Ağrılardan işığa boylanmaq...
"... izdihamlarla birlikdə getmək lazım
olduğu fikirinə vardım. Sonra da əsl
gedişin izdihamlara qarşı olması lazım olduğunu
anladım".
Mövlana
İrili-xırdalı
hekayələr, kiçik həcmli povestlər müəllifi
kimi tanınan yazıçı Aydın Tağıyev
ayrı-ayrı fəsillərini qəzet və jurnallarda
çap etdirdiyi "İspan çəkməsi" adlı
romanını, axır ki, oxuculara kitab halında
("Xalidoğlu" nəşriyyatı, Şabran. 2020) təqdim
etdi. Bu yazı da həmin əsərin mütaliəsindən
yaranan təəssüratımın ifadəsidir...
...
Bütün sıxıntılarından və
ağrılarından qurtulmaq istəyi ilə sarılırsan
çox vaxt qələmə! Özünün
dincliyini, yaşam eşqini, hətta cənnətini və cəhənnəmini
də çox vaxt yazdıqlarında görürsən.
Yaşaya bilmədiklərinə çevrilir bir
çox hallarda o yazıların.
Dəyərli yazıçımız Aydın
Tağıyevin "İspan çəkməsi"
romanındakı kimi.
İspan
çəkməsi... Demə, cəza verməyin, ağrı
çəkdirməyin belə bir növü də
varmış...
Hökmlə
ayağa geydirilən, xüsusi hazırlanmış çəkmə
vasitəsi ilə verilən ölüm hökmü... Adıçəkilən əsərdə deyilən
kimi, cəza verilən adamın ayağına məxsusi
tikilmiş ayaqqabı geyindirərdilər ki, o ayaqqabı da məhkumun
ayağını sıxıb ona şiddətli əzab,
ağrılar verərmiş. Yüngül ölümə
nə varmış ki?.. Belə
ayaqqabıya "İspan çəkməsi" deyilərmiş
və romanın qəhrəmanı şair də fikirləşmişdi
ki, "düşmən ayağa baxar. Bahalı
ayaqqabılar geyinərdi". Burda da
oxucunu düşündürən möcüzəvi alt qat
durur. Ora varmaq mümkün deyil, bəzən və bəzən
də mümkün olan yerində ora enmək qorxusu yaranır
oxucuda...
Yazıçı
Aydın Tağıyevin romanı da fikrimizin alt qatında gizlənən möcüzənin
üst qatında durur. Əsər müxtəlif
cəza və hökmlərlə, özünə qəsd səhnələriylə,
intiharla insanı bir başqa aləmə çəkib apara
bilir.
Yaşadığın ömrü qiymətləndirmək,
yaşamaq eşqinə dəyər vermək əhəmiyyətinə
diqqət yetirdikdə, intihar dünyada Allahın yaşamaq
hökmünə qarşı çıxmaqdır. İslamın
dini baxışları intihara qarşıdır. Müqəddəs
kitabımız olan
Quranda intihar "öldürməyin və ya
özünüzü öldürməyin" kimi xəbərdarlıqla
ulu Rəbbimiz tərəfindən öz bəndələrinə
qadağan olunur. Roman içindəki
"Şairin intiharı" ikinci roman məhz intiharla
bağlıdır. Şair, cəmiyyət və son
ümid yeri kimi İntihar...
Romanın ilk səhifələrindən
Qırmızı əvvəlcə rəng kimi, sonra isə
obraz kimi ortaya çıxır. Yazıçı yanaşmaları,
sətiraltı mənalar oxuduqlarını maraqla izləyən,
daim təəccüb içində qalmaqdan zövq alan kitab oxucusu
üçün gizəmli tapıntılarla doludur.
"Qırmızıya
əl uzadanın, toxunanın, sataşanın axırda elə
özü qırmızıya boyanırdı..."
Mollagünə Qədir adı ilə oxucuya təqdim edilən
ilk qəhrəmanın həyatı, onun öz başına gələnlər
və doğmalarının faciəli aqibəti məhz
Qırmızının iç üzü və törətdiyi
fəsadlardan xəbər verir. Hər kəs
Qırmızını bir cür yoza bilər. Əsas da
budur, yazıçı bir obrazın arxasında min bir
obrazı gizləyə bilir, oxucu da açması olmayan
tapmacalar kimi üstündə baş sındırır,
düşünə-düşünə qalır... Oxuduqca rənglər
aydınlanır, Qədir dönüb Qırmızı olur,
daha doğrusu, Qədiri həyat "qırmızı adam" olmağa vadar edir. El arasında da belə
deyim var, filankəs qırmızı adamdır, yəni
sözü qızıl-qırmızı, çəkinmədən
üzə deyəndir...
