Prezidentin mətbuata diqqətini pandemiya da azalda bilmədi

 

Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini, professor

Qarşıdan Milli Mətbuatımızın 145 illiyi gəlir. Bu möhtəşəm tarixə  - 22 iyula sayılı günlər qalır. Milli Mətbuatımızın yaranmasının 145 illiyinin qeyd olunması ilə bağlı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin 30 iyul 2020-ci il tarixli sərəncamı hər birimiz tərəfindən sevinclə qarşılandı.

 

Bu, onu göstərir ki, Milli Mətbuatımız, onun məntiqi davamı olan müasir mətbuatımız, mediamızın inkişafı, jurnalist əməyinin qiymətləndirilməsi Azərbaycan dövlətinin diqqətindədir. Hətta, ağır və çətin pandemiya şəraiti də dövləti bu məsələdən uzaq tuta bilmir. Elə sərəncamda da qeyd olunur ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsi təmin edilsin. Azərbaycan dövləti dünyanı başına götürmüş koronavirus bəlasının davam etdiyi şəraitdə belə, Azərbaycan Milli Mətbuatına, onun keçdiyi tarixi və şərəfli yola, müasir medianın inkişafına bu qədər önəm verir. Bu, Azərbaycan dövlətinin maddi-mənəvi qüdrəti, özünə güvənməsi deməkdir. Bu, həm də Azərbaycan dövlətinin koronavirus bəlası ilə bağlı yaranan ağır sınaqdan da alnıaçıq çıxacağına inamımızı artırır, dövlətin iradəsini bir daha ortaya qoyur.

 

Bəs, necə oldu ki, Azərbaycanda Milli Mətbuat yarandı və bugünlərə qədər davam edə, ayaq üstə qala bildi?

 

XIX əsrin demokratik-maarifpərvər ziyalılarından olan - Böyük Şəxsiyyət və Ustad Həsən bəy Zərdabinin açdığı cığırla Azərbaycan Milli Mətbuatının əsası qoyuldu. Böyük Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası tarixə, mədəniyyətimizə öz əbədi möhürünü vurdu. Böyük məhrumiyyətlər, çətinliklər hesabına əsası qoyulan bu yol, bu iz Azərbaycanı aydın sabahlara doğru apardı. Həsən bəydən başlanan bu yol, Milli Mətbuatımız müxtəlif dövrlərdə çox ağır sınaqlara da məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi. "Heç olmaz ki, doğru söz yerdə qalsın" deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün "Əkinçi"ni yaratdı. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi" millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi.

 

Ötən dövrdə şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərman da məhz Heydər Əliyev tərəfindən imzalandı. 2000-ci il martın 27-də imzalanan "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi" haqqında fərmanla ölkəmizdə demokratik mətbuatın 125 illiyi təntənəli şəkildə qeyd olundu. Ümumilikdə, Ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzaladı. 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" beynəlxalq tələblərə cavab verən qanun qəbul edildi. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu öndər mətbuatın problemlərini müzakirə etdi. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı. Ümummilli liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

 

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli Mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsi artıq ənənəyə çevirilib. Dövlətimizin başçısı Milli Mətbuatın yubileyi ilə bağlı ilk sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edildi, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü. Milli mətbuatımızın 135 illiyi də böyük təntənə ilə qeyd olundu. Bu dəfə də mətbuat nümayəndələri fəxri adlara və mükafatlara layiq görüldülər, kütləvi informasiya vasitələrinə maddi yardım məqsədilə vəsait ayrıldı. Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı bir daha bu həqiqəti təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Eyni zamanda, 2010-cu ildə növbəti bir ilkə imza atıldı. Heç bir ölkədə analoqu, bənzəri olmayan bir hadisə yaşandı. Ölkə Prezidentinin 2010-cu il tarixi sərəncamına əsasən, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Bu hadisə hər kəs tərəfindən mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. 2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, tarixi nitq söylədi. Həmin binanın istifadəyə verilməsi ilə müxtəlif media quruluşlarında çalışan 155 jurnalist və onların ailəsi ev sahibi oldu, onların sevincinə sevinc qatıldı. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasimində də iştirak etdi. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il noyabrın 24-də ikinci dəfə "Jurnalistlərin dostu" seçildi. Bundan başqa, 2015-ci il iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirildi. 2016-cı il iyulun 21-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, daha 255 jurnalist və jurnalist ailəsi sevindirildi. Həmin gün dövlətimizin başçısı həmçinin, üçüncü binanın təməlini qoydu. Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı. Yenə də bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev 2017-ci ildə də "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Artıq jurnalistlər üçün nəzərdə tutulan 3-cü bina da istifadəyə hazırdır. Yaxın zamanlarda onun da təntənəli açılışı gözlənilir və bu binanın istifadəyə verilməsi ilə daha 255 jurnalist və jurnalist ailəsi sevindiriləcək. Həmçinin, ölkə Prezidentinin 145 illiklə bağlı Sərəncamına əsasən jurnalistikada zəhməti, əməyi olan növbəti bir qrup media mənsubu fəxri adlar, orden və medallarla təltif olunacaq. Bəli, bir daha qürur hissi ilə qeyd etmək lazımdır ki, bu addımlar Həsən bəy Zərdabi yoluna, onun irsinə, onun yolunun davamçılarına, "dördüncü hakimiyyət" sayılan media mənsublarına Azərbaycan dövlətinin və dövlət başçısının münasibətinin, dəyərinin göstəricidir. Azərbaycan Prezidenti 2017-ci ildə jurnalistlər üçün tikilən ikinci binanın açılışında media mənsublarını özünün köməkçiləri adlandıraraq, bir daha onlara necə böyük dəyər verdiyini və güvəndiyini nümayiş etdirdi. Bu, əsl Lider, əsl Rəhbər yanaşması idi və bu yanaşma hər an, hər saniyə özünün təsdiqini tapmaqdadır. Bütün bunlar onu deməyə və söyləməyə əsas verir ki, Azərbaycanda dövlət-media münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, Azərbaycan mediası, media mənsubları bundan sonra da uğurlarını davam etdirəcək.

 

Son olaraq, bir daha qeyd etmək yerinə düşər ki, mətbuatın 145 illik yubileyinə fövqəladə, alışmadığımız bir şəraitdə - koronavirus pandemiyası dönəmində hazırlaşırıq. Bunun özü də bir ilkdir. Bəlkə də başqa dövlətlərdə olsaydı, belə bir dönəmdə bu yubileyin keçirilməsi heç yada da düşməzdi. Amma fərqimiz və üstünlüyümüz də elə ondadır ki, biz hətta ən mümkünsüz olan vəziyyətdə belə çətinliklərin öhdəsindən gəlmək əzmindəyik. Və bu əzmkarlıq üçün, dövlət başçımıza minnətdarıq!

 

 

Jalə Əliyeva.

525-ci qəzet.- 2020.- 4 iyul.- S.8.