Gəncliyi mədəniyyətə biganəlikdə qınamaq düzgün deyil" - Cəmilə Məmmədli ilə müsahibə

 

 

 

Hər zaman "gənclər gələcəyimizdir" deyirlər. Fikrimizcə, öz sahəsində uğurlu, nə istədiyini bilən, aktiv və cəmiyyətə faydalı gənclər o gələcəyin əsas memarlarıdır.

 

Cəmilə Məmmədli də həmin "memar olacaq" gənclərdən biridir. ƏSA Teatrının aktrisası, yazıçı, rəssam Cəmilə Məmmədli ilə həyatı, dünyaya baxışı, incəsənət, gənclik və onun inkişafı ilə bağlı söhbətləşdik.

 

- Cəmilə xanım, həm sosial şəbəkədə, həm də səhnədə çox pozitivsiniz. Bəs həyatda necə insansız?

 

- İnsanlar məni pozitiv görür. Mənə görə, olduqca realist insanam. Hətta yaxından tanıyan dostlarım "fəlakət xəbərçisi" də deyirlər. Sadəcə, bunu ifadə etmək formam həmişə müsbət tərzdədir. Yəni mən heç vaxt şikayətlənmirəm, təslim olmuram. Sadəcə dəyişə bilməyəcəyim şeylərlə özümü yormuram. İnsanlar da o dəyişə bilməyəcəyim problemlərimi bilmədiyi üçün məni həmişə pozitiv, xoşbəxt sanır.

 

- Uşaqlığınız maraqlıdır: kitablarla dostluğunuz necə başladı?

 

- Kənd yerində, sadə ailədə böyümüş uşaq idim. Desəm ki, ailədə hər kəs əli kitablıdır, yalan olar. Bilirsiz, açıq deməliyəmsə, mənim xoşbəxtliyim ondadır ki, mən komplekslərimi öz xeyrimə çevirməyi erkən yaşda öyrəndim. Əlilliyi olan şəxslərə "ağıldan kəm" kimi davranmaq adi haldır bizdə. Bu da uşaqlıqdan məndə kompleks yaradırdı, öz ağlımı isbat etmək istəyirdim. Başladım bunun üçün kitablar oxumağa, sənədli filmlər izləməyə. Bir də baxdım, tamam o aləmin içindəyəm.

 

 

 

- Keçən gün 1500-dən çox kitab oxuduğunuzu qeyd eləmişdiniz. Azərbaycan ədəbiyyatı bu rəqəmin hansı hissəsini təşkil edir?

 

- Çox böyük hissəsini. Çünki mən öz məktəb kitabxanamızı bitirmişdim və orada yerli əsərlərimiz üstünlük təşkil edirdi. Cəlil Məmmədquluzadə, İsmayıl Şıxlı sevimli yazıçılarımdır. Onların əsərləri o dövrün Azərbaycanını mükəmməl təsvir edir.

 

- Həyatınızın dönüş nöqtəsi nəyi hesab edirsiniz?

 

- 16 yaşımda Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzinə getməyim. İndiyə qədər ailə çevrəsindən çıxmayan, cəmiyyəti, insanları ancaq kitablarla tanıyan gənc birdən-birə fərqli mühitə düşdü. Orada özümü ifadə etməyi və ən əsası, necə biri olmaq istəmədiyimi öyrəndim. Mən güclü olacaqdım, təslim olmayacaqdım, ömrümü "nə vaxtsa düzələr"ə ümid eləməyə sərf etməyəcəkdim. Hələ ki, buna əməl edirəm. Vəziyyətlə barışmıram, sadəcə uyğunlaşıram və vəziyyəti də mənə uyğunlaşmağa məcbur edirəm. Lakin məncə, dönüş nöqtəsi bir olmur. Hər addımımızda qabağımıza yol ayrıcı çıxır və biz seçim etməliyik. Məncə, mənəvi dönüş nöqtəm gecənin bir vaxtı gözlərimi tavana zilləyib "mən nə edə bilərəm?" deyə düşündüyüm anlardır. Bu sual bir dəfə, bir gecə verilməyib, bəlkə də illər uzunu verilib. Hələ də verirəm.

 

 

 

- Peşə Reabilitasiya Mərkəzində nələri öyrəndiniz, nələri qazandınız?

