Ən yeni tariximizi səngərlərdə
yazan alim
Bir vaxt
insanların - sadə camaatın qəzetlərdə dərc
edilənlərə birmənalı inandığını
çox görmüşəm: "Qəzetdə belə
yazılıb!" İnsanlarda bu inamı hər
sözünə görə məsuliyyət daşıyan,
yazdıqlarının, dediklərinin dəyəri, çəkisi
olanlar yaratmışdılar. Cavanlığımdan
söz sənətinə - jurnalistikaya sayğım daha
çox buradan qaynaqlanıb, elə jurnalistlərə də.
Həmyerlim, həmyaşıdım Lətif
Şüküroğlu da könlümə beləcə
yatıb...
Mən rayon komsomol təşkilatında işləyirdim,
Lətif rayon qəzetində. Rayon miqyaslı tədbilərdə
görüşürdük. Həmişə
maraqlı söhbət üçün mövzu olurdu. Hadisələrə, bəzən faktlara fərdi və
fərqli münasibətimiz olsa da, baş verənləri,
eşidib-bildiklərimizi saf-çürük edib qiymətləndirməyimiz,
başlıcası da ruhi doğmalıq yaxınlaşdırmışdı
bizi. Milli məsələlərdə
barışmazlıq, gənclik havasına köklənmiş
inkarçılıq meylləri də öz yerində.
O illərdə özünü səmimi olaraq cəfakeşlər
sayan yüzlər, minlər kimi, bizim üçün də
bölünməz milli-xəlqi ruh, bu ruha qol-qanad verən
bütöv və müqəddəs Vətən vardı. Ruh yaxınlığımıza hər ikimizin ailəsinin
taleyindəki müəyyən oxşarlıqların (bəlkə
də eyniliklərin) təsiri də olmuşdumu? Bəlkə də. Onun da dədə-babası,
mənim dədə-babam kimi erməni vəhşiliyinin nə
demək olduğunu dildən-ağızdan eşitməmiş,
özləri görüb, yaşamışdılar. Zəngəzurda ötən əsrin əvvəlləri
və ikinci onilliyinin sonlarında havadarlarının dəstəyi
ilə ilk dəfə genişmiqyaslı qırğınlar
törətməklə yerli, aborigen əhalini öz doğma
yurd-yuvasından didərgin salan erməni qatillərinin qətlə
yetirdiyi türk-müsəlman əhali arasında bu ailələrin
üzvləri də olmuşdu. Əsasən
Qafanın sərhəd kəndlərindən qaçaraq daha təhlükəsiz
ərazilərə sığınan insanlar özlərinə
yenidən gün-güzaran düzəltmək kimi minbir əzab-əziyyətə
qatlaşmışdılar. Ömürlərinin sonuna kimi
qəddar düşmənin insanlığa sığmayan
zülmünü unutmadan doğma torpaqlarda
qurub-yaratmış, imkanları çatan qədər
arxalı düşmənə müqavimət də göstərmiş,
qeyrət mücəssəməsi olan əcdadlarının adına layiq olmağa
çalışmışdılar. Çoxdan
haqq dünyasina qovuşmuş həmin insanların, dədə-babalarımızın
ruhları yenə də o müqəddəs torpaqlarda
dolaşır. Dolaşır, ancaq nəinki 100 il əvvəl, heç 40-50 il qabaqkı kimi də
dinclik tapa bilmir. Çünki babaların
xeyirxah və nəcib əməllərini yaşatmalı olan
biz övladları və nəvə-nəticələri bu
gün onların məzarları yerləşən
torpaqlarımızdan, əzəli, doğma
yurdlarımızdandan didərgin (inanırıq ki, müvəqqəti!)
düşmüşük. Qəddar və
bədnam düşmənlərin heç bir insanlığa
sığmayan vəhşi və yırtıcı əməllərinin
od-alovundan keçib doğma vətənimiz Azərbaycanın
bir qədər də içərilərinə gəlmişik.
İllər
öncə bir dəfə söhbət əsnasında Lətif
dedi ki, babalarımızın kənd-kənd itirdiyi
torpaqları biz rayon-rayon itiririk. İndi Ermənistan
adlanan ərazidə yaşamış azərbaycanlılar bir əsrdə
artıq neçənci dəfədir ki, belə acı tale
yaşayıblar. Biz içimizə
sıxıldıqca düşmən qol-qanad açdı, biz
hansı səbəbdən olur-olsun çəkildikcə
düşmən üstümüzə gəldi. Daha
çəkilməyə nə yerimiz, nə haqqımız
var...
