Bir ömrü yaşatmaq üçün...

 

Professor  Məcid  İsmixanovun 80 illiyinə

 

 

 

Telefonum zəng çaldı, götürdüm, səs mənə tanış gəldi, bəlkə də heç zaman danışmadığım tanışımın idi və bu "heç zamana" təəssüfləndim: bu da bir soyuqluq əlamətiydi - gizlətməyə hacət yoxdur, sonra da yaşlı nəsil gənclərdən gileylənir, gedib "atalar və oğullar" gerçəkliyinə çıxırıq.

 

Biz belə doğulmamışıq, axı. Bəs səbəb nədir? Başlıcası qayğılarımızın günbəgün başımız üstündə asılmasıdır. Güman, bu da keçib gedəcək: həmişə bu məsələyə nikbin baxmışam, görünür, qəfil zəngə reaksiya verməyim belə bir inamın məntiqiymiş.

 

- Salam, Məcid müəllim. - Onu qabaqladım. O isə bir qədər tərəddüddən sonra dedi:

 

- Allahverdi müəllim, gözləməzdim Siz səsimi tanıyasız. - Azca susdu, güman elədim ki, bu səs Məcid müəllimi ani olaraq ötən on illərin xatirəsinə, ötən əsrin 60-cı illərinə aparıb. Hər ikimizi cüzi kurs fərqiylə keçmiş məşhur Azərbaycan Pedaqoji İnstitutunda təhsil aldığımız illərə qaytarıb. Əslində, mən də o nostalji hissləri yaşadım.

 

... 1959-1964-cü illərdə (eləcə də Məcid İsmixanov) APİ-nin Bakıxanov kü-çəsində yerləşən məşhur yataqxanasında qalırdım. Tələbələr - bizlər, hər gün, hər saat görüşürdük, ünsiyyətdə olurduq. Maraqlı söhbətləri, elmi mübahisələri, müzakirələri bir yerdə aparırdıq, heç vaxt sərt məqamları bir-birimizə rəva görmürdük. Axşamlar yataqxananın bağçalı, ağaclı həyətində gəzişir, kiçicik futbol meydançasında futbol oynayan yoldaşlarımıza azarkeşlik edirdik. Yalnız meydançanın ortasından keçən tramvay xətti və onun üzərində yırğalanan tramvay oyunu dayandırırdı. Bu gün ən qədim və dünyanın ən möhtəşəm şəhərlərində qorunub saxlanılan tramvay nəqliyyat vasitəsi yadigardır, bizim başbilən rəsmilərimiz tramvayları məhv etdilər, xəcalət çəkmədilər də... Nə yaxşı insanların, xüsusilə, ziyalıların xatirələrinə müdaxilədən çəkindilər, yoxsa dünənimizdə qalan o insanları, müəllimlərimizi, pedaqoq - alimlərimizi elmin gücü ilə unutdurardılar.

 

Məcid İsmixanovla söhbət edərkən ali məktəb müəllimlərimizi, professorları, elm xadimlərimizi, öncə qayğıkeş müdrikləri hafizəmə gətirdim, kimlər idi bu simalar? Əhməd Seyidov, Mərdan Muradxanov, İsfəndiyar Vəlixanlı, Cəfər İbrahimov, Şövqi Ağayev, Ağamməd Abdullayev, Əbdüləzəl Dəmirçizadə, Əkbər Bayramov, Əbdül Əlizadə, Əhəd Hüseynov... Onlar haqq dünyalarına qovuşsalar da, tələbələrinin yaddaşında əbədiləşmişlər, Allah onların qəbrini nurla doldursun.

 

... Bir gün "Azərbaycan gəncləri" qəzetində "İki bilet" adlı məqalə çıxmışdı, imzası APİ-nin tələbəsi Məcid İsmixanov idi. Sensasiya doğurmuşdu, qoyulan məsələnin tərbiyəvi cəhəti: gənclərin saflığı, əqidəsi, düzgünlüyü və sair. Xüsusilə, trolleybus və tramvay sürücüləri arasında. Nə idi səbəb?

