Peşəkar naşir, mübariz insan, həssas dost

 

Tanınmış naşir, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılovun 60 illik yubileyinə

 

Məşhur estrada müğənnisi Alla Puqaçovanın çəkiliş pavilyonunda görünməsi bütün "Mosfilm" studiyasını ayağa qaldırmışdı. Adamlar onu görmək üçün bir həftə idi ki, Türkiyə kino xadimlərinin ixtiyarına verilmiş Yaşıl pavilyona tərəf axışırdılar. Burada "Məhəbbətim mənim, kədərim mənim" adlı müştərək film lentə alınırdı və müğənni buraya həmin filmdə baş rolda çəkilən türk kinosunun ulduzu Türkan Şorayla görüşmək üçün gəlmişdi.

 

İki sənətçi xanım səmimi, bir az da hay-küylə görüşdülər, qucaqlaşıb-öpüşəndən sonra məlum oldu ki, bir-birlərinin danışığını başa düşmürlər və təyin edilmiş tərcüməçi də gəlib çıxmayıb. Aləm bir-birinə dəydi. Tərs kimi orda olan filmin rejissoru Əjdər İbrahimov da "türkcəm çox pisdir" deyib tərcüməçilikdən imtina etdi. Yaranmış gərginliyi türkiyəli aktyor Faruh Pekerin "indi burda Bakıdan bir cocuq var idi, rusca da, türkcə də gözəl danışırdı, bəlkə yardımçı ola bilir" deməsi yumşaltdı. Həmin "cocuq" uzaqda deyilmiş, dərhal tapıb gətirdilər. Məlum oldu ki, həmin "cocuq" Moskva Dövlət Universiteti filologiya fakültəsinin "Mosfilm"də istehsalat təcrübəsində olan 2-ci kurs tələbəsidir və hər iki dildə də gözəl danışır. Tələbə birdən-birə düşdüyü gözlənilməz şəraitdə bir az sıxılırdı, bir qədər həyəcanlı idi, sanki arada bəzi sözlər yaddan çıxır, cümlələr nizama düşmürdü, sonra yavaş-yavaş özünü ələ aldı. Çəkiliş pavilyonunun bir küncündə şıltaq Alla Puqaçova ilə kübar Türkan Şoray arasında bir saata yaxın çəkən görüşün tərcüməçiliyini edən tələbə artıq söhbətin atmosferinə girə bilmişdi. Anlaşma körpüsü yaratdığı üçün sonda hər iki xanımın ona ürəkdən təşəkkür etməsi, Türkan Şorayın isə əlavə olaraq "türkcə ne güzel  konuşursunuz" söyləməsi tələbə-tərcüməçinin kefini xeyli açdı. Filmin rejissoru Ə.İbrahimov və bəstəkarı, bakılı Murad Kajlayev ona ayrıca "sağ ol" dedilər.

 

Həmin tərcüməçi-tələbə bu gün ölkəmizin tanınmış naşirlərindən biri, təhsil eksperti, çoxsaylı dərslikər, tədris vəsaitləri və izahlı lüğətlərin müəllifi, "Altunkitab" Nəşrlər Evinin və son dövrlərdə populyarlıq qazanmış azleks.az elektron lüğətlər toplusunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov idi...

 

***

 

R.İsmayılov Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur. Təbiidir ki, həmin universitetdə yaxşı təhsil mühiti görüb, rus və türk filologiyasının görkəmli nümayəndələri - Əziz Şərif, Mixayıl Panov, Nikita Tolstoy, Xalid Koroğlu, Çingiz Hüseynov və başqalarından dərs alıb. Bakıya qayıtdıqdan sonra  bir müddət M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda - görkəmli leksikoqraf M.Tağıyevin yanında lüğətçilik sahəsində çalışıb. Sonra AMEA-nın Nizami adına Ədəbiyyat insitutunun əməkdaşı olub. Qısa müddətdən sonra institutun direktoru, akademik Yaşar Qarayev R.İsmayılovun işgüzarlığını, bilik və bacarığını, həmçinin, mənəvi keyfiyyətlərini nəzərə alaraq onu çox gənc yaşında bu elm ocağının elmi katibi kimi məsuliyyətli vəzifəyə təyin edib.

 

Hər yerdə ciddiliyi və xüsusi iş keyfiyyətləri ilə fərqlənən R.İsmayılov mətbuat və nəşriyyat işlərində də özünü redaktor və tərcüməçi kimi uğurla sınayıb. Vaxtilə Aydın Məmmədovun rəhbərlik etdiyi Tərcümə Mərkəzi və "Xəzər" jurnalında da çalışıb. Bu dövrdə rus və türk dillərində bir çox gərəkli kitablara həyat verib, o cümlədən, M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərini türk dilindən ruscaya tərcümə edərək onun kütləvi nəşrinə nail olub. Sonralar media və kommunikasiya problemlərinə dair vəsaitlər üzərində işləyən R.İsmayılov əsas müəlliflərindən olduğu  "Mətbuatda reklam" və "Pablik rileyşnz" kitablarını çap etdirib. Həyata təzə vəsiqə almış "Yeni nəsil" Jurnalistlər Birliyinin ilk addımlarının atılmasında, onun bir çox layihələrinin reallaşmasında Arif Əliyevlə çiyin-çiyinə çalışıb.