 

- Mərkəzdə mən üç kurs keçmişəm: kompüter, dərzilik və rəssamlıq. Hazırda sərbəst dərzilik edə bilərəm və qara qələmlə portretlər çəkirəm. Amma bunların heç birinin indi işlədiyim Rəqəmsal Marketinqlə əlaqəsi yoxdur. Orada öyrəndiyim kənddə, öz ailəsinin içində böyüyən, məktəbə belə getməyib evdə dərs alan gəncin birdən-birə cəmiyyətə düşməsi oldu. Mən Cəmilə Məmmədli olmağı və cəmiyyətə özümü elə təqdim etməyi öyrəndim. Çətin ki, bunu başqa bir yerdə öyrənə biləydim.

 

- ƏSA Teatrı ilə tanışlığınız necə yarandı?

 

- 2018-ci il, sentyabrın 23-də, yəni ad günümdə teatrın qurucusu Nihad Qulamzadə mənə yazaraq rol təklif etdi. Hər zaman deyirəm, indiyə qədər aldığım ən gözəl ad günü hədiyyəsi idi. ƏSA Teatrını kənardan izləyirdim və bir gün aktyor yox, sadəcə tamaşaçı kimi orada iştirak eləməyi arzulayırdım. Bir də gördüm, səhnəsindəyəm. Amma hələ də səhnəm olmayanda kənardan tamaşamıza baxmağı çox sevirəm.

 

 

 

- Aktrisa kimi canlandırdığınız hansı rolu daha çox sevirsiniz və gələcəkdə oynamaq istədiyiniz obraz varmı?

 

- Hələ ki, çox fərqli rollar oynamamışam. Amma təsadüfdürmü, ya rejissorun düzgün seçimi, həmişə ssenaridə əvvəlcədən "mən bunu oynamalıyam" dediyim rollar mənə verilib. Yeni tamaşamızın "Balaca şahzadə" olduğunu biləndə, heç ssenarini oxumadan dedim "Qızılgülü mən oynamalıyam". Təsadüfdən, rejissorumuz da eynisini deyibmiş.

 

Hələ ki, mütləq oynamaq istədiyim obraz hazırda pyesi üzərində işlədiyim obrazdır. Bu pyesin varlığını da ilk sizinlə eşitdirmiş oldum.

 

- Deməli, pyes də yazırsınız? Bir az məlumat verərdiniz bu barədə...

 

- İlk olacaq (gülür). İndiyə qədər pyesləri əlilliyi olan şəxslərə uyğunlaşdırırdıq. Amma bu pyesdə obrazların çoxunun əlilliyi var. Lakin mövzu onların əlilliyi deyil. Ölkə ədəbiyyatında bir ilk etmək istəyirəm. Düzdü, mənim üçün bir ilk deyil. Obrazımın əlilliyi olub, mövzunun o olmadığı hekayəm var idi. Hətta, ilk hekayəm idi. Bu pyesim də illərdir məqsədim olan "əlilliyi normallaşdırma" addımlarımdan biridir. Yəni ümid edirəm, tamaşaçı hadisələrin gedişinə elə fokuslanacaq ki, obrazların əlilliyi olduğunu unudacaq.

 

- Ədəbiyyat sizə ən çox nə verir?

 

- İncəsənətin hər növü özünü ifadə etmək sənətidir. Mənim yazılarım, hətta adi Feysbuk postlarım belə özümü ifadə etmək formamdır. Bu, nə qədər yaxşıdır - qərarı mən vermirəm. Amma məncə, özünü ifadə etmə cəsarəti belə böyük addımdır. İnsanı gücləndirir. Ədəbiyyat həm də başqa bir dünyadır. Orada fərqli həyatlar, fərqli insanlar var - istər kitabların içində, istər onları oxuyanlarda.

 

- Bildiyimiz qədəri ilə antik mədəniyyətə marağınız böyükdür. Onda sizi cəlb edən nədir?

 

- Tarixin təkərrürdən ibarət olduğuna inanıram. Həmçinin, qədim mədəniyyətlərə baxanda, onların adətləri, inancları ilə tanış olanda müasir insanı anlamaq çox daha asandır. Hər kəs indiki müasir insanın daha vəhşi, duyğusuz və mərhəmətsiz olduğunu düşünür. Amma keçmişə baxanda görürük ki, öyrəndiyimiz tək şey od qalamaq, dumansız xəbərləşmək deyil, insan olmağı da getdikcə öyrənirik.

 

 

 

- Həm aktrisa, həm də yazıçı kimi Azərbaycan mədəniyyətinə xidmət edirsiniz. İnsanlarımızın, xüsusən, gənclərin mədəniyyətə marağından razısınız?