 

Tələbə Məcid İsmixanov trolleybusla instituta gedərkən basabasda bilet almağa imkanı olmur. O vaxt həm tramvayda, həm də trolleybusda bilet verən bir nəfər olurdu, qiyməti 2-3 qəpik arasında. Səhərisi Məcid məhz həmin trolleybusa minir və iki bilet alır, pulun qalığını qaytaranda Məcid deyir ki, mən təkəm, amma mənə iki bilet verin. "Niyə belə?" sualı təbii idi. Cavabında bildirir ki, dünən imkan olmadı bilet götürüm, bu pul dünənki gediş haqqımdır...

 

Bu epizod bəlkə də kimlərə adi görünər, "nə olsun ki!" cavabını səsləndirər. Yox, səhv qənaətdir. Məsələ "3 qəpik"də deyil, bir gəncin, pula ehtiyaclı tələbənin içində olan təmizlikdən, əqidədən gedir.

 

Maraqlıdır, mən tələbə yoldaşıma söhbəti xatırladanda Məcid müəllimin simasındakı nostalji hisslər oyandı, ağarmış saçlarına əl gəzdirdi, gözləri yol çəkdi. Mən ixtiyarsız onun qamətini, zil qara saçlarını xəyalıma gətirdim. Və kövrəldim, illər öz işini görmüşdü, gənclik coşğunluğumuzu əlimizdən almışdı. Axı, yaşamaq hələ intellektuallıq deyil, bir emosional coşğunluq da var! Müdriklik ömrü udmaq da deyil. Dahi Marks elə-belə yazmamışdı: "İnsan yalnız təfəkkürü ilə deyil, bəlkə də bütün hissləri ilə əşyalar dünyasında özünün insanlığını təsdiq edir".

 

İnsan əlbəttə, daima hərəkətdə və mübarizədədir - başqa yolu yoxdur, xüsusilə, alim - pedaqoqlar, onlar üçün bu amal əbədi hissdir, intəhasız peşədir, sənətdir. Mən ikinciyə üstünlük verirəm, çünki pedaqogika elmi, yaşamaq və ya yaşatmaq sənətidir, burada həm emosional, həm də zehni hərəkət birləşir. Deməli, sənətimizin vəzifəsi sadəcə tərbiyə vermək yox, inkar, yaxud təsdiq yolu ilə əks etdirməkdir. Pedaqoq çağdaş mürəkkəb həyatın olayları içərisindən hətta vaxtı ötmüşlərlə bərabər, yenilikləri də nəzərə alır, mahiyyətli cəhətlərinə varır və şəxsiyyəti birinci plana çəkir.

 

Mən belə bir qənaətimə gəlməyimdə haqlıyam: elmdə imzası seçilən, addım-addım yüksələn və yüksəldikcə insana yaxınlaşan, ömrünü bu sənətin ecazkarlığına bağlayan pedaqoji elmlər doktoru, professor Məcid İsmixanovun nəzəri və praktik fəaliyyəti danılmazdır. Təəssüf edirəm ki, yüksək elmi dairədə pedaqogika elminə soyuq yanaşanlar yox deyil, özləri öz nəticələrinin səbəblərini izah etməkdə çətinlik çəkirlər - həqiqətdir bu və şəxsi müşahidələrimin pıçıltısıdır. Pedaqoqların üstünlüyü həm davranışlarında, həm də öyrətmək sənətində özünü büruzə verir: onlar - pedaqoq-müəllimlər yüksək mədəniyyətə və estetik zövqə, mürəkkəb ideyaları gənc nəslə aşılamaqda, cəmiyyətdə baş verən proseslərə çevik münasibətdə irəlidə getmişlər, sarsılmamışlar, rəsmi nüfuzlular qarşısında sınmamışlar. Görünür, bunun səbəbindəndir ki, tərbiyə - təhsil - öyrətmə təmayüllü ali məktəblərə birinci şəxs - pedaqoq vəzifəsi hələ də təyinat almamışdır, dəxli olmayan peşə - ixtisas sahibləri pedaqoqluq etmişlər, bu seçimi mən paradoks hesab edirəm bu gün də. Belə bir real və məntiqi gedişi çox simalarda axtarmışam.

