Səs sehrinin cazibəsi
XANƏNDƏ-MÜĞƏNNİ
ELNARƏ ABDULLAYEVANIN İFAÇILIĞI HAQQINDA EMOSİONAL
QƏNAƏTLƏR
Azərbaycanda muğam ifaçıları
arasında şirin, məlahətli, cazibəli
səslər çox
olub, var və əsrlər boyu mütləq olacaq da. Amma və di gəl ki, ustad
sənətkarlar arasında
bənzərsiz, təkrarsız
səs, ifa tərzinə malik qüdrət sahibləri az olub.
Çünki bənzərsizlik zirvəsində ecazkar sənət nümayiş
etdirmək hər kəsə qismət olmur.
Bu gün yurdumuzda
orta nəslə mənsub xanəndələr
arasında yaradıcılıqları
tarixə işləyən
istedadlar var, özü də kifayət qədər çoxdur. Səsi, avazı, ifa
tərzi, boğaz xırdalıqları, ritm
ahəngləri bənzərsiz
olanar isə çox azdır. Və bu "çox azlığın" özü
sənətin məhəg
daşıdır ki, seçib-seçmələməkdə çox sərt qaydaları var. Hətta bu qaydalar o dərəcədə
sərtdir ki, dediyim bənzərsizliyə
sənətkarlıq donu
biçmək hər
kəsə nəsib olmur. Təəssüflər
ki, bənzərsizlər
arasında aldadıcı
populyarlığın ucuz
şöhrətinə uyub,
peşəkarlığı artırmaqda laqeydliyə uyaraq dumana-çənə,
sisə-borana düşüb
yolunu azanlar da olub... Nə qədər yanğılı,
acı, kədərli
olsa da, buna xeyli misal gətirə
bilərəm.
Ulu tanrının
səs və ifa bənzərsizliyi əta elədiyi bir qism xanəndə
isə istedad və peşəkarlığı
qoşa qanad kimi qoruyub mənimsədikləri
üçün sənət
yolunda bütün xüsusiyyətləri ilə
seçilirlər. Cəsarətlə deyə bilərəm ki, belə səs
sahiblərindən biri
də Elnarə Abdullayevadır. Bu, mənim şəxsi qənaətimdir və onu bəyan edib kimlərisə inandırmaq üçün
kifayət qədər
arqument gətirə bilərəm. Ancaq buna
ehtiyac duymuram. Sadəcə
olaraq sırf Elnarə Abdullayevanın xanəndəlik səriştəsinə,
oxu tərzinə, avaz ecazkarlığına
xas olan müəyyən estetik səciyyə özəlliklərini
özüm qavrayıb
qəbul etdiyim kimi, əlavə izahat vermədən, emosional duyğular işığında musiqisevərlərə
çatdırmaq istəyirəm.
Onu da deyim ki, kimsə
mənimlə bəhs
edə bilər, amma mənim heç kəslə cəhl çəkmək
fikrim yoxdur.
Azərbaycanda bir qism musiqişünaslar
var ki, "xalqımızın bir muğam məktəbi var" fikrində israrlıdırlar. Ancaq əslində, Qarabağ
və Şirvan muğam ifaçılıq
məktəbləri mövcuddur.
Bəri başdan deyim ki, fikrimcə, Elnarə Abdullayeva muğam ustadı kimi sırf Şirvan ifaçılıq
məktəbinin bütün
incəliklərini mənimsəmiş
sənətkardır.
Elnarənin tarla, kamanla qolboyun olan məlahətli,
ecazkar səsi tütək yanğısına,
balaban həzinliyinə
də lirik məsumluqla yatır, qara zurnanın harayında da şövqlə
qanad çalır. Bu qanadçalmada xanəndənin
səsinin hayqırtılı
şaqraqlığında ecazkar
cazibə və aydınlıq, cəngavərlik
və hünərvərlik
ahəngi var.
Çox-çox qədimlərdə, bizim eradan əvvəllərdə
yurdumuzda qadın və kişi
yuğçular olublar.
Onlar dünyasını dəyişən
el igidinin yas günündə yuğlama
mərasimi keçirər,
ərənin cəngavərliyini
ağı üstündə
sözlə, musiqiylə
vəsf edərdilər.
Elnarə "Segah",
"Şiraz bayatısı",
"Şüştər", "Cahargah" muğamlarının
çoxçalarlı, əlvan
xallı-naxışlı zəngulələrində
ağının harayı
ilə dinləyici duyğularını kədər
katarsisindən (təmizlənməsindən)
keçirir. Onun acılı-şirinli, ağılı-mərsiyəli çalarlarla cilvələnən
boğaz qaynatmalarında
ilahi qəmin poetik və ülvi, zərif və munis, müqəddəs və
halal təmizliyi var.