 

Bu gün Rafiq müəllim ölkənin nüfuzlu və peşəkar naşirlərindən biri kimi tanınır. Təbii ki, bu, ilk növbədə onun rəhbərlik etdiyi "Altunkitab" nəşriyyatının məhsullarının məzmun və poliqrafik baxımdan yüksək standartlara cavab verməsi ilə bağlıdır. Nəşriyyatın uğurunda onun uşaq kitabları, dərsliklər, tədris vəsaitləri və izahlı lüğətlər sahəsində ixtisaslaşması da ciddi bir məqamdır. "Mütaliə mental xüsusiyyət deyil və ailənin maddi vəziyyəti ilə bağlı olmur. Oxuculuq səviyyəsi, bir tərəfdən dövlət siyasəti və təhsil konsepsiyası, digər tərəfdən ailə ortamı ilə sıx əlaqəlidir" qənaətində olan naşir R.İsmayılov bu cəmiyyətin maariflənməsi, kitab oxuması, mütaliəyə könül verməsi üçün daim ciddi yeniliklər edən, bunun üçün müxtəlif təmənnasız layihələr gerçəkləşdirən bacarıqlı menecerdir.

 

***

 

Adam var ki, axar çayı keçmək üçün suyun azalmasını gözləyir, adam da var ki, onu adlamaq üçün gərəkli variantlar axtarıb tapır. Təbiətcə zəhmətkeş, kreativ və mübariz adam olan R.İsmayılov ikinci yolu seçənlərdəndir. Onun həyatının bütün uğurları, o cümlədən, bir naşir-müəllif kimi geniş arenaya çıxmasının əsas səbəbi budur. O, günü-bugün də 8-10 saat kompyuter arxasında əyləşə bilir, müəlliflərlə saatlarla ağır müzakirələr aparır, ən yeni tərtibat proqramlarını mənimsəyir, özü mürəkkəb cədvəl və qrafik dizaynlar qurur, nəşriyyatın çapa gedən bütün kitablarını diqqətlə gözdən keçirir, rəssam və dizaynerlərlə yaradıcı diskussiyalara girir, Azərbaycan dilinə aid alternativ dərslik və müəllimlər üçün vəsaitlər yazır, bir leksikoqraf kimi lüğətçilik işini davam etdirir, problem mövzularda məqalələr yazır, teleradiolarda və sosial şəbəkələrdə ana dili ilə bağlı müzakirələrdə fəal iştirak edir. Ana dili qaydalarının mükəmməl bilicilərindən biri kimi tanınır.

 

Müstəqillik dövründə orta məktəblərdə geniş tədris olunan "Azərbaycan dili" (I-VII siniflər) dərsliyinin əsas müəllifi olan Rafiq İsmayılov ölkəmizdə yeni tipli tədris sisteminin formalaşmasında ciddi rol oynayan mütəxəssislərdəndir. Onun dərslikləri də ümumən yeni tədris fəlsəfəsindən, tədrisə yeni yanaşmadan, yeni düşüncə sistemindən qaynaqlanır. Bu sistemin əsas mahiyyəti isə ondan ibarətdir ki, dərslik yalnız oxuyub-yazmağı öyrətmək üçün deyil, orta məktəbdə əsas məsələ şagirdin müstəqil düşünə bilməsi və düşündüyünü rahat ifadə etmək bacarığına yiyələnməsidir. Bu mənada R.İsmayılovun  orta məktəbdə ana dilinin tədrisinə yeni yanaşma tərzi neçə illərdir ki, Azərbaycan təhsilinə xidmət edir, şagirdlərin dünyagörüşünü düzgün istiqamətə yönəldir.

 

Düzdür, indi bizdə ümumən dərslikləri çox tənqid edirlər, o cümlədən, ana dili dərsliklərinə də iradlar bildirirlər. Burda haqlı məqamlar da var. Amma fikrimcə, dərsliyin nə dərəcədə yararlı olması birbaşa orta məktəbdə Ana dilini tədris edənlərin rəyi ilə ölçülməlidir. Bu mənada "Rafiq müəllimin Azərbaycan dili dərsliyi milliliyi, vətənpərvərlik duyğularını pafosdan, yersiz təmtaraqdan xilas edərək daha səmimi, daha içdən yaşamağı balalara aşılayır. Eyni zamanda, dünyəvilik, müasir düşüncə, yeniliyə açıq olmaq, cəmiyyətdə intellekt kimi formalaşmaq Rafiq müəllimin dərsliklərinin aparıcı xəttidir. Mən müəlliməm. Şagirdlərimin dünyagörüşünün inkişafı naminə hansı mövzulara toxunmaq istəmişəmsə, hamısını bu dərsliklərdə tapmışam" deyən orta məktəb müəlliməsi Şəhla Zahidovanın fikri mənim üçün çox maraqlıdır. Adam bilavasitə şagirdlərlə ünsiyyətdə olan müəllimin dediklərinə inanmaya bilmir.

