Quba xanlığı - tarixin aynasında
XII əsrə
aid ərəb mənbələrində Quba adı
"Kuba" kimi göstərilib. XIII əsr ərəb alimi Həməvinin
Coğrafiya lüğətində isə Azərbaycan şəhərləri
sırasında "Kubba" şəklində yer alıb.
XVI əsrin Səfəvi qaynaqlarında isə Quba
yaşayış məntəqəsi "Qübbə"
yazılışında verilib. Qubanın şəhər
tipli yaşayış məntəqəsinə çevrilmə
prosesinin XIV əsrin əvvəllərində
başladığı təxmin edilir. 1582-ci
ildən Osmanlı tərkibində ərazisi nahiyə (ülkə),
1593-cü ildən Səfəvi idarəçiliyində bəylərbəyliyi
kimi mövcud olan Quba bölgəsi, Azərbaycanda (1680-ci ildə)
yaradılan ilk yarımmüstəqil xanlıqlardan biri olub.
Quba xanlığının yaranma dövrü və 130 illik
tarixi barədə məlumatları əsasən
A.A.Bakıxanovun "Gülüstani-İrəm" əsərindən,
habelə İskəndər bəy Hacınskinin, professorlar
Tofiq Mustafazadə, Şahin Fazil Fərzəlibəyli,
tarixçilər Zabit Babayev, Salman İbişov, Ənvər
Çingizoğlu və başqalarının kitablarından
ala bilirik.
A.Bakıxanovun "Gülüstani-İrəm"də
yazdığına görə, II şah Abbasın və onun
oğlu Süleyman şahın dövründə
Dağıstan hakimlərindən Qaytaq usmilərinə pullu məvaciblə
yanaşı, Şirvandakı bir sıra kəndlərin gəlirləri
və idarəçiliyi də verilmişdi. Süleyman şah Səfəvinin
fərmanı əsasında Quba xanlığı
yarımmüstəqil inzibati vahid kimi XVII əsrin son rübündən -
1678-ci ildən mövcud olub. O zamanlar Səlyan və Gülhan
da mülk olaraq xanlıq ərazisinə daxil idi. Quba və ətraf mahallarda 1680-ci ilin əvvəlindən
xanlığı tanınıb qəbul edilməklə 10 ildən
çox hökmranlıq edən ilk Quba xanı Hüseyn xan
1689-cu ilin sonunda vəfat edənədək böyük
hüquqlara sahib olub. A.A.Bakıxanov Xudat
qalasını da Hüseyn xanın tikdirərək
xanlığın iqamətgahına çevirdiyini yazır.
İrandan qayıdan tarixçi A.Lopuxin
Şamaxıdan quru yolu ilə şimala doğru hərəkət
edərkən 1718-ci ilin mart ayında Quba şəhərinə
də gəlmişdi. O, bu şəhərə
böyük maraq göstərərək icmalının
"Quba haqqında məlumat" adlı hissəsində
yazırdı: "Xaçmaz daha çox Hacı Davudun
nüfuzuna ram olsa da... İndiki Quba xanı
Sultan Əhməd irsi olaraq hakimiyyətə yetişmişdir.
Onun 14 yaşı vardır. Hakimiyyəti
altında başqa şəhər yoxdur. Kəndlərin
də sayı azdır. Yanında 500 əsgəri var,
amma xalqın çoxu onun əmrlərinə məhəl
qoymur..."
Tarixi mənbələrdə, Hüseyn xanın Məcalisdə
öldürülən oğlu Əhməd xanın qətli
kimi, Xudat qalasında qətl edildiyi bildirilən nəvəsi
Sultan Əhməd xanın ölümü də mübahisəlidir. A.Bakıxanov yazır ki,
üsyan qaldıraraq Şirvanda "İran
ağalığı"nı ləğv etmək istəyən
Hacı Davud Xudatı zəbt etmiş və bu zaman onunla birgə
olan bacısı oğlu Nəzirin təhriki ilə,
mühasirəni yarıb qaladan qaçmağa
çalışan Sultan Əhməd xanı öz yaxın
adamları ilə bərabər öldürmüşdür.
Digər məlumatlarda isə Sultan Əhməd xanın öz
qayınatası - 1710-cu ildən Qaytaq usmisi olan Əhməd
xan ibn Ulubəyin təhriki ilə
öldürüldüyü versiyası irəli
sürülür...
18-ci əsrin əvvəllərində Xəzərsahili
məntəqəyə rus ekspansiyası ilə əlaqədar
olaraq Qafqaz hakimləri bir sıra hərbi əməliyatlar
keçirir, vergi yükü və məzhəb ziddiyətləri
ilə qızışan iğtişaşlar da
çoxalırdı. Üsyançı Hacı Davud bir il
öncə Şabranı viran etmələrinin ardından,
Qaytaq usmisinin, bəzi Quba və Qazıqumuk hakimlərinin dəstəyilə
1712-ci ilin avqustunda Şamaxıya yürüş edir və 15
günlük mühasirədən sonra oradakı şiəməzhəb
əhali ilə yanaşı, rus tacirlərinin də əmlakını
qarət edib qətlə yetirirlər. Bu
qanlı yürüş və 1721-ci ildə Quba xanlığının
da onların əlinə keçməsi, Azərbaycan ərazisinə
Rusiya ekspansiyası üçün bir bəhanə olur.
