Naxçıvanda
xalçaçılığın tarixi inkişaf yolu
sistemli araşdırılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasında
xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə
dair 2018-2022-ci illər üçün Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncamı
ilə nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsini təmin etmək məqsədilə
"Tədbirlər Planı" təsdiq edilmiş və
görüləcək işlər müəyyənləşdirilib.
Bununla əlaqədar
Naxçıvan Muxtar Respublikasının aid təşkilatları,
nazirlik, komitə, təhsil müəssisələri ilə
yanaşı, AMEA-nın Naxçıvan Bölməsinin də
qarşısına bir sıra vəzifələr qoyulub. Belə
ki, Naxçıvan Muxtar Respublikasında
xalçaçılıq sahəsində aparılan elmi-tədqiqat
işlərini sistemli şəklə salmaq üçün
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 iyul
2018-ci il tarixli qərarı ilə Bölmənin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tərkibində
Xalçaşünaslıq sektoru (keçmiş adı
"Xalçaşünaslıq" elmi-tədqiqat qrupu)
yaradılıb. 2018-ci il noyabrın 1-də
fəaliyyətə başlayan sektorda Naxçıvanda
xalçaçılığın yaranması, keçdiyi
inkişaf yolunun, hazırkı vəziyyətinin öyrənilməsi
və sair məsələlər başlıca vəzifələr
kimi qarşıya qoyulub. Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin
Səfərli bizimlə söhbətində bildirdi ki, milli mədəniyyət
tariximizin öyrənilməsində mühüm yer tutan
xalçaçılıq sənəti hələ ən qədim
dövrlərdən Naxçıvan diyarında da meydana gəlib
və əsaslı inkişaf yolu keçib. Ərazinin
təbii-coğrafi şəraiti imkan vermişdir ki, kənd təsərrüfatının
mühüm sahəsi olan heyvandarlıq inkişaf etdirilsin.
Heyvandarlığın inkişafı isə zəruri
qida məhsullarının təmin edilməsi ilə
yanaşı, həmçinin, insanların maddi məişət
əşyalarına olan tələbatının da ödənilməsinə
mühüm şərait yaradıb. Xırdabuynuzlu
heyvanlardan alınan yun məhsullarından toxuculuq, o cümlədən
də, xalçaçılıq sənəti nümunələri
hazırlanıb ki, bu da əhalinin məişətinin, maddi
rifah halının yaxşılaşdırılmasında
önəmli rol oynayıb. "Beləcə,
tarixi çox qədim dövrlərə gedib çıxan
xalçaçılıq sənəti xalq sənətkarları
tərəfindən əsrlər boyu yaşadılıb,
inkişaf etdirilib, zəmanəmizə qədər gəlib
çatıb" - deyən alim söhbətinə davam edərək
vurğuladı ki, xalça toxuculuğu Naxçıvan sənətkarlığında
mühüm yer tuturdu. XIV əsrdə Azərbaycan
xalçaları kütləvi şəkildə Avropaya
aparılmağa başlamışdı. Bu
da təsadüfi deyildi. XIII əsrdə
monqol istilasının ciddi fəsadlarından sonra Azərbaycan
iqtisadiyyatı və mədəniyyəti yenidən dirçəlir,
Avropa ilə sıx ticarət əlaqələri
yaradılırdı. XIII-XIV əsrlərdə
Azərbaycandan xarici ölkələrə çoxlu
xalça və xalça məmulatı ixrac edilirdi. Tarixi qaynaqların verdiyi məlumata görə, digər
sənətkarlıq sahələri ilə yanaşı, Orta əsrlər
dövründə Naxçıvanda
xalçaçılıq sənəti böyük
şöhrət qazanmış və yüksək səviyyədə
inkişaf etmişdi.
Müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu
Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi
hakimiyyətə qayıdışından sonra Azərbaycanda,
o cümlədən, Naxçıvan Muxtar Respublikasında da
keçmiş mədəni irsə diqqət və
qayğı artmış, xalq yaradıcılığı
nümunələrinin, eləcə də
xalçaçılığın inkişaf etdirilməsi
üçün dövlət səviyyəsində bir
sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər içərisində Naxçıvan
şəhərində, muxtar respublikanın müxtəlif
yaşayış yerlərində yaradılan xalçatoxuma
müəssisələrini, gənclərə
xalçaçılıq sənətinin incəlikləri
öyrədilən kursları, dərnəkləri xüsusilə
qeyd etmək lazımdır. Dövlətin
diqqət və qayğısı nəticəsində
Naxçıvan Dövlət Xalça Muzeyi yaradıldı.
"Naxçıvan xalçaları",
"Naxçıvan xalçaçılığı: ənənə
və müasirlik" kitabları çap olundu.
Ölkə
Prezidenti İlham Əliyevin "Naxçıvan şəhərində
xalça istehsalı emalatxanasının tikintisi, təchizatı
və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər
haqqında" 15 fevral 2018-ci il tarixli Sərəncamı və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasında
xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə
dair 2018-2022-ci illər üçün Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında" 9
aprel 2018-ci il tarixli Sərəncamı Naxçıvan Muxtar
Respublikasında xalçaçılığın yüksək
səviyyədə inkişafına öz müsbət təsirini
göstərən mühüm dövlət sənədidir.
Burada əsas məqsəd muxtar respublikada
xalçaçılıq sahəsində maddi və mədəni
irsin qorunması, davamlı inkişafı,
xalçaçılığın xammal təminatının
formalaşdırılması, yeni iş yerlərinin
yaradılmasının dəstəklənməsi,
xalçaçılıq sahəsində, o cümlədən,
yun tədarükü və emalı, yun ipliklərin
istehsalı üzrə ixtisaslı kadr
hazırlığını həyata keçirmək,
xalçaçılığın rəqabət qabiliyyətinin
və ixrac potensialının artırılması,
Naxçıvanın tarixi xalçaçılıq mərkəzinə
xas olan qədim çeşnilərin bərpa edilməsi,
istehsalatda tətbiqi, yeni çeşnilərin
hazırlanması və bu çeşnilər əsasında
xalçaların toxunmasıdır. Əllə
xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin,
xalçaçılıqla məşğul olan sənətkarların
bədii və texniki iş üsullarının, xalça
çeşnilərinin bərpası və inkişaf etdirilməsi,
təbliği, ipliklərin təbii boyalarla boyanması
üçün müvafiq istehsal sahəsinin təşkilinin
dəstəklənməsidir. Həmçinin,
Naxçıvan Xalçaçılıq məktəbinin
elmi cəhətdən və sistemli şəkildə
araşdırılması, yeni elmi nəşrlərin
hazırlanması, xalçaçılıq sahəsində
unudulmaqda olan ənənələrin bərpası sahəsində
tədqiqatlar aparılması başlıca vəzifəsi kimi
bölmə əməkdaşlarının
qarşısına qoyulmuşdur.
Fəxrəddin
Səfərli bildirdi ki, ölkə Prezidentinin və
Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədrinin qeyd
olunan sərəncamları ilə qarşıda duran vəzifələrin
yüksək səviyyədə yerinə yetirilməsi ilə
əlaqədar institutda Naxçıvanda
xalçaçılığın yaranması, keçdiyi
inkişaf yolu, hazırkı vəziyyəti ilə əlaqədar
tədqiqatlar aparılır. Sərəncama
uyğun olaraq təsdiq olunmuş "Tədbirlər
Planı"nda institut əməkdaşlarının üzərinə
qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində
bir sıra işlər görülüb. Qeyd
edək ki, xalçaçılıqla əlaqədar təsdiq
edilmiş elmi-tədqiqat işi Dövlət Proqramına
uyğun olaraq ardıcıl şəkildə yerinə
yetirilir. 2019-cu ilin İş planına
uyğun olaraq qədim tarixə və ənənələrə
malik Naxçıvanda xalçaçılıq sənətinin
meydana gəlməsi istiqamətində araşdırmalar
aparılıb.
