Yeni dövrün
qaçılmaz fenomeni: elektron kitab
COVİD-19
pandemiyasının insanlığı təhlükə
altında saxladığı bu günlərdə iş yerləri,
əyləncə məkanları bağlanan, günün az qala bütün hissəsini evdə
keçirməyə məcbur qalan insanlar vaxtlarını
doğru, faydalı və əyləncəli dəyərləndirməyin
yollarını axtarmağa başladılar.
Əlbəttə, bu məşğuliyyətlərin
başında kitab oxumaq gəlirdi. Çünki kitab bu günlərdə
insanlara ən çox lazım olan şeyləri verir; stressi
azaldır, yuxusuzluğu aradan qaldırır, empatiya
duyğusunu gücləndirir, beyin funksiyalarını sürətləndirir,
tənhalıq hissinin qarşısını alır,
depressiyadan xilas edir, ya da lap başından depressiyanın
yaranmasına əngəl olur, həyatdakı çətinliklərlə
daha yaxşı mübarizə aparmamızı təmin edir,
insanı daha sosial edir, yaddaşı gücləndirir, hisslərimizi
daha yaxşı ifadə etməyə kömək edir,
dünyanı daha yaxşı yerə çevirmək
üçün güc verir. Bütün
bunlarla yanaşı, həm də evdə keçən
darıxdırıcı karantin günlərində ən
yaxşı dostumuza çevrilən,
yalnızlığımızı paylaşan kitabları niyə
sevməyək, oxumayaq ki?!
Müşahidələr də onu göstərdi ki,
pandemiya insanların kitaba yenidən qayıtmasına şərait
yaratdı. Karantin rejiminin əvvəllərində nəşriyyat
direktorları da kitaba olan tələbatın
artdığını demişdilər.
Elektronlaşma
dövrünün kitabları...
Ancaq Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə
tətbiq edilən sərt karantin rejimi bir çox iaşə
obyektləri kimi, kitab mağazalarının da zaman-zaman fəaliyyətini
müvəqqəti dayandırmasına səbəb olur. Doğrudur, bəzi
böyük kitab mağazaları onlayn sifariş və
çatdırılma həyata keçirsələr də, o
da vaxt alan bir prosesdir. Bu yerdə
yadımıza elektron və ya PDF kitablar düşür.
Sürətlə inkişaf edən texnologiya
çox şey kimi kitabları da telefonlarımıza,
planşetlərimizə və ya elektron kitab cihazlarına
sığdırmağı bacardı.
Tarixinə nəzər salsaq, həm də
yazıçı və ixtiraçı olan ispaniyalı
müəllim Angela Ruiz Robles hamımızın bildiyi elektron
kitabların ilk versiyasını yaradıb. 1949-cu ildə "Mexaniki
ensiklopediya"nın patentini alıb. Kitab-düymələrin, işıqların və
çevrilə bilən səhifələrin yer
aldığı elektrikli cihaz idi.
Elektron kitab, elektron mürəkkəb texnologiyası ilə,
minlərlə kitabı nazik bir planşetdə gəzdirməyə
və istədiyiniz yerdə dərhal istədiyiniz kitabı
oxumağa imkan verən inkişaf etmiş bir texnologiyadır. Bu kitablar
çıxandan sonra müəyyən qədər ənənəvi
kitaba olan maraq səngidi. Dünyada
kağız kitabların satışında azalma
müşahidə olundu. Bu da yəqin ki,
elektron kitabların bəzi üstünlüklərindən irəli
gəlirdi. Belə ki, elektron kitablar iri həcmli
kitabları yanımızda daşımaq, əldə tutub
oxumaq məcburiyyətindən bizi azad edir, hansı kitabı
oxuduğumuzu heç kim bilmir,
qaranlıqda da oxumaq olur, kitab üçün mağazaya,
kitabxanaya getməyə gərək qalmır, yazının,
şriftlərin ölçüsünü dəyişmək
olur və sair. Eyni zamanda, bəzi mütəxəssislər
iddia edirlər ki, bu kitabların çoxalması və
kağız nəşrlərin azalması meşələri
də kəsilməkdən qoruyacaq.
Doğrudur, ənənəvi kitabın qoxusu, vərəqləri
çevirmək həzzi, kitabla təmas edərkən müəllifə
və obrazlara daha yaxın olduğunu hiss etmək başqa bir
zövqdür.
Bu zövqü elektron kitablardan almaq olmur. Eyni zamanda, elektron kitablar həm gözə
ziyandır, həm də beynin qavramaq qabiliyyətini ləngidir.
Yəqin buna görədir ki, son illərdə
dünyada istehlak seqmenti üzrə elektron kitabların (məhz
kitabların, cihazların deyil) satışı ciddi dərəcədə
azalıb. Əksinə, kağız kitab və
jurnalların, həmçinin, uşaq kitablarının
satışı artıb. Eyni tendensiya
ABŞ-da da müşahidə edilir. "Euromonitor
International" analitik şirkətinin məlumatlarına əsasən,
2011-ci ildən 2014-cü ilə qədər olan müddətdə
elektron kitab və cihazların satışı 40 faiz
azalıb.