Əsərdəki Qırmızı da sözü üzə
deyən, ifşa edən tərəf kimi göstərilir. Səmavi kitablardan
"İncil"də deyildiyi kimi, "Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini
isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə
isə xor baxacaqdır". Bəli, bu
fikirlər mətndə sanki elə qıpqırmızı xətt
üstündə təsvir edilir.
İntihar - öz həyatına qəsd,
özünün ölümünə səbəb olan hərəkətdir. Ancaq qeyd etmək
lazımdır ki, əsərdə "intihar" sözü
bir çox anlamlarda şəklini dəyişir.
"Şairin edamı" fəslində olduğu kimi... Başı cəllad kötüyündən diyirlənən
Şair obrazı əslində, bir Qürur, Ölməzlik və
Şərəf simvolu kimi verilir. Meydandakı kütlə
bir vaxt usanıb yorulmadan, az qala ovucları
yağır olanacan çəpik çalıb
alqışladıqları Şairi edam kötüyünə
fitə basıb ələ sala-sala, dişlərinin dibindən
çıxanı deyə-deyə yola salırlar. Şair isə bütün hallarda məğrur-məğrur
gülümsəyə bilir.
"Olanlar
onsuz da olacaqdı..." Bu fikir qismətin,
alın yazısının bizdə yaratdığı
etiqaddan, inamdan qaynaqlanır. Ancaq ruhu saran
sıxıntı, bitməz suallar, keçilməsi,
açılması mümkün olmayan mətləblər, məqamlar
əsərin sonuna qədər oxucunu intizarda saxlamağı
bacarır. Bu da yazıçının
öz daxili sarsıntısından doğur.
Yazıçı iç dünyasının
ağrısını qələmlə boşaldıb mətnlərdə
göyərdir.
"Hamı gözləyirdi ki, nəsə olacaq..."
adlı fəsildəki Əyyan obrazı
günümüzün rəngidir. Faciəmizdir, bizi incidən,
ağrıdan təbəələşmə, süniləşmə,
riyakarlaşma, saxtalaşmalardandır. Əyyanın
geniş, meşəyə oxşayan bağ-bağatında
yaratdığı zooparkını seyr etdikcə qapanan səhnələr
də açılmağa başlayır. Daha
heç bir açılması mümkün olmayan tapmaca
qalmır. Təsvirlər o qədər
müdhiş rənglərlə verilir ki, öncədən
yaddaşımızda iz salan qırmızı rəngdən əsər-əlamət
belə qalmır. Burda hər rəngdə obraz var.
Zooparkda "Toyuqlara dən səpən tülkülər,
quzuları tumarlayan canavarlar, ilanlara sığal çəkən
kirpilər, sürünən qartallar, uçan gürzələr..."
Mətndə bu məqamdan başlayaraq hər
şeyi kənardan əsas qəhrəman olan Şairin
gözü ilə izləməyə başlayırsan.
"Şairin intiharı"nda yazıçı mətnboyu
dönə-dönə vurğulamağa
çalışır ki, bu "intihar" bir çox səbəb
və yaxud səbəblər ucbatından olub. Əslində,
səbəb də ortadadır, səbəbkar da. Ancaq oxucu bunu özü tapıb ayırd etməlidir.
Yoxsa əks təqdirdə, roman sönük və
anlaşılmaz olardı. Əsərdə
bir-birini əvəz edən özünə qəsd hadisələri
- intihara sövq etmir, əksinə, Allah-Təalaya olan
eşqin insan aləmində yaratdığı
heyranlığı ortaya qoyur.
"On bir metrlik zərbə..." və vurulan topun qələbə
sevinci, insanı psixoloji duruma salan "həyatda bir dəfə
qazanmaq" cəhdi kimidir. Ya qazanıb həyatını dəyişdirirsən,
ya da... Uduzursansa, vay məğlubların halına!..
Romanda
Şairin intiharı ilə bağlı "Fərziyyələr...
Gümanlar..." bir keçid, körpü
rolunu oynayır, bir fikirdən başqa fikirə keçməyə
yol axtaran oxucuya tutalqac verir.
Özünü
asan qocaman filosof və mərhumun cibindən çıxan bir
parça boş, ağ kağız.
Ağappaq, boş bir vərəq... Vərəqin
bir küncündə filosofun yalnız öz dəsti-xətti
ilə çəkdiyi mübarək qolu. Bütün
bu boşluğun bir səbəbi var; bütün intiharlar kimi
elə filosofun özünün də dünyanın faniliyinə,
boşluğuna işarəsi.
O boyda
filosof ölümündən öncə imzasını
qoyduğu ağ kağızda yazmağa
bircə kəlmə söz tapmamışdımı? Xeyr! O
anda yazılacaq söz qalmamışdı...