Ancaq təəssüf ki, bu söhbətdən sonra da
daha bir neçə rayonumuz itirildi. Biz bir neçə
rayonluq da geri çəkilib Azərbaycanı, lap müvəqqəti
olsun, yenə kiçiltdik. İndi eyni taleni
yaşaya-yaşaya biz də illərimizi Vətənin
qıraqda qalan yerlərinin ağrı-acısına məlhəm
bilirik, "Su axan yerdən bir də axar" ümid-təsəllisiylə...
Zəngilanda vəziyyət kəskinləşəndə
ərazi özünümüdafiə taboru yaradıldı. Bu tabor Zəngilanın
sipəriydi və zəngilansevərlərin hamısı
ömrünü bu sipərin parçası bilirdi. Həmin vaxtlarda Lətiflə daha çox səngərlərdə,
müdafiə postlarında görüşərdik. Vətəndən, torpaqdan, torpaqlarımızın
müdafiəsindən, şəhidlikdən, qazilikdən
danışardıq. Belə söhbətlərdə
bəzən yan-yörəmizə mərmi də düşərdi.
Sözün həqiqi mənasında, belə
hallarda bizim çəkinməməyimiz əsgərlərə
də sirayət edərdi, yəni bu mərmilər bizim Vətənli
söhbətimizi cilikləyə bilməzdi. "Torpaqlarımızın müdafiəsi
bütün xalqın, əli silah tutanların
hamısının mənəvi borcudur" deyirdik. Bəzən Lətif ani olaraq susar, sonra təmkinlə
bu fikrimizə incə bir əlavə edərdi. Məsələn:
"Zəngilanı zəngilanlılar, Laçını
laçınlılar, Qubadlını qubadlılar... deyil,
döyüş meydanına, səngərlərə
çevrilmiş bu əraziləri bütün Azərbaycan,
onun ordusu, əli silah tutan oğulları hamılıqla
qorumalıdır. Yerli əhalinin nümayəndələri
isə ərazini daha yaxşı tanıdıqlarına
görə ilk sırada olmalıdırlar", - deyərdi.
İlk baxışda o qədər də fərqli olmayan
bu fikir, əslində, müharibə aparma tezisiydi və
hamımız Lətifə haqq qazandırardıq. İndi təkcə biz yox,
elə tarix də...
Zəngilanın ağır vaxtlarında Zəngilana gələnləri,
səngərlərdə döyüşçülərlə
görüşənləri, nədəsə köməklik
göstərmək istəyənləri
döyüşçü adlandırmağım Lətifin
xoşuna gəlirdi. Bir dəfə yarızarafat-yarıciddi dedi ki, ayda
azı iki-üç dəfə Zəngilanda-Qubadlıda-Laçındayam,
hələ başqa cəbhə bölgələrini demirəm.
Məni də döyüşçü hesab
edirsinizmi? Gülümsündüm,
"Əslində, sənin müntəzəm gəlişlərin
döyüşçü hesab edilməyinə zəmanətdir.
Həm də yazdıqlarını,
döyüşçülərin döyüş əzminə,
Qələbə ruhuna hansı səviyyədə təsir
göstərdiyini nəzərə alsaq, çoxdan əsl
döyüşçüsən", - dedim.
"Ən yeni tariximizin səngərlərdə
yazıldığı günlərdə" ifadəsi Lətif
Şüküroğluna məxsusdur. Yəni Lətif həmin
dövrü döyüşlə jurnalistikanın vəhdəti
kimi görürdü və özünün
yazdığı məqalələri də, reportajları da,
hərbçilərdən aldığı müsahibələri
də bu vəhdətin sözlə təqdimatı bilirdi...
Şuşanın, Laçının, Qubadlının və
Zəngilanın çətin vaxtlarında Lətif cəbhə
xəttini başdan-başa gəzirdi, özü silah
götürməsə də, sözü vuruşurdu. Məqalələri
döyüşçülərin döyüş əzmini,
qələbə ruhunu kükrədirdi. "Vətən
səsi", "Xalq Ordusu" (indiki "Azərbaycan
Ordusu"), "Sərhəd" və digər qəzetlərdə
dərc edilən məqalələri
laçınlıların, qubadlılıların, cəbrayıllıların,
zəngilanlıların... ruhunun harayına dönürdü,
döyüşən rayonların timsalında Vətənin vətəndaşlara
xitabı kimi oxunurdu; məqalələrinin "əzəl
mübtədası" (S.Vurğun) Vətən, torpaq, qələbə
idi. Bu məqalələr Əsgülüm, Süsən,
Şükürataz, Hərtiz, Səngər,
Qızılboğaz, Böyük Kirs dağlarının uca
zirvələrinə dirsəklənən heysiyyətin, Bərgüşadın,
Oxçu çayının, Bəsit çayının, Həkərinin
axışına, bulaqların-çeşmələrin duruluğuna,
çəmənlərin çiçək
baxışına, göy üzünü bürüyən
buludlardan süzülən yağışına,
üfüqlərə kəmənd atan
göyqurşağına, qayaların sərt
baxışına, məğrur duruşuna... dönən təəssübkeşliyin
sözü kimi oxunurdu...
