Əyalət qəzeti, necə yaşayırsan?
Ömrünün böyük bir hissəsini qəzetçilik
işinə həsr etmiş, bu peşənin fanatına çevrilmiş bir insan kimi mətbuatın,
xüsusilə də
region mətbuatının bugünkü
qayğıları və
problemləri məni həmişə düşündürür,
narahat edir.
Bu gün region mətbuatı,
onun problemləri haqqında müxtəlif səviyyələrdə ara-sıra
danışılır. Açığını deyim ki, bu
yadasalmanın mətbuatımızla
bağlı hər hansı əlamətdar gün ərəfəsində
baş verməsi məndə təəssüf
hissi oyadır. Düzdür,
Mətbuat Şurası
yaranandan bəri əyalət qəzetlərinə
diqqət əvvəlki
vaxtlardan fərqlidir, böyük yanımcıllıq
hiss olunur. Əksər region mətbuatı öz nəşrini bərpa etdi, digərləri dövriliyini, tirajını
artırdı. Tez-tez müxtəlif
regionlarda mətbuatın
problemləri ilə bağlı tədbirlər
keçirilirdi.
Çağdaş zamanımızda bölgə
mətbuatı ümumilikdə
medianın çox vacib, gərəkli bir qoludur. Dərc olunduğu
bölgənin ictimai-siyasi,
sosial durumunu, sakinlərin uğur və problemlərini, yaşam tərzini işıqlandıran yerli
mətbuat əyalətdə
yaşayanlar üçün
əvəzedilməz, çox
dəyərli mənəvi
qidadır.
Rayonlarda yaşayanlar çox zaman lazım olan informasiyanı onlayn mediadan, paytaxtdan göndərilən
10-15 qəzetdən, müxtəlif
saytlardan deyil, məhz yerli mətbuatdan almağa üstünlük verirlər. Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bölgələrdə
aparılan abadlıq-quruculuq
işləri, regionların
sosial-iqtisadi inkişafı
ilə bağlı Dövlət Proqramının
icrası, sənaye və kənd təsərrüfatının yüksəlişi
barədə reportaj və xəbərlər, oçerk və araşdırma yazılar bu qəzetlərin səhifələrində daim
özünə yer
tapır. Məkrli qonşularımızın hələ də torpaq iddiasından əl çəkmədiyi,
tariximizi saxtalaşdırmağa
cəhd göstərdiyi
bir dönəmdə regionun salnaməsini yaradan qəzetlərin bu günümüz və gələcəyimiz
üçün əhəmiyyətindən
uzun-uzadı danışmağa
lüzum duymuram.
Sadəcə vurğulamaq istəyirəm
ki, hər birinin 80-100 illik tarixi olan region mətbuatı taleyin ixtiyarına buraxılıb,
diqqət və qayğıdan tamamilə kənarda qalıb. Halbuki Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev hər zaman jurnalistlərin yanında olub, onların problemlərinin çözülməsində
yaxından iştirak edib. Dünyanın heç bir
ölkəsində jurnalistlərə
təmənnasız hər
cür rahatlıqla təmin olunmuş mənzillər paylanmır,
əlavə maddi köməkliklər edilmir.
Dəfələrlə xaricdə yaşayan
jurnalistlərin bizlərə
qibtə, həsəd
hissi ilə yanaşmalarının şahidi
olmuşuq. Bütün bunların
müqabilində doğrudanmı
rayon qəzetlərini yaşatmaq
müşkül bir işdir? Sadəcə, bu məsələlər
qabardılmalı, birdəfəlik
həlli yolları araşdırılmalıdır. Və bunun üçün böyük vəsait tələb olunmur.
Qəzetin saxlanması üçün
təkcə abunənin
kifayət olmadığını,
abunənin də ilbəil azalmaqda davam etdiyini desəm, yəqin ki, yeni nəsə
kəşf etmiş olmaram. Bu, necə deyərlər, gün kimi qəzetçilərə
də məlumdur, qəzetçiliyi inkişaf
etdirməyə məsul
olanlara da. Reklam bazarının
və əlavə qazanc yerlərinin olmaması da rayon redaksiyalarını
çətin duruma salıb. KİVDF isə indiyədək ildə bir neçə dəfə keçirilən
jurnalist yazı müsabiqələrində bölgə
əməkdaşlarına da yazdıqları məqalələrə
görə mükafat
verməklə əyalət
mətbuatı ilə
bağlı fəaliyyətini
bitmiş hesab edirdi.
Son illər region mətbuatının
durumu daha da ağırlaşıb. Elə bil,
illər boyu bütün maddi sıxıntılara tab gətirmək
sanki rayon qəzetlərinin
boyuna biçilib.
Halbuki
rayon qəzetləri əqidə
prinsipiallığını, başqa sözlə desəm, jurnalist simasını həmişə
qoruyub saxlaya bilib. Həm abunə qiymətinin ucuzluğuna, həm stabil oxucu auditoriyasına,
həm rayonda baş verən hadisələrin operativ işıqlandırılmasına, həm də tanıdıqları insanların
mövqelərinə maraq
rayon qəzetlərini regionda
daha populyar edir.
Bu, mənim şəxsi qənaətimdir, düşünürəm
ki, region qəzetləri
ilə mərkəzdə
nəşr olunan qəzetlər arasında əsaslı fərq bunlardır: bu qəzetlər məhdud bir dairədə, yəni rayon miqyasında oxuyucuya təqdim edilir. Paytaxt nəşrləri isə bütün respublikaya yayılmaq imkanındadır. Baş redaktoru
olduğum «Kür»ün
timsalında mülahizələrimi
davam etdirmək istəyirəm. Bir qəzet
olaraq bizi ilk növbədə rayonun sosial-iqtisadi, mədəni
inkişafı, insanların
rifah halının yaxşılaşdırılması istiqamətində görülən
işlər qayğılandırır.