Alim qeyd
etdi ki, ötən müddət ərzində əməkdaşlar
tərəfindən xalçaçılıq sənəti
ilə bağlı yaşlı nəsildən ənənəvi
xalçaçılıq sənətinin bədii və texniki
iş üsulları öyrənilib,
xalçaçılıq, onun yaranması, inkişaf tarixi,
xalça toxunmasında istifadə edilən naxışlar,
ornamentlər, boyaqçılıq və sair ilə əlaqədar
kütləvi informasiya vasitələrində
çıxışlar olub və qəzet materialları, məqalələr
dərc edilib. Tədqiqat materialları əsasında
"Naxçıvanda xalçaçılıq: tarixdə və
günümüzdə" adlı monoqrafiya çap olunub. Nəşrdə
xalqımızın tarixini, mədəniyyətini, incəsənətini
və məişət tərzini özündə yaşadan
qiymətli milli-mənəvi dəyərlərimizdən biri
olan xalçaçılıq sənətinin
Naxçıvanda yaranması, inkişaf yolu və
bugünkü vəziyyətindən söz
açılır, xalçalar üzərində toxunan
naxışlar, ornamentlər haqqında məlumat verilir. Qədim el sənətindən və
xalçaçılığın ilk nümunələrindən
sayılan keçəçilik, toxuculuq sənəti,
xalçaçılığın inkişafında
mühüm rol oynayan boyaçılıq və digərləri
ilə bağlı aparılan tədqiqatlar yer alıb. Həmçinin,
əməkdaşlarımız "Naxçıvan
xalçaçılığı: keçmişdən
günümüzə" adlı konfransda iştirak edib.
Fəxrəddin
Səfərlinin sözlərinə görə, 2020-ci il üzrə təsdiq edilmiş elmi-tədqiqat
işinə əsasən "Naxçıvanda
xalçaçılığın inkişaf tarixi" mərhələsi
üzrə tədqiqatlar aparılır. Araşdırmalarda
məlum olub ki, Azərbaycanın digər regionlarında
olduğu kimi, Naxçıvanda da toxunan xalçalar xovsuz və
xovlu texnikası ilə hazırlanıb, Naxçıvan zili,
şəddə, vərni kimi xalça növlərinin
yaradıldığı ilk mərkəzlərdən olub.
Tədqiqat ilində əməkdaşların Türkiyə
Cümhuriyyətinin Mardin şəhərində keçirilən
3-cü Beynəlxalq Mardin Artuklu Elmi Araşdırmalar Konqresinə
göndərilən məruzənin tam mətni beynəlxalq tədbirin
materiallarında işıq üzü görüb. Həmçinin,
toxuculuq sənəti ilə bağlı açıq dünya
ensiklopediyası olan Vikipediyada xalçaçılıqla,
xalçalar üzərində toxunan naxışlar, ornamentlər
və kitabələr ilə bağlı material yerləşdirilib.
"Naxçıvan memarlıq abidələri və
xalça nümunələri üzərindəki ornamentlərin
oxşarlığı", "Naxçıvanda milli geyim mədəniyyətinin
formalaşmasında ipəkçiliyin rolu",
"Naxçıvan xalçaları üzərindəki
motivlər", "Naxçıvan xalçaları üzərindəki
həndəsi ornamentlər" və sair adlı məqalələr
kütləvi informasiya vasitələrində
işıqlandırılıb.
Xalqımızın
milli-mənəvi dəyərlərini özündə
yaşadan bu sənəti inkişaf etdirmək və gələcək
nəsillərə çatdırmaq ümdə borcumuzdur deyən
alim söhbətinin sonunda vurğuladı ki, görülən
işlərlə yanaşı, Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərin bundan sonra da layiqincə həyata
keçirilməsi, Naxçıvanda
xalçaçılığın tarixi və
inkişafı ilə əlaqədar tədqiqatları
genişləndirmək üçün bütün qüvvəmizi
səfərbər edib səylə
çalışacağıq.
Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq
əlaqələr və informasiya şöbəsinin əməkdaşı
Türkanə Bəylərli
525- ci qəzet.- 2020.-
9 iyul.- S.11.