Bu yerdə Lətifin gənclik illərində
oxuduğum şeirindən bir neçə misra yadıma
düşdü. Özü demiş, hərdən
şairliyi də tutur.
Vətən,
göylərində yanan bir işıq,
Bağında açılan çiçək
olaydım.
Sənə
qara əllər uzansa bir an,
Göyləri yandıran şimşək olaydım.
Rəfiq
Özdəkin "Türkün qızıl kitabı"nı dilimizə çevirənlərdən
biri də Lətif Şüküroğludur. Bu
kitab zamanında da səlcuq türklərinin, Osmanlı
imperiyasının tarixini öyrənmək istəyən gənclərin,
türkçülüklə bir qədər yaxından
maraqlanan insanların ən sevimli stolustu kitablarından biri
idi. 1992-ci ildən başlayaraq bir neçə
dəfə böyük tirajla nəşr edilən həmin
kitab bu gün də sevilə-sevilə oxunur.
Lətif Şüküroğlu müxtəlif vaxtlarda
müxtəlif mətbu orqanlarda işləyib. Həmişə
ürəyinin diktəsi ilə, həm də
gördüyü, şahidi olduğu hadisələrdən,
yaxşı bildiyi və inandığı mətləblərdən
yazıb, desək səhv etmərik. "Vətən səsi"ndə
erməni məkrindən, saxtakarlığından,
quduzluğundan, bu quduzluğun törətdiyi görünməmiş
cinayətlərdən, azərbaycanlıların tarixi Azərbaycan
torpaqları olan Ermənistanda, xüsusən 20-ci əsrdə
yaşadıqları müsibətlərdən, nəhayət,
1988-ci ildə əzəli türk yurdlarından kütləvi
şəkidə didərgin salınmalarından və
başqa tarixi gerçəklərdən yazıb. "Xalq Ordusu"nda Qarabağ müharibəsinin
gedişindən, ordunun gündəlik həyatından, ön
cəbhədə, soyuq səngərlərdə düşmənlə
üzbəüz dayanan əsgər və zabitlərdən,
itkilərimizin və müvəqqəti məğlubiyyətlərimizin
başlıca səbəblərindən, hərdən də
şanlı hərb tariximizdən yazıb. Bidiyim qədər, "Xalq Ordusu"nun
saylarından biri Lətif Şüküroğlu və
jurnalist həmkarları tərəfindən döyüşlərin
getdiyi Goranboy rayonunda, birbaşa cəbhə xəttində
buraxılıb.
"Sərhəd" qəzetində Vətənin
başlandığı məntəqələrdən, sərhədlərin
təhvil-təslim proseslərindən, mühafizənin təşkilinin
ilk anlarından, səssiz, elan edilmədən davam edən
mübarizənin iştirakçılarından - ilk sərhədçilərdən...
yazıb. Nə yazıbsa, vətəndaş mövqeyindən
yazıb, yazdıqlarını Vətən
qarşısında övladlıq borcu bilib və bu gün də
belə düşünür. O yazılar ona görə
oxunaqlıdır; oxunur, təkcə duyuma, duyğuya deyil,
düşüncələrə də hopur və
düşündürür...