Rus çarı 1-ci Pyotr 1722-ci ilin iyununda
Hacıtərxana (Astraxana) gələrək İran ölkəsinə
bu məzmunda müraciətnamə yazmışdı: "Ləzgilərin
əmiri Davud bəy və Qazıqumuq əmiri Surxay öz
padşahlarına yağı olub 1713-cü ildə
Şamaxı şəhərini yürüşlə
almış, rus tacirlərini qətl və qarət etmişlər.
İran padşahı bu fitnəkarların
öhdəsindən gələ bilmir. Buna görə,
biz özümüz onları tənbih etmək və intiqam
almaq fikrilə o tərəfə gəlirik..."
İşğalçı Rusiya hakimiyyəti Səfəvi
dövlətində baş qaldıran hərc-mərclikdən
yararlanaraq və üsyançıların dəvət etdiyi
osmanlıların gəlişini qabaqlayaraq 1722-ci ildə Qafqaz
mülklərinin bölüşdürülməsində
iştirak etməyə tələsirlər. Şah II Təhmasib qəbul
etməsə də, 1724-cü ildə İstanbulda Osmanlı
Sultanı tərəfindən Rusiya çarının Dərbəndə,
Bakıya, Xəzər sahili şəhər və kəndlərə
hakim olma hüququnu tanıyan, eyni zamanda, osmanlıların Azərbaycanın
əksər hissəsində ağalığını təmin
edən Osmanlı-rus müqaviləsi bağlandı. Şirvan
vilayəti, sahil zolağından başqa, Osmanlı
imperiyasının ali himayəsi altında
müstəqil xanlıq elan edildi. Rusiya
hökmranlığı altında qalmağı Utəmiş
sultanı, Qaytaq usmisi, Qazıqumuklu Surxay xan və Səlyan
naibi Həsən xan da qəbul etməkdən imtina etdilər.
Tərki şamxalı Adil Gəray öz
adamları ilə rus qoşunlarının hərəkətlərindən
və Müqəddəs Xaç qalasının tikilməsindən
və onun ərazisində ermənilərin və kazakların
yerləşdirilməsindən hiddətə gələrək
yeni tikilmiş rus istehkamını mühasirəyə
alır. Lakin şamxalın azsaylı
qoşunları ilk döyüşdəcə məğlub
oldular. 1721-ci ilin yazında Sultan Əhməd
xanın öldürülməsindən sonra
xanlığın ərazisinin çox hissəsi Hacı
Davudun (formal olaraq Qazıqumuq usmisi Surxay xanın) hakimiyyəti
altına keçmişdi. 1722-ci ilin
payızında rus qoşunlarının Xəzərboyu əyalətlərə
yürüşü zamanı Quba xanlığının ilk
növbədə dənizə yaxın hissəsi, o cümlədən,
Xudat qalası ruslar tərəfindən tutulmuşdu. Qubanın özü də daxil olmaqla dağlıq və
dağətəyi ərazilər Hacı Davudun hakimiyyəti
altında qalmışdı. Məhz buna
görə də xanlıq tərəfdarları dağ kəndlərində
gizlədilən azyaşlı Hüseynəlini 1725-ci ildə
rusların nəzarəti altında olan Xudata gətirmiş,
Rusiyanın himayəsinə keçmək yolu ilə
xanlığı bərpa etmək istəmişdilər.
1726-cı ilin sonunda fərmanla, 1727-ci ilin sonunda isə mərasimlə
Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və
öldürülmüş Sultan Əhməd xanın 10
yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan
edildi. Belə
ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində
saxlananılan rəsmi sənəddə, 1726-cı ilin 20
oktyabrında Dərbəndə gəlmiş Hüseynəli bəyin
Rusiya himayəsini qəbul edərək sədaqət andı
içdiyi bildirilir. Hüseynəli xan
Rusiyanın açıq və ya gizli düşmənləri
ilə heç bir əlaqə saxlamayacağına da söz
vermişdi. 1726-cı il dekabrın
21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin
Rusiya himayəsinə qəbul edilməsi və onun Quba
xanı kimi təsdiq olunması məsələsi nəzərdən
keçirildi. Hüseynəli bəyin
torpaqları osmanlılarla 1725-ci ildə bağlanmış
müqaviləyə görə Rusiya zonasında qalıbsa,
himayəyə qəbul edib ona xan rütbəsi vermək
haqqında Xəzərsahili əyalətlərdəki rus
qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman
göndərildi. Sərhədlərin müəyyənləşdirilməsi
başa çatdığda Quba xanlığının
böyük bir hissəsi Rusiya tərəfində
qaldığından Hüseynəli xan 1727-ci ilin 12
dekabrında Quba xanı kimi təsdiq olundu və xan
azyaşlı olduğuna görə müvəqqəti qəyyumlar
təyin edildi: Əfrasiyab naib, Fəraməz isə nazir oldu.
