Həyat dadı verən sətirlər

İmdat  Avşarın hekayə və şeirləri haqqında  təəssüratım

 

 

İmdat Avşardan ilk oxuduğum "Anamın saatları" hekayəsiydi. Onu evdə danışdım... İlham da, mən oturub uzun-uzun anamızı düşündük. Öz anamızın saatlarını xatırlamağa başladıq. o gündən bu yana İlham kompyuterdə, telefonda hər texniki yeniliyi mənə öyrətməyə çalışır. Bilirəm niyə belə edir... Susuram dediklərini cidd-cəhdlə öyrənməyə çalışıram.

 

"Ulduz" jurnalının may sayında yayımlanan "İtmiş bahar nərgizi" isə günümüzün insanının özünüdərkidir. bütün dövrlərdə olduğu kimi, bu özünüdərk çox az adamın nəsibidir. Nərgizin nənəsinin mağaradan əvvəlki həyatından danışması nənələrimizin "o vaxt"la başlayan nağıllarıdı. "İnsanoğlu" deyəndə nənəninsoğanağının büzüşməsi, köklərinin gərilməyi" onun faciəsinin səbəbini göstərir - səni, məni, onu... Səni onu bilmirəm, mən yaman utandım, ey günümüzün insanı...

 

Kiçik nərgizin "gün işığına çıxmaq" arzusunu eşidəndə böyüklər "baharın işarətini gözlə..." - deyirlər. nərgiz fikirləşir: "Mən bu qaranlıqda baharın işarətini necə görəcəyəm?" Bax, onun işığını oğurlayan da yenə bizik - sən, mən, o...

 

İri binanın həyətində alaq otlarının kiçik nərgizlə nənəsinə hirslənməsi təbiətin "yaşam uğrunda" qanunudur. Axı, hamı var olmaq istəyir... "Var olmaq"... Təbiət hamımızın evidirsə, hamımızın yaşamağa, gün görməyə-sözün əsl mənasında, günəşin işığını görməyə haqqımız varsa, başqasının haqqına girməyin adı ? Məsələn, o kiçik nərgizin... Onun nənəsinin...

 

Hekayənin ən kövrək məqamı nərgizin küskünlüyüdü... Dibçəkdə "intihar" edən, "vaxtsız gələn yağışla" yenidən dirçəlmək istəməyən nərgiz deyir ki: "Küskünəm, qırğınam mövsümlərdən , adamlardan da..." Küsdürdüyümüz hər nərgizlə itiririk dünyamızı, ey insan! Bəlkə özümüzün "son"la üz-üzə dayandığımız bu zaman kəsiyində təbiət mesaj ötürür? Məsələn, anlatmağa çalışır ki: küsdürdüyümüz hər nərgizlə barışmağın vaxtıdır...

 

***

 

"Qarabağ qaçqınları" hekayəsini İmdat bəy özü göndərdi. Birnəfəsə oxudum. Elə bu hekayənin xətrinə qərara gəldim ki, İmdat Avşar yaradıcılığı ilə bağlı daha nəsə oxumalıyam...

 

"Qarabağ qaçqınları" hekayəsində müharibə, qaçaqaç epizodları var. Əvəzində, bütün müharibələrin vurduğu yaralar, bütün qaçqınların ağrıları var... Kürəyim üşüdü bu hekayəni oxuyanda... 32 il olur anamın məni qucağına götürüb Göyçədən qaçdığı. Hələ o qarlı noyabr gecəsində donan bələyimin soyuğu qalıb canımda. Hələ "qaçqın" sözünə üşüyür kürəyimin arası... Hələ qaysağından qan sızdırır anamın qaçqınlıq yarası...

 

İmdat Avşarın bu hekayədə tarı anlatması çox gözəldi; hələ tarla tarzənin arasındakı bağlılıq, doğmalıq... Elə bil, əyninə iki ölçü böyük gödəkçə geyinən o kişinin tara əmanət etdiyi göynərtisinə dünya üç ölçü dar gəlir. Tarın harayladığı segah Qarabağın unudulmaq qorxusudu... , İmdat bəyin "Qarabağ qaçqınları" hekayəsində Qarabağ unudulmaqdan qorxur... Onu qorxudan qaçqınlığın ehtiyaclarıdır; tarzənə verilməyən artıq 2 lirədir - qaçqınlıq ələ baxmaqdır, qapıya gələn naçar qadının: "Qarabağ qaçqınıyıq, kömək eylə..." deməsindədir - çarələr tükənəndə yaddaş da bozlaşır, balaca qızın aydın olmayan simasıdır - qaçqın uşaqlar beləcə itir, onlar heç güzgüyə baxanda da öz üzlərini görmürlər...

 

Qarabağdan qaçqın düşən uşaqların güzgüdə gördükləri gözlərinin qabağında ermənilər tərəfindən öldürülən qardaşlarıdır, hörüklərinin ucundan qan daman bacılarıdır, tikə-tikə doğranan ağsaqqal babalarıdır, qarnına şiş batırılan ağbirçək nənələridir...

 

Bir Seyfəddin var... Bir tikə çörək üçün on beş yaşında çiynini hər ağır işin altına verməyə hazırdı; evdəkilərin boş nimçəyə baxan ümidli baxışlarını saraltmaq istəmirdi.

 

Bir müharibənin qan-qadasında sevdalısından əl üzən, özündən iyirmi yaş böyük kişiyə verilən, baxışları daim ayağına dikili, yaylığının ucu nəm bir gözəl var bu hekayədə...