Elnarə muğam, təsnif, mahnı ifasında çeşid-çeşid zəngulələr
vuranda duyğuları
sarı sim kimi titrədir. Gözəllik, sənətkarlıq, yüksək
peşəkarlıq orasındadır
ki, xanəndə-müğənninin
zildə, bəmdə,
az qala
pıçıltılı yanğısında da nə
boğazının cingiltisi
qovuşur, nə sözünün cazibəsi
titrəyib ahəngini
itirir, nə də dinləyiciyə təsirinin emosional zərifliyi azalır. Xanəndənin səsi çox qəmli məqamlarda da üşüyüb
öləzimir: təmizdir,
safdır, aydındır,
ifadəlidir, həzindir,
kövrəkdir.
"Şur", "Rast" üstündə
oxuyan Elnarənin səsinin mayasında
"Segah" naləsinin,
həzinliyinin hayqırtısı,
ruhu var. Və bu dinamik
ritmlə, bu harmoniya ahəngiylə, bu təranə ləngəriylə "Şiraz
bayatısı"na keçə
və Şirvan aşıqlarına xas olan oxusuyla səsinə-sözünə
möhtəşəm çeviklik
verə bilir.
Elnarənin ağıyla
yoğrulan naləsinə
yazıqlıq, məzlumluq
yaddır. O, sinədən
bulaq kimi kükrəyib gələn
səsinin büllurluğu,
genişliyi ilə naləyə, yanğıya
sanki cıdır meydanı açır. Bu meydanda müxtəlif
muğam xalları titrək-titrək bir-birinə
sığınır.
Elnarənin boğaz
xalları lalə ləçəyində titrək
sübh şehidir, deyirsən bəs indicə çiçəyin
bağrındakı qara
xalı yarıb ruhumuza ülvi sərinlik təravəti çiləyəcək.
Elnarə oxuyanda
səsi də, gözü də, çöhrəsinin duyğu
harmoniyasının cizgiləri
də oxuyur. Yalnız qüdrət sahiblərinə xas olan nəfəs genişliyi - idrakla qavrama - emosional duyğu bir-birinə dodaq söykəyib Elnarənin ifasının
təsir gücünü
qat-qat artırır.
Elnarənin duet
oxusunda bir qədər qəribə,
bir qədər sehrli, bir qədər
məhrəm, bir qədər dadlı-duzlu,
bir qədər də şirin çalarlı cazibə var. "Boz dağlardan, qayalardan enir gəlir düzə maral" misralarını ifa edəndə o sehrli səs elə bil maralın ecazkar buynuzlarına kəmənd atıb önümüzdəki laləzarlı
çəmənzarlıqda onu saf duyğularla
cövlan etdirir.
Elnarənin ifasında
"Sona bülbüllər"in
təqdimində sonalığın,
məsumluğun bakirəliyi
var. Mənə elə gəlir ki, bu səpkili
mahnıları və
bütün muğamları
ifa edəndə gözünü yumsa da, özü öz səsini görür. Səsin rəngini görür, dadını-tamını hiss
edir. Bu sehrli səsin hardan gəlib hara getdiyinə xoş ləhcəsi, sirli avazı, ürək yanğısı,
qəlb duyğusu, boğaz titrəmələri
ilə sarbanlıq edir. Onun səs
sarbanlığı könül
duyğusunun karvanını
hara apardığını
çox yaxşı bilir. Elnarə Abdullayevanın səsi
ilğımlı səhrada
da, kəhkəşanda
ulduzları görünməyən
zülmət qaranlıqda
da gedəcəyi yolu, bəndi-bərəni,
səmti itirmir, azmır. Əksinə, sözlə səsi öpüşdürüb ilğıma
və zülmətə
nur ziyası çiləyir ki, biz onu ancaq içində yuyunduğumuz səsin sehri ilə duyuruq.
Elnarə "Bülbül"ün çoşqunluqla
ifasında xanəndə
və aşıq boğazlarına, xallarına,
zəngulələrinə ecazkarlıq
donu biçir və bu halət
bütün daxili duyğularımızı titrədir.
Titrədib qanadlandırır.
Qanadlandırıb şən-şux
ovqat leysanında nur içə-içə
pərvazlanır.
Elnarənin ağı-mərsiyə
harayında möcüzəli
səhrada azan zavallının tanrıdan
imdad diləyən yalvarışı var. Bu yalvarışların gözəlliyi, hüsnü,
təravəti onun üşıqlı ümidə
bülənməsindədir.
İlham RƏHİMLİ
525-ci qəzet.-
2020.- 8 iyul.- S.13