Ellər unutmayıb o sənətkarı...
MAHİR İFAÇI
HƏSRƏT HÜSEYNOVUN MÜASİR İNCƏSƏNƏTİMİZDƏ
SİLİNMƏZ İZİ VAR
Azərbaycan
musiqi sənətini inkişaf etdirən tanınmış
simalar arasında mahir zurna-balaban ifaçısı mərhum
Həsrət Muxtar oğlu Hüseynov da özünəməxsus
yer tutur.
H.Hüseynov
1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində
anadan olub. Orta təhsilini Muradxan kəndində və Kürdəmir
şəhər dəmiryol orta məkəbində
almış, əmək fəaliyyətinə 1942-ci ildə dəmiryol
stansiyasında fəhlə kimi başlamışdı. Bir
neçə ildən sonra, çox gənc olmasına
baxmayaraq, "Əməkdə fərqlənməyə
görə" medalı ilə təltif olunmuşdu.
Vicdanla
işləsə də, peşəsi ürəyincə
olmadığından Həsrət dəmiryolundan
uzaqlaşır və xalq sənətinə üz tutur.
Peşəkar zurna-balaban ifaçısı kimi hələ
1947-ci ildən tanınmağa başlayır və bu sahədə
onun ustadları həmyerlimiz Mansur Rüstəmov və
Ağsulu Əli Kərimov olur.
Daim
öz üzərində ilhamla, həvəslə
çalışan Həsrət Hüseynov getdikcə püxtələşir
və onun adı tanınmış sənətkarlarla bir
sırada çəkilməyə başlayır. 1950-ci ildə
Kürdəmir rayon mədəniyyət evində işə
başlayaraq zurnaçılar ansamblı yaradır və uzun
müddət bu ansambla rəhbərlik edir. Artıq onun
şöhrəti rayonun hüdudlarını aşaraq
respublikaya və o vaxtkı İttifaqa yayılır.
1957-ci
il Həsrət Hüseynovun sənət aləmində ilk
uğurlu ilİ olub və bir sənətkar kimi təsdiqi, gələcək
inkişafına geniş yol açılması məhz o ilə
təsadüf edir. Həmin il H.Hüseynov Azərbaycan gənclərinin
ikinci və IV Ümumittifaq gənclər festivallarında
çıxış edərək, öz məharətini,
xalq musiqisinin mahir ifaçısı olduğunu nümayiş
etdirərək festivalların laureatı adını
qazanır. Sənət yolu ilə uğurla irəliləyən,
sənət zirvəsinə inamla addımlayan Həsrət
sözügedən ildə daha böyük bir mərasimdə
- Gənclərin və tələbələrin VI
Ümumdünya festivalında uğurla çıxış edərək
laureat olur, "Qızıl medal"a layiq görülür.
Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti
özünün 25 oktyabr 1957-ci il tarixli qərarı ilə
festivallar laureatı Həsrət Hüseynovu "Fəxri Fərman"la
təltif edir.
Uğur
ardınca uğur qazanan Həsrət Hüseynovun 1959-cu ildə
Moskva şəhərində keçirilən Azərbaycan Mədəniyyəti
Ongünlüyündə çıxışı
böyük rəğbətlə qarşılanır.
Müvəffəqiyyətli çıxışlarına
görə Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi
Şurasının və SSRİ Mədəniyyət
Nazirliyinin I dərəcəli Diplom və Fəxri fərmanlarına
layiq görülür.
1962-ci
ildə Moskvada, M.İ.Qlinka adına Mərkəzi Musiqi Mədəniyyəti
Muzeyində H.Hüseynovun həyat və
yaradıcılığına aid sərgi təşkil edilməsi,
hətta o vaxtkı Xalq artistlərinin çoxlarına müyəssər
olmayan nailiyyət idi.
O, 1967-ci
ildə Böyük Oktyabr Sosialist İnqilabının 50
illiyinə həsr edilmiş Ümumittifaq özfəaliyyət
incəsənəti festivalının respublika və ittifaq
baxışlarında qazandığı yaradıcılıq
müvəffəqiyyətlərinə görə I dərəcəli
Diplom və Fəxri fərmanlara layiq görülür.