 

- Çox vaxt gənclərin mədəniyyətə qiymət vermədiyini deyirlər. Bəhanələri də o olur ki, biz gənc olanda çox kitab oxuyurduq, teatra gedirdik. Lakin gənc olanda kitab oxuyan, teatra gedən insanlar indi özləri də evdə, əllərindəki telefonla əylənirlər. Amma indiki gənclər sosial media, onları əyləndirəcək bir çox başqa şeylər olmasına baxmayaraq, ədəbiyyata, teatra, incəsənətə maraq və dəstək göstərirlər. İndiki gəncliyi mədəniyyətə, sənətə biganəlikdə qınamaq düzgün deyil. Könüllü, öz hesabına kitab çap etdirən də gənclərdir, teatra gəlib bizi alqışlayan da. Məncə, sovet təfəkküründən çıxa bilməyən, müasir dövrə uyğunlaşmağa çətinlik çəkən incəsənətimizə gənclərin marağı azdırsa belə, bunun günahı əvvəldə sadaladıqlarımdır, gənclərin özü yox. Çünki bir çox incəsənət növü gənclər üçün əlçətan deyil. Özümdən örnək versəm, mən hansı tamaşanın nə vaxt oynanıldığını bilmirəm. Gərək bunun üçün bilet saytına daxil olam, oradan görəm. Bunun özü belə çox böyük problemdir. Çünki indiki dövrdə dünyanın o başında çıxacaq filmin reklamını belə aylar əvvəldən görürük. Həmçinin, yeni əsərlərə, janrlara da cəhd bizdə azdır. Səhnəmizdə də, ədəbiyyatımızda da 50 il əvvəlki janrlar, quruluşlardır.

 

- Ruhdan düşdüyünüz zamanlarda ən böyük enerji qaynağınız nədir? Özünüzü o haldan necə xilas edirsiniz?

 

- Məncə, ən böyük uğurlarımdan biri də budur: heç nə etmirəm. Ruhdan düşdüyüm, yorulduğum, bezdiyim üçün pis olmuram. Çünki insanıq, hər cür ruh halımız olacaq, olmalıdır. Arada dayanıb kədərlənmək, ağlamaq da lazımdır. Ən güclü olduğum vaxtlar həmin andan sonra olub. Necə deyərlər, qaranlıq gecənin aydınlıq səhəri məsələsi...

 

 

 

Hazırda dünyadakı hər kəs kimi mən də qeyri-müəyyənlikdən yorulmuşam, narahatam və özümü piss hiss edirəm. Amma bunun uzun çəkməyəcəyini də bilirəm. Əlimdən gəldiyi qədər bu boşluğu sevdiyim şeylərlə doldurmağa çalışıram. Təzə dil öyrənirəm, rəsm çəkirəm, oxuyuram. Bu fikirlə şərikəm ki: "Heç nə düzəlməyəcək, hər şey yaxşı olacaq!"

 

- Nə zamansa sizinlə bənzər çətinliklər yaşayan insanlar üçün motivasiya kitabı yazmaq kimi bir fikriniz ola bilərmi?

 

- Bu yaşıma qədər könüllü sürətdə motivasiya kitabı oxumamışam və böyük ehtimalla, oxumayacağam da. Kiçik bir şey deyim, heç bir uğur hekayəsi "mən filan kitabı oxudum və motivasiya aldım" ilə başlamır. Çünki ən böyük mübarizəmiz əvvəlcə içimizdədi. Mən ancaq öz mübarizəsində qalib çıxmış adamlara kömək edə bilərəm, bunun üçün də kitab lazım deyil, məncə.

 

- Özünüzü gənclər üçün örnək hesab edirsiniz? Misal üçün, onlar sizdən nələr öyrənməlidirlər?

 

- Özümü heç vaxt örnək hesab etməmişəm. Uğurlarım bunun üçün kifayət deyil. Amma mən gənc olanda mediada, ətrafımda valideyn, dövlət dəstəyi olmadan, özü çalışaraq nəsə əldə edən, təslim olmayan gənclər yox idi, hələ qalsın əlilliyi olan şəxslər. Əlimdən gəldiyi qədər mediada yer almağa, sosial şəbəkədə aktiv olmağa çalışıram. Örnək olum deyə yox, rəqabət edilim deyə. Mənim yaşadıqlarımı yaşayan daha çox gəncin məni ötməsini istəyirəm. Hər birimizin "onun kimi olum" əvəzinə, "ondan daha yaxşı olum" düşüncəmiz olsa, inanıram, daha yaxşı yerlərə gələcəyik.

 

Şahanə MÜŞFİQ

525-ci  qəzet.- 2020.- 4 iyul.- S.16.