarırdı. Dəyərli və geniş oxucu
kütləsinin dərin hörmətini, tükənməz məhəbbətini
və rəğbətini qazanırdı.
Uzun illər
"Kənd həyatı" rayon qəzetində
Şükür Şükürovla birlikdə işləyən
və daim onunla səmimi ünsiyyət saxlayan Salam
Cavadlının dediklərindən: "Şükür
müəllimin öz könül dünyası, fərqli
maraqları vardı. Onda varlığında nəcibliyə,
xeyirxahlığa yad nəsə tapa bilməzdin. Yalnız davamlı və sıx ünsiyyət
saxlamaqla o gözəl dünyanı"görmək",
anlamaq mümkün olurdu. Sözü
çox xırdalamazdı. Heç vaxt
qeybət etməzdi. Kiminsə onun haqqında xoş
olmayan sözlər danışdığını eşidəndə,
gülumsəyər və "eybi yoxdur, qoy
danışsın, təkicanı sağ olsun", deyərdi.
Təkcə üstün savadı ilə deyil, həm
də yazı qabiliyyəti ilə seçilirdi. Məhsuldar qələm sahibi kimi yorulmağın nə
olduğunu bilməzdi. Di gəl ki, söz düşəndə "siz qəzetçisiniz, mən
isə elə-belə bacardığımı edirəm",
söyləyərdi. Bütövlükdə isə
son dərəcə açıq ürəkli, səmimi, təmənnasız
və azad düşüncəli, demokratik bir ziyalı idi.
Çox heyf ki, az ömür sürdü".
1984-cü
il yanvar ayının 19-da amansız
ölüm bu işıqlı insanı aramızdan vaxtsız
və çox tez apardı. Həm ailə
üzvlərini, həm qohumlarını, həm də
bütün zəngilanlıları kədərə qərq
etdi. Lakin nurlu siması, əzəmətli
şux yerişi, məğrur baxışı, əqidə
dönməzliyi, öz peşəsinə tükənməz
sevgisi və sadiqliyi onu tanıyanların qəlbində əbədi
yaşayacaq. Şükür
Şükürovun vətənsevərliyinə çox
yaxından bələd olduğuma görə tam səmimiyyətlə
bildirirəm ki, bu gun Zəngilanın işğal dərdinə
görə onun ruhu olduqca nigarandır. Şübhə
etmirəm ki, sonsuz məhəbbətlə sevdiyi doğma və
müqəddəs yurd yerlərimiz qəhrəman
övladlarımızın mərdliyi və igidliyi nəticəsində
mənfur düşmənlərin tapdağından azad ediləcək,
bütün ata-babalarımızın, dünyadan
köçmüş zəngilanlıların ruhları
şadlığa qovuşacaq.
Bayram
MƏMMƏDOV
Əməkdar
müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
525.-ci qəzet.- 2020.- 3 iyul.- S.14