Lətif Babayev ehtiyatda olan polkovnikdir. Ordu quruculuğunun çətin
və mürəkkəb bir proses olduğunu, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ordu quruculuğu prosesinin
öyrənilməsinin bu baxımdan gərəkliyini, sələf-xələf
münasibətləri üçün əhəmiyyətini
nəzərə alsaq, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə
doktoru Lətif Şüküroğlunun "Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ordu quruculuğu"
kitabının istər tarixi, istərsə də
elmi-publisistik dəyəri haqqında ürəklə söz
aça bilərik. Cümhuriyyət Ordusunun yaranması və
formalaşması tarixinə, ordu quruculuğu sahəsində
görülmüş işlərə, bu mühüm və
taleyüklü prosesin ilk müstəqil dövlətimiz tərəfindən
necə bacarıqla həyata keçirilməsinə həsr
edilən bu kitabda, həmçinin, Qarabağda, Zəngəzurda
və ölkəmizin qərb sərhədlərində erməni
təcavüzünün qarşısının
alınmasından, Cənub bölgəsində Azərbaycan
Xalq Cümhuriyyətinin separatçılara qarşı
uğurlu fəaliyyətindən, ordumuzun cəsur, vətənpərvər
zabit və əsgərlərindən bəhs olunur.
Arxiv sənədləri
əsasında yazılan, Azərbaycan Xalq Cümhuriyyəti
Ordusunun yaranması və formalaşması ümumiləşdirilən
bu dəyərli kitabda Müsəlman Korpusunun
yaradılması, Cümhuriyyət hökuməti tərəfindən
Silahlı Qüvvələrin formalaşdırılmasında
ardıcıl və planlı fəaliyyət, uğurlu
Qarabağ əməliyyatları, bolşevik təcavüzünə
qarşı mübarizə ətraflı
araşdırılıb. Türk ordusunun
Cümhuriyyətin müdafiəsində danılmaz rolu,
Qafqazda və Azərbaycanda həyata keçirdiyi geniş
döyüş fəaliyyətinə də kitabda xüsusi yer
verilib.
"Cümhuriyyət hökuməti repressiya məngənəsində"
(2 cilddə, 2000), "Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd
mühafizəsi tarixi (1918-1920-ci illər)", (1999); "AXC
dövründə ordu quruculuğu", (2018);
"Ömür yarı oldu" (2002), "Torpağı Vətən
edənlər" (2018) kitablarının, sənət.az
saytından izlədiyimiz "Taleyin izləri" avtobioqrafik əsərin
müəllifi olan Lətif Şüküroğlu Azərbaycan
Yazıçılar və Jurnalistlər birliklərinin
üzvüdür. Özü istəməsə də,
oxuculara bir sirr də açım ki, hazırda iki yeni
kitabını nəşrə hazırlayır.
Polkovnik Lətif Babayev Azərbaycan Respublikasının
Prezidentinin sərəncamı ilə ölkənin xüsusi
xidmət orqanlarında xidmətlərinə görə
2002-ci ildə "Hərbi xidmətə görə"
medalı ilə təltif edilib. Sonrakı illərdə
isə "Qüsursuz xidmətlərə görə"
medalının hər üç dərəcəsini
alıb. Qarabağ müharibəsi və
Silahlı Qüvvələr veteranıdır.
Elə
buna görə də təhlükəsizlik orqanlarından
ehtiyata buraxıldıqdan sonra Lətif Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatına dəvət
edildi və burada 3 ilə yaxın müddətdə təşkilati
və kadrlarla iş şöbəsinin müdiri işlədi.
Həm də Təşkilatın Rəyasət Heyətinin
üzvü kimi müharibə və əmək
veteranlarının ölkənin ictimai-siyasi həyatında
yaxından iştirakında, veteranların sosial müdfiəsi
ilə bağlı məsələlərin
qaldırılmasında, onların döyüş
yollarının işıqlandırılmasında, Azərbaycan
tarixi, o cümlədən, hərb tariximizin təbliğində,
xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik
ruhunda tərbiyəsində mühüm təşkilatçılıq,
yüksək və səmərəli ideya-siyasi tərbiyə
işi apardı. Onun xidmətləri
sırasında peşəkar bacarıqlarından irəli gələn
bir fəaliyyəti xüsusi qeyd etmək olar. Bu, Respublika Veteranlar Təşkilatının
ictimaiyyətlə əlaqələrinin və məlumat-informasiya
işinin tamamilə yenidən təşkili ilə
bağlı olmuşdur.
Lətif söz adamıdır, sözü sözdən
seçməyi bacaran jurnalistdir, faktlar burulğanında
düzü əyridən seçməyi bacarır, tarixi
reallığın söz cəfakeşi olur, arxiv sənədlərini
xalqımızın yaşanılmış tarixi bilir və
onları məhz bu duyumla araşdırır. Lətif Zəngilanı zəngilanlıların
Zəngilana... dönüşünün, bütün
torpaqlarımızın işğaldan azad ediləcəyinin
uzaqda olmadığını məqalələrində,
söhbətlərində qətiyyətlə bildirən, buna
inanan və inandırmağı bacaran söz cəfakeşidir...
