"Biz irəvanlıları
unutmayın..."
Bilirdinizmi ki, 1918-ci ilin mayında İrəvan
şəhərinin siyasi mərkəz kimi ermənilərə
güzəştə gedilməsindən sonra Milli Şura o
şəhərə nümayəndə heyəti göndərib?
1918-ci il iyunun 1-də Tiflisdə Müsəlman
Milli Şurasının növbəti iclası keçirilir.
H.B.Ağayevin sədrliyi ilə keçirilən
iclasda ikinci məsələ kimi İrəvanın Ermənistan
Respublikasına güzəştə gedilməsi məsələsinə
baxılır.
İclasda Milli Şuranın üç irəvanlı
üzvünün - Mir Hidayət Seyidov, Bağır Rzayev və
Nəriman bəy Nərimanbəyovun yazılı etirazı
oxunur.
Şura bu etiraz məktubunu müzakirə etmir,
ancaq iclasın protokoluna əlavə etmək barədə qərar
qəbul olunur.
Bundan sonra digər məsələlərə
baxılır.
Daha sonra İrəvan şəhərinin
Erməni Federasiyasına güzəştə gedilməsi ilə
əlaqədar, eləcə də qaçqınlara köməyin
təşkili ilə bağlı İrəvana nümayəndə
heyəti göndərmək məsələsinə
baxılır. İrəvana üç nəfərdən
ibarət heyət göndərilməsi qərara
alınır: 1) M.H.Seyidov; 2) M.Rzayev; 3) M.Y.Cəfərov.
İrəvana nümayəndə heyəti
göndərmək məsələsi bir də iyunun 7-də
keçirilən iclasda müzakirə edilir.
Şuranın üzvü, İrəvan
quberniyasının nümayəndəsi B.Rzayev bəyan edir:
"Əminəm ki, sizin heç biriniz İrəvan
quberniyasına gedən deyilsiniz, ora biz irəvanlılar - mən
və Seyidov gedəcəyik. Amma sizdən bir xahişimiz
olacaq: müstəqil Azərbaycanınızı yaratmaqla, Ermənistan
Respublikasının ərazisində qalan bizləri
unutmayın"...
Kövrək müraciətdir...
İsveç səfiri: "... bolşeviklər
Bakını tutub"
Bilirdinizmi ki, Nobel qardaşları şirkətinin
nümayəndəsi Cümhuriyyət hakimiyyətinin devrilməsi
xəbərini Konstantinopolda eşidib?
Əvvəllər uzun illər Nobellərin
Bakı kontoruna rəhbərlik etmiş K.Hagelin 1920-ci ilin
aprelində işləmək üçün yenidən
Bakıya göndərilir.
K.Hagelin Fransadan İtaliyaya, ordan isə Konstantinopola gəlir. Təbii ki, o
dövrdə Avropadan Bakıya qədər uzun yolu asan qət
eləmək mümkün deyildi. Qatar, gəmi və yenə
qatar... Yollar uzun və məşəqqətli.
Amma bütün bunlar onu yormur.
K.Hagelin yazır ki, yorğunluğa baxmayaraq, sevdiyim
Bakı ilə növbəti görüşü səbirsizliklə
gözləyirdim. O, Konstantinopolda gəmidən düşən kimi
İsveç səfirliyinə gedir və orda kədərli xəbər
alır:
- Dünən
bolşeviklər Bakını tutub. Azərbaycan Respulikası
daha yoxdur...
K.Hagelin:
- Nə
danışırsınız? Bəs ingilislər?
Səfir:
- İngilislər müqavimət göstərməyiblər. Onlar Bakını
çoxdan tərk ediblər...
Gəncə üsyanı. Qaliblər orden alır...
Bilirdinizmi ki, 1920-ci ilin mayında Gəncə
üsyanının yatırılmasına görə Həmid
Sultanov "Qırmızı bayraq" ordeni ilə təltif
olunub?
Azərbaycan Xalq Cümhuriyyəti süquta
uğradıqdan təxminən bir ay sonra Gəncədə
bolşevik hökumətinə qarşı üsyan
başlayır. Üsyanın yatırılmasında
bolşevik Həmid Sultanov xüsusi rol oynayır.
Hökumət
onun Gəncədəki xidmətlərinin qiymətləndirilməsi
barədə qərarı 1920-ci ilin dekabrında qəbul edir:
"Gəncə üsyanının
yatırılmasında göstərdikləri şəxsi
igidliyə görə Azərbaycan SSR Xalq Daxili İşlər
Komissarı Həmid Həsənoviç Sultanovun və onun
iki müavini Yepifan Kvantaliani və Volodya Xutuloşvilinin
"Qırmızı bayraq" ordeni ilə təltif edilməsi
təsdiq olunsun".
Lakin bu
orden nə Həmid Sultanovun özünün, nə onun həyat
yoldaşı Ayna Sultanovanın, nə də qaynı Qəzənfər
Musabəyovun sonralar - 1938-ci ildə güllələnməsinin
qarşısını ala bilmir...
