Sənət üfüqlərində erkən qürub edən "Şəms"

 

MƏRHUM AKTRİSA ALMAZ ƏSGƏROVANIN TALESİZLİYİ ONUN BİR

SƏNƏTKAR KİMİ LAYİQİNCƏ PARLAMASINA İMKAN VERMƏYİB

 

 

" - Vəsf elə məni, şair!

 

- Vəsf zamanı deyil, afət!

 

- Ölümə gedirəm, yalvarıram!

 

- Səni bu hüsnü-camalü bu kamal ilə görüb,

Qorxdular Həqq deməyə, döndülər insan dedilər!"

 

Yəqin ki, bu dialoq çoxumuza tanışdır. Azərbaycan milli kinosunun zirvələrindən hesab edilə biləcək "Nəsimi" filminin Nəsimi və Şəms arasında gedən bu dialoqu bəlkə də çoxlarının əzbərdən bildiyi, hətta bəzən günlük danışığında belə istifadə etdiyi replikaya çevrilib. Azərbaycanlı tamaşaçının sözügedən filmdə ən çox sevdiyi və xatırladığı obrazlardan biridir Şəms. Bəmbəyaz, gözəl üzü, alovu xatırladan buruq saçları, sərv boyu ilə həqiqi bir şəmsdi ki, doğmuşdu ekranda. Şəms həm də qürurlu, yenilməz idi. Şahın qarşısında dimdik dayanmağı, sözünü deməyi yaxşı bacarırdı. Miranşaha dediyi "Dövlət bəyin ölüsü də gözəldir" replikasındakı əzəməti hansı tamaşaçı unudar ki?!

 

"Nəsimi" filmindən sonra Şəms nə qədər yaddaşlarda qaldı, nə qədər çox sevildisə də, həmin obrazı yaradan aktrisa Almaz Əsgərova çox da yada düşmədi, xatırlanmadı, haqqındakı məlumatlar həmişə ala-yarımçıq oldu. Əzablı həyat keçirən, karyerasının zirvəsindəykən sənətdən üz çevirən, cəmi 39 yaşında gözlərini dünyaya əbədi yuman aktrisa haqqında məlumat o qədər az və qarışıqdır ki, bu yazını yazarkən istifadə etməyə Vikipediyadan başqa heç bir mənbə tapa bilməmək bizi məyus etdi.

 

Erkən ögeyləşən həyat...

 

Almaz Əsgərova 1949-cu il yanvarın 23-də Bakıda anadan olub. Onun müasiri, müəllimi olmuş, həyatının böyük bir dövrünə yaxından şahidlik etmiş Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun qəzetimizə verdiyi məlumata görə, aktrisa ögey ana və ögey bacılarıyla yaşayıb: "Almaz Əsgərova mənim tələbəm idi. O vaxt 1960-cı illərdə rəhmətlik Adil İsgəndərovun rəhbərliyi ilə studiya açmışdıq. Almaz Əsgərova, Səlim Vəkilov, Polad Poladov, Telman Adıgözəlov, Sabir Məmmədov, milli qəhrəman Alı Mustafayev, Sevil Nuriyeva, Nuriyyə Əhmədova və başqaları həmin kino aktyor studiyasının yetirmələridir. Oranın ən yaddaqalan, ən gözəl, ən istedadlı tələbələrindən biri də Almaz xanım idi. O, bir insan kimi də əxlaqlı, mənəviyyatlı, amma talesiz xanım idi.

 

Çox qəribədir ki, o, ögey ana yanında böyümüşdü, elə sonradan da taleyi çox acınacaqlı oldu. Onun ögey bacıları ilə ailəvi problemləri vardı, ev məsələləri vardı. Biz bu problemlərin içərisində idik, Almaza əlimizdən gəldiyi qədər kömək etməyə çalışırdıq.

 

Almaz Əsgərova Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunur. Sonradan onun yolları kinostudiya ilə kəsişir.

 

Kinostudiyada parlayan ulduz

 

"Vikipediya"nın məlumatına görə, onu Kinostudiyaya ADU-da tanış olduğu və könlünü verdiyi Azər Süleymanov gətirib. Belə ki, Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdan Azər Süleymanov, Almaza aktrisa olmağı məsləhət görür və tezliklə o, kinostudiyada Adil İsgəndərovun kursuna daxil olur.

