“Əli və Nino”nun Nino Kipianisi - Orxan
Arasdan maraqlı araşdırma
O, GÜRCÜ ŞAHZADƏSİ
MERİ ŞERVAŞİDZE OLA BİLƏRDİMİ?
Dünyanın bir çox dillərinə
çevrilmiş ünlü “Əli və Nino”
romanının müəllifi Qurban Səid haqqında uzun illər
tədqiqatlar apardım.
Almaniyada yaşadığım və almanca bildiyim
üçün Qurban Səidin yaşadığı yerləri,
evləri, küçələri, dincəldiyi kafeləri,
restoranları gördüm. Onunla bağlı arxiv
materiallarını əldə etdim, əlyazısını
oxudum. Berlində, Vyanada onunla
görüşmüş türk müxbir Nadir Nadi kimi
tanışlarının, dostlarının məktublarını,
yazılarını tapıb çap etdirdim. Onunla
bağlı ilk tədqiqatı aparan professor Gerhard Höp, Azərbaycanın
böyük dostu Əhməd Şmide kimi ciddi tədqiqatçıların
arxivlərində oldum. Tom Raysın
yazılarını oxudum. Tam bir Qurban Səid
(Əsəd bəy) heyranı olan Hans Yürqen Maurer kimi
naşirlərlə fikir mübadiləsi apardım.
Uzun tədqiqatlardan sonra Qurban Səidin bütün əsərlərində
ifratlar, səhvlər, yalanlar, uydurmalar, bəzən haqsız
günahlandırmalar təsbit etməyimə rəğmən,
vacib bir detal diqqətimi çəkdi. Əsərlərindəki şəxsiyyətlər (Zeynəlabdin
Tağıyev kimi) gerçək bir obraz şəklində təsvir
edilməsə də, hamısı gerçək və
yaşamış insanlar idi. Məsələn, “Əli və
Nino”dakı tarixi şəxsiyyət olaraq bildiyimiz Fətəli
Xan, Zeynəlabdin Tağıyev, İlyas bəy, Şəmsi
Əsədullayev və digər şəxsiyyətlərdən
başqa, Nino, Seyid Mustafa, Məmməd Heydər, Aslan bəy
kimi şəxslərin də xəyali olmadıqları
düşüncəsindəyəm. Bəlkə
tədqiq olunsa, o dönəmdə bu adlarda şəxslərin
olduğu ortaya çıxar.
Qurban Səid o biri əsərlərində də
gerçək kişilərdən söz etmişdi. Məsələn, Azərbaycanda
yanlış olaraq “Altunsaç” adıyla nəşr olunan
“İstanbuldan gələn qız” romanında Aziyadənin
nişanlısı şahzadə Əbdülkərimin
gerçək olduğunu tədqiqatlarım sırasında
öyrənəcək və heyrətlənəcəkdim. Doğurdan da, Qurban Səidlə eyni dönəmdə
yaşayan şahzadə Məmməd Əbdülkərim
Əfəndi Sultan II Əbdülhəmidin nəvəsi idi,
Amerikada yaşayırdı və 1935-ci ildə otelində
silahla vurulmuş olaraq tapılanda bütün dünya qəzetlərində
günlərcə adından bəhs edilmişdi. Bəlkə onun Aziyadə adında
nişanlısı olmamışdı, amma artıq
özünü bir amerikalı kimi hiss edən bu Şahzadə
çox güman ki Qurban Səidin ilham qaynağı idi.
Bunları yazdıqdan sonra əsas mətləbə
keçmək istərdim. “Əli və Nino” romanında Gəncə
müdafiəsindəki Mirzə Mənsur Qacara qədər
gerçək adamları təsvir edən yazıçı
Qurban Səidin gözəl qəhrəmanı və Əli
xan Şirvanşirin uşaqlıq dostu Şahzadə Nino
Kipiani də gerçək ola bilərdimi?