 

Professor Məcid İsmixanovun keçdiyi həyat yolu başdan-binadan ibrət mək-təbidir. Adi ailədən çıxıb yüksək tərbiyə almış, məhz pedaqoqluq sənətini seç-miş, M.Muradxanovun, İ.Vəlixanlının, Sədi Əfəndiyevin, Şövqi Ağayevin, Əbdül Əlizadənin və başqa müqtədir alimlərin xeyir-duası ilə aspiranturada təhsilini davam etdirmişdir.

 

Bir qısa haşiyə: Məcid İsmixanov II Dünya Savaşından 1 il sonra, Böyük Vətən Müharibəsinə isə bir il qalmış, Quba rayonunda doğulub. Bu bölgə o vaxtlar Qonaqkənd adlanırdı. 1958-1962-cı tədris illərində xatırlatdığım kimi, ADPİ-də təhsil almış, fərqlənmə diplomu ilə bitirmiş, institutda assistent - müəllim kimi saxlanılmışdı. O illərdə hər məzuna yalnız "fərqlənmə"silə etimad göstərilmirdi. İl boyu onun həm ictimai fəaliyyəti, xüsusilə, elmə ciddi marağı və səriştəsi nəzərə alınırdı. M.Muradxanovun, Əhməd Seyidovun, İ.Vəlixanlının, Şövqi Ağayevin və digər nüfuzlu alimlərin müsbət fikri həlledici olurdu (Heyif ki, bu gün belə bir obyektiv meyar aradan qaldırılıb, formal qiymətlər ortaya atılıb). Belə bir etimadı doğrultmaq lazım gəlirdi. Məcid İsmixanov istedadı və bacarığı, zəhmət-sevərliyi və iradəsi naminə öz sözünü dedi. Pedaqoji ruhlu məqalələri qəzetlərdə, jurnallarda çap olunur, bəzən bu gəncin ortaya atdığı problemlər kafedrada müzakirə obyektinə çevrilirdi. Bu yanaşma həm də diqqətlilik əlamətiydi.

 

"İbtidai təhsil pedaqogikası" kafedrasında son dərəcə işgüzar alimlər çalışırdılar. M.İsmixanov bu yaşında da onları hörmətlə xatırlayır. Mən qürurlanıram ki, həmin simalar vaxtilə mənim də müəllimlərim olmuşlar və bu borcumu cüzi də olsa yerinə yetirməyə çalışmışam. M.Muradxanov, Ş.Ağayev, A.Abdullayev, Ə.Əlizadə, Yusif Talıbov və başqaları haqqında oçerklər qələmə almışam.

 

Ordudan (1962-1964) qayıtdıqdan sonra baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmiş, tədqiqatlarının dairəsini genişləndirmişdi. 1968-ci ildə "Azkomplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdı. Bir il sonra dosent, 2003-cü ildə professor oldu. Hazırda BDU-nun professoru olaraq fəaliyyətini davam etdirir.

 

Professor M.İsmixanov heç bir halda vəzifəyə aludə olmayıb. İtalyan rejissoru Fellini demişkən, "Mən axtarmıram, tapıram" həqiqətini gözləyib. 1982-1987-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan "Azər-baycan məktəbi" jurnalında redaktor vəzifəsində işləyib. Bu sətirlərin müəllifinin fəaliyyətinin müəyyən bir qismi (1974-1976) məhz bu "Ana jurnal"la bağlıdır. Geniş diapozonlu dərginin profil istiqamətinin formalaşmasında Məcid müəllimin xüsusi xidmətini qeyd etməliyik. Bu zaman kəsiyində biz redaksiyada tez-tez görüşürdük, fikir mübadiləsi aparırdıq. O, məqalələrin profil istiqamətilə yanaşı, elmi strukturuna və üslubuna da diqqət yetirirdi. Jurnal Məcid müəllimin eyni zamanda, jurnalistik səriştəsini reallaşdırırdı.