 

Əbdül Mahmudbəyov isə həmin məlumatların yanlış olduğunu, Almazın öncədən kinostudiyaya gəldiyini və Azərlə də çəkiliş meydançasında tanış olduğunu deyir:

 

"1962-ci ildən kinostudiyanın qaynar həyatı gözümün önündədir. Nələr yazıldığını bilmirəm, mən canlı şahid kimi olanlardan yaxşı xəbərdaram. O dövr Azərbaycan kinosunun milli kadrlara çox ehtiyac vardı. Çünki baş rollara çox zaman kənardan aktyor gətirirdilər. Adil müəllim böyük bir məktəb yaratdı. Orda Muxtar Maniyev, Tariyel Qasımov, Cənnət Səlimova dərs deyirdi. Ayrı-ayrı rejissorlar dəvət olunurdu, mühazirə oxuyurdular. Adil müəllim bədii rəhbər idi, mən də sərəncamçı direktor idim. Hətta Adil müəllim göstəriş vermişdi ki, çəkilən bütün filmlərdə əsas və ikinci dərəcəli rollarda o kursun uşaqları uyğun gəldikcə mütləq çəkilməli idilər. Onun tapşırığı ilə ssenari ilə tanış olurduq. Əgər tələbələrimizdən hansılarasa uyğun rol olurdusa, həmin rola kənardan aktyor, aktrisa çağırmağa qoymurduq. Bu, Adil İsgəndərovun gücü, şəxsiyyəti hesabına başa gəlib. Adil müəllimin vaxtında kinoya milli aktyorların, rejissorların, ssenaristlərin kütləvi axını başladı.

 

Almaz Əsgərovanın da studiyada təhsilini bitirdikdən sonra çox uğurlu kino karyerası başlamışdı. O, Kinostudiyada ştatda idi. Böyüklü-kiçikli bütün kinolarda mümkün rollarda bir növ məcburi o uşaqlar, eləcə də Almaz çəkilirdi. O cümlədən, tapşırılmışdı ki, dublyajda ikinci dərəcəli səslərdə, epizodlarda da onlar iştirak etsinlər. Bu, həm də onların işi idi. Onlar işçi kimi pul qazanır, maaş alırdılar".

 

Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradır - "Qanun naminə"də Salamatovun xanımı, "Mən ki, gözəl deyildim"də Elmira, "Ulduzlar sönmür"də Fatimə. Daha sonra "Bir cənub şəhərində" Solmaz, "Ürək... Ürək...", "İstintaq davam edir", "Uşaqlığın son gecəsi", "Xatirələr Sahili", "Siyavuş haqqında dastan" filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi "Vaqif" filmində Xuraman obrazı üçün hazırlayırdı. Lakin onun ölümü bu ideyanın həyata keçməsinə mane olur. Onu "Sevil"ə də çəkmək istəyirdilər.

 

Müsahibim deyir ki, o dövrdə Kinostudiyanın Aktyor şöbəsində bütün dünya aktyorlarının, eləcə də azərbaycanlıların kataloqları var idi: "Biz bu uşaqların hamısının şəkillərini çəkib bütün SSRİ-nin kinostudiyalarına göndərirdik. Başqa ölkələrdən də bizə gəlirdi o cür şəkillər. Bunu ona görə edirdik ki, bizə lazım olan tipləri kataloqdan tapsaq, çağırıb öz filmlərimizdə çəkək. Bir növ ölkələr arasında əlaqələr qurulsun. Həmin əlaqələrin nəticəsidir ki, o illərdə aktrisa "Tacikfilm"in Firdovsinin "Şahnamə"si əsasında çəkdiyi "Rüstəm və Söhrab" filmində baş rola çəkilir”.

 

Yuxarıda da qeyd etdiyimiz kimi, Almaz Əsgərovanın kinoda ən məşhur və yaddaqalan obrazı Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi "Nəsimi" filmindəki Şəms roludur. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi.

 

Uğursuz izdivac, yoxsa bitməyən məhəbbət əfsanəsi?

 

Bildirilir ki, Almaz Əsgərova Azər İsmayılovla 1970-ci ildə ailə qurub. Onların tanış olması haqdakı məlumatları isə Şeyx Əbdül Mahmudbəyov bu cür inkar edir: "Azər Süleymanov da bizim işçimiz idi. İkinci rejissor işləyirdi. "Qanun naminə" filmində Azər Süleymanov assistent-rejissor işləyirdi. Almaz da orda kiçik bir rola çəkilirdi. Orda tanımışdılar bir-birini. Ona qədər Almazın böyük bir həyatı vardı. Oxumuşdu, filmlərə çəkilirdi. Azər onu artıq ikinci mərhələdə, filmlərə çəkilməyə başlayarkən görmüşdü. Onunla ailə qurdular. O ailə o qədər uğursuz alındı ki, Almazın bütün həyatı məhv oldu. Azər evin bir oğlu idi, rəhmətlik anası onu tək böyütmüşdü, ona görə də oğlunu çox qısqanırdı, Almazı heç yola vermirdi. Neçə dəfə getdik, danışdıq, yola gətirməyə çalışdıq, amma alınmadı.