“Əli və
Nino” romanında Nino Kipianidən bir gürcü şahzadəsi
kimi bəhs olunur. Atası şahzadə
ünvanını almaq üçün illərlə
Peterburqda yaşamışdı. Nino isə
romanın səkkizinci səhifəsində “dünyanın ən
gözəl qızı” kimi təsvir edilir.
Əlimizdə olan sənədlərə görə,
Qurban Səidin Azərbaycandan çıxarkən 15,
Gürcüstandan son gəmiyə minəndə (1921) isə
16 yaşı var idi. Bəzi tədqiqatçılar onun daha
böyük olduğunu söyləyirlər.
Müstəqil
Gürcüstan Azərbaycanın ardından 1921-ci il fevralın 25-də Qırmızı Ordu tərəfindən
işğal edilir. Rus əsgərləri Batuma
çatmadan limandan İstanbula doğru son bir buxarlı gəmi
ilə qalxırlar. O gəmidə Qurban Səid ilə
atası İbrahim bəy də olur. Gəminin
adı “Kleopatra” idi.
“Sonunda bizi İstanbula götürəcək buxarlı
gözəl italyan gəmisinə mindik. Gəmidə barlar, orkestr və
lüks kayutalar vardı” (Esad Bey, "Doğu'da Petrol ve
Kan", s. 340).
Onun yazdığına görə, İstanbula gedən
son gəmidə “siyasətçilər, feodal bəylər,
xanlar, neft sənayeçiləri” var idi. Səfər
dörd gün sürəcəkdi. Gəmidə
hər kəsin heyranlıqla ətrafında
dolandığı biri daha vardı. Gözəllər
gözəli gürcü şahzadəsi Meri
Şervaşidze... Gözəl Meri yaşca (33)
Qurban Səiddən böyük olsa da, 15-16
yaşındakı gənclərin xəyal dünyası
hamımıza məlumdur.
Meri Şervaşidze 1888-ci ildə Batumda köklü bir
ailədə anadan olmuşdu. Atası Prokop Şervaşidze eynilə
Nino Kipianinin atası kimi 25 il Peterburqda
yaşamışdı və Çardan “şahzadə”
ünvanını qazanmasını da belə
danışır:
”Atası
bu ünvan üçün Peterburqda tam 24 il
çaba göstərmişdi. Bu səhər
Peterburqdan gözlənən teleqraf gəlmişdi.
Yaşlı adam ölən anasına yenidən
qovuşmuş uşaq kimi sevinmiş və hər kəsi təbrik
məclisinə dəvət etmişdi” (Kurban Said "Ali ve
Nino", s.51).
Meri Şervaşidze gözəlliyi ilə hər kəsin
diqqətini üzərində toplayan bir qızdır. 1912-ci ildə onu bir
neçə gürcü qadını ilə birlikdə
Çar II Nikolay ilə tanış edirlər.
Nikolayın gürcü qadınları
görüncə “bu nə gözəllik!” - deyə heyrətlənməsi, sonra da Meriyə
baxaraq: “Bu qədər gözəl olmaq günahdır” - deməsi
ilə bağlı müxtəlif mənbələrdə
qeydlər var
(<https://abaza.org/tr/sanatchy-ve-shairlerin-ilham-kaynagy-meri-shervashidze-chachba>).
Qurban Səid böyük ehtimalla, şahzadə Merini
İstanbula gedən gəmiyə minmədən öncə də
tanıyımış. Çünki ölümündən əvvəl
yazdığı və amerikalı müxbir Tom Raysda olan
“Eşqdən anlamayan adam” adlı əlyazma
bioqrafiyasında Gürcüstanda Zəkəriyyə Mdivani ilə
atasının münasibətlərinin yaxşı
olduğunu və Batumda onların villasında
qaldığını yazıb. Zəkəriyyə
Mdivaninin əsl adı Zaxariya Mdivanidir. Mdivanilər
Gürcüstanda köklü bir ailədir. Zaxariya Mdivani Çar ordusunda general idi. Gürcüstan Sovet işğalına məruz
qaldıqdan sonra Parisə yerləşmiş, fransız
elitası ilə yaxın münasibətlər qurmuşdu.