Əhalini düşündürən və narahat edən rayondaxili məsələləri diqqət
mərkəzində saxlayır,
onların obyektiv işıqlandırılmasını, irimiqyaslı quruculuq işlərinin, islahatların
təbliğində operativliyə
nail olunmasını hədəf
seçirik. Yəni demək
istəyirəm ki, sırf qəzet işi ilə məşğuluq.
Hazırda regionlarda, o cümlədən,
yaşadığım Yevlaxda
ölkə başcısının
tapşırıqlarına uyğun olaraq, insanların rifahı naminə böyük işlər görülür,
deyərdim ki, hər bir sakinə
həssas münasibət
göstərilir, qaldırılan
haqlı problemlər dərhal həllini
tapır. Biz jurnalistlər isə
bütün bunları
vaxtında işıqlandıra
bilmirik, ona görə ki, maliyyə ucbatından dövriliyimizi tamamilə itirmişik. Mən hətta
hazırda abunəmizin
sayını belə deməyə utanıram.
Halbuki yaxın illərə qədər tirajımız 7-8 min civarında
olub, ümumrespublika tədbirlərinə ev sahibliyi etmiş, KİVDF-nin təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində dəfələrlə
uğurlar qazanmışıq,
əməkdaşlarımız ölkə başçısı
səviyyəsində mətbuat
sahəsində əldə
etdiklərinə görə
mükafatlandırılıblar.
Dediyim vəziyyət
əksər region qəzetlərinə də
aiddir. Sanki qəsdən heç kim bu mənzərəni
görmək istəmir.
Bəs nə etməli? Çıxış
yolu nədədir? İndiyədək müraciət
edəndə bizə deyirdilər ki, KİVDF-nin qəbul etdiyi nizamnamə rayon qəzetlərinə birdəfəlik maliyyə
yardımı etməyə
yol vermir. Buna görə də bölgə mətbuatında çalışanlara
cavabları bu olurdu: Təsisçiniz Şəhər İcra Hakimiyyətidirsə, onlar
da təsis etdikləri qəzeti maliyyələşdirməlidirlər. Halbuki İcra hakimiyyətlərinə bu
yardımı göstərmək
üçün səlahiyyət
verilmir, büdcədə
belə bir maddə nəzərdə
tutulmayıb. Və aidiyyatı qurumlar çox yaxşı bilirlər ki, bu ötür-ötür işində uduzanlar yalnız rayon qəzetində çalışan
jurnalistlərdir. Axı, yerlərdə
öz peşələrini
sevənlər, ailəsinin
dolanışığı yalnız qəzetçilikdən
çıxanlar neyləməlidirlər?
Əgər bu redaksiyaların hər birində çox az xərclə 5-10 ziyalı xalqın maarifləndirilməsinə xidmət
edərsə, bunun nəyi pis olar?
Doğrudanmı maddi sıxıntı ucbatından
rayonlarda öz iş yerlərini itirmiş əməkdaşlar
«hər şey yoluna düşəcək»
ümidindən bir dəfəlik əl çəkməlidirlər?
Bu, bir faktdır ki, rayon qəzetlərinin problemlərini həll etmək təkcə Mətbuat Şurasının
gücü muqabilində
deyil. Və məncə, bu məsələlərin sadə
həlli yolları var. Şəhər və rayon İcra
hakimiyyətlərinə öz
qəzetlərinə maliyyə
dəstəyi göstərə
bilmələri üçün
səlahiyyət verilməli,
büdcədə bunun
üçün vəsait
nəzərdə tutulmalıdır.
Axı, heç bir İcra hakimiyyəti rəhbərliyi istəməz
ki, məhz onların xidməti dövründə, hərəsinin
80-100 illik tarixi olan, rayonun salnaməsini
yazan, ölkə başçısının həyata
keçirdiyi daxili və xarici siyasəti işıqlandıran
qəzetlər bağlansın.
Məncə, bu yükü heç kəs çiyinində daşımaq istəməz.
Daha bir təklifim
odur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarına bölgə
qəzetlərinin maliyyələşməsini
nəzərdə tutan
maddə əlavə edilsin, KİVDF respublika qəzetlərinə vəsait
ayırdığı kimi,
rayon qəzetlərinə
də birdəfəlik
yardım nəzərdə
tutsun.
Təhsil, səhiyyə,
mədəniyyət qurumlarının
rəhbərləri rayon
qəzetinə abunəyə
biganə münasibət
bəsləyirlər. Bəs,
müəllim, həkim,
mədəniyyət işçisi
rayon qəzetini mütaliə etmirsə, hansı maarifləndirmə
işindən danışa
bilərik? Bəlkə
bu təşkilatların
rəhbərlərinə rayon
qəzetlərinə abunə
olmaq üçün
xüsusi limit ayrılsın? Çünki
redaksiyada çalışanlar
da abunə işinin təşkili üçün əllərindən
gələni edirlər.
Ulu öndərimiz
deyirdi: «Jurnalistlərin
əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli
əməkdir, çox
səylər göstərilməsini,
hətta cəsurluq, hünər, fədakarlıq
tələb edən əməkdir, öz peşəsinə vurğunluq
tələb edən əməkdir». Nə
qədər dəqiq,
yerində deyilmiş fikirlərdir. Elə biz rayonlarda çalışan jurnalistlər
də, vallah, öz peşəmizin vurğunlarıyıq. Peşəsinin
vurğunu olmaq ən ali hisslərdəndir.
Ali hissləri isə qorumaq lazımdır.
Əminə Yusifqı
525-ci qəzet.- 2020.-11
iyul.- S. 10.