1969-cu
ilin may ayında Tatarıstanda keçirilən Azərbaycan Mədəniyyəti
Həftəsində iştirakına və məharətli
çıxışlarına görə Tatarıstan Muxtar
Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif
olunur.
1972-ci ildə Almaniya
Demokratik Respublikasındakı
Beynəlxalq sərgidə
İttifaqın məşhur
sənətçisi kimi
iştirak edir, Berlin, Leypsiq şəhərlərində
və Polşa Xalq Respublikasının bir çox yerlərində maraqlı
konsertlər verir, çıxışları hər
dəfə alqışlarla
qarşılanır. Elə həmin il
SSRİ-nin 50 illiyi şərəfinə paytaxtdakı
böyük bayram konsertindən də I dərəcəli Diplomla qayıdır. Şöhrət quşu çiyinlərindən
düşməyən, səsi
dünyanın müxtəlif
ölkələrindən gələn
sənətkar sadəlik
və təvazökarlığını
əsla itirmir. Yenə də hamının tanıdığı,
mehriban, olduqca sadə Həsrət kimi qalır...
Həsrət Hüseynov yaradıcılığını
həmişə böyük
maraqla izləyən, onun çalğılarını
rəğbətlə dinləyən
və musiqimizin tədqiqində əvəzsiz
xidməti olan yazıçı-publisist, akademik
Rafael Hüseynov hələ
o vaxtlar onun uğurlarına biganə qalmır. 1975-ci ildə o,
Kürdəmirdə çıxan
"İrəli" qəzetində
özünün yaratdığı
"Qorqud sorağı"
adlı səhifədə
yazır: "...Moskvadaydım
ötən qış.
Yolum M.İ.Qlinka adına Mərkəzi
Musiqi Mədəniyyəti
Muzeyinə düşmüşdü.
Bir neçə saatdan sonra Bakıya uçacaqdım. Lap burnumun
ucu göynəyirdi Azərbaycandan ötrü...
... Birdən muzeyin görümlü yerlərindən birində
Həsrətin uca dağlar fonundakı şəkli dəydi gözümə. Yazısını
oxudum: "Zəmanəmizin
ən əvəzsiz sənətkarlarından Həsrət
Hüseynov". Ürəyim oldu dağ boyda.
Sanki neçə-neçə
zirvə aşıb düşdüm doğma
el-obaya. Üz çevirdim
yurdumuzun vüqar timsalı uca dağlarına. Ağsaqqallarımızın,
ağbirçəklərimizin alxışını çağırdım
Həsrət adına:
Ulu dağlar, sizlər vüqarlı, sizlər ömürlü
olsun Həsrəti!..
Həsrətin çalğısı neçə-neçə şəhərlərdən,
xaricdən - Almaniyadan,
Leypsiqdən, Polşadan,
Varşavadan gəlib..."
Elə bir el şənliyi, mərasim olmazdı ki, orda Həsrət Hüseynov iştirak etməsin, öz çalğısı ilə
adamları sevindirməsin. Onu həmişə
zəhmətkeşlər önündə,
el-oba qarşısında,
son illərində isə
cəbhə bölgələrində
görmək olardı.
Dəyərli sənətkar bu ulu el sənətinin həmişəyaşar olmasının
da qayğısına
qalırdı. O, öz peşəsini 20-dən çox
gəncə öyrətmiş,
uzun müddət zurnaçalanlar ansamblına
rəhbərlik etmişdi.
H.Hüseynov Azərbaycan muğamlarını, 100-ə qədər xalq mahnısını zurnada və balabanda böyük məharətlə çalırdı. Onun özünün xalq musiqisi, xalq havaları əsasında bəstələdiyi 25-ə yaxın mahnı və rəqsləri vardır. "Kürdəmir rəqsi", "Sülh", "Mirvari", "Mahiri", "Nübarı" və digərləri səslənəndə insanın qəlbi riqqətə gəlir.
Həsrət Hüseynov 1989-cu ildə Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.
Unudulmaz sənətkar 1995-ci il dekabrın 18-də vəfat edib və Kürdəmir şəhər qəbiristanlığındakı Xiyabanda dəfn olunub.
Yaqut Bahadurqızı
525-ci qəzet. -
2020.- 4 iyul.- S.20.