 

1987-ci ildən həyatını BDU-ya bağlayan professor Məcid İsmixanovla söhbətimizdə o, maraqlı, işgüzar və elmi səriştəli kafedrada - "Pedaqogika"da məmnunluqla çalışdığını vurğulayır, güclü potensiala malik olduğunu unutmur və xatırlayır. Az-çox mənim də məlumatım var ki, professorlardan L.Qasımova, H.Əlizadə, dosentlərdən S.Allahverdiyeva, R.Bəxtiyarova və digərləri alimliklə, müəllimliklə yanaşı, son dərəcə səmimi dost, həmkardırlar, mənfi emosiyalardan uzaqdırlar. Mən insanlıq faktorunu alimlikdən heç də az qiymətləndirmirəm. Antik filosoflardan tutmuş yazıçılaracan insanlığı ön planda vermişlər. Volter Skott əbəs yazmamış ki, əzizim, yaxşı insan ol, fəzilətli insan ol! Yatağa düşdüyün zaman bundan artıq heç bir şey sənə təsəlli verməyəcəkdir.

 

Əlbəttə, əks mövqedə duranları duymaq gərəkdir, heç bir kəs anadan bədxasiyyət, intriqaçı, paxıl doğulmur, o adamı belə mənfi emosiyalara vadar edən mikro və makro mühitdir, kollektivə rəhbərlik edəndir. "Pedaqogika" kafedrasına gediş-gəlişim olmasa da, onun yaxşı sorağını almışam. Necə ki, kafedranın müdiri, professor Ləzifə Qasımovanın adını çəkərdim. Mən Məcid müəllimlə kafedrada olarkən professor L.Qasımova ilə ötəri tanış oldum. Söhbət etdik və bir yazıçı kimi xanım barədə təsəvvürüm yarandı, səmimi rəhbər olduğunu sezdim. Bu ziddiyyətli cəmiyyətdə, mürəkkəb elm aləmində, kollektivdə mehriban mühit yaratmağa böyük ehtiyacımız var. Elmi xariqələri dar və kimsəsiz iş otağında yaratmaq problem deyil, çətinlik, xüsusilə alimləri bir araya gətirməkdir - belə düşünürəm. Hər bir alim - pedaqoqun ürəyindən keçməlidir Sokrat etirafı: "Məni tutub saxlayın. Sizə lazım olaram".

 

Az-çox yaradıcı vəzifə daşıdığım illəri xatırlayıram, qəti qərarımı verirəm: kollektiv səmimi, riyakarlıqdan uzaq olanda, bir-birinə yardımçı olanda ən böyük əsərlər ortaya çıxarmaq çətinlik törətmir. Professor Məcid İsmixanovun bəxti onda gətirib ki, Pedaqoji İnstitut və Bakı Dövlət Universiteti paralelində ziddiyyətli elmi kollektivə düşməmişdir, azad, sərbəst alimlərlə çiyin-çiyinə çalışıb. Bunun nəticəsidir ki, müxtəlif illərdə "Pedaqogika" (Didaktika), "Məktəbin idarə edilməsi", "Pedaqogikanın əsasları", "Pedaqoji etika", "Sosial pedaqogika", "Təhsilin əsasları", "Müəllimlik ixtisasına giriş" dərsliklərini və dərs vəsaitlərini nəşr etdirib, onlarla proqram hazırlayıb: "Pedaqogika" kafedrasında tədris olunan 10 fənn üzrə, eləcə də 14 adda kitablar, tədris - metodik vəsaitlər. Bu siyahını genişləndirmək də olar və yüzlərlə elmi əsərlərin, minlərlə qəzet məqalələrinin adını çəkərdim.

 

Məcid İsmixanovun məhsuldar elmi fəaliyyətinin tematikası çox genişdir, əhatəlidir. Bir qədər yaradıcı aspektdən yanaşanda düşünməyə bilməzsən: axı, bu əsərlər nə şeirdir, nə hekayədir (bu janrların qiymətini əsla azaltmıram), dərin analitik və emosional idrakın məhsuludur, ayların yox, illərin əzabverici və xoş saatların təntənəsidir. Hər bir əsər hasilə gələndə müəllif özünü xoşbəxt hiss edir, sevincini yaşayır. Böyük psixoloq Qustav Lebon yazır ki, xoşbəxt yaşamaq üçün lazım olandan çox düşünməliyik.