Qurban Səid
“Eşqdən anlamayan adam” adlı bioqrafik əsərində
bu ailədən uzun-uzadı söz edərək, Zəkəriyyə
Mdivaninin oğulları Aleksi və Davidlə çox yaxın
dost olduqlarını, bərabər İstanbula gedən italyan
gəmisinə mindiklərini yazır. Bu məlumatlara
görə, Qurban Səidin şahzadə Merini Mdivani ailəsinin
içində daha əvvəllərdən
tanıdığı söylənilə bilər.
Şahzadə Meri Kutaisi şəhərinin bələdiyyə
başçısı Giquşa Eristavi ilə
nişanlıdır. Nişanlısı İstanbulda
sürgündədir. Batumdan qalxan son gəmiyə
anası Nino ilə birlikdə minən şahzadə
İstanbulda nişanlısı ilə görüşür.
O zamanlar
vəba xəstəliyi yayıldığı
üçün İstanbula gedən italyan gəmisi iki həftə
karantində saxlanılır. O iki həftə içərisində
Qurban Səidin bu dünya gözəli şahzadəni daha
yaxından tanımaması mümkünsüzdür.
Meri üçün “dünya gözəli”
yazmağımın məqsədi var. Onlar İstanbula gələndə
o vaxt İstanbulda olan işğalçı ingilislər
dünya gözəllik yarışması təşkil edirlər. O yarışmada Meri
Şervaşidze dünya gözəli seçilir. Bəlkə
də Qurban Səid aradan 15 il keçdikdən
sonra romanı yazarkən “Nino dünyanın ən gözəl
qızı idi” deməsi təsadüfi deyildi.
Meri Şerşavidzenin də eynilə “Əli və Nino”
romanında olduğu kimi uzun, cəlbedici boynu, incə beli,
parlaq və böyük gözləri vardı.
İşğal altında olan qarmaqarışıq
İstanbulda yaşaya bilməyən qaçqınlar
Fransanın paytaxtı Parisə üz tuturlar. Şahzadə
Meri ilə birlikdə Qurban Səid və atası da Parisə
gedirlər. Bir müddət Parisdə ana tərəfdən
qohumunun yanında qalan Qurban Səid və atası sonra Berlinə
köçürlər. Şahzadə Meri
isə anası Nino ilə Parisdə qalır.
Şahzadə Merinin anası, əsilli-nəcabətli
Nino Parisdə dərzi kimi bir tikiş atelyesində işə
girir. Çalışqan Nino Şervaşidze çox
keçmədən öz qazandığı pulla Parisdə dərzi
dükanını açır. Şahzadə
Merinin nişanlısı, daha sonra isə əri olacaq
Giquşa Eristavi Parisdə çox gənc yaşda
dünyasını dəyişir. Şahzadə
Meri anası və bacısının uşaqları ilə təkbaşına
qalır. Parisin “Laour” küçəsində
bir mənzil alaraq orada yaşamağa başlayırlar. Günlər keçdikcə pulları tükənir.
Əllərindəki əşyalarını satmağa
başlayırlar. Hətta II Nikolayın
şahzadə Meriyə hədiyyə etdiyi qızıl
tütün (tabak) qutusunu da satırlar. Şahzadə
Merinin iş axtarmaqdan başqa çarəsi qalmır. Meri bir
gün Paris küçələrində gəzərkən
böyük şahzadə Dmitri Pavloviçlə tanış olur. Şahzadə
Pavloviç, Coco Chaneli yaxından tanıdığı
üçün Merini ona tövsiyə edir və gözəllər
gözəli Meri o gündən etibarən Coco Chanelin
studiyasında işləməyə başlayır.