P.S. Bəs
V.Xutuloşvili kim idi?
"Bu il aprelin 27-dən 28-ə keçən gecə
Müsavat hökumətinin devrilməsi və proletariat
diktaturasının qurulması zamanı mənimlə birlikdə
donanmanın hücuma hazırlanmasında və hakimiyyətin
təhvil verilməsi barədə Müsavat hökumətinə
ultumatum verilməsində yoldaş Vladimir Xutuloşvili
yaxından iştirak etmişdir.
Yoldaş Xutuloşvilinin Müsavatçıların əsarətinin
devrilməsi və Azərbaycanda sovet hakimiyyətinin təntənəsi
ilə nəticələnən inqilabi enerjisini məmnuniyyətlə
qeyd edərək onun "Qırmızı bayraq" ordeni ilə
təltif olunmasını xahiş edirəm. Çingiz İldırım.
7 dekabr 1920-ci il".
Lüksemburqda kommunizm qurulur?
Bilirdinizmi
ki, bu il martın 1-dən Lüksemburqda
ictimai nəqliyyatdan istifadə tamamilə pulsuzdur?
Bu ölkədə bütün avtobus, tramvay və şəhərdaxili
elektrik qatarları (birinci klas vaqonlar istisna olmaqla) sərnişinlərə
pulsuz xidmət göstərir.
İldə hardasa 41 milyon avro təşkil edən bu xərci
dövlət öz üzərinə götürür. Sosial layihə kimi...
Həm də
ona görə ki, əhali şəxsi avtomobildən maksimum az istifadə etsin! Ekologiyanın təmiz
qalması naminə...
Böyük Lüksemburq Hersoqluğu adlanan bu dövlət
əslində, Avropanın ən kiçik dövlətlərindən
biridir. Ölkənin ərazisi 2590 kvadrat kilometrdir. Hazırda Lüksemburqda 600 mindən bir qədər
çox əhali yaşayır.
Amma Lüksemburq bu cür nailiyyətə ölkə ərazisinin
kiçikliyi və ya əhalinin azlığı hesabına
çatmayıb.
Ciddi bir yeraltı və yerüstü sərvəti
olmayan Lüksemburq düzgün iqtisadi siyasət nəticəsində
Avropanın ən inkişaf etmiş və sosial
yönümlü ölkəsinə çevrilib.
Tibb bu ölkədə, demək olar ki, pulsuzdur.
Lüksemburqda dünyaya uşaq gətirən anaya
analıq məzuniyyətindən (5 ay) əlavə altı
aylıq valideyn məzuniyyəti də verilir. Və
çox qəribədir ki, valideyn məzuniyyəti ataya da
şamil olunur. Valideynlərdən biri
mütləq uşaqla qalmalıdır. İkinci
valideyn isə uşağın 6 yaşı tamam olunca istənilən
vaxt altı aylıq məzuniyyət götürə bilər.
Ən azı minimum əmək haqqı miqdarında yardım
almaqla...
Əkiz
övladları olan ata hətta bir illik məzuniyyət
hüququndan istifadə edə bilir...
P.S. Sovet
hökuməti 70 il K.Marksın
"Kapital" əsərini tədris etsə də, kommunizm
deyilən cəmiyyətə yaxınlaşa bilmədi. Amma
K.Marksın anadan olduğu Trier şəhəri ilə həmsərhəd
olan Lüksemburqda, deyəsən, kommunizm artıq qurulur...
Stalin:
"Bağırovun xahişini yerinə yetirin..."
Bilirdinizmi ki, 1937-ci ildə Xəzər Gəmiçilik
İdarəsinin rəisləri bir-birinin ardınca tutulduğu
üçün M.C.Bağırov kadr
çatışmazlığı ilə üzləşib?
İyulun
15-də M.C.Bağırov İ.Stalinə teleqram vurur: "Xəzər
Gəmiçilik İdarəsində vəziyyət həddindən
artıq ağırdır, rəhbərlik məhkəməyə
verilib, gəmiçiliyin işçilərinin əksəriyyəti
ziyankarlığa qurşanıb. Görülmüş
tədbirlər nəticəsində gənc kadrları irəli
çəkməklə rəhbər heyəti tamamilə yeniləşdiririk.
Xəzər Gəmiçilik İdarəsi
üçün bizim nəzərdə tutduğumuz yeganə
namizəd Azərbaycan Xalq Daxili İşlər
Komissarlığının dəniz nəqliyyatı
şöbəsinin rəisi vəzifəsində işləmiş
Nikolay Enqverdir.
O, bu
günlərdə SSRİ Xalq Daxili İşlər
Komissarlığının nəqliyyat şöbəsinə
işə təyin edilib. Ziyankarlığın
nəticələrinin tezliklə ləğv edilməsi və
rəhbərliyin möhkəmləndirilməsi məqsədilə
artıq dərəcədə xahiş edirik ki, Xəzər Gəmiçilik
İdarəsinin kollektivinə və təsərrüfatına
yaxşı bələd olan Enqveri idarəyə rəis təsdiq
edəsiniz".