 

Professor Məcid İsmixanov böyük pedaqoqdur. Bu, qəti qənaətimdir. Ancaq nə edəsən ki təvazökardır, yerli-yersiz əlini qaldırıb danışan deyil. Nə edəsən ki, hələ də layiqli qiymətini almayıb. Amma əvəzində şəxsiyyətini qorumağı bacarıb, elmin təəssübünü çəkib. Öz tematik sahəsini yaradıb: Pedaqogika, Didaktika. Pedaqogika tarixi. Professor Məcid İsmixanov dəfələrlə beynəlxalq seminarlarda, simpoziumlarda, konfranslarda fəal iştirak edib: Rusiya, Ukrayna, Belorusiya respublikalarının şəhərlərində baş tutan elmi-pedaqoji yığıncaqlarda, toplantılarda məruzələri və çıxışları ilə öz analitik fikrini açıqlayıb, tezislərini ictimaiyyətə çatdırıb. Uzun illər Rusiya Elmlər Akademiyası Elmi-Problem Şurasının üzvi kimi fəaliyyət göstərib.

 

Məcid müəllimlə kafedrada görüşəndə o, mənə kitablarından "Didaktika nəzəriyyəsi və tarixi" (R.Bəxtiyarova ilə müştərək), "Pedaqogika kursu üzrə seminar" (kollektiv) və "Pedaqoji terminlərin izahlı lüğəti" (kollektiv) avtoqrafla hədiyyə etdi. Mənimçün bundan əziz və yadigar nə ola bilərdi. Bəzən irad tuturlar ki, kitabdan yadigar? - Çiyinlərini çəkirlər! Kitabdan avtoqraf - mümkündür! Birinci təşəbbüs, o şəxsin şəxsi kitabxanasının əbədi qonağıdır, hər maraqlanan kitabı əlinə alanda müəllifi xatırlayacaq, xoş sözlər deyəcəkdir. İkinci təşəbbüs bağışlanan şəxs haqqında aydın təsəvvür yaradacaqdır. Mənə öz dərin hörmətini rəsmi ifadə edən hər bir müəllifə minnətdarlığımı özümə pıçıldayıram: - Həqiqətənmi mən bu fikrə layiqəm? - Tərəddüd də edirəm, etmirəm də. Bu kəlamları uzun illərin dostu, tanışı, şəxsiyyətimə və yaradıcılığıma hörmətini gizlətməyən həmkarım, qələm dostum yazmışdır. Bu isə məni daha yaxşı olmağa, daha ruhla yazmağa və daha böyük etimad qazanmağa çağırır.

 

Tələbəlik illərimin yadigarı, gəncliyimizi arxada qoymuş varlığımıza işıq salan professor Məcid İsmixanovun avtoqrafını hər oxuyanda kövrəlməyə bilmirəm. Məndən asılı olmur: deməli, arabir görüşdüyüm, illərin qayğılı çağlarında söhbət etdiyim Məcid müəllim nə yaxşı sağlamdır, yaşayır və balalarımıza dərs deyir, nə yaxşı o, səmimi kollektivin arasındadır, nə yaxşı yaddaşında yaşayıram. Avtoqraf eyni zamanda, kitab bağışlayanın intellektinin və emosiyasının bir meyarıdır, iki-üç cümlə ilə öz yazmaq qabiliyyətinin təcəssümüdür. Belə bir qəlb - ürək səmimiyyəti professor Məcid İsmixanovun özünün xarakterinə işarədir: "Şəxsiyyətinə dərin hörmət bəslədiyim, orijinal, bədii-publisist və pedaqoji əsərləri ilə geniş şöhrət qazanmış, yaradıcılığında bədii və pedaqoji təfəkkürü məharətlə uzlaşdıran, kreativ düşüncəli pedaqoq-alim, yazıçı, jurnalist, dostum Allahverdi Eminova yeni-yeni yaradıcılıq uğurları arzusu ilə Məcid İsmixanovdan kiçik xatirə. 20.11.2019".

 

Bu sətirləri bir də 2020-ci il yanvarın 1-də oxudum və xeyli özümə qapıldım: Demək, bu il böyük pedaqoq-alimin, səmimi, alicənab insanın yaşı üstə yaş gəldi. Bəs, neçə il elədi? Suala cavab tapmaq istəmədim. Yox, o, hələ çox yaşayacaq, dərs deyəcək, gözəl əsərlərə imza atacaq. Buna hamımızın ehtiyacı var - bir ömrü yaşamaq və yaşatmaq üçün.

 

 

Allahverdi Eminov

 525-ci qəzet.- 2020.- 8 iyul.- S.18.