Şair öz sözünə bələk tutub
özünə kəfən biçənə qədər
roman düşüncələr selindən vərəq-vərəq
araya-ərsəyə gəlməkdə davam edir. Romandakı ən
ağrılı intihar səhnəsi bəlkə də qəfəsdəki
qartalın "intiharıdır". Qartalın qəfəsdən
qurtulub qarnını doydurmaq üçün insanların əlinə
baxıb, süfrədən artıq qalanlara göz dikməsi
elə onun azadlığının intiharıdır...
Roman boyu intiharın bütün növlərini izləmək
olur. Səbəb,
yaxud səbəblər ictimai və ya şəxsi motivli ola bilər. Fərq etməz,
ortada suallar qalmasaydı. Ölümdən
qorxmayan bir insanın intiharı nə qədər
düzgündür? İstər qoca, istərsə
də cavan olsun, heç ölümdən qorxmayan varmı?!
Yazıçı oxucunu da düşünməyə
çağırır...
Əsərdə Şair öz intiharıyla gələcəyin
böyük bir Şairinin qatili yox, bəlkə də
xilaskarı olur. Roman beləcə müdhiş bir qisasla
bitir. Epiloq qisasdan sonrakı
görüntü kimi oxucunun cızdağını
çıxarır. Köhnə, toz bağlamış
patefonda oxunan mahnı səsi hələ də
qulaqlarımızdan getməyən Rübabə xanımın
o mahnıdakı hıçqırıqları,
için-için ağlaması, qəmli səsinin ahəngində
möcüzə baş verməsini gözləyirsən və...
o möcüzə baş verir... Fəqət,
möcüzə baş verməsinin özü də qanla
bitir. Otaqdakı qəfəsdəki bülbül axır
ki, dilə gəlir... Əvvəlcə bülbülün dili
açılır, sonra o bülbül özünü qəfəsin
dəmir çubuqlarına çırparaq öz qanına bələnərək
intihar edir...
Ürəyinin
yerini bilmədiyi ilə öyünüb dostları ilə
zarafat edən Şair ilk dəfə ürəyinin yerini
ayırd edə bilmişdi, - deyir müəllif...
Ağrıyan
ürəyin yerini bilməyə nə var ki...
Payız yağışlarında yuyulan körpə qəbri
boyda İnsanda bu dünyaya sevgi qalmışdı. Onu da övlad acısı
alıb aparır... Yazıçı da
intiharlarların içindən özünə və əsərdəki
obrazına yaraşan intihar növünü seçir.
Ölümlərdən ölüm seç, yəni...
Anlayırsan
ki, ağrının da rəngi varmış...
Yazıçı ömrü
yaşamaq taleyinə yazılmış Aydın Tağıyevin
Şair ruhuna biçdiyi bu bələk-kəfən
romanını oxuyub bitirdikdən sonra dönüb iş
otağımdan Şabran Günəşinə boylanıram...
Şabrandan günəşə öz Söz
işığını qatan Yazıçıyla bir
ömür yolunu paylaşmaq nə gözəlmiş!..
Niyə romanda əsas qəhrəman Şairdir?! Siz də
özünüzə bu sualı verdinizmi?
Bəlkə də Şairlər ağrıların da,
ölümlərin də ən gözəlini
yaşayanlardı? Ola bilməzmi? Romanda yeddinci mərtəbədən
özünü atan həmin cavan Şairin də ölmək
istəyi olmayıbmış yəqin... Əminəm ki, həmin
Şairin quş kimi uçmaq istəyi olub... Fəqət... qanadlarının olmadığının fərqinə
gec varıb... Ya da... ya da onun da qanadları qəfəsdəki
qartalın qanadları kimi öz azadlığını
itiribmiş...
Atasını,
anasının, bacısını itirən Şair öz
körpə oğlunun ölümünə üsyan edir, bəlkə
də bu səbəbdən artıq bütün ölümlər
və intiharlar, yaşamaq mümkün ikən ömrü
yarıda kəsmək acizliyinə belə ağrı ilə
cavab verir... Mətnin həmin hissəsinə həssas qələmiylə
güzgü tutan dəyərli yazıçımız, romana
yazılmış ön sözün müəllifi Sadıq
Elcanlının qeyd etdiyi kimi: "...etiraf edim ki, məhz bu məqamda
mən ədəbiyyatın çağırış səsini
daha yaxından eşitdim; fani və əbədi
dünyaların keçid nöqtəsində, qapısı
ağzında eşitdiyim o sirli pıçıltılar
möhtəşəm bir ruhi simfoniyanı, sözün Zəfər
Zəngini xatırladırdı..."
Bizi
Ağrı, Sükut, Təxəyyül və Hissimizlə
sınağa çəkən belə bir Romandır bu...
İşıqdan
boylanmayaq ağrılarımıza...
Ağrılarımızdan
işığa boylanaq...
A Y Bəniz Əliyar
525.- 2020.- 4 iyul.-
S.19.