 

Bu evlilikdən onların İlham adlı bir oğlanları oldu. Həmin problemlər ucbatından çox keçmədən onlar ayrıldılar. Hətta qaynanası onları boşadandan sonra Azərə özünün bacısı qızını almışdı. Azərin o evlilikdən bir qızı da var. Sonradan o qız məni tapmışdı. Hazırda onunla "salam-kəlamımız" da var".

 

Almazla Azərin ayrılığı ilə bağlı internet versiyasında isə bunlar yazılıb: "Almazın bacısı Səmayə xatırlayır ki, Azərlə Almaz bir-birilərini əfsanəvi məhəbbətlə sevirdilər, yeganə övladları, İlham, hər ikisinin canı idi. Bütün çəkilişlərə bir yerdə gedirlərmiş. Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asarmış. Hər yerdə həmişə birlikdə olublar.

 

Lakin 1983-cü ildə Azərin Moskvada vəfat etməsi Almaz Əsgərovanı sarsıdır. O dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır".

 

Onu da qeyd edək ki, Azər bəyin qohumları tərəfindən də bu xəbərin yanlış olduğu, onların öncədən ayrıldıqları, Azərin başqa qadınla evləndiyi və Moskvada deyil, Qorkidə həyatını itirdiyi söylənir.

 

Ayrılandan sonra Almaz xanım oğlu ilə birgə yaşayır. Sonradan kinostudiyadan bir nəfərlə də münasibətləri yaranır, ailə qurmaq istəyirlər, amma o da alınmır, evlənə bilmirlər. Elə bil bu cür yaraşıqlı, gözəl, istedadlı qızın həyatda qətiyyən bəxti gətirmirdi. Təəssüf ki, ailə problemləri onu tədricən sənətdən uzaqlaşdırır. Milli Dram Teatrına dəvət edilsə də, bu təklifi qəbul etmir.

 

Vədəsiz son...

 

Ta uşaqlığından başlanan həyatın əzablı yolları aktrisanı çox erkən yorur. Bir aktrisa kimi karyerasında tapdığı uğuru qadın, kimi şəxsi həyatında heç cür tapa bilməyən Almaz Əsgərova 1988-ci ilin avqust ayında 39 yaşında vəfat edir. Onun vəfatı haqqında da müxtəlif fikirlər var. Şeyx Əbdül Mahmudbəyov həmin günləri belə xatırlayır: "Almaz xanımın ölümü də çox müəmmalı oldu. Mən onda Moskvada oxuyurdum. Mənə xəbər gəldi ki, Almaz xanım rəhmətə gedib. Ürəyi dözmədi öldü, ya intihar elədi, bilinmədi. Moskvadan qayıdandan sonra onun oğlunu çox axtardım, amma tapa bilmədim. İndi də bilmirəm ki, hardadır, nə işlə məşğuldur. Belə peşəkar, istedadlı, gözəl, Azərbaycan kinosu üçün çox lazımlı bir aktrisanın, məsum xanımın taleyi bu qədər əzablarla dolu oldu və nəticədə o, vaxtsız aramızdan ayrıldı. Ona görə mən həmişə deyirəm ki, naxış, bəxt mütləq lazımdır. Amma o naxışı, o bəxti qorumaq, inkişaf etdirmək insanın özündən asılıdır. Almaz xanımın həm doğmaları tərəfdən bəxti gətirmədi, həm də ailədən. O, çox ümidverici aktrisa idi. Mən inanıram ki, Almazın taleyi bu cür olmasaydı, o, ən məşhur, ən uğurlu aktrisalardan biri olacaqdı. Biz bu hadisələrin, o əzabların içində böyük bir istedadımızı itirdik".

 

Təəssüf ki, Azərbaycan kinosunun Şəmsi parlamağa, milli kinematoqrafiyanı öz nuru, işığı ilə bəzəməyə macal tapmamış həyatdan getdi. Onun gedişi ilə Azərbaycan gələcəyin ən parlaq, ən uğurlu aktrisalarından birini itirdi. Amma milli kinomuzun Şəmsi parladıqca Almaz Əsgərova da yaşayacaq!

 

Şahanə Müşfiq

525-ci qəzet.- 2020.- 4 iyul.- S.24.