Parislilər qısa zamanda onun geyim tərzinə,
Tanrı vergisi gözəlliyinə aşiq olurlar. Hər gün
qəzetlərdə şəkilləri çıxır.
Məşhur sənətkar Saveli Sorin onun
yağlı boya ilə rəsmini çəkir. Bu əsər hazırda Monako Şahzadəsinin
sarayındadır.
Gürcü şairi Qalaktion Tabidze 1915-ci ildə “Meri”
adlı şeir yazır və şeir qısa müddətdə
dillər əzbərinə çevrilir. Deyilənə
görə, şair Tabidze Şahzadə merini Kutaisi şəhərində
gəzərkən görüb və bu şeiri yazıb.
İkinci rəvayətə görə, Tabidze
Şahzadə Meri ilə ikinci dəfə Parisdə Luvr
Muzeyinin qarşısındakı parkda oturarkən təsadüfən
görüşüb.
“Qovağın
budağı solmuş
Kim bilir, kim bilir, Meri!
Kimə dua edirəm mən?
Bu nə qismətdir, Meri?”
Şair Tabidze şahzadə Meridən üç yaş
kiçik idi.
O, 1891-ci ildə Vanidə dünyaya gəlmişdi. Şeirləriylə özündən sonrakı
gürcü şairlərini təsir altına
salmışdı. Stalin repressiyası illərində
qohumları, dostları öldürülmüş, həyat
yoldaşı Olqa Okuçava Sibirə sürgün
edilmişdi. Özü həyatda qalsa da,
ağır depressiya keçirdiyindən o gündən sonra
kimsə ilə görüşməmiş və
dostlaşmamışdı. Qardaşı
oğlu Titsian Tabidze ona “yalqız təriqətlər cəngavəri”
adı qoymuşdu. Şair 1959-cu ildə
Tiflis Psixiatriya xəstəxanasında vəfat etmişdi.
“Meri” şeirinin bir bəndində Merinin nişanlısı
Eristaviylə evlənməsinə isə belə üsyan
edirdi:
“Yağmurlu
bir gecədə evlənmişdi Meri,
Və
yağmurlu bir gecədə
lənət etmişdim mən Meriyə.
Açammamışdım mən onunla aramızda duran
qapıları”.
Bəlkə də şair Tabidzenin qarğışı
qəbul olundu və Merinin Eristavi ilə olan evliliyi çox
qısa sürdü. Amma şahzadə Meri Şervaşidze
çox uzun yaşadı. Bacısının
uşaqları Konstantin və Ninonu böyütdü.
Şahzadə merinin Parisdəki dostları arasında da eynilə
Əli Xan Şirvanşirin Peşpur bulağının
yanında tanış olduğu Babo Didiani
adında biri var. Bu adam Merinin həyat yoldaşının
dostu idi.
Meri həyatının son illərini Parisdə bir qocalar
evində keçirdi. 1986-cı il yanvarın 21-də 97
yaşında həyata vəda edərkən yenə də
çox zərif və gözəl bir qadın idi.
Gürcü mənbələri
(<https://abaza.org/tr/sanatchy-ve-shairlerin-ilham-kaynagy-meri-shervashidze-chachba>)
Merinin soyadının Şirvanşahlarla əlaqəsinin
olmadığını və Şervaşidzenin şübhəsiz
bir gürcü soyadı olduğunu, adın “Şarvaş”
kökündən gəldiyini yazırlar.
Mənsə nə zaman şahzadə Merinin şəklini
görsəm, ağlıma hər zaman gənc və eşq
dolu Əli xan ilə şahzadə Nino Kipiani gəlir.
Qeyd: Dünya gözəli şahzadə Meri
Şervaşidze haqqında məlumat almaq istəyənlar
aşağıdakı linklərə daxil ola bilərlər:
Orxan Araş
525 - ci qəzet.- 2020.- 11 iyul.- S.
12.