Sözün bayatı rəngi

 

 

 

"Folklorumuzun ən qədim janrlarından olan bayatı on altıncı əsrdən etibarən yazılı ədəbiyyatımızda da müntəzəm şəkildə işlənməyə başlayıb. Yüz illər boyu müxtəlif Azərbaycan şairləri dolğun, mükəmməl bayatılar yazmışlar.

 

Həmin ənənə bu gün davam etməkdədir. Təranə xanımın da bayatı janrına xüsusi maraq göstərməsi, bu sahədə diqqətəlayiq nümunələr yaratması təsadüfi deyil. Çünki onun şeirlərində xalq-aşıq poeziyasına dərindən bağlılıq vardır. Çoxəsrlik zəngin folklorumuz onun ədəbi yaradıcılıqda bəhrələndiyi əsas qaynaqlardandır". Bu fikirlər mərhum alimimiz - Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin şair-publisist Təranə Arifqızının "Sözün bayatı rəngi" kitabına yazdığı ön sözdən götürülüb. "Əcəmi" nəşriyyatında yenicə çapdan çıxmış kitab Azərbaycan Naxçıvan folklorşünaslığına yeni töhfədir. Kitab haqqında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Yurdoğlu yazır:

 

"Son zamanlara kimi yazılı ədəbiyyat müəllifləri arasında sanki belə bir düşüncə var idi ki, yazıçı sadəcə nəsr əsərləri ilə məşğul olmalı, şair şeir yazmalıdır. Lakin qloballaşan dünyanın texniki yenilikləri mənəvi aləmin çoxşaxəliliyinə gətirib çıxardı. İndi şair yazıçı terminlərindən daha çox ortaq bir məna ehtiva edən yazar termini daha çox istifadə edilməkdədir. Buna səbəb isə yazı sahəsindəki yaradıcı insanların konkret bir növlə - nəsrlə, yaxud nəzmlə deyil, hər ikisi ilə məşğul olaraq dəyərli nümunələr ortaya qoymasıdır. Artıq şair həm hekayə, roman yaza bilər, eləcə nasir müxtəlif mövzulu şeirləriylə gündəm yarada bilər.

 

Bu barədə söz açmağıma səbəb isə daha çox şeir kitablarıyla, nəzm nümunələri ilə tanıdığım Təranə Arifqızının ötən dövrlərdə bir-birinin ardınca nəsr nümunələrinin, xüsəsən hekayələrinin ayrı-ayrı kütləvi informasiya vasitələrində yayınlanması oldu.

 

Bu günlərdə isə Təranə xanım 300-ə yaxın bayatı nümunəsini əlyazma şəklində təqdim edərək ona bir mütəxəssis kimi söz deməyimi xahiş edəndə, düzü, təəccüblənmədim. Görünür, yaradıcı insanların daxilindəki daimi narahatlıq onları ömrün istənilən yaşında özlərini axtarmağa sövq edir...

 

Bayatı janr etibarıyla, ən sadə kimi görünməsinə baxmayaraq, ən çətin yaradıcılıq aktıdır. Hər misrası yeddi hecadan ibarət olan dörd misrada mükəmməl fikir ortaya qoymaq, dərdi anlatmaq, sevinci göstərmək, acını yaşatmaq olduqca məharət tələb edir...

 

Təranə xanımın bayatı dünyasına daxil olanda onun cinaslı bayatılarının daha çox olduğunu müşahidə edirik. Bir çox bayatısında yeni cinasların varlığı diqqətdən yayınmır".

 

Təranə Arifqızı oxucularının ondan fəlsəfi şeirlər yaxud, hekayələr kitabı gözlədiyinə baxmayaraq, niyə məhz "Sözün bayatı rəngi"nin çapını önə çəkdiyini belə açıqlayır: "Mən rəngli sozlərin sevdalısıyam. Xalçadakı naxışlara, güllərə hansı rəng uyğun gəlirsə, mən o rəngə vurulub, ilmələrimi toxumağa başlayıram. Həm nəzmdə, həm nəsrdə Tanrının göndərdiyi, ruhumun dilləndirdiyi kifayət qədər janr var. Amma hər mətn mənim üçün bayatının içindən keçib, ondan qidalanıb. Bəzən niyə bu qədər bayatı vurğunu olduğumu soruşurlar. Haradan gəlib, kimdən yaranıb bu sevgi? Bəlkə rəhmətlik Atikə nənəmin söz sandığından bəhrələnmişəm? Tez-tez dilindən eşitdiyim yanıqlı bayatıların müəllifinin kim olduğunu soruşanda - bilim, ay bala, oturub fikirlənəndə, düşünəndə adamın ağlına gəlir, başlayır söyləməyə. - nənəm asta-asta bayatı dilində çözələnərdi...

 

Cinaslı bayatılar mənim üçün daha çox önəm daşıyır. Ordakı məna çoxluğunun vurğunuyam...

 

Mən sadə bayatı fəlsəfəsini bütün yaradıcılığımın fəlsəfəsi hesab edirəm... Kitabı vərəqləyib, oxuyan hər kəs bayatının sehirli dünyasından özü üçün bir damcı nəsə götürəcəksə, bu, mənim üçün böyük şərəfdir. Sözün yeni çalarlarında tezliklə görüşənədək..."

 

"Sözün bayatı rəngi" kitabındakı bayatılara nəzər saldıqca müəllifin istedadı, sözə həssaslığı, bayatı yaradıcılığının məziyyətləri dərhal diqqət çəkir:

 

Əzizim yarım adım,

Qalıbdı yarım adım.

Alqış qarğışa döndü,

Mən yardan yarımadım.

 

Sevdim səni, bəxt tikəm,

Etdin məni bəxtikəm.

Ömür keçdi, gün keçdi,

Daha gecdi - bəxt tikəm.

 

Əzizim, gizlə dərdi,

Dərdi dərd gizlədərdi,

Öz gülünü ürəkdə

Qoru sən, gizlə, dər, di!

 

Əzizim gülə yandı,

Od düşdü gülə, yandı.

Mənim bəxtsiz bəxtimə,

Yar gülə-gülə yandı.

 

Əzizim yarı canım,

Yarından yarı, canım.

Özüm özümə düşmən,

Qalıbdı yarı canım.

 

Əzizim, ya da məni,

Satma sən yada məni.

Bu dünya mənim olar,

Sən salsan yada məni.

 

Mən aşiq, körpü sına,

Sel gələ, körpü sına.

Sən bilmədən daş atdın

Ürəyin körpüsünə.

 

Mən aşiq, yol da mənim,

Dərd, saçım yol da mənim.

Bu qəmli gözlərimi,

Qoymusan yolda mənim.

 

 

Təranə Arifqızını bu kitabı münasibətilə təbrik edir, yaradıcılığında yeni uğurlar arzulayırıq.

 

 

Mehri

 

525-ci qəzet.- 2020.- 4 iyul.- S.17