 

Nəhayət, hekayənin kulminasiyası - qaçqınlığın ən dərin anlatımı: Seyfəddinin ölümü... Onsuz da qaçaqaç vaxtı olan-olub, ölən-ölüb, bir ehtiyacın öldürdüyü Qarabağ qaçqınları var... Onları sıxan ən böyük ehtiyacsa qurulu evlərini, dolu anbarlarını qoyub gəlib kifli zirzəmiyə sığınmaları, bir tikə çörəkçün boyun bükmələridi. "Müharibə qadın simalı deyil" - deyirdi ha Svetlana Aleksiyeviç... Müharibə heç kişi simalı da deyil... Ümumiyyətlə, simasızdır. Müharibənin "udduğu" uşaqlar da dünyanın yaddaşında ya bir say kimi qalır, ya da heç qalmır...

 

***

 

İmdat Avşarın "Bir durnanı vurdular" şeiri hekayə kimidi. İmdat bəy durnanı "vəfa quşu" adlandırır. Məncə, bunun izahını hamı bilir. Şeirdəki ifadələr həzindir: "Günəş əyilib keçərkən axşamın qapısından" "buludlardan qızılı yağış yağır" durnanın öldüyünə görə... Yəni təbiət öz balası durnanın ölümünə ağlayır, qürub edən günəşin son şüaları da onun göz yaşlarına sığal çəkir... Bu mənzərə qızılı rəngdədir. "Yorğun qanadlarıyla axşamı arşınlayan" durnanın özü isə "gümüşü"dür. Yadıma Müşfiqin gümüşü sevgisi düşdü... Bir yazımda dediyim kimi, "Müşfiqin şeirləri beyində böyüsə , ürəkdə doğulurdu. Onun gümüşü sevgisi şeir günəşinin şüalarıyla parıldayırdı..."

 

İmdat bəyin "Yalnızlıq" şeirində qəribə bənzətmələr var: "Sonuncu otaqdakı divi əmizdirən gəlindir yalnızlıq"... Bu cür ifadələr İmdat bəyin yaradıcılıq nümunələrinin xalq yaradıcılığımızın, folklorumuzun "canından-qanından" olduğunu göstərir.

 

Şairin "Çingiz Aytmatova ağı" şeiri "bulud küsmüş Çingiz xana" misrasıyla başlayır. "Çingiz xanın buludu"na dönür xatirələr... O bayraq tikən gözəl, o igid oğlan dünyaya gələcək olan o balaca türk övladı üçün kölgəsini, xeyir-duasını əskik etməyən buludu düşünürəm... o buludun küsməsini... Sonra da ürəyimə yük olan o qocaman təəssüfün qarşısında aciz qalıram: ildə bir dəfə cücərən nərgizləri küsdürənik, hər mövsüm kölgəsini umduğumuz buludu küsdürməkmi çətindi bizə?!

 

İmdat bəyin bu ilin mayında "525-ci qəzet"də Şahanə Müşfiqlə söhbətləşməsi gəlir ağlıma. "Zaman qəribə məfhumdur. Dəqiqələr keçməzkən illər necə keçib, heç bilmirsən..." - deyir o söhbətdə İmdat bəy. Mən duyğularımın başı üstündən Domokl qılıncı kimi asılan təəssüfümü zamanın saçlarına taxıram. Bəlkə bir bahar "Çingiz xanın buludu"nu görərəm göy üzündə, o buludun kölgəsinin arxasınca yolçu olar baxışlarım, gedər, gedər, pəncərəmin altındakı qızılgül kolunun sığalladığı nərgizin gülümsəməsinə sancılar...

 

***

 

İmdat Avşar haqqında ən səmimi yazını Zəhra Yazbahar yazıb. O, mənim oxumadığım kitabı belə anladıb: "İmdat Avşar, 2010-cu ildə yayımladığı "Çiğdemleri solan bozkır" (Süsənləri solan boz çöl) adlı ilk hekayə kitabındakı hekayələri ilə Türk toplumuna onun gələnəksəl dəyərlərinə güzgü tutur".

Dolayısı ilə, İmdat bəyin o məhşur sözlərini izah etməyə çalışır: "Hər sənətkar yaşadığı dövrün gizli şahididir əslində" "hekayələrimin ana yurdudur çöl..."

Zəhra o gözəl, hər oxucunu duyğulandıran yazısında İmdat bəylə olan telefon danışığından da öyrəndiklərini anladıb. Mən o söhbətdən bircə cümləni seçdim. Çünki həmin cümlə İmdat Avşarın bugünkü gənc ədəbiyyatçılara master-klassıdır: "Duymadan, hiss etmədən içində yaşamadan bir şeylər yazılmaz..."

 

... Kitabını oxumadığım İmdat Avşarın oxuduğum hekayə şeirləri haqqında, hələlik bu qədər yaza bilərəm. Danışmaqsa... Danışmağın ölçüsü yoxdu, harda desən, kimə istəsən danışaram "İtmiş bahar nərgizi"ndən, "Qarabağ qaçqınları"ndan, "gümüşü durna"dan... "Anamın saatları"nı isə asmışam ömrümün anam olan tərəfindən... gedirəm bu ömür yolunu, son mənzil hansı ayrıcda olar, olar...

 

Şəfa Vəli

525-ci qəzet.- 2020.- 8 iyul.- S.19