Eyni zamanda, xanlığın kəndxuda, yüzbaşı və
ağsaqqaları Hüseynəli xanla yanaşı, Rusiya
çarlarına da sədaqət andı qəbul edirdilər...
Amma Hüseynəli xan şah hakimiyyətinə
də zahiri itaət göstərirdi. Məhz
belə siyasət nəticəsində, Nadir şahın Azərbaycana
ilk yürüşü zamanı - 1734-cü ildə, o,
Hüseynəli xanın idarəçiliyinə əlavə
olaraq Səlyanı da vermişdi və oralar yenidən Qubaya
birləşdirilmişdi. Nadir şah Əfşarın
hakimiyyəti illərində Azərbaycan və
Dağıstanda "İran ağalığı"na qarşı azsaylı xalqların, sünni
müslümanların narazılığı geniş vüsət
almışdı. 1735-ci ildə
qubalıların, alpanlıların bir hissəsi də Nadir
şaha qarşı çıxıb, Dağıstan
üsyançılarına güvənərək Xudat
qalasında Hüseynəli xanı mühasirəyə
aldılar. Şamxal Xaspulad və Dərbənd
qarnizonunun rəisi onun yardımına gələrək,
üsyançıları dəf etdilər. Hüseynəli
xanın anası Alpan bəyi Hacı Qaibin qız nəvəsi
olsa da, Şeyxəli xanın zamanınadək və Hacı
Qaibin nəvəsi Xanbaba bəy Fətəli xan
Qubalının bacısı qızını alanadək
onların qohumluq münasibətləri nisbətən soyuq
olub...
Rəşt (1732) və Gəncə müqaviləsinə
(1735) görə, Rusiya imperiyası Kürdən cənuba Xəzəryanı
ərazilərdən İranın xeyrinə vaz keçdi və
şahın Dağıstan xalqları və Tarki
şamxalı üzərində hakimiyyətini tanıdı. Rus
qoşunları əvvəlcə Sulak çayına, sonra isə
Terek çayına çəkildilər. Nadir
şah Əfşar əski qüdrətini bərpa etmək
üçün Dağıstana yürüşlər təşkil
edir. O, Osmanlı sultanı ilə də sülh
sazişi bağlayaraq, öz yerli tərəfdarları ilə
Tabasaranda, Kürədə, Samurda, Qubada, Qazıqumuqda,
Akkuşa mülkündə və Məcalis mahalında
şah hakimiyəti əleydarlarına divan tutur. Hətta Nadir
şah Qaytaq usmisini sıxışdıraraq, azərbaycanlı
tərəkəmələri (300 həyət) daha sakit yerlərə,
xüsusi ilə qumuq sərdarı Əlişah Həmzənin,
Əndərəy məlikləri Temir və Bamatın
mülklərinə, onlara yaxın olan qumuqların yanına
köçürür. Nadir şahın
ölümündən sonra azərbaycanlı-tərəkəmələrdən
bir hissəsi Qaytaq hakimi Əmir Həmzənin yanına -
öz köhnə yerlərinə qayıdırlar, ancaq 100 həyət
qumuqların arasında qalır.
Quba xanlığı Azərbaycanda çox iri olmayan,
lakin hərbi cəhətdən güclü siyasi birlik idi. Nadir şahın Azərbaycana
yürüşləri zamanı və mülkədarlar
arası mübarizənin gücləndiyi sonrakı illərdə
xanlıq digər Azərbaycan torpaqlarına nisbətən az zərər çəkmişdi. Çünki 1735-ci ildə Xəzərsahili vilayətlər
Rusiya tərəfindən İrana güzəştə
gedildikdən sonra, Hüseynəli xanla birgə digər bəylər
də xanlığın qarət olunmasının
qarşısını almaq və öz hakimiyyətlərini
qorumaq üçün bir sıra tədbirlər
görmüşdülər. Həmçinin,
xanlıqda təbii qalalar olduğundan əhali lazım gəldiyi
təqdirdə sığınacaq tapa bilirdi. 1747-ci ildə xanlığın mərkəzi iqamətgahının
Xudat qalasından Quba şəhərinə
köçürülməsi də xanlığın iqtisadi
gücünün qismən artmasına şərait
yaradırdı. 1757-ci ildə Dərbənd
və Şamaxı ətrafından bir sıra ailələrin
Quba xanlığına məxsusi köçürülməsi
və Səlyan xanlığının ləğv edilərək
Hüseynəli xanın idarəçiliyinə verilməsi
xanlığın hərbi gücünün artmasına
kömək etmişdi. Hüseynəli xan
oğlu Fətəlini 1756-cı ildə Quba bəylərindən
birinin rəhbərliyi altında, öz dövrünə
görə güclü bir qoşunun baş komandanı təyin
etmişdi. 1759-cu ildə Dərbənd
xanlığının Quba xanlığına birləşdirilməsi
ilə başlayan Fətəli xan Qubalının rəhbərliyi
və zəfərləri dövrü bir çox siyasi-hərbi
hadisələrlə zəngin olduğundan ayrıca bir
mövzudur.
C.Alpoğlu
Albantürk
525-ci qəzet.- 2020.- 4 iyul.- S.21