 

Bu gün Təhsil Nazirliyinin orta məktəb dərsliklərinə bir az fərqli yanaşması var, məzmun, metodika, nümunələr və s. yenilənir. Dərslik işinə cəmiyyətin tanıdığı səviyyəli ekspertlər cəlb olunur. Nə yaxşı ki, tədrisə sağlam münasibəti formalaşdıran, onu dəst-xəttə çevirən mütəxəssislər arasında Rafiq İsmayılov da var.

 

***

 

Ana dilinin tədrisinə və dil qaydalarının təbliği işinə ciddi töhfələr vermiş R.İsmayılov tanınmış leksikoqraf kimi çoxsaylı izahlı lüğətlərin və monoqrafiyaların müəllifidir. O, Azərbaycan dilinin elektron korpusunu yaratmağa cəhd etmiş və bu sahədə konkret addımlar atmış müasir düşüncəli dilçi-alimdir. Lüğətlər bu korpusun canıdır, ona görə R.İsmayılov lüğət yaradıcılığına bu qədər zəhmət sərf edir. Dediklərimizin sübutu kimi, bu gün media işçilərinin də fəal (və pulsuz) istifadə etdikləri azleks.az elektron lüğətlər toplusunda yer almış lüğətlərin siyahısına baxmaq kifayətdir: “Ədəbiyyatşünaslıq lüğəti", "Dialektoloji lüğət", "Pedaqoji terminlər", "Ərəb və fars sözləri lüğəti", "Dastan leksikası", "Tarix lüğəti", "Dil və ədəbiyyat", "Jurnalistika terminləri", "Azərbaycan diinin izahlı lüğəti" (4 cildlik), "Coğrafiya terminləri", "Məsəllər, deyimlər", "Məktəblinin izahlı lüğəti", "Frazeologiya lüğəti" və s. Bu lüğətlərin hər birinin xüsusi proqramla yazılması və internetə yüklənməsi birbaşa R.İsmayılovun xidmətidir.

 

Bir naşir kimi də, redaktor və müəllif kimi də Rafiq müəllimin ən bəyənilən cəhəti ciddiliyi, peşəkarlığı, nöqsanlara qarşı barışmazlığı və güzəştə getməməsidir. Birgə hazırladığımız kitab və lüğətlərdə onun bu keyfiyyətlərinin işə nə qədər böyük fayda verməsinin şahidi olmuşam. Məsələn, "Azərbaycan dilinin Frazeologiya lüğəti" üzərində işləyərkən ifadələrin ən dürüst variantını tapana, izahları müxtəlif mənbələrdən dəqiqləşdirənə qədər bizimki bizə dəyib. Məsləhətə dəvət etdiyimiz görkəmli alimlərin, yazıçı və şairlərin tövsiyələrinə həssaslığı da gözümdən qaçmadı. Bu gərəkli və qiymətli lüğət üzərində çalışdığımız üç il ərzində ölkədə keyfiyyətsiz və başdansovdu kitabların ortaya çıxmasının, nəşriyyatların bu işə niyə göz yummasının səbəblərini daha aydın dərk etdim. Bir naşirin kitaba abidə kimi baxması çox vacibdir.

 

Rafiq müəllim həyatda da öz prinsipləri olan adamdır, ciddi olduğu qədər də sadə və səmimidir, pafosdan uzaqdır. Bir kimsədən təmənnası yoxdur. Adamları yaxşı tanımağı bacarır. Hər işdə ədalətli olmağa can atması onu ətrafdakıların gözündə çox ucaldır. Dostlara da kifayət qədər diqqətli və həssasdır. Çox vaxt dostların bir yerə yığışması məhz Rafiq müəllimin təşəbbüsü olur.

 

Rafiq müəllim bu günlər 60 illik yubileyini qeyd edir, ömrünün yetkinlik və müdriklik çağını yaşayır. Belə insanların var olması, yaşaması və bizim solğun mühiti öz şölələri ilə işıqlandırmaları vacibdir. Çünki bizim bir toplum olaraq maariflənməmiz, cəmiyyəti irəli aparmamız, səsimizi dünyaya çatdırmamız bu şölələrin ətrafa daha çox işıq saçmasından çox asılıdır.

 

Qulu MƏHƏRRƏMLİ

 

525-ci  qəzet.- 2020.- 4 iyul.- S.14