Arxivdə
saxlanılan bu teleqramın üstündə İ.Stalinin dərkənarı
var: "Yol. Yejov! Yoldaş Bağırovun
xahişini yerinə yetirmək lazımdır. İ.St."
Bundan sonra Nikolay Enqver Xəzər Gəmiçilik
İdarəsinin rəisi təyin olunur.
Bu təyinatdan
beş ay sonra -
1937-ci il dekabrın 16-da N.Enqver əks-inqilabi fəaliyyətə
görə həbs edilir, xalq düşməni kimi işdən
və partiya sıralarından çıxarılır.
O, 1938-ci il aprelin 22-də güllələnir...
Erməni tələbələr Avropada nədən
danışıb? 1905-ci ildə...
Bilirdinizmi
ki, 1905-ci il aprelin 3-dən 10-a qədər
Bern şəhərində erməni tələbələrin
6-cı konqresi keçirilib?
Bu konqreslərin keçirilməsində məqsəd nə
idi?
Avropa
ictimaiyyətini "erməni məsələsi"nin mahiyyəti ilə tanış etmək, ermənilərin
həyat şəraiti və siyasi-iqtisadi baxışları
haqqında ətraflı məlumat vermək!
1904-cü
ildə Brüsseldə belə bir konqresin keçirilməsinin
qarşısını Türkiyə ala bilmişdi, amma Bern
konqresini ləğv etdirmək mümkün olmur...
Bəs Bern konqresində hansı mövzularda mühazirələr
oxunur?
"Diplomatiya
və erməni məsələsi", "Qafqazda son hadisələr",
"Bakı hadisələri" və s.
"Bakı hadisələri" deyəndə nə nəzərdə
tutulurdu?
1905-ci ilin fevralında Bakıda erməni-müsəlman
qırğını baş vermişdi. Apreldə artıq erməni
tələbələr bu barədə Avropanı məlumatlandırırdı...
Bəs müsəlmanlar?
Bundan təxminən bir ay əvvəl - martın 18-də
Nəcəf şəhərindən teleqram
alınmışdı ki, bəs bu şəhərin baş
müşteidi Ağa Şeyx Həsən Mamaqani 90
yaşında vəfat edib. Bu xəbər Bakını qəm dəryasına
qərq edir...
Şəhər Nəcəf müşteidinə yas
saxlayır.
Martın
19-da müsəlmanlar dükan-bazarı bağlayıb işə
çıxmır, bütün məscidlərdə təmtəraqlı
yas mərasimləri təşkil olunur...
Sonra da
deyirik ki, görəsən, Avropa niyə ermənilərə
daha çox inanır?..
Ağa
Musa Nağıyevin böyük ianəsi və "xəsisliyi"
Bilirdinizmi ki, Ağa Musa Nağıyev 1907-ci ildə
Bakı Realnı məktəbin (indiki İqtisad Universiteti)
binasının təmirinə 25 min rubl ianə verib?
Bakıda qoyun ətinin kilosu 11 qəpik olan dövrdə
25 min rubl böyük pul idi.
A.M.Nağıyev
məktəbin üçüncü mərtəbəsində
təmir-quraşdırma işlərinə ianə verərkən
cəmi 3 şərt irəli sürür:
1. Xahiş edir ki, Realnı məktəbin nəzdində
savadsız müsəlman uşaqları üçün
hazırlıq sinfi açılsın.
2. Bu pulu mərhum oğlu, Bakı realnı məktəbin
keçmiş şagirdi İsmayıl Nağıyevin xatirəsinə
ianə kimi verdiyini xatırladan Nağıyev İsmayıl
Nağıyevin portretinin məktəbin akt zalında
asılmasını təvəqqə edir.
3. Nəhayət, A.M.Nağıyev ianə verən
adam kimi öz portretinin də akt zalında
asılmasını xahiş edir (o dövrdə təhsil
müəssisələrinə ianə verən şəxslərin
portretinin asılması dəb olub).
Bu faktlar Bakı realnı məktəbinin
direktoru Denferin Qafqaz Tədris Dairəsinin qəyyumuna
ünvanladığı məktubdan götürülüb.
Direktor xahiş edirdi ki, Qafqaz canişini
A.M.Nağıyevdən 25 minlik ianənin qəbul olunmasına
icazə versin...
P.S. Yeri gəlmişkən, bu, Ağa Musa
Nağıyevin yeganə xeyriyyəçilik addımı
deyil. Milyonçu Nağıyev şəhərdə
keçirilən ictimai tədbirlərdə digər
milyonçulardan heç də geri qalmayıb. Şəhərin
xeyriyyə işlərində də yaxından iştirak edib.
Amma təəssüf ki, adı "xəsis"
çıxıb...
Belə yerdə deyirlər, adın
çıxınca...
Müsəllim Həsənov
525-ci.- qəzet.- 2020.- 4 iyul.- S.9.