1960-cı ilin apreli Ermənistanın Qafan rayonunun
Qaçaran qəsəbəsinə ad olan tarixdir. Şükür
kişinin ailəsində dünyaya gələn
uşağın ömürlüyünün
başlanğıcı olan tarix. Tarix
baxımından, yüz illərin qan yaddaşından erməniliyin
nə olduğunu Lətif həm bilir, həm də əcdadlarının
gözü ilə sanki görüb, yaş baxımından
yalnız son onilliklərin şahididir. Atasının
söhbətlərindən, oxuduğu kitablardan, bir də elmi
araşdırmalar apardığı arxivlərdən əldə
etdikləri, öyrəndikləri onun üçün
şahidi olduqlarından daha təsirli olub, desək
yanılmarıq.
Lətif Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsinin bitirb. Böyük jurnalistikaya gəlişi rayon qəzetində
ədəbi işçilikdən başlayıb...
Lətif
Şüküroğlunun "Torpağı Vətən edənlər"
kitabı ilə "Ömür yarı oldu" kitabı
arasında ruhi bir yaxınlıq var və bu yaxınlıq bir
mətləbdə birləşir: Vətən, Vətən
sevgisi, Vətənə sevgi. Bu kitabların mahiyyəti deyir
ki, kim olursan ol, Vətəni sevməlisən.
Kim olursan ol, sənin özün də,
sözün də Vətənin səyyarəsi, günlü
yağışı, dosta təbəssüm çələngi,
düşmənə söz şimşəyi - şimşək
çaxışı olmalıdır. Kim olursan ol, sən
də dünyaya "Ömür Vətən
üçündür" deməlisən...
Lətif Şüküroğlu milli-azadlıq
hərəkatının başladığı illərdə
Zəngilanda milli vətənpərvərlik ruhunun
daşıyıcılarından və təbliğatçılarından
biri kimi tanınıb. Bütün qadağalara və təzyiqlərə
baxmayaraq, kommunist rejiminin çöküşü, Azərbaycanın
yenidən müstəqil olması üçün rayon səviyyəsində
olsa da, mübarizə aparıb. Sovet rejiminin törətdiyi
Qanlı yanvar hadisələrinə ilk etiraz edənlərdən,
ziyalı sözünü cəsarətlə, hünərlə,
çəkinmədən deməyi və yazmağı bacaran
jurnalistlərdən olub. Zəngilanda 1990-cı
ilin 22 yanvarında təşkil olunan yerli əhalinin
yarısından çoxunun iştirak etdiyi və ölkənin
müxtəlif ərazilərində tətbiq olunan fövqəladə
vəziyyət rejiminin bu rayonda tətbiqinin dayandırılmasına
nail olunduğu mitinqi də Lətif aparıb. Heç nədən
çəkinmədən, heç bir təzyiqdən qorxmadan.
Bütün varlığı ilə Vətəninə,
xalqına bağlı olan Lətif Şüküroğlu
sıralarında olduğu kommunist partiyasının
üzvlük biletini 400 nəfər başqa üzvlərlə
birlikdə tonqala atandan sonra heç bir partiyanın
üzvü olmayıb. Həmişə müstəqil olub və
müstəqilliyimizdən, uğurlarımızdan qürur
duyub.
Tədqiqatçı-tarixçi Lətif
Şüküroğlu dəyərli əsərləri ilə
onlarla tədqiqatçı üçün işıqlı
yol açıb.
Hərbi jurnalistikamızın
tanınmış və sayılıb-seçilən
imzalarından, Azərbaycan Xalq Cümhuriyyəti, onun ordusu, sərhədləri
və təhlükəsizlik xidməti tarixinin qaranlıq səhifələrinə
aydınlıq gətirən istedadlı tədqiqatçı,
fədakar insan, sözün cəfakeşi olan peşəkar
yazıçı-publisist Lətif Şüküroğlu
yaşının altımışında daha vüqarlı,
daha mübariz və təmkinlidir. Bu gün məsuliyyəti
daha da artan dostumuz kamilliyi və zəhmətsevərliyi ilə
hələ neçə uğura imza atacaq... Bir də
inanırıq ki, yaşının bütün
çağlarında Lətif Şüküroğlunun Vətən
sevgisi ilə döyünən ürəyi həmişə
qaynarlıq, sevgi, təəssübkeşlik, heysiyyət
yaşında olacaq...
Bayram
MƏMMƏDOV Əməkdar müəllim,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.- 2020.- 9 iyul.- S.12