Elektron kitabların mənfi və müsbət cəhətləri
nələrdir, onlara münasibət necədir? Respondentlərimizə
bu suallarla müraciət etdik.
Fransada
elektron kitablara tələb azalıb
Fransada yaşayan azərbaycanlı yazıçı
Şahin Sinaria deyir ki, elektron kitablar bir müddət öncə
Fransada da dəb halını alıb. Amma sonradan insanlar ənənəvi
kitaba qayıdıblar: "Təxminən 5-6 il öncə
Fransada elektron kitablar çox dəbə düşdü. Bir ara hamı oxuyurdu. Amma bu, elə
də uzun çəkmədi. Elə bil
bir dalğa idi, qalxdı, tez də səngidi. İndi insanlar ənənəvi kitaba daha çox
üstünlük verirlər. Şəxsən,
mən özüm PDF kitablar heç vaxt oxumamışam, belə
bir fikrim də yoxdur. Çünki qətiyyən
xoşlamıram. Kitabı əlimdə
tutmağı, vərəqləri çevirməyi,
yarımçıq qalanda vərəqlərin arasına əlfəcin
qoyub, sonra qaldığım yerdən davam etməyi sevirəm.
Elektron kitablarda bu zövqü ala bilmərəm.
Mənə elə gəlir ki, elə bunlara
görə də Fransada elektron kitabların oxunması aşağı
düşüb. Məsələn, Dostoyevskini,
Şekspiri, Puşkini planşetdə, telefonda oxumağı
anlaya bilmirəm. Elektron kitabların müsbət
bir cəhətini görmürəm. Bəzi
məqamlarda ədəbiyyatda modernizmi anlamıram".
"Elektron
kitablar zamanın qaçılmaz tələbidir"
Şair
Şəfa Vəli ənənəvi kitaba əlinin yetmədiyi
zamanlarda elektron kitablardan kömək aldığını
deyir: "Son iki ildə məcburən elektron kitablar oxuyuram. Açığı, istədiyim effekti vermir.
Kitabı əlimə alanda onun qoxusu gəlmədisə, səhifələri
çevirəndə eşidilən xəfif
xışıltı məni həyəcanlandırmadısa,
oxucu kimi zövq almağım çətinləşir... Bəzən bir kitabı 3-4 saata oxuyub bitirirdim.
İndi elektron kitabın birini, ən tezi, 4-5
günə oxuyuram. Həyəcan yoxdur bu oxu prosesində...
Di gəl, oxumadan da yaşamaq olmur. Kitab oxumadan, bir ay nədir, bir gün keçirən
insanların daha heç nəyə həyəcanlanmadığını,
heç nədən zövq almadığını
düşünürəm. Yenə də,
əlimizin kitablara çatmadığı zamanlarda
"PDF"ləri tapdığıma şükür edirəm".
Teatrşünas
Elçin Cəfərov öz sahəsiylə bağlı
kitabları daha çox elektron tapa bildiyini deyir: "Elektron
kitablar zamanın qaçılmaz tələbidir. Zamanın sürətli ritmi, kütləvi internetləşmə
həyatın bütün sahələrinə təsir
göstərdiyi kimi, mütaliə vərdişlərimizə
də təsir edib. Artıq bizə
lazım olan biliklərin böyük qismini kağız
daşıyıcılardan yox, elektron
daşıyıcılardan əldə edirik. Şəxsən, mən PDF kitablardan çox istifadə
edirəm, çünki məşğul olduğum sahə ilə
bağlı kitablar, demək olar ki, yox dərəcəsindədir.
Azərbaycan dilində isə teatr ədəbiyyatının
qıtlığı da heç kəs üçün sirr
deyil. Bu gün dünyanın hər
hansı ölkəsində nəşr olunan kitabın Azərbaycana
gəlib çıxması üçün böyük vaxt
lazım olur. O səbəbdən, xüsusilə yeni ədəbiyyatı,
bir qayda olaraq, elektron resurslardan oxuyuram. Mobilliyi,
yığcamlığı və rahat daşınma
xüsusiyyəti elektron kitabların üstün cəhətlərindəndir.
PDF kitabın bir üstün cəhəti də
çox rahat axtarış sisteminin mövcud olması ilə
bağlıdır. Sadəcə Ctrl+F
düyməsini sıxmaqla, PDF kitabda bizə lazım olan hissəni,
sözü asanca tapa bilərik. Ancaq təbii,
bu o demək deyil ki, ənənəvi kitablar artıq gərəksizdir.
Qətiyyən belə deyil. Kitabın
səhifələrinə toxunmağın, ətrini
duymağın yerini nə planşet, nə noutbuk, nə də
telefonla PDF kitab oxumaq verə bilər".
"Kitabı
elektron oxuyanda uzun müddət yadımda qalmır"
"Hədəf"
nəşrlərinin direktoru, yazıçı, şair Səbuhi
Şahmursoy məcbur qalmadıqca elektron kitabdan istifadə
etmir: "PDF kitablara arabir müraciət edirəm, məcbur
olmadıqca elektron kitablardan qaçıram. Əsasən
də dilimizdə tapılmayan və ya heç tərcümə
olunmayan əsərləri oxumaq üçün rusca PDF
fayllardan istifadə edirəm. Çalışıram
ki, onları da satış saytlarından pulla alım. Ümumiyyətlə, əsasən bədii əsəri
kağız kitabdan oxumağı üstün tuturam. Çoxdan müşahidə etmişəm ki,
kitabı elektron oxuyanda uzun müddət yadımda qalmır.
Detalları tez unuduram. Bu da
oxuma sürətimi azaldır, çünki tez-tez geriyə
qayıdıb bəzi abzasları yenidən oxumalı oluram.
Kağız kitabda isə belə hallara nadirən
düşürəm. Ola bilsin, bu, ənənədən
gələn psixoloji məsələdir. Yəni
mən uşaqlıqdan kitabları kağızdan oxumuşam
deyə, informasiya qavrayışım da buna vərdiş edib.
İndi gənclərin əksəriyyəti mənim
misalımın əksini düşünür. Onlar hesab edir ki, kağız kitabdansa elektron kitab hər
mənada üstündür. Bəlkə də,
prinsipcə fərqi yoxdur, əsas kitabı mütaliə etməkdir.
Oxumaq yox, mütaliə etmək".
"Türkiyə
və Rusiyada bu sektor daha geniş inkişaf edib"
Türkiyədə
yaşayan azərbaycanlı yazıçı Ceylan
Mumoğlunun elektron kitablarla bağlı fikirləri müsbətdir:
"İnternet çağımızda elektron kitablardan
istifadə çox işimə yarayır. Elektron
kitablar kağız kitabı ortadan qaldıra bilməsə də,
"Heç bir işə yaramır" fikrini də dedirtmədi.
Çünki belə bir şey olmadı. Elə çağda yaşayırıq ki, uzaq məsafədən
xidmət göstərən istənilən kitabxanaya giriş əldə
etmək imkanımız var. "Google" axtarış
maşını ilə dostlaşdığımdan elektron
kitabları həm keyfiyyətli, müxtəlif formatlarda, həm
də sürətlə əldə etməyi öyrənmişəm.
Qələm dostlarım hansısa kitabı
tapmaqda çətinlik çəkəndə mənə
müraciət edirlər, bilirlər ki, yerin dibindən də
olsa, tapıb çıxaracağam. Kağız
kitabların hamısı mənə əlçatan
olsaydı, əlbəttə, elektron kitab oxumağa az vaxt ayırardım. Təsəvvür
edin, Tolstoyun "Hərb və sülh" əsərini
oxumaq üçün saatlarla ekrana baxırsınız, bunun
da orqanizm üçün zərərli tərəfləri
olduğunu yaxşı bilirik. Təəssüf
ki, oxumaq istədiyim kitabları, xüsusilə ana dilimizdə
olan ədəbiyyatı elektron variantda oxuyuram. Mənim kimi qürbətdə yaşayan biri
üçün bu yol əlverişlidir.
Müşahidələrimə görə, Türkiyə
və Rusiyada bu sektor daha geniş inkişaf edib. Əgər sosial şəbəkələr
üzərindən müqayisə aparsaq, onların kitab
qruplarında paylaşılan fayllar sistemli şəklə
salınıb, hər bir yazıçı, yaxud mövzuya
görə əsərlər qruplaşdırılıb,
"Facebook" xaricində fəaliyyət göstərən
"Google Drive", "Yandex" disk kimi iri həcmli depolama
saytlarına yerləşdirilib və oxuculara o cür təqdim
olunur. Bizim kitab qruplarında isə fayllar hələ pərakəndə
şəkildə paylaşılmağa davam edir,
çünki bu iş ayrıca zəhmət tələb edən
işdir. Düşünürəm ki, zamanla bu
məsələ də həll olunacaq. Elektron
kitabın müsbət cəhətləri çoxdur;
kağız kitabdan fərqli olaraq bir qurğuda minlərlə
elektron kitab saxlaya bilərsən, bir yerdən başqa yerə
aparmaq asandır. Lazım olduqda, oxuma
zamanı, şriftin formasını və
ölçüsünü dəyişmək
mümkündür. Bəzi proqramlar, nitq
sintezatorları, mətni səsləndirməyə imkan verir,
kağıza qənaət edilir. Mənim
üçün ən faydalı hesab etdiyim, elektron kitablarda kəlmələrin
axtarışının asanlığıdır. Bir kliklə istənilən sözü istənilən
kitabda tapıb yararlanmaq imkanı var. Mənfi tərəfi isə
elektron kitabları çox oxumağa aludə olduqda gözlərə
zərər verir. Bu nöqtədə gərək
ölçünü qaçırmayasan: dincəlmək də
lazımdır